Xilaskarın gəlişi üçün əxlaqsızlıq və fəsadın yox, insani fəzilətlərin, mənəvi dəyərlərin inkişaf edib yayılmasına ehtiyac var
Dünyanın üzücü halı, isti-soyuq savaşlar, silahlanma yarışması və qorxunc böhranlar günümüzdə insanların rahatlığını pozub, dincliyini əlindən alıb. Məzlum insanların gündən-günə artan məhrumiyyəti, aclıq və səfalət içində olan insanların fəryadı, fəqirlik və işsizliyin qorxunc həddə çatması oyaq vicdanları pərişan edir. Əxlaqi dəyərlərin unudulması, mənəviyyata qarşı artan rəğbətsizlik, ilahi qanunlardan bəşəriyyətin üz çevirməsi, ifrat maddəçilik və şəhvətpərəstliyin yayılması insanlığı ağır bir məngənədə sıxmaqdadır. Bu və buna bənzər yüzlərlə məsələ açıq fikirli insanları heyrətə salır. İnsanlığın çökdüyünü elan edən həyəcan təbillərinin səsi dünyanın hər yerində qulaqları batırmaqdadır.
Bəzi mütəfəkkirlər insanlığın gələcəyi barədə bədbinliyə qapılaraq bu böhranın həll edilməsinin artıq mümkün olmadığı barədə fikirlər irəli sürürlər. İslam dininə bağlı olanlar isə əsla ümidsizliyə qapılmırlar, bəşəriyyətin aqibəti barədə nikbin ruhiyyədə olub, dünyanın ləyaqət sahibi olan insanların ixtiyarında olacağına inanırlar. Bu insanlar inanırlar ki, müxtəlif ideologiyalar və insan oğlunun uydurduğu aldadıcı əqidələr heç bir zaman insanı səfalət girdabından qurtara bilməz və bəşəriyyətin yaşadığı təhlükə və böhranları aradan qaldırmaq gücündə deyil. Yalnız vəhy qaynağından qaynaqlanan İslamın gücü və universal qanunları bəşərin qurtuluş və səadətini təmin edə bilər. İslam dininə bağlı olan insanlar “qızıl dövr”ün intizarındadırlar. O zaman dünyanın idarəsi hər növ xəta, yanlışlıq, mənəmçilik və düşmənçilikdən münəzzəh olan məsum bir imamın əlində olacaq. Əhli-Beyt məktəbinə bağlı olan insanlar yaşadığımız bu qaranlıq dövrdə belə, tövhid (Allahın birliyinə etiqad) hökumətinin qızıl dövrünün ümidlərini zehinlərində yaşatmaqda və belə bir dönəmi gözləyərək özlərini həmin ümumbəşəri inqilaba hazırlamaqdadırlar.
İslam əqidəsinə dil uzatmaqda olan bəzi əqidə sahibləri iddia edirlər ki, müsəlman ümmətinin geriliyinin əsas səbəbi qeybi bir xilaskara iman etmələrindədir. Onların fikrincə, bu inanc müsəlmanları passivləşdirərək ictimai proseslərdən kənarlaşdırır, çünki onlar sosial məsələlərin islahını Mehdidən gözləyirlər. Bu qısa incələmədə müsəlmanların geriqalma səbəblərini araşdırmağa fürsət yoxdur, amma qısa olaraq deyə bilərik ki, İslam ümmətinin tənəzzül etməsinin səbəbi İslami inancda deyil, əksinə, bu inancdan uzaqlaşmaqdadır.
Bir çox məsələlərdən sui-istifadə edildiyi kimi, tarix boyu intizar inancından da sui-istifadələrə yol verilib. Bəziləri bu inancı təhrif edərək insanlara elə təlqin ediblər ki, bu inanca əsasən, heç bir ictimai islahat bəşəriyyətə nicat verə bilməz. İnsanlar zülmdən nicat tapmaq istəyirlərsə, Mehdinin zühurunu gözləməlidirlər. İslam tarixində hətta Həzrəti Mehdinin zülm və fəsadla mübarizə aparacağını əsas gətirib, zühurun tezləşməsi üçün müsəlmanları günah etməyə təşviq edən cərəyanlar da mövcud olub. Ümumiyyətlə, bütün dinlərdə ilahi missiyanı yerinə yetirəcək bir xilaskarın gəlməsinə etiqad olduğundan belə cərəyanlara digər dinlərdə də rast gəlinib. Rəvayət edilir ki, bir yəhudi din xadiminin həyat yoldaşı böyük günah etdiyində ruhani ona sərt etiraz edir. Ərinin etirazına cavab olaraq xanım deyir: “Məgər sən xilaskarın intizarında deyilsən? İstəmirsənmi ki, Məsih tez zühur etsin? Özün demisən ki, günah və fəsad dünyanı bürüdüyü zaman xilaskar gəlib fəsada son qoyacaq. Mən günah etməyimlə onun gəlişi üçün zəmin yaradıb, zühuru tezləşdirirəm. Sən dua etməklə kifayətlənirsən, mən isə həm də əməl edirəm”.
Təbii ki, belə bir inanc bütün ilahi dinlərin məntiqinə ziddir. Dinimizə görə, Mehdinin zühuru irinli bir yaranın partlamasına yox, bir meyvənin yetişməsinə bənzəyir: xilaskarın gəlişi üçün əxlaqsızlıq və fəsadın yox, insani fəzilətlərin, mənəvi dəyərlərin inkişaf edib yayılmasına ehtiyac var. Hər bir müsəlman bu yolda çalışmağı öz dini vəzifəsi hesab etməlidir.
Qətiyyətlə deyə bilərik ki, səmavi dinlərdən heç biri İslam dini qədər ictimai fəaliyyətə təkid etməyib və insanlığın müqəddəratının özündən asılı olmasını vurğulamayıb. İslam fəsad və zülmlə mübarizəni, pisliklərdən çəkindirməyi müsəlmanların əsas vəzifələrindən biri olaraq qəbul etmiş və ictimai islahatı, ədalətsevərliyi dini vəzifələrin ən ümdəsi hesab edir. İslam dini yaxşılığa dəvət edib, pisliklərdən çəkindirmə məsələsinə o qədər önəm verir ki, bu iş üçün bir qrup insanı hazırılamağı tövsiyə edir. “Sizin içinizdə xeyrə çağıran, yaxşılığa dəvət edib pis işlərdən çəkindirən bir toplum olmalıdır, qurtuluşa çatanlar da məhz onlardır” (Ali-İmran surəsi, 104).
Qurani-Kərim bu böyük missiyanı müsəlmanların üstünlük ölçüsü kimi qəbul edir və Ali-İmran surəsinin 110-cu ayəsində belə buyurur: “Siz, insanlar üçün seçilmiş xeyirli bir ümmətsiniz, yaxşılığa dəvət edir, pisliklərdən çəkindirir və Allaha iman gətirmisiniz”. İslam Peyğəmbəri də müsəlmanların ictimai məsələlərə önəm verməsini təkidlə tapşıraraq buyurub: “İslam dünyasının ictimai məsələlərinə biganə olan şəxs müsəlman deyil”. Bu kimi ayə və hədisləri araşdırdıqdan sonra, İslam dinini öz ardıcıllarına bəşəriyyəti təhdid edən hadisələrə qarşı seyrçi mövqe tutub, xilaskarın gələcəyini gözləməyi tövsiyə etməsi söylənilə bilərmi? Müsəlmanlar İslam dünyasına vurulan zərbələr qarşısında susub: “Allahım, Mehdinin zühurunu yaxın et”-deyərək sırf dua etməklə ağır ictimai məsuliyyətlərdən qaça bilərlərmi? Doğrudur, İslam dini müsəlmanlara Mehdinin zühurunu gözləməyi tövsiyə edir: “Mehdinin zühurunun intizarında olmaq ən üstün əməldir” (Kəmalüddin cild-2, səh.357), lakin göründüyü kimi, hədisi-şərifdə gözləmə, hal kimi yox, əməl kimi təqdim olunub. Bu hədisdən aydın olur ki, söhbət heç də passiv gözləmə mövqeyi tutmaqdan getmir. Xilaskarı gözləyən hər bir müsəlman, özünü və ətrafında olan insanları, yaşadığı cəmiyyəti islah edərək onun gəlişinə ictimai zəmin yaratmalıdır. İntizarın fəlsəfəsi bundan başqa bir şey deyil.
Cəmiyyətin dərdlərinə biganə qalan, gündəlik həyatında İslam qayda-qanunlarından əsər-əlamət olmayan, fəsad və zülmə boyun əyən, mədəniyyət və əxlaqda başqalarına təqlid edən, elm və texnologiyada ancaq digərlərinin nailiyyətlərindən istifadə edən, aralarında ixtilaf və dağınıqlıq olan, düşmənlərlə anlaşan, bir-biri ilə uzlaşmayan, amma “Allahım, Mehdinin zühurunu tezləşdir”-deyən bir ümmət barədə “Sahib-əz-Zamanın ilahi inqilabını gözləyən bir millətdir” demək, əlbəttə ki, mümkün deyil. Belə bir toplum İslamın ümumbəşəri dövlətinin qurulması üçün hazır deyil, hər gün yüz dəfə Mehdinin zühurunu dua etsə də, vəziyyət dəyişməyəcək.
Yuxarıda qeyd etdiklərimizi qurtuluşu gözləməklə bağlı hədislərin məzmununda da açıq şəkildə anlamaq olar. İmam Cəfər Sadiq (ə) İslam Peyğəmbərindən bu hədisi nəql edir: “Bizim Allah istədiyi bir zamanda qurulacaq dövlətimiz var. Qaimimizin (qiyam edən) dost və əshabından olmaq istəyən kəs qurtuluşu gözləməlidir. Təqva (günahdan pəhriz) sahibi olmalı, gözəl əxlaqa yiyələnməli və Qaimimizin zühurunu gözləməlidir. Əgər bu hal üzrə ölərsə, Mehdiyə qovuşan kimsələrin savabına nail olar. Ey müsəlmanlar! Ciddi bir şəkildə çalışın və Mehdinin zühurunu gözləyin! Ey Allahın rəhmətinə nail olanlar, zəfəriniz mübarək olsun! (Qeybəti-Nömani, səh.106)”.
Ymumiyyətlə qeyd olunmalıdır ki, Mehdi inancı müsəlmanların ilahi kitabı olan Qurani-Kərimdə də əks olunub: “And olsun ki, biz Zikrdən (Tövratdan) sonra Zəburda (Həzrət Davuda nazil olan kitab) da: “Heç şübhəsiz, yer üzünə saleh qullarım varis olacaq"-deyə yazdıq" (Ənbiya surəsi, 15-ci ayə). Saf surəsi, 9-cu ayədə isə belə buyurulur: “Peyğəmbərlərini hidayət və haqq dinlə göndərən Odur. Belə ki, onu (haqq dini olan İslamı) bütün dinlərə üstün qılacaq, müşriklərin xoşuna gəlməsə belə”.
Quran məntiqinə əsasən, bəşərin islahı və ilahi qanunların tam icrası bütün peyğəmbərlərin yeganə hədəfi idi. Bu ilahi elçilərdən hər birisi öz zamanındakı insanların fitri qabiliyyəti ölçüsündə bu uca hədəfə çatmaq üçün çalışdılar, insanları bu uca hədəfə dəvət etdilər. Onların fədakarlıqları olmasaydı, tövhid hökumətinin qurulması mümkün olmazdı. Buna görə də bütün peyğəmbərlərin bu böyük hədəfin gerçəkləşməsində rolu vardır. Buna əsasən Həzrəti Mehdinin zəfəri bütün peyğəmbərlərin zəfəridir. Həzrət Mehdinin zəfəri şəxsi zəfər deyildir, haqqın zəfəridir. Allahın yer üzündə sonuncu hüccəti (nişanəsi) olan Sahib-əz-Zamanın rəhbərlik edəcəyi hərəkat keçmiş ilahi peyğəmbərlərin zamanında başladı və bu peyğəmbərlərdən hər biri bu yolda çalışdı, bir çox zorluqlara qatlandı. İnsan oğlu tövhid dövlətini qəbul edə biləcək bir duruma gələnə qədər də dünyada bir çox hadisələr və inqilablar gerçəkləşəcəkdir. Sonunda Həzrəti Mehdi (ə) zühur edəcək və dinsizliyi aradan qaldıracaq. O halda Mehdi təkcə İslam Peyğəmbərinin deyil, bütün peyğəmbərlərin missiyasının davamçısıdır və onun zəfəri bütün səmavi dinlərin zəfəridir.
Beləliklə, ayə və hədislərdən anlaşılan budur ki, bir gün gələcək, yer üzünün hakimiyyəti möminlərin və saleh insanların əlinə keçəcək. Onlar bəşər mədəniyyətinin öncülləri olacaq, İslam dini dünyaya yayılacaq, şirkin yerini tövhid tutacaq. O gün bəşəriyyətin qurtarıcısı vəd edilmiş Mehdinin zühur edəcəyi gündür. Bu cahanşümül inqilab saleh möminlərin vasitəsilə gerçəkləşəcək. Cəhalət və nadanlıq zülmətində boğulan dünya onun zamanında elm və ağıl nuruna qərq olacaq. İmam Sadiqin buyurduğu kimi: “Elm 27 qismə bölünüb, insan oğlu o zamana qədər onun, sadəcə, iki qismini əldə edə biləcək. Qaimimiz qiyam etdikdə digər 25 qism də ortaya çıxacaq və insanlar arasında yayılacaq” (Biharul ənvar, cild 52, səh.336). Həzrəti Mehdi dövlətində insanlar bir-birinə qarşı sevgi və mərhəmətlə davranacaq, hər yerdə əmin-amanlıq hökm sürəcək, insanların iqtisadi durumu düzələcək, belə ki, sədəqə veriləcək bir şəxs tapılmayacaq.
Sonda qeyd edim ki, Quran təliminə əsasən, bütün bunlar xülya və utopik bir ideya deyil, tarixi prosesin məntiqi sonluğudur. Bəşəriyyət addım-addım bu məntiqi sonluğa yaxınlaşmaqdadır.
Hacı Şahin Həsənli