Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Reportaj

ƏLİ QIZILLA OYNAYAN KASIB ADAM

HƏMİD USTA: “FİKİRLƏŞİRLƏR Kİ, ZƏRGƏRLİKDƏ PUL VAR”

Jurnalın hər sayında müxtəlif peşə sahibləri ilə tanış olursuz. Adına “sadə peşə” deyilsə də onların işi kənardan görüldüyü kimi heç də sadə deyil. Məsələn, zərgərlikdə önəmli olan əl qabiliyyəti, yaradıcılıq və sənətə sevgidir. Zərgərin rəssamlıq duyumu olmalı, diqqətini işinə cəmləməyi bacarmalıdır. Qədim olduğu qədər, həm də incə sənətdir zərgərlik-bu işin peşəkarları belə deyir...

Gülverdi Əliyev 11 ildir zərgər işləyir. Babası və əmiləri də zərgər olub. Əvvəl qaşqoyma sənətini öyrənib, sonra əl işləri hazırlamağa başalayıb. Usta deyir ki, Azərbaycanda hələ də müasir avadanlıqlar olmadığından, zərgərlər yalnız öz gücünə çalışır. “Əl əməyinin dəyəri də başqadır. Buna görə hazırladığımız modellər daha qiymətli sayılır. Bu işdə səhlənkarlıq böyük ziyana uğradar” - deyən zərgər, bütün diqqəti hazırlanan əşyaya cəmləməyin vacibliyini önə çəkir: “İnsan sevdiyində gözəllik axtarır. Zərgər sənətinə bağlandısa onun işi də, hörməti də həmişə olacaq”.
Zərgər Həmid Hacıxanov hər sənətkarın özünəməxsus əl qabiliyyəti olduğunu söyləyir: “Hansısa modelə görünüş vermək üçün fantaziya olmalıdır. Zərgər işləri bu baxımdan bir-birindən seçilir”.
Bəzən müştərilərlə anlaşılmazlıq olur. Ustanın sözlərinə görə, kataloqda göstərilən əşyanı olduğu kimi düzəltsələr də bəzən müştərilər bəyənmir: “İnsanların xarakteri müxtəlifdir. Əvvəlcədən razılaşırıq ki, işi bəyənməsə götürməsin. Nadir hallarda belə olur”.
Zərgərlər qiymətdə hər zaman güzəştə getdiklərini dilə gətirir: “Bəziləri üçün bu asan işdir. Deyirlər: “burda nə var ki”. Axı usta vaxtını, sevgisini, fikrini bu işə cəmləyib. Nahaq deməyiblər ki, zər qədrini yalnız zərgər bilir”.
Azərbaycana qızıl ən çox Türkiyə və Dubaydan gətirilir. Nadir hallarda İtaliyadan da sifarişlər olur. Orda əl işləri və işçi pulu Türkiyə və Dubaya nisbətən bahadır.
Zərgər Həmid qiymət və keyfiyyətdə aldanmamaq üçün alınan qızıl əşyaları əvvəlcə zərgərə yoxlatdırmağı tövsiyə edir: “Alıcı saxta qızılla əslini özü fərqləndirə bilməz. Qızılın əyarı xüsusi yağla müəyyən edilir. Hər əyarın öz yağı olur. Əvvəlcə qızıl daşa çəkilir. Üzərinə yağ vurulduqda qaralarsa demək, qızılın ya keyfiyyəti aşağıdır, ya da saxtadır”.

“Xaricilər heç vaxt “komplektə” pul verməzlər”

Həmid usta deyir ki, bəziləri parıldayan əşya görən kimi zərgərə gətirirlər: “Bəzən hədiyyə olunan əşyalar qızıl çıxmır. Sadəcə diqqətli olmaq lazımdır, hər parıldayan qızıl deyil...”
Zərgərlər qədimdən qalan qızıl əşyaların indikinə nisbətən zövqlü olduğunu bildirir: “Müasir dəb çox sadə olduğundan hazırlanması da asandır. Çünki bu gün əl işlərinə yox, qaşa üstünlük verirlər. Qızılın forması düzəldilir və model qaşla düzülür. Qədimdə isə əl işləri hazırlanırdı. Ona görə antikvarlar çox qiymətli sayılır”.
Xalq artisti Afaq Bəşirqızı, Ramiz Məlik zərgərlərin müştəriləridir: “Siyavuş Aslana firuzə qaşlı üzük hədiyyə etdik. Axı, o, Azərbaycanın sevimli aktyordur”.
Amerika, İngiltərə, İtaliya vətəndaşları da tez-tez müraciət edirlər: “Avropada qızıl təmiri baha, hazırlanma müddəti də çox olduğundan, onlar bizim işləri görəndə təəccüblənirlər. Məsələn, üzükböyütmə əlimizdə 40 dəqiqəlik işdir”.
Zərgər Gülverdinin sözlərinə görə, xarici vətəndaşların sifarişləri qeyri-adi olur və sadəliyi ilə seçilir. Tanınmış brendlərin adını yazdırmaq şərti ilə qaşsız üzüyə önəm verir, fantaziyalarına uyğun həriflərin üzərinə qaş düzdürülər. Hədiyyə vermək üçün də qızıldan balaca qələm, daraq düzəltdirib üzərinə ürək sözlərini yazdırırlar: “Xaricilər heç vaxt “komplektə” pul verməzlər. Deyirlər ki, toya 50 min dollarlıq qızıl taxmaqdansa, həmin pulu lazımlı yerə xərcləyərik. Bizimkilərsə briliyantı, çəkisi çox olan qızılları xoşlayır.”
Ustaların fikrincə kiçik zərgər sexlərinin yığışdırılıb zavodların açılması bu sənətin inkişafına təkan verəcək. “Bir neçə il bundan əvvəl zərgərlik hər adama öyrədilməzdi” – deyirlər. Zərgər olmaq istəyən təmiz nəsildən olmalı, yəni ailəsində əliəyri, dalaşqan olmamalıydı. Sonra bacarığı yoxlanılardı. Öyrətməyin müqabilində alınacaq pul isə diqqət ediləcək ən son məsələ idi: “İndisə pulun varsa gəl sənətə. Əlindən bir iş gəlməyən adamlara görə Azərbaycanda bütün zərgərlərin bacarıqsız olduğunu düşünmək səhv olar”.
Zərgər Həmid daha çox cavanların 15-17 yaşından zərgərliyi öyrənməyə meyilli olduqlarını bildirir: “Çoxsu fikirləşir ki, zərgərlikdə pul var. Amma 2007-ci il iqtisadi böhrandan sonra qızılın qiyməti artdı, alıcı qüvvəsi azaldı. Əvvəl usta işlədiyi 10-15 gündə qazandığı pul ona üç, dörd ay bəs edirdi”.
Həmid usta deyir ki, bütün sahələrdə olduğu kimi burda da çətinliklər var: “Yenə də şükür, beş-on manat qazanıb ailəmizi dolandıra bilirik”.

Arifə Mikayılova “Simsar” jurnalı






10 Sentyabr, 2011  16:00 Baxılıb: 3435 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16