Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Hacı Şahin: Azad təfəkürün gücü

Düşüncə işığının söndüyü bir mühitdə din də, siyasət də, mədəniyyət və incəsənət də insanlar üçün tiryək rolunu oynayır

Həqiqət sorağında olduğum ilk günlərdən yəqin etdim ki, bir çoxları təhqiq etmədən seçim edir və öz seçimlərinin həqiqətə əsaslandığını iddia edirlər. Seçim sağlam təfəkkürə əsaslanmadığı təqdirdə insanın əqidəsi onun meyl və istəklərini əks etdirərək, şəxsi mənafeyinin çürük sütunları üzərində qurulan zəif bir tikiliyə bənzəyir. Bir küləyə bənd olan bu zəif bina hadisələr tufanı qarşısında sarsılır, tezliklə alt-üst olub aradan gedir. Belə olan təqdirdə, insan ya başqa bir əqidəyə yönəlir, yaxud da öz yanlış seçimini pərdələmək üçün müxtəlif yozumlara əl atır. Bu isə öz növbəsində prinsipsizlik və simasızlıqla nəticələnir. Bu gün həyatımızın müxtəlif sahələrində izi görünən, xüsusilə də ictimai-siyasi proseslərə qənim kəsilən mənəvi aşınmanın kökünü, zənnimcə burada axtarmaq lazımdır.
Nə yazıq ki, böyük zəhmətlər bahasına əldə edilmiş elmi nailiyyətlər bu gün insanlığın təfəkkür işığının söndürülməsinə yönəlib. Elmi-texniki tərəqqisi ilə öyünən müasir texnogen insan cəmiyyətinin ən böyük bəlası da məhz budur. Əsas qayəsi insan düşüncəsini, insan şüurunu aydınlatmaq olan elm kimi mütərəqqi bir dəyər bəşəri kütləşdirmək, onun heyvani ehtiraslarını təhrik etmək üçün vasitəyə çevrildikdə bu «dirilik suyu» öldürücü zəhərə çevrilir.
Bir zamanlar bəşər övladının bütün bəlalarının səbəbini onun cahilliyində, bilməməzliyində axtaranlar zaman keçdikcə, yanıldıqlarını anladılar. Gördülər ki, elmlə silahlanaraq, müasir texnologiya lara yiyələnən insan mənəvi baxımdan yetkinləşmədikdə, cahil insandan daha təhlükəli, daha yırtıcı bir varlığa çevrilir. Çünki, bu varlığın xəbis mahiyyəti özünü ifadə etmək üçün elmin gücündən istifadə edərək, özünə daha geniş fəaliyyət meydanı əldə etmiş olur. Nəticədə, bu qorxunc varlıq elmin yardımı ilə həm öz qüdrətini artırır, həm də onun törətdiyi fəsadların əhatə dairəsi genişlənir.
«Məgər düşünməzsinizmi?»
İlk insandan bu yana bəşərin hidayəti üçün göndərilən ilahi elçilərin başlıca məramı insan təfəkkürünü təqlidçilik buxovlarından, şəhvət və ehtiras zəncirlərindən azad etmək olub. Onların qarşısında dayanan batil cəbhənin başbilənləri isə hər zaman çalışıblar ki, insanları sağlam düşüncədən, məntiqi mühakimədən uzaqlaşdıran ictimai və əxlaqi amilləri gücləndirməklə onları şüursuz və əxlaqsız bir kütləyə çevirsinlər. Çünki, insanların haqqa yönəlməsi üçün yalnız düşünmələri kifayət edər. Bu səbəbdən səmavi kitabımız haqqın nişanələrindən danışarkən «düşünənlər üçün ayələrimizdə ibrətlər var» fikrini, xüsusi vurğulayır, haqdan sapanları isə «məgər düşünməzsinizmi?» - deyə məzəmmət edir.
Düşüncə işığının söndüyü bir mühitdə din də, siyasət də, mədəniyyət və incəsənət də insanlar üçün tiryək rolunu oynayır. Belə bir mühitdə yaşayan insanlar ya düşüncə azadlığını əldən verib istənilən informasiyanı, istənilən təbliğatı təhlil etmədən qəbul edir, yaxud da öz taleyinə qarşı son dərəcə biganə olub, gündəlik məişət problemləri, eyş-işrət və əyləncə ilə başlarını qatırlar. Belə kütləni idarə etmək olduqca asan olur, çünki bu kütlə ictimai hədəflərdən məhrum, etiraz hissini itirmiş, daha doğrusu, nəyə etiraz etməli olduğunu anlamayan itaətkar bir insan toplusudur.
Müasir dövrün səciyyəvi xüsusiyyətlərindən biri də informasiya texnologiyalarının inkişafı nəticəsində məntiqi təfəkkürün yaradıcı təfəkkürlə əvəz olunmasıdır. Müasir cəmiyyəti çox zaman «informasiya cəmiyyəti»də adlandırırlar. Dövrümüzün insanı real aləmdən daha çox virtual aləmdə yaşayır. Hətta, gündəlik həyatda qarşılaşdığı adi, danılmaz reallığı da insan şüuru kütləvi informasiya vasitələri tərəfindən ona aşılanan dəyərlər sisteminin təlqin etdiyi tərzdə qəbul edir. İnformasiya sisteminin böyük güclərin təsirində olduğunu nəzərə alsaq, bu proses manipulyasiya ilə nəticələnir. Belə bir şəraitdə insan düşünməyə, təhlil etməyə macal tapmır və yalnız onun beyninə yeridilən informasiyanı qəbul etməyə məhkum olur. Nəticə olaraq, teoloqlardan birinin dediyi kimi «bir çox hallarda ehtimal olunan yanlışlıqlar həqiqətlərə qələbə çalır». İnformasiya texnologiyalarının təsirinə məruz qalan insan faktiki olaraq obyektiv düşüncə tərzini, həqiqət meyarlarını itirir. Belə bir insan həqiqətə yox, media məkanının diktə etdiyi meyarlara əsaslanaraq düşünür. Bu isə, düşüncənin yeni bir əsarəti hesab olunmalıdır.
Real aləmdən uzaqlaşmaq nəinki insanın mənəviyyatına, hətta müasir tədqiqatlara görə, onun psixikasına da mənfi təsir göstərir. Bu təsirin nəticələri hələ XX əsrin əvvələrində məşhur psixiatr və kriminalist Maks Nordaunun tədqiqatlarında öz əksini tapıb. Müşahidələrə və faktiki materiala əsaslanan bu tədqiqatların birində o yazır:«Dünya hal-hazırda daha çox böyük bir xəstəxanaya bənzəyir. Bu xəstəxanada yatan xəstələrin hamısına eyni diaqnoz qoyula bilər: instinktlərin aşınması, hislərin təfəkkürə qələbəsi, yalançı realizm, insanlığa qarşı mərhəmətsizlik və laqeydlik, beyin mərkəzlərinin zəifləməsi nəticəsində yaranan kütləşmə və sair».
«Haqq gəldi, batil getməlidir, həqiqətən, batil aradan getməyə məhkumdur»
Günü-gündən yayılıb genişlənməkdə olan bu epidemiyadan bəşəriyyətin yeganə xilas yolu sağlam məntiqə əsaslanan, mənəvi dəyərləri rasional tərzdə çatdıran, insanı xoşluqlardan yaxşılıqlara doğru istiqamətləndirən bir əqidəyə yönəlməsindədir. Elə bir əqidə ki, insanları «hikmət və gözəl nəsihət yolu ilə» haqqa doğru çağırır. Elə bir əqidə ki, həm insanların təfəkkürünə güc verir, həm də mənəviyyatını saflaşdırır. Bu gün insanları sadəcə olaraq düşünməyə dəvət etməli, düşüncə nurunu söndürən amilləri tanıyıb tanıtdırmalıyıq. İnsan düşünərsə, haqqı tapar, haqqı tapdıqda isə ayılıb yetkinləşər.
Ayıq və yetkin insanı idarə etmək, müxtəlif qəliblərə salmağın çətin olması səbəbindəndir bəlkə də böyük güclərin haqqa qarşı başladıqları amansız, meşə qanunlarına əsaslanan mübarizə…
Ağılla nadanlığın savaşı isə şübhəsiz ki, birincinin qələbəsi ilə nəticələnəcək. Çünki, «haqq gəldi, batil getməlidir, həqiqətən, batil aradan getməyə məhkumdur».

Hacı Şahin Həsənli






6 Aprel, 2012  17:48 Baxılıb: 3520 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16