NAZLI AĞASIYEVA: “ATAM ANAMI ÇOX İSTƏYİR”
Onlara uşaq deməyin. Doğrudan da hazırcavablıqları, etik və mədəni davranışıarı, zəkaları ilə bizi heyrətə salan Nazlı və Cəlil Ağasıyevlərə uşaq demək olmaz. Onlarla müsahibəni oxuduqdan sonra mənimlə razılaşacaqsız...
Shahzadə: -Nazlı məktəbə gedirsən?
Nazlı: – Hə, mən birinci sinifdə oxuyuram.
Shahzadə:-Hansı hərfləri öyrənmisən?
Nazlı: – Hamısını.
Şahzadə:-Necə hamısını öyrənmisən, axı hələ birinci sinifdə oxuyursan?
Nazlı: -Hazırlığa getmişəm ona görə.
Şahzadə:-Qardaşının adı nədir?
-Cəlil.
Şahzadə:-Cəlil, bəs sən neçədə oxuyursan?
Cəlil: - 4-cü sinifdə. Mən 4 ildir ki, əlaçıyam.
Şahzadə:-Əhsən. Yaşadığınız yer haradır?
Cəlil: -Quba rayonunun Zərdabi qəsəbəsi.
Şahzadə:-Zərdabi kim olub, bilirsiz?
Cəlil: -Məncə, yazıçı olub.
Nazlı: -Məncə də.
Şahzadə-Nazlı, məktəb yaxşıdır, ev?
Nazlı: -Məktəb.
Şahzadə: -Məktəbdə dostların var?
Nazlı: - Hə, çoxdur.
“Atam olmasa dolana bilmərik”
Şahzadə: -Sən neçə alırsan dərslərindən?
Nazlı: - Beş alıram. Müəlliməmin adı Tamelladır. Mən onu çox istiyirəm.
Şahzadə: -Müəllimə yaxşıdır, yoxsa ana?
Nazlı: - Müəllimə.
Şahzadə: - Cəlil, bəs səncə necə, ana yaxşıdır müəllimə?
Cəlil: - Ana. Ancaq müəllimə də bizim ikinci anamız sayılır. Anam məni böyüdür, yedirir, içirir. Müəllim isə bizə bilik öyrədir.
Şahzadə: - Cəlil, bəs ata?
Cəlil: - Ata da işləyir. Ata olmasa ailəmiz maddi cəhətdən dolana bilməz.
Şahzadə: - Anan işləmir?
Cəlil: - Məktəbdə müəllim işləyir. Evdə isə yemək bişirir.
Şahzadə: - Nazlı, ata yaxşıdır, ana?
İkisi də.
Şahzadə: - Bəs böyüyəndə nə olmaq istəyirsən?
Nazlı: - Müəllim.
Cəlil: - Mən isə əvvəllər böyüyəndə prezident olmaq istəyirdim. Sonra dedim ki, prezident ola bilməsəm futbolçu olacağam.
Şahzadə: - Hansı futbolcunu cox istəyirsən? Kimə oxşamaq istərdin?
Cəlil:- Kristiano Ronalduya. O əvvəl “Portu”da, sonra “Mançestir Yunayted”də, indi isə “Real Madrid”də oynayır.
Şahzadə: - Məncə, Messi daha yaxşıdır.
Cəlil: - Yox. Mən belə düşünmürəm
Şahzadə: - Bəs Azərbaycan futbolunda hansı komandanı sevirsən?
Cəlil:- Xəzər Lənkəran və Neftçini. Futbolçularımızdan isə Rəşad Sadıqov hamısından yaxşıdır.
Şahzadə: - Bəs “Qarabağ”qaldı axı...
Cəlil:-Axı “Qarabağ” “Xəzər Lənkərana” da, “Neftçi”yə də uduzdu.
Şahzadə: - Nazlı mahnı dinləyirsən?
Nazlı: - Hə. Ən çox Röyadan xoşum gəlir.
Cəlil: -Mən müğənniləri xoşlamıram.
Şahzadə: - Ata ilə ana evdə dava eləyir?
Nazlı:- Yox. Atam anamı çox istəyir.
Şahzadə: - Sən hardan bilirsən?
(Gülür).
Şahzadə: - Qəşəng saçların var...
Nazlı: - Hə, uzun saçlardan xoşum gəlir.
Cəlil: - İndi istəyən saçların uzadır, istəyən də qısaldır.
“İslam dini üstündü”
Şahzadə: - Sən istəyərsən sevdiyin qız necə olsun?
Cəlil: -Hicablı.
Şahzadə: -Niyə hicablı?
Cəlil: -Çünki mən namaz qılacam, istəyirəm ki, o da namaz qılsın.
Şahzadə: - Belə düşünməyində, deyəsən, tez evlənmək istəyirsən...
Cəlil: -Nə bilim, nə vaxt qismət olsa.
Şahzadə: Hansı dinləri tanıyırsan?
Cəlil: Üç din var. Yəhudi, xristian, bir də islam dini. İslam dini bu dinlər arasında ən axırıncı yaranmış dindir. Birinci yəhudi, ikinci xristian, üçüncü də islam dini yaranıb.
Şahzadə: - Nəyə görə İslam dini o birilərdən üstündür?
Cəlil: -Hər bir dinin öz kitabı var. İslam dininin özünəməxsus kitabı “Qurani-Kərim”dir. Ona görə də, məncə, İslam dini üstündür.
Şahzadə: - Deyirsən böyüyəndə namaz qılacam. Nəyə görə namaz qılmalısan?
Cəlil: -Allah müsəlman dininə inanlara əmr edib ki, siz namaz qılmalısız, oruc tutmalısız, qurban kəsməlisiz.
Şahzadə: - Ananız sizi döyür?
Cəlil: - Hirsləndirəndə qulağımızı çəkir.
Şahzadə: - Ən çox atanızdan ya ananızdan qorxursuz?
Cəlil: -Anadan.
Şahzadə: - Daha çox nə üstündə danlanırsız?
Cəlil: -Ehtiyatsızlıq edəndə: yemək yeyəndə meyvə şirəsini dağıdanda, ayranı ya da çayı dağıdanda. Ya boşqab əlimizdən düşüb sınanda hirslənir. Ya da bir sözü deyirlər yerinə yetirməyəndə hirslənirlər.
Şahzadə: - Bəs paltarları kim alır sizə?
Cəlil: -Anam secir, atam alır.
Şahzadə: - Ailə nədir?
Cəlil:- Kiçik bir kollektivdir.
Şahzadə: - Oyun oynamaq yaxşıdır, yoxsa nağıl oxumaq?
Nazlı: - Nağıl oxumaq.
“Qarabağı görmək istəyirəm”
Şahzadə: - Nazlı, qızıl yaxşıdır, pul?
Nazlı: - Pul.
Şahzadə: -Qadınlar toya gedəndə niyə qızıl taxırlar?
Cəlil: -Fors vermək üçün qadınlar toya gedəndə bəzənirlər.
Şahzadə: -Dollar yaxşıdır, manat?
Nazlı:- Dollar.
Cəlil: -Manat. Çünki manat dollardan çoxdur.
Şahzadə: -Ana maaşı nə edir?
Nazlı: -Bizə paltar alır.
Şahzadə: -Bəs ata pulları harda saxlayır?
Nazlı: -Atam pulları şkafdakı qabda saxlayır.
Şahzadə: -İndi o qabda pul var?
Nazlı: -Hə, çoxdur.
Şahzadə: -Ata işdən gələn kimi nə istəyir?
Nazlı: -Birinci çay.
Şahzadə: -Bəs ana ona çay verməsə nə edir?
Nazlı: -Özü süzür.
Şahzadə: -Sizin üçün həyatda ən maraqlı olan nədir?
Cəlil: -Yaşıllıqlar, çaylar, göllər. Bir də Qarabağ azad olsun oranı görmək istəyirəm.
Şahzadə Gül
“SİMSAR” jurnalı