|
Əsl insan haqqları
Maddi dəyişikliklər nəticəsində insan “ilahi ruhun üfürülməsi” mərhələsinə yetişir
İnsan hüquqları ümumbəşəri dəyərlərin tərkib hissəsi kimi günümüzdə ciddi elmi araşdırmaların predmetinə, dünya mütəfəkkirləri arasında qızğın müzakirə və mübahisələrin mövzusuna, əksər ölkələrin konstitusiyasının ana xəttinə, sülh və əməkdaşlıq haqqında beynəlxalq sazişlərin başlıca məğzinə çevrilmişdir. Dünyanın əksər ölkələrində insan haqları insanın mövcudluğunun və milli inkişafın ən vacib şərti kimi qəbul olunur.
Dünyanın özü kimi qədim olan insan hüquqları ideyasının fəlsəfi əsaslarının işlənib hazırlanması və bu ideya uğrunda səmərəli mübarizə aparılması son üç əsrin payına düşmüşdür. 18-ci əsrdə Avropa ayrılmaz insan hüquqlarının (yaşamaq hüququ, azad olmaq hüququ) və vətəndaş hüquqlarının (söz və vicdan azadlığı, təhlükəsizlik və mülkiyyət hüququ) meydana çıxmasının şahidi olmuşdur. Siyasi hüquqlar (ümumi seçki, gizli səsvermə, respublika quruluşu, xalq özünüidarəsi, cəmiyyət və birliklərin sərbəstliyi, siyasi həyatda və hakimiyyət sistemində iştirak etmək və s. hüquqlar) 19-cu əsrdə əldə edilmişdir. XX əsr bütün bu hüquqlar sırasına sosial hüquqları (sosial təminat hüququ, əmək, təhsil, tibbi yardım hüquqları, qadın bərabərliyi və uşaqları müdafiə hüquqları) əlavə etmişdir.
Bu kiçik yazıda dinimizin insan haqlarına baxışını qısa şəkildə incələmək istərdim. Məsələnin tam açıqlanması üçün Qərb və İslam dəyərlər sistemində insan haqlarının müqayisəli təhlilinə ehtiyac duyulur. Bunun üçün Qərb və İslam dəyərlər sistemində insanın yerini aydınlaşdırmalıyıq.
İntibah dövründən öncə Qərb dünyasında inkişaf etmiş sxolastik fəlsəfə əski yunan düşüncəsindən qaynaqlanan orta əsr xristianlarının meydana gətirmiş olduğu Tanrını insanın yerinə keçirdi. Bu tanrılar insanla düşmənçilik edən, insanı yer üzündə özünə rəqib hesab edən, təbiət qüvvələrinə hakim olub, insanın bu qüvvələrə qələbə çalmasından və təbiəti öz nəzarəti altında saxlamasından qorxub ehtiyatlanan varlıqlar kimi təqdim olunur.
Maddi dəyişikliklər nəticəsində insan “ilahi ruhun üfürülməsi” mərhələsinə yetişir və səmavi bir sıçrayışla üstün bir varlıq halına gəlir
Adəm (ə)-ın cənnət hekayəsi də Tanrının insanı əbədi cahilliyə məhkum etmə cəhdi kimi təqdim olundu. Adəmin yeməməsi lazım olan şəcərəyi-məmnuə (qadağa olunmuş ağac) mərifət, elm ağacı kimi göstərildi. İnsanın o ağaca yaxınlaşmasının qadağan olunması isə onun Tanrı ilə rəqabətə girməsini əngəlləmək üçün idi. Nəhayət, Adəmin üsyan etməsinə, bəşərin əbədi günaha düşməsinə görə sonralar Tanrı insanı qurtarmaq üçün Müqəddəs Ruh vasitəsilə onun bədəninə girir və bu “ruhanilik” İsanın yerində oturanlara və kilsə papalarına aid olur. Bu görüşə görə insan zatən günahkar, mənfur, çirkaba bulaşmış sayılır. Qeyb xəzinələrinin açarlarına sahib olanlar isə yalnız daxillərində ilahi ruh yerləşən kilsə xadimləri hesab olunur. Bütün deyilənlərin nəticəsində elm və təfəkkür xristian inancının əsarətinə, kilsənin sərt nəzarəti altına alındı. Beləliklə, qovulmuş insan peşman olan Tanrı ilə qarşı-qarşıya qoyularaq bu Tanrının vəkillərinin əsarəti altına alındı və hər şeyini əldən verərək təslim olmağa məcbur edildi, mənliyini əldən verdi.
Sonralar Renessans hərəkatı bu Tanrı əleyhinə üsyan etdi, insanı diriltməyə cəhd etdi və humanizm yeni şəkildə gündəmə gəldi. Yeni humanizm insanı “göyün əsarətindən”, yəni insana təhmil edilən Tanrıdan qurtarmağa çalışdı. Amma heyif ki, zəncirdən qopmuş insanı yeni bütlərin əsarətinə sürüklədi. Düşüncə orta əsr fəlsəfələrindən qurtuldu, elm inkişaf etdi. Lakin bu elm insanı iqtisadiyyatın köləsinə çevirdi. Bütün məhrumiyyətlərdən azad olmağa, mütləq hürriyyətə qovuşmağa təkid edildi isə də, insan hədəfsizlik, hərc-mərclik bataqlığına düşüb özünü itirdi.
Yenə də insan unuduldu və bu sual cavabsız qaldı: İnsan kimdir? Kim olmalıdır? İnsan olması, insanlıq kamalına çatması üçün nə etməsi lazımdır?
İslam dini insana yeni bir qiymət verdi. “Qurani-Kərim”də insan barədə danışarkən onun yaranma mərhələləri göstərilir. Maddi dəyişikliklər nəticəsində insan “ilahi ruhun üfürülməsi” mərhələsinə yetişir və səmavi bir sıçrayışla üstün bir varlıq halına gəlir (Həcc-22). Belə ki, hətta mələklər belə onun qarşısında təzim edib ona səcdə etməklə vəzifələndirilirlər.
Qadağan olunmuş cənnət ağacı mərifət və elm ağacı deyildir, nəzarət altına alınması lazım olan daxili meyillər və istəklər qarşısında hədd mənasındadır. İnsanın iradə və günahdan çəkinmə qüvvəsi imtahan edilir. İnsanın günaha düşməsi belə ona verilən hürriyyət və iradə azadlığının göstəricisidir. İnsana nəinki mərifətə yetişmək qadağan edilməyib, hətta Allah-Taalanın buyurduğu kimi, o özü “insana bilmədiyini öyrətmişdir”. Quran baxımından insan bu şərəfə nail olmuşdur və insanın mələklərdən üstün olmasının səbəblərindən biri onun bilik əldə etmək qabiliyyətidir ki, mələklər bu qabiliyyətdən məhrumdurlar. Hətta cənnətdən çıxarılması belə insanın daxili istedadlarının üzə çıxması və çiçəklənməsi üçün zəmin hesab oluna bilər. “Enmək” üsyandan sonradır, amma əbədi nifrətlə nəticələnmır, tövbə etmək və mənəvi inqilaba nail olmaqla bağışlanır.
Allahın insana qarşı olan münasibəti düşmənçilik və rəqabət əsasında qurulmayıb, çünki Allah zatında qəni və mütləq qadirdir, əgər bütün insanlar ona itaətsizlik edərlərsə, ona heç bir zərər yetişməz və zatında heç bir əskiklik meydana gəlməz.
Allah insanı yer üzündə xəlifə olaraq yaratmışdır, yəni yer üzünün hökmranlığı ona məxsusdur. Allah insanların təbiət üzərindəki hakimiyyətinin artmasından nəinki qorxmur, hətta özü insanı buna təşviq edir, yeraltı və yerüstü sərvətlərdən maksimum istifadə edib yararlanmasını istəyir. Quran baxımından insan öncədən bir tale və təqdirə məhkum olunmuş bir varlıq olmadığı kimi, qaranlıq və hədəfsiz bir mühitdə özbaşına buraxılmış başıboş və faydasız bir varlıq da deyil. İnsan istedadlar, təmayüllər, arzular və hədəflərlə doludur. Daxili hidayət və fitrətin işığı ilə haqqa doğru irəliləməlidir. Həmçinin insan “ilahi bir əmanət”in daşıyıcısıdır. Bu əmanət insanın insanlıq sirri olan və onun üçün məsuliyyət yaradan şüur, iradə və seçim gücüdür. Bu ilahi əmanət göylərin, yerin və dağların qəbul etmək iqtidarında olmadıqları bir şeydir. Çünki bu əmanəti qəbul etməyə qüdrət və qabiliyyətləri yoxdur. Bu ilahi lütf yalnız insanlara məxsusdur. Varlıqlar arasında yalnız insan şüurlu seçim və azad iradəni qəbul etmək iqtidarında oldu və yüksək mərhələyə ucaldı. İslam baxımından ilahi əmanətin sahibi olan insanın başlıca vəzifəsi öz daxili istedadlarından yararlanaraq Allahın təyin etdiyi əmr və qadağalara təslim olub yüksək kamillik mərtəbəsinə ucalmaqdır. Bu mərtəbəyə yalnız Allaha bəndəlik etməklə çatmaq mümkündür. İnsandan başqa heç bir varlıq bu məqama çata bilməz.
İslam və Qərb dünyagörüşlərində insan haqlarına yanaşmada mövcud olan fərqlər bu iki dünyagörüşünün insan haqqında olan nəzəriyyəsindəki fərqlilikdən qaynaqlanır. Liberal Qərb dəyərləri nöqteyi-nəzərindən insan azad doğulduğu üçün azad yaşamalıdır və bu azadlıq insanın öz meyil və istəklərini sərbəst şəkildə reallaşdırmaq imkanına malik olmasından ibarətdir. Lakin İslam nöqteyi-nəzərindən həqiqi azadlıq insanın öz meyil və istəklərinin əsarətindən qurtulmasıdır. Liberalizmin nəzərincə, insanın azadlığı yalnız digərlərinin azadlığına təcavüz etdiyi zaman məhdudlaşdırıla bilər. İslam əqidəsinə əsasən isə insanın azadlığı onun öz mənəviyyatına təcavüz etdiyi təqdirdə bu azadlıq məhdudlaşdırılmalıdır. İslam dininə görə, həqiqi azadlıq insanın istədiyini etməsi yox, istəklərinə qarşı getməsidir.
Məlum olduğu kimi, Fransa inqilabından sonra insan və vətəndaşın hüquqları haqqında bəyannamə qəbul olunub. Bu bəyannamənin 1-ci maddəsində belə yazılmışdır: “İnsanlar azad və bərabər hüquqlarla doğulur və yaşayırlar”. VII əsrdə İslam ümmətinin böyük rəhbəri Həzrət Əli (ə) oğlu imam Həsənə (ə) vəsiyyətində buyurur: “Heç kimin qulu olma, çünki Allah səni azad yaratmışdır”. Fransa inqilabının ideyaları ilə müqayisə etdikdə görürük ki, insan hüquq və azadlığına Qərbdə mövcud olan yanaşma ilə İslam dinindəki yanaşma arasında eyni cəhətlər mövcuddur. İslam tarixindən bir nümunəyə diqqət yetirək: İslam mücahidləri Qadisiyyədə İran ordusu ilə qarşılaşırlar. İran ordusunun başçısı Rüstəm Fərruxzad İslam ordusunun sərkərdəsi Zöhrə ibn Abdullahı yanına çağırıb ona sülh təklif edir. Rüstəm qürurla Zöhrəyə deyir: “Siz bizimlə qonşu idiniz. Biz sizə yaxşılıq edirdik, siz bizim bəxşişlərimizdən bəhrələnirdiniz, bir təhlükə üz verdiyi zaman sizi himayə edirdik”. Söz bu yerə çatanda Zöhrə dedi: “Dediklərinin hamısı doğrudur, amma sən gərək başa düşəsən ki, bu gün dünəndən fərqlənir. Biz artıq maddiyyata həris millət deyilik, biz dünyəvi məqsədlərdən vaz keçib axirət maqsədlərinə üz tutmuşuq”. Sonra Rüstəm Zöhrədən İslam dini haqqında soruşur. Cavabında Zöhrə deyir: “Dinimizin əsasını iki şey təşkil edir: Allahın təkliyinə etiqad və Məhəmmədin(s) peyğəmbərliyinə inam. Dinimizin əsas qayəsi insanları özləri kimi digər insanlara pərəstişdən azad etməkdir. Çünki onlar hamısı bir ata və anadan dünyaya gəliblər, Adəm və Həvvanın övladlarıdır, bir-birilərinin bacı və qardaşlarıdır”.
İslam yarandığı ilk gündən təfəkkür azadlığını dəstəkləyərək, öz müxaliflərini məntiqi bahslərə dəvət edib. Qurani-Kərimin “Dəhr” surəsinin 3-cü ayəsində Allah-Taala buyurur: “Biz insana doğru yolu göstərdik, istər şükür etsin, istər nankor olsun.” Yaxud “Kəhf” surəsinin 29-cu ayəsində “Kim istəsə, iman gətirsin, kim istəsə, kafir olsun”,- deyə buyurur. İslam nöqteyi-nəzərindən dindarlıq icbari olarsa, artıq dindarlıq deyil. Xalqı hansısa işi görməyə və ya hansısa əməli tərk etməyə məcbur etmək olar, amma bu və ya digər şəkildə düşünməyə məcbur etmək olmaz. Məhz bu səbəbdən İslam yayıldığı bütün yerlərdə etiqad azadlıgını himayə edib. Hansı tarixdə oxumusunuz ki, orta əsrlərdə əhalisinin əksəriyyətinin müəyyən bir dini inanca malik olduğu ölkədə digər inanclar azad şəkildə təbliğ olunsun? İslam tarixində isə belə faktlar yetərincədir. İslam hətta dinsizlərə o qədər azadlıq vermişdi ki, onlar Mədinə şəhərində Peyğəmbər məscidində rahat şəkildə oturub ürəkləri istədikləri tərzdə öz əqidələrini bəyan edərək din alimləri ilə mübahisə edirdilər. Onlar Peyğəmbər məscidində əyləşib Allahı, peyğəmbəri, dini inkar edən fikirlərini sərbəst şəkildə ifadə etmək imkanına malik idilər. Məhz bu səbəbdən İslam bir din kimi yaşadı və öz mahiyyətini qoruyub saxladı. Fərqli düşünən insanlara dözümlü münasibət sayəsində İslam dini qüvvətlənərək dünyanın böyük bir hissəsinə yayıldı və bu gün də inkişaf etməkdədir.
İslam yarandığı ilk gündən təfəkkür azadlığını dəstəkləyərək, öz müxaliflərini məntiqi bahslərə dəvət edib Müasir dünyanın uğrunda mübarizə apardığı dəyərlər 1400 il öncə bu müqəddəs din tərəfindən bəyan edilmiş və cəmiyyətdə bərqərar olunmuşdur.
Ümumbəşəri dəyərlərin təməl prinsipi olan bir neçə məsələ ilə bağlı Quran ayələrinə nəzər salaq:
- İnsanlar və millətlər arasında bərabərlik
“Ey insanlar! Biz sizi bir kişidən və bir qadından yaratdıq, sonra isə sizi xalqlara və qəbilələrə ayırdıq ki, bir-birinizi tanıyasınız. Allah yanında üstünləriniz təqvalılarınızdır.” (Hücurat surəsi, ayə 13). Quranın bu ayəsini BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi ilə müqayisə edək: “Bütün insanlar öz hüquqları etibarilə azad və bərabər doğulurlar. Onlara ağil və vicdan bəxş edilmişdir və onlar bir-biri ilə qardaşlıq münasibətində olmalıdırlar”.
- Vicdan azadlığı
“Dində məcburiyyət yoxdur.” (Bəqərə surəsi, ayə 256)
“İnsanları inanmağa sənmi məcbur edçəcəksən?” (Yunis surəsi, ayə 99)
- Seçim azadlığı
İslama görə insan seçmək hüququna malikdir: “De ki, rəbbinizin dərgahından gəlmiş haqq. İnanmaq istəyən inansın, istəməyən dansın onu.”(Kəhf surəsi, ayə 29)
- Fəal vətəndaş mövqeyi
“Allah istəsəydi, Özü onlardan intiqam alardı. Ancaq sizləri bir-birinizlə imtahana çəkmək istəyir.” (Məhəmməd surəsi, ayə 4)
- Ümumi razılıq prinsipi
“İşlərini məşvərətlə həll edirlər” (Şura surəsi, ayə 38)
- Mülkiyyət hüququ
“Kişinin qazandığından öz payı var, qadının öz payı...” (Nisa surəsi, ayə 32)
Bu ayədən məlum olur ki, qadınlara mülkiyyət hüququnun verilməsində Qurani-Kərim Avropanı 13 əsr qabaqlayıb.
İslam və Qərb dəyərləri arasında ortaq cəhətlər mövcud olsa da, İslam baxımından insana verilən bütün azadlıqlar onun mənəvi kamilliyinə vasitə olmalıdır, insanlıq yolundan sapmasına yox. Çünki İslam fəlsəfəsinə əsasən, insan nə orta əsr xristianlığının təqdim etdiyi “çirkaba bulaşmış” günahkar, nə də yalnız öz maddi rifahı üçün çalışan məqsədsiz bir varlıqdır. İslama görə, insan daha ali bir məqama sahibdir. O, iki zidd şeydən: ilahi ruh və maddi bədəndən ibarətdir. Əgər cismini ruhunun itaətinə gətirə bilsə, heç bir mövcudun dərk edə bilmədiyi Allaha yaxınlıq məqamına ucala bilər.
Hacı Şahin Həsənli
16 Mart, 2012 17:21 ⁄ Baxılıb: 3040 ⁄ Çap
Bu bölmədə
|
|
|