Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Reportaj

Odlar yurdunun “Yanardağ”ı – REPORTAJ – FOTOLAR

Buranın sirli abu-havası var. Səmaya doğru ucalan alovun istiliyi də bir başqadır. Hər il Novruz bayramına aid edilmiş verilişlərdə bu məkanda çəkilişlər aparılır. Çünki Odlar Yurdu dedikdə ən birinci bura yada düşür. Heç vaxt sönməyən alovların həbs etdiyi dağ, elə adını da bu xüsusiyyətindən götürüb. “Yanardağ” təbiət qoruğundan hazırladığımız reportajı təqdim edirik.

“Yanardağ” Abşeron yarmadasında, Məhəmmədi-Digah yolunun sol tərəfində yerləşir. Bura hər gün turist və yerli sakinlərin üzünə açıqdır. Bir zaman çayxanası ilə məşhur olan məkan artıq dövlət tərəfindən qorunur. Təqribən 14 metr uzunluğunda bir zolağı əhatə edir. Torpağın dərinliklərində gedən tektonik proseslər nəticəsində bərk suxurlarda əmələ gələn çatlardan sızan təbii qazın alışması təbiət hadisəsi olaraq “Yanardağ”ın yaranmasına səbəb olub. Bu alov heç vaxt sönmür və hündürlüyü bəzən 14-15 metrə çatır.

Eramızdan əvvələ söykənən tarix

“Yanardağ” haqqında ilk yazılı mənbə eramızın X əsrinə təsadüf edir. Bizanslı alim Paniyli Pirsk Qafqaz Albaniyası Bakısını təsvir edərkən “sualtı qayadan qalxan od”-dan söz açır. Bundan başqa, ərəb alim və səyyahları Əl Məsudi, Əbu Duləf-əl Yənbui, Əl-Farisi Əl-İstəxri, Əbdürəşid-Əl Bakuvi əsərlərində Abşeron yarımadasında olan yanar dağlar haqqında geniş məlumat veriblər. Ancaq bu məlumatların heç birində təpələrin nə zaman yanmağa başladığı haqqında dəqiq məlumat yoxdur. Ərazidə aparılan geoloji tədqiqatlar bu yanmaların tarixinin eramızdan əvvələ gedib çıxdığını deməyə imkan verir. Hazırda yanan ərazi ilə üzbəüz daha 3 yanan təpə var imiş. Onlar XIX əsrin 2-ci yarısına qədər fəaliyyətdə olublar. Günümüzdə onlara “sönmüş təpələr” deyilir. Bakının rəmzi hesab edilən 3 yanar alov dili və dəniz simvolu da məhz buranın mövcudluğuna istinadən qəbul edilib. Məlumatlara görə, 4 min il bundan əvvəl Hindistan, Pakistan, Orta Asiya, İrandan dünya atəşpərəstləri buraya ziyarətə gəliblər. 
Ölkədə yanar dağların olması həm də vətənimizə verilən digər adı meydana çıxarıb – “Odlar yurdu”. Azərbaycan sözündəki “Azər” – od, alov, istilik mənasını ifadə edib. Bölgələrdə qızdırması olanlara “azarlayıb” demələri də eyni məna ilə bağlı ola bilər.

“Siz öz torpağınızın qədrini bilmirsiz”

“Yanardağ” artıq dövlət tərəfindən qorunur. 2007-ci ildə ölkə prezidenti İlham Əliyev tərəfindən “Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yaradılması haqqında sərəncam imzalanıb. Qərarın imzalanmasından 6 ilə yaxın vaxt keçsə də, burada abadlıq işləri aparılmayıb. Ancaq qoruğa giriş pulludur. Buranı yaxından görmək üçün gərək 2 manatından keçəsən. Bilet alıb, bələdçinin izahatı ilə ərazini gəzirik. Bələdçi deyir ki, ötən illər ərzində Qobustan və Atəşgahda bərpa işləri gedib. Növbədə bura olmalıdı. Amma işçilər burada öz imkanları daxilində işlər görüblər. Dağın başına qədər pilləkan çəkilib, yağış yağarkən palçıq olan əraziyə beton salınıb. “Bu ərazidə ağac olmayıb. Torpaqda kükürd var, həm də su yoxdur. Son 2-3 ildir bir neçə ağac əkmişik. Ağaclar üçün kanal suyu çəkmişik, içməli suyu da pulla alırıq”. Bələdçimizin sözlərinə görə, “Yanardağ” dünyanın bütün turizm marşrutlarına daxildir. Azərbaycana gələn turistlərin əksəriyyəti bu sirli məkana baş çəkir. “Həftə sonu və tədbir günlərində çox qonağımız olur. Hərə bu mənzərəni bir cür qarşılayır. Bəziləri sual verir ki, təbii ehtiyatı niyə boş yerə yandırırsız? İzah etməli oluruq ki, bu qaz boş yerə yanmır. Onun sənaye əhəmiyyəti yoxdur, təzyiqi aşağıdır”. “Bir gün rus qadını əllərini açaraq alovun qarşısında bir saatdan çox dayandı. Səbəbini soruşduqda cavab verdi ki, mən ekstrasensəm, enerji toplayıram. Siz də elə edin. Alova çox tamaşa edəndə insanda hallüsinasiya halı yaşanır, bu zaman düşünmək daha bəhrəvericidi” - deyən bələdçimizlə ən yaddaqalan turistlər haqqında danışırıq. Məlum olur ki, son zamanalar daha çox rusiyalı turistlər gəlir.
“Bura əsasən axşamlar mənzərəli olur. Qaranlıqda gündüz görünməyən mavi alovlar göz oxşayır. Ən gözəl hal qar yağanda yaşanır. Ötən il qışda Jerar Depardye, Natali Quli gəlib maraqla izləmişdilər. Bir holland jurnalist iki dəfə ölkəyə səfər etmişdi. Birinci dəfə yazda, ikinci dəfə qışda. Sözlərinə görə, xəbərlərdən Azərbaycanda hava şəraitini öyrənən kimi “Yanardağ”ın qışda şəklini təkrar çəkmək üçün tələsib. O şaxtada alovun sönəcəyini sanıbmış”.
Qeyd etdiyimiz kimi, dünyanın dörd bir yanından atəşpərəstlər “Yanardağ”ı ziyarət edir. Bu səbəbdən kimlərinsə alovun qarşısında diz çöküb, ayinlər yerinə yetirməsi adi hal alıb. Hindistandan gələn atəşpərəstlərin alova arxa çevirməməkləri, təzim edib, geri çəkilmələri diqqət çəkib.
Amma ən təsirli qonaq Nobelin qardaşı oğlu olur. İki il öncə  “Yanardağ”ı görməyə gələn qonaq ərazini  gəzir. Geri dönəndə əlində bir yığın zibil gətirərək soruşur, hara atım? Sonda da təəssüflə “siz öz torpağınızın qədrini bilmirsiz” - deyib.

“Çayı içib artığını alova tökürlər”

“Yanardağ” ərazisi bir zamanlar çayçısı ilə məşhur olub. Ancaq dövlət qoruğunun tərkibinə daxil olduqdan sonra gündüzlər burada çayxana işlədilməsinin qarşısı alınıb. “Dövlət qoruğu 65 hektar ərazini əhatə edir. Ancaq bu ərazidən 3 hektarı özəlləşdirmə zamanı bələdiyyə tərəfindən siravi vətəndaşa verilib. O da illərlə burada çayxana işlədib. Dövlət hələ də bu torpağı almayıb. Qoruq təzə yarananda bu şəxs özünü buranın sahibi kimi aparırdı, əmrlər verirdi. Sonradan başa saldıq ki, torpaq sənin ola bilər, amma təbii sərvət dövlətə məxsusdu. Çayxananın gündüzlər işlədilməsinə güclə mane olduq. Çox müştəri davranışını bilmir. Deyir, mən düz alovun yanında oturmalıyam, ya da çayı içib artığını alova tökür. Dırmaşıb təpənin üzərində şəkil çəkdirmək istəyir. Bu səbəblə çayxana axşam saat 7-dən sonra işləyir”.

Qoruğun digər abidələri

Son olaraq “Yanardağ” dövlət tarix–mədəniyyət və təbiət qoruğuna daxil edilən digər abidələr haqqında məlumat vermək istərdik. Ərazidə “Yanardağ”dan sonra ən qiymətli təbiət abidəsi “Qırməki vadisi”dir. Qırməki sözünün mənası “Qır məkanı” anlamına gəlir. Vadidə qədim zamanlardan bəri açıq üsulla neft emal edilib. Bu zaman torpağa dağılan neft vadi boyu axaraq qum və palçıqla qarışdırıldıqdan sonra qətranvari kütlə əmələ gətirib. Yerli əhali bu kütlədən qır bişirib, evin damını örtüb. Bu hadisə neftdən törəmə məhsul almağın ilk nümunəsi olub.
Vadidə fəaliyyətdə olan palçıq vulklanı və müalicə əhəmiyyəti olan bulaq “Qotur su” çeşməsi var. “Qotur su” Azərbaycanın bir çox rayonlarında rast gəlinən kükürdlü su çeşmələrindəndir. İlin müxtəlif vaxtlarında gah nisbətən gur, gah da zəif axarlı olur. Əhali arasında dəri xəstəliklərinin müalicəsi üçün istifadə olunur. “Qırməki” vulkanı Abşeron ərazisi üçün xarakterik olan palçıq vulkanlarındandır. Bütün fəsillərdə aktivdir. Bu, ərazidə yeraltı seysmik proseslərin hələ sönmədiyindən xəbər verir.
Digər abidə “Qurd yuvası” mağarasıdı. Sal daşlarda təbii yolla yaranmış bu mağara adını vaxtilə yuva salan canavarlara görə alıb. Abşeronun qədim yaşayış məskəni olduğunu və bu ərazilərin yaşayış üçün əlverişli olduğunu nəzərə alsaq, mağarada qədim insanların yaşaya biləcəyini təxmin etmək olar. Buna görə də, ərazidə arxeoloji qazıntıların aparılması zəruridir. Məhəmmədi kəndində yerləşən “Əli daşı piri” də qorunan abidədir. Əhali arasında müqəddəs sayılan ocaqlardan biridir. Pir günbəzli binadan ibarətdir. Binanın daxilində əvvəl bütöv olduğu söylənilən iki daş var. Hər iki daşın ortasında boşluq var. Rəvayətə görə, səfər zamanı Hz. Əli burada dayanıb nahar edib. Nahar əsnasında o, Allah  tərəfindən canlıların hər birinə ruzi payının ayrıldığını və daşın içində olsa belə yaratdıqlarına bu ruzini yetirəcəyini deyib. Sonra fikrini əsaslandırmaq üçün daşı ikiyə bölüb və hamı daşdakı boşluqda ağzında yaşıl yarpaq olan qurdu görüb. Bura ruzi bərəkət bəxş edən pir kimi tanınır.

“Kasıb piri” digər müqəddəs ocaqdı. Qasımxanlı məhəlləsində yerləşir. Günbəzli binadan ibarətdir. Aşağı hissəsi çox əski tikilinin qalıqlarını xatırladır. Sovet dövründə sökülmüş pir binasının sonradan inşa edilən üst qatının kitabəsində hicri təqvimi ilə 1322-ci ildə Məmhəmmədi kənd sakini Şərif Fərzəli oğlu tərəfindən tikildiyi göstərilib. Buraya daha çox dili tutulan və digər xəstəliklərə düçar olanlar gəlir.
“Qaradağlı məhəllə məscidi” də Qasımxanlı məhəlləsində yerləşir. Yerli camaat tərəfindən hicri təqvimi ilə 1235-ci ildə inşa edilib. Məscidi tikən memarın adı usta Hacı Məhəmməddir.

“Şahsevənli məhəllə məscidi” 3 məhəllənin Şahsevənli, Ənnağılı, Qədiməlili məhəllələrinin kəsişməsində yerləşir. Bu məscid kənddə məskən salmış müxtəlif tayfaların bir yerə cəmlənməsində mühüm rol oynanyır. Məscidin miladi tarix ilə 1819-1820-ci illərdə tikildiyi bildirilir.

Günel Səfərova






6 May, 2015  15:52 Baxılıb: 9972 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16