Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Reportaj

HƏR AİLƏYƏ SİMSAR TELEVİZİYA-REPORTAJ-FOTOSESSIYA

Hamı bir ağızdan “Xəzər” dedi

Azərbaycanda fəaliyyət göstərən televiziya kanallarından reportajlar hazırlamaq istəyini Simsar.az saytının kollektivi ilə müzakirə edəndə əksəriyyət birinci “Xəzər” televiziyasından başlamağı təklif etdi. Demokratik prinsiplərə uyğun olaraq qərar qəbul olundu və Simsar.az-ın baş redaktoru İradə Nürəddinqızı “Burc FM” radiosunun rəhbəri Sərraf Nəzərliyə telefon açdı. 

Duman olmasa da, amandı, sürücü


Razılaşdırıldı. “Xəzər” Simsar.az-a simsarlıq edən ilk televiziya oldu. Gərək düzünü deyəsən, reportaja “çp” ilə başladıq. Televiziya binasının qarşısında maşını əlverişli olmayan yerdə saxladığımızdan işçilərin maşınlarına maneə yaratdıq. Mühafizəçi problemi dərhal aradan qaldırdı. Gedəndə gördük ki, maşın əvvəlkindən daha rahat yerdə saxlanılıb.

Dəbdəbədən uzaq, səliqəli bina


Yox, hələ getmirik. Ordayıq. “Ailənizin Xəzəri” iddiasını əsas şüarlarına çevirən televiziyanın içərisində. “Xəzər” üç mərtəbəli, elə də böyük olmayan, dəbdəbədən uzaq, səliqəsi ilə xüsusi seçilən binada yerləşir. Mühafizəçi gəlişimiz barədə Sərraf müəllimə xəbər verir. Və üçüncü mərtəbəyə qalxacağımızı deyir.

Peşəkar rəhbər, maraqlı işçi


Sərraf müəllimin səmimiyyətindən ailəmizin kanalında olduğumuz, bizim bu səmimiyyəti tutduğumuzdan isə onlara simsarlıq etdiyimiz anındaca hiss olunur. Çay süfrəsi arxasında söhbətləşirik. Tərəflərin fikirləri bir-birini elə dəqiqliyi ilə tamamlayır ki, sanki bir adam mühazirə oxuyur. Tanışlıq xarakterli diskussiyada televiziyadan, tamaşaçıdan, mətbuatdan, vətəndən, bir sözlə, Azərbaycan gerçəkliklərindən danışırıq. Sərraf müəllimin müxtəlif mövzulara verdiyi izahlar olduqca maraqlı təsir bağışlayır.Yalnız onunla söhbətimizi yazsaq, “Xəzər”i oxucunun gözləri qarşısında canlandıra bilərik. Amma reportaj janrının tələbi fərqlidir.

Dəhlizi gəzirik. Hərə öz işindədi. Sakitlikdi. Günün verilişlərini hazırlayan həmkarlarımıza mane olmamaq üçün ümumi məlumat almağa üstünlük veririk.

“Yeni televiziyalara ehtiyac var”


Artıq “Xəzər” Televiziyası ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar İsayevin otağındayıq. Vüqar müəllimə ilk sualımız:

-“Xəzər” Televiziyasına qədər ölkədə bir neçə telekanal fəaliyyət göstərirdi. “Xəzər”ə ehtiyac olduğunu necə əsaslandıra bilərsiz?

Bu da cavab:

-Televiziyalara hər zaman ehtiyac var. Onların çox olması rəqabət mühitinin formalaşmasına gətirib çıxarır. İnkişafa rəqabətlə çatmaq mümkündür. Başqa ölkələrlə müqayisədə Azərbaycanda telekanalların sayı çox azdı. Dünayada sahə televiziyalarının yaranması prosesi sürətlənib. Uşaq, qadın, biznes, şou, ümumiyyətlə, müxtəlif sahələri hədəf seçən televiziyalar yaranır. Azərbaycanda da Mədəniyyət və İdman kanalları var. Bunu alqışlamaq lazımdı. O cümlədən “Xəzər” televiziyasının yaranmasını da cəmiyyətin inkişafına təkan verən amil hesab edirəm. Azərbaycanda televiziyaların çeşidlənməsi yeni-yeni başlayır. Əvvəllər televiziya kanalları toplumun bütün təbəqələrinə xitab etməyə çalışırdı. İndi vəziyyət dəyişir. Bu, bir daha göstərir ki, hələ televiziyalara ehtiyac var.

“Məqsədimiz xalqın dəyərlərini, ən əsas da dilini qorumaqdır”


Söhbətimizdə müasir dünyada biznes maraqlarının daha ön plana keçdiyinə də toxunuruq. Müsahibimiz deyir ki, hər şeyi pulun üzərində qurmaq mümkün deyil: “Biz “Ailənizin Xəzəri” deyəndə məsuliyyət daşıdığımızı dərk edirik. Hər bir ailənin kanalı olmaq üçün puldan daha ucada dayanan məhfumlar var. “Xəzər” Azərbaycan xalqının soykökündən dolayı yol gəlir. Burda işləyən, bizimlə əməkdaşlıq edən hər kəs bilir ki, milli dəyərləri əsas götürərək, dünəndə və bu gündə yaxşı olanları təqdim etmək yolu tutmuşuq. Məqsədimiz xalqın dəyərlərini, ən əsas da dilini qorumaqdı. Bəxtiyar Vahabzadə deyirdi ki, bizi dilimiz qorudu”.

Vüqar İsayevdən televiziyaya ünvanlanan iradlara münasibətini də öyrənirik. Nə fərqi var, söhbət kimlər tərəfindən və hansı iraddan gedir... Ümumi də olsa bilirik ki, son vaxtlar ictimaiyyətdə KİV barəsində etiraz dolu fikirlərin sayı artıb. “Xəzər”in rəhbərliyi tənqidləri təbii qarşılayır:

“Biz sıfırdan jurnalist yetişdiririk”


-Tamaşaçının tənqid etmək haqqıdı, bu mövqe həm də ona görə yaxşıdır ki, nəyin düz, nəyin səhv olduğunu görüb, növbəti dəfə bu səhvləri etmirsən. Xəstəliyi görmək də önəmlidir, onu kimin müalicə etməsi də. Ortada xəstəliklər var. Onların həllinə düzgün yanaşmaq lazımdı. Əgər televiziyalarda dil qüsurlarının olmasını deyirlərsə, deməli, Azərbaycanda ciddi problemlər var. Adam öz dilini danışa bilmirsə, ona danışmağı televiziya öyrətməli deyil. İnsan dili birinci ailədə, ikinci məktəbdə öyrənir, universitetdə təkminləşdirir. Əgər bizə gələn işçilərin danışıq dili zəifdirsə, bunun günahı kimdədi? Biz sıfırdan jurnalist yetişdiririk. Amma hər kəs öz dilində yaxşı danışmalıdır.
Düşünürəm ki, hər işin daha möhtəşəm olması üçün öncə sevgi vacibdir. Xanımlar yemək hazırlayanda ona lazım olan bütün ərzaqları qatırlar. Dadına baxanda isə xoşuna gəlmir. Deməli, sevgi çatmır. Hər bir işi sevə-sevə görəndə daha mükəmməl olur”.

“Xəzər” yeni teleserial çəkir


Eksklüziv olaraq xəbər verək ki, “Xəzər” televiziyası yeni teleserial çəkir. Filmin yaradıcı kollektivinin iş otğında olsaq da, bu barədə özlərindən heç nə soruşmuruq. Bilirik, tamaşaçılara sürpriz hazırladıqlarından açıqlama verməyəcəklər. Onlarla yaxından tanış olsaq da, adlarını çəkmirik. Teleserial ərsəyə gələndə onsuz titrlərində oxuyacaqsız.

“Gərək görünüşün də xəbərin doğru olduğunu təsdiqləsin”


Televiziyanın sütunu sayılan “Xəbərlər” şöbəsinə düşürük. İkinci mərtəbədə yerləşən şöbənin əməkdaşlarını demək olar ki, tanıyırsız. Sizə ən yeni xəbərləri vaxtında çatdıran jurnalistləri necə tanımaya bilərsiz...
“Xəzər xəbər” verilişinin aparıcısı Cəlalə Nəzəroğlu ilə danışırıq. Deyir: “Tamaşacı bizm dilimizdən verilən xəbərlərin doğru olduğuna inanır. Xəbəri necə çatdırmaq vacibdir. Gərək görünüşün də o xəbərin doğru olduğunu təsdiqləsin”. Aparıcı kimi bir neçə dəfə çaşdığını etiraf edən Cəlalə xanım bunu təbii hal hesab edir: “Hətta sözü dörd dəfə təkrar etdiyim olub, amma onu düz formada deməyənə qədər üstündən keçmədim. Amma özümü pərt göstərmədim ki, tamaşaçı adi qəbul etsin. Universitetdə bəzi müəllimlər çaşanda üzr istəmək lazım olduğunu, bəziləri isə buna ehtiyac olmadığını deyirdilər. Mən isə fərqli yol tuturam. Çaşanda üzr istəyirəm və həmin sözü düz demədən başqa fikrə keçmirəm. Axı tamaşaçı düz sözü eşitməlidi, onu demədən necə başqa sözə keçmək olar...”

Görürsüz, Cəlalə xanımın da fikirlərində tamaşaçıya, öz peşəsinə sevgi əsas süjet xətti təşkil edir.


“Səyyah”ın ən böyük arzusu: Qarabağı tamaşaçıya göstərmək


“Xəzər” televiziyasının məşhur layihələrindən olan
“Səyyah”ın aparıcısı Səbuhi ilə dəhlizdə rastlaşırıq. Həmin oğlandı. Ekrandan gördüyümüz gülərüz, səmimi, vətənpərvər... Aramızda qısa dialoq olur:

-Hara gedirsən nənələrimiz, babalarımız səni öpüb qarşılayır...

-Nəyi pisdi?.. Hər kəs istəyər ki, onu belə səmimi qarşılasınlar.

-“Səyyah”a baxanda ancaq sizə “xoş gəlmisən” deyənləri görürük. Yəni heç deyən olmayıb, “niyə gəlmisiz?”

-Olub, amma onu göstərmərəm ki... Əlbəttə, zarafat edirəm. “Niyə gəlmisiz?” sualı ilə qarşılaşmamışıq. Bizə ancaq sevgi, qayğı ilə yanaşırlar.

-Azərbaycanın hansı diyarına getmək istəmisiz ki, hələ gerçəkləşdirə bilməmisiz?

-Qarabağı gəzmək istəyirik. Azərbaycanın yarısı ordadı. İnanıram ki, “Səyyah” bu arzusuna çatacaq.

“Amin” deyirik. İnanırıq ki, belə də olcaq. İnanmaq yaşamaqdı. Yaşayırıq, çünki bir gün “Xəzər” televiziyasının bizim ola-ola bizim olmayan yurdlarımızdan reportajlar verəcəyinə əminik. Yetər ki, hərə öhdəsinə düşən vəzifəni layiqincə icra etsin.

Yarıdan az zarafat, yarıdan çox gerçəkliklə

Birinci mərtəbəyə enirik. “Nuş olsun” verilişinin hazırlandığı studiya. Təxminən bir saatdan sonra canlı efir olacaq. Usta Vasif hazırlayacağı yeməyin ərzaqlarını artıq seçib, aparıcı xanım mətbəxdəki səliqə-səhmana diqqət yetirir. Verilişin qonağının kim olacağını soruşuruq ondan. Demir.Yarıdan az zarafat, yarıdan çox gerçəkliklə “burdan tez gedin, oturun televizorun qarşısında qonağımızın kim olduğunu biləcəksiz”-replikası ilə bəlkə də özü də bilmədən işindən zövq aldığını göstərmiş olur.

Haşiyə: sayta xəbər hazırlayıram, hər cümlədən sonra “xəbərə bax e,” deyərək sağımda-solumda oturan əməkdaşları təəccübləndirirəm. Nə baş verdiyini soruşurlar. Cavabım belə olur: “İndi sayta qoyacağıq, oxuyarsız”. İstəyirəm hazırladığım xəbəri öz işçilərimiz olsa belə, saytdan oxusunlar. Onda yazdığım xəbərin doğurduğu effektdən zövq almış olacam.

“Nuş olsun”un aşbazı-Usta Vasif

Aşbazdan öyrənmək istəyirik, hazırladığı yeməkləri verilişdən sonra kimlər yeyir? Məlum olur ki, yeməkxanaya verilən təamları əsasən televiziyanın axşam növbəsində qalan işçiləri nuş edir.

“Xəzər”in “Nuş olsun”unu başqa televiziyaların bu səpkili verilişlərindən həm də aşbazının məşhurluğu ilə fərqlənir. Vasif Usta dəfələrlə mötəbər tədbirlərdə avropalılara Azərbycan yeməkləri hazırlayıb. Onun yeməklərini xaricdə necə bəyəniblərsə, əksər hallarda səfərə çıxan nümayəndə heyətinin tərkibində Vasif də olur. Bu yaxınlarda onun Faransaya səfəri gözlənilir. Səfər çərçivəsində aşbaz fransızlara Azərbaycan mətbəxinə aid 10 adda yemək hazırlayacaq. “Əksər xalqların ağız dadını bilirəm. Məsələn, ruslar sarımsaqlı, türklər acı, fransızlar turş yeməklər xoşlayır. Hazırladığımız yeməklərdə bu prinsiplərə əməl edirik. Xaricdə bizim mətbəxi çox sevirlər”- Vasifin dediklərindən.

Yaxşı xəbərdi. Mənsub olduğu xalqı özünəməxsusluğu ilə başqa xalqlara sevdirmək hər kəsin qarşısına qoyduğu hədəf olmalıdı. Əlbəttə, televiziya, mətbuat bu hədəfə daha tez, dəqiq yetişə, arxasınca da oxucusunu, tamaşaçısını apara bilər.

Allah köməyimiz olsun!

“Xəzər”də olduğumuz qısa zaman çərçivəsində yəqin etdik ki, bu televiziyanın əsas götürdüyü meyar sevgidi. Reportajı bitirib bizə yaratdıqları şəraitə görə minnətdarlıq etmək üçün Sərraf müəllimlə bir də görüşdük. Ona “Xəzər”in ailəmizin kanalı olduğunu hiss etdiyimizi dedik. Eşitdiyimiz cavab: “Xəzər” nəinki hər bir ailənin, ailədəki hər bir fərdin televiziyasıdı”.

Sonda deyiləsi bir fikir qalır: Allah köməyimiz olsun!






31 May, 2011  16:58 Baxılıb: 3964 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16