“Məktəbə gedəcəm ki, süpürgəçi olmayım”
Uşaq evin güzgüsüdür deyirlər. Artıq 7-ci uşaqdır ki, müsahibə götürürəm, hər uşaq ailəsini bir cür təqdim edib. Bu dəfəki, müsahibim Yasamal məhləsinin ağır oğlanlarındandır. Dediyinə görə ibadət əhlidir, düzgünlüyü də çox sevir. “Şəhidlər Xiyabanında” görüşdüyümüz Həsənli Hüseyn suallarımızı çox təmkinlə ağıryana cavablandırdı, üstəlik müsahibəyə də - “Əlindəki telefondu”? - deyərək özü başladı.
-Xeyr, diktafondur, danışığımızı lentə alacaq. Hüseyn niyə bura Şəhidlər Xiyabanı adlanır?
-Çünki burda əsgərlər ölüb.
-Niyə onlara şəhid deyirlər?
-Çünki onlar ölüblər.
-Bütün ölənlərə şəhid deyirlər?
-Yox, bilmirəm.
-Böyüyəndə kim olacaqsan?
-Yol polisi olacam. Qaydanı pozan maşınları saxlayıb deyəcəm ki, sənədi ver. Sənədi olmasa tutacam.
-Pis insanlar kimlərdir?
-Oğrular.
-Bəs yaxşı insanlar kimlərdir?
-Namaz qılan insanlar yaxşı insanlardır.
-Bütün namaz qılanlar?
-Yox, bəziləri var məscidə gedirlər, araq içmirlər, dua edirlər. Mən də indidən namaz qılıram “uje”.
-Deməli, sən yaxşı insansan?
-Yox. Nə bilim deyirəm də.
-Məscid nədir?
-Yaxşı yerdir. Orda namaz qılırlar, dua eliyirlər.
“Evlənim, ailəm, uşağım olsun”
-Sən də dua edirsən?
-Bəli.
-Bəlkə burda bir dua edəsən...
-Hansı duanı?
-Hansını istəyirsən.
-Allah, mən ağıllı olum və tez böyüyüm. Evlənim, ailəm, uşağım olsun.
-Qızın yoxsa oğlun?
-Oğlum.
-Niyə?
-Qızım da olsun, amma birinci oğlum olsun.
-Bəs nişanlın necə olsun?
-Namaz qılan, hicablı olsun. Başqa cür geyinsə almayacam. Desələr al məni, deyəcəm almıram.
-Bunları sənə kimsə öyrədib, yoxsa özün belə düşünürsən?
-Atam öyrədib, həm də özüm də uşaqlıqdan bilirdim.
-Atan kimdi?
-Hacı Şahin.
-Hüseyn, ata evdə necə olmalıdır?
-Ən böyük olmalıdır.
-Bəs ana?
-O da ən böyük olmalıdır, amma ata ondan da böyük olmalıdır.
-Ailədə neçə uşaqsız?
-Üç, məndən başqa iki bacım var. Fatimə, Zeynəb.
-Qardaşın yoxdu?
-Yox, qardaşım olsa adını Əbəlfəz qoyaram.
-Bu adlar kimlərin adlarıdır ki, siz daşıyırsız?
-Hüseyn imamdı, Fatimə onun anası, Zeynəb isə bacısı.
“İstəmirəm rus dilini”
-Məktəbə gedəcəksən bu il?
-Bəli, 20 nömrəli məktəbə gedəcəm.
-Niyə gedəcəksən məktəbə?
-Savadlı olum. Məktəbə gedəcəm ki, süpürgəçi olmayım. “Uje” rus həriflərini tanıyıram.
-Rus həriflərini?
-Bəli, rus dilində oxuyacam axı.
-Hüseyn niyə Azərbaycan bölməsində oxumaq istəmirsən?
-Özüm istəmirəm, məni rus bölməsinə məcbur qoyurlar. Bütün günü deyirəm ki, istəmirəm rus dilini. Rus dilində çox şeyi bilmirəm, xoşum da gəlmir.
-Şəkil çəkməyi bacarırsan?
-Belə də.
-Sənə karandaş versəm kimin yaxud nəyin şəklini şəkərsən?
-Maşın, bir də ev şəkli çəkərəm.
-Deməli, sən istəyirsən ki, maşının və evin olsun. Düzdür?
-Bəli.
-Sonra nəyin olsun istəyirsən?
-Heç nə, maşınım evim olsun bəsimdi.
-Hansı ölkəni görmək istəyərdin?
-Türkiyəni. İstanbul istirahət yeridir. Mən ora getmək istəyirəm. Amma anamı aparsan bütün günü Rusiyaya gedər.
-Bəs atan?
-Atam da Həccə, İrana gedər.
-Jurnal çıxanda səninlə söhbətimizi çox adam oxuyacaq, o insanlara sözün var?
-Hamısına çox sağ ol deyirəm. Dua edirəm yaxşı adam olsunlar ki, cəhənnəmə getməsinlər.
Şahzadə Gül -“Simsar” jurnalı