“Sən Eldarsan, o da sənin şərikin Nigar”
Bazardayıq. Əsasən kənd təsərrüfatı məhsullarının satıldığı “Yaşıl bazar”. Yanımızda müğənni Emil Bədəlov var. Bəli, “Simsar” jurnalının yeni layihəsi çərçivəsində tanınmış bir şəxslə şəhər bazarını gəzəcəyik. O, alacaq, satacaq, bazar adamları ilə ünsiyyətə girəcək...
Bazarın düz qabağında, elə danışdığmız vaxtda, saat 14:00-da müğənni ilə görüşdük. Fotoqraf Əjdər də bizimlədir. O, bazarda keçirdiyimiz anları fotoaparatın yaddaşına köçürəcək. Müğənni ilə söhbət edə-edə bazarın içinə tərəf irəliləyirik. Emil bir qədər həyəcanlı olsa da, özünü çox sakit və insanlarla ünsiyyətdə səmimi aparır. Bazarda xeyli adam var. Onu görənlərin əksəriyyəti laqeydlik nümayiş etdirir. Bura bazardır. Necə olmalıdı ki?..Alıcının gözü malda, satıcının gözü alıcının əlindədir. Amma bir azdan anlayacaqlar ki, Emil həm satıcı, həm də alıcı ola bilər. Bazar adamlarının əksəriyyəti Emili “Eurovision” mahnı müsabiqəsinin qalibi Eldara oxşatdılar. Bir söz deyim, gülün. Bu yazının müəllifini də Nigar bildilər. Belə uğursuz müqayisəyəyə ilk dəfə idi rast gəlirdim. Satıcılardan biri xüsusi ləhcə ilə “Sən Eldarsan, o da sənin şərikin Nigar” deyir. “Şərikin ha”... Əsl bazar ifadəsi.
Düşündüyümüzün əksi baş verir. Özümüzü, daha doğrusu Emil Bədəlovu təqdim etməyənə qədər onun kim olduğunu bilmirlər. Onları anlayıram. Səhərin gözü açılmamış evdən çıxıb, gecə yarısı qayıdan adam nə vaxt televizora baxsın ki, Emil Bədəlovu da orada görüb tanısın? Emil isə, özünü olduqca istiqanlı aparır. Hansı satıcının yanından keçirdisə, deyirdi “Alah bazar versin”.
Müğənni ilə söhbət edirik. Deyir ki, yeni filmə çəkilir. Filmin adı: “Mən evə qayıdıram”. Filmdə tanınmış aktyorlar, xalq artistləri Fuad Poladov və Yaşar Nuri də iştirak edir. Emil Bədəlov bu yaxınlarda yeni klipini də tamaşaçıların ixtiyarına verəcək. Daha onunla sənətdən danışmırıq. Bazardayıq axı...Təklif edirik ki, alıcılıq qabiliyətini nümayiş etdirsin. Replika atır: “Bəlkə satıcı da olum?” Yaxşı təklifdir. Razılaşıb düşürük bazarın canına. Emil əvvəl alıcılıq edir. Əvvəldən deyir ki, aldıqlarını “Simsar” jurnalının kollektivinə pay verəcək. O, nə aşağı, nə yuxarı, on manat civarında meyvə-tərəvəz alır. Emil, alıcılıqda pis deyil. Aldıqlarının qiymətini aşağı salmağı bacardı. Emil satıcı da olur. Təxminən 15 dəqiqə ərzində çiyələk və banan satır. Əminəm ki, alıcılar ürəklərində “Allah bundan 5 nəfər ver” deyirlər. Niyə? Ona görə ki, 5 manatlıq meyvənin 2 manatını özləri ödədi, qalanını isə Emil onlara jest etdi.
Sonda onu sorğu-sual edirik.
- Bazarlıq necə idi?
- Yaxşı
- Heç bazarlıq etmişdin?
- Birinci dəfə idi.
- Nə qədər pul xərclədin?
- Heç bilirəm ki... Mən elə bilirdim ailə saxlamaq çətindi, sən demə...
- Bazar adamı olmaq çətindir?
- Əlbəttə çətindir. İnsanlar səhər tezdən evdən çıxıb, bir də gecə evə qayıdırlar.
- Emil, qiymətlərdən başın çıxır, ya həmişə aldanırsan?
- Heç bir dəfə də bazara gəlməmişəm, çünki nəsə almaqla aram yoxdur. İnanın ki, heç çörəyin belə, qiymətini bilmirəm.
- Sizdə bazarlığı kim edir?
- Evdəkilər.
- Sən evlənəndə necə olacaq?
- Pulu verəcəm yoldaşım, bazarlığı özü etsin.
- Qiymət salmaqla aran necədi?
- O işdə xanımlar yaxşıdı (gülür)
- Amma sən də pis bacarmadın?
- Ola bilər (gülür)
- Müğənni olmasaydın, satıcı olardın?
- Yox, hövsələm çatmazdı. Yaxşı ki, müğənni olmuşam, müğənni olmasaydım, neyniyərdim?..
- Bu istidə toylara gedirsən?
- Toy olmasa, ölərik ki...
- Heç pulsuz toy oxumusan?
- Ayda 20, 30 toy olur ki, pulsuz gedirəm.
Söhbətin bu yerində kənarda dayanan bir xanım Emilə deyir: “Aaa, sizi “Çal-çağır”da görmüşəm. Deyirdiz ki, müğənni olduğum üçün mənə qız vermirlər”.
Emil, “mən elə indi də belə fikirləşirəm”- cavabı ilə xanımın sözünü təsdiqləyir.
Yenidən sorğu-sualımıza qayıdırıq.
- Emil, əksinə, indi çoxları qızını müğənniyə vermək istəyir, sənə niyə qız vermirlər ki?
- Müğənnilərə yaxşı gözlə baxmırlar.
- Elə bir mahnı var, hansı ki, sən onu oxumamısan, ama oxumaq istəyərdin?
- O qədər mahnılar var ki...
- Can-cana mahnısını oxuyarsan?
- Heç vaxt.
- Bu mahnını toylarda sifariş verəndə də oxumursan?
- Mənimlə bərabər xanım müğəni olur. Bu cür mahnıları kmsə sifariş verəndə həmin xanımdan xahiş edirəm, oxuyur.
- Artıq yaydı, çoxları başqa ölkələrə istirahətə gedir, bəs sən hara gedəcəksən?
- Bir dostum var, sevgilisi ilə Kana getmək istəyir. Bəlkə mən də onlarla getdim.
- Sən də sevgilinlə gedəcəksən?
- Sevgilimlə Kana getmərəm, orada o qədər sevgili olur ki... (gülür)
- Şəxsi həyatda nə var, nə yox?
- Boşluqdur.
P.S. Emillə bazarın qapısında sağollaşırıq, amma o, bizim maşınsız olduğumuzu görüb, israr edir ki,işə qədər aparsın. Təbii ki, razılaşırıq.
İnsanlarla, xüsusilə də cəmiyyətdə tanınanlarla səmimi söhbət etmək üçün o qədər mövzular var ki... Ucundan tutsan, ta günəşədək gedib çıxmaq olar. Bizim isə günəşə getmək fikrimiz yoxdur. Marşurutumuz belədir: Ev, redaksiya, bazar... yaxud bazar, redaksiya, ev... Nə fərqi var ki, biz bu marşurutdakı məkanlar üzrə hərəkət edirik.
Aynurə Həsənova