Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Həmin vaxt gözlərim yaşardı...” – Şahin Diniyev “ÇAY DƏSGAHI”nda

Söhbətin əvvəlini təqdim etdiyimiz linkə daxil olaraq oxuya bilərsiniz: “Səhv qərarlarım olub...” – Şahin Diniyev

“Futbolçu və məşqçi kimi uzun illər fəaliyyət göstərmisiniz. Hətta Azərbaycan milli komandasında da baş məşqçi kimi işləmisiniz. Bir vaxtlar milliyə rəhbərlik edən şəxs bu gün niyə evdədir?”

“Bu sualı mənə yox, başqalarına versəniz daha yaxşı olar”.

“Sizcə?”

“Bəlkə də, mən heç kimin havasına oynamıram, ona görə”.

“Bəs, bu, nə vaxta qədər davam edəcək?”

“Bizim bədbəxtliyimiz ondadır ki, biz seçmirik, bizi seçirlər”.

“Sizi niyə seçmirlər?”

“Xoşları gəlmir, yəqin ki...”

“Hər bir insan həyatda səhvlər edir. Ancaq onlardan çox azı səhvlərini başa düşüb təkrarlamamağa çalışır. Bəs siz heç papağınızı qabağınıza qoyub fikirləşmisiniz ki, mən harada və hansı səhvləri etmişəm?”

“48 yaşım var. Xoşbəxtəm ki, bu qədər müddətdə heç kimin göstərişi ilə hərəkət etməmişəm. Etdiyim səhvlər bilərəkdən olmayıb. İlk azərbaycanlı məşqçiyəm ki, Rusiya Premyer Liqasında çalışmışam. Fikirləşirəm ki, işimi yaxşı bilməsəydim, məni oraya çağırmazdılar. Amma fəaliyyətim boyu etdiyim müəyyən səhvlər olub ki, onlar mənim karyerama təsirsiz ötüşməyib”.

“İş olmayanda adam vaxtı necə keçirsin deyə yüz yol axtarır. Çox zaman televizor vaxt öldürmək üçün ən yaxşı vasitə hesab edilir...”

“Bircə xəbərlərə baxıram”.

“Nə əcəb, “Səni axtarıram”a baxmırsınız?”

“Qorxuram, məni axtararlar, ona görə, baxmıram” (gülür).

“Yəqin axtarılma ehtimalı çoxdur, yoxsa qorxmazdınız...”

“Mənim etdiyim hərəkətlər ağıllı olub. Öz adım olmayıb. Ya Alik olmuşam, ya Ruslan. Ona görə də, çətin ki, məni tapalar” (gülür).

“KƏŞFİYYATÇI OLMAQ İSTƏRDİM”

“Xaricdə futbolçular oxumağı sevirlər. Hətta bəziləri kitab da yazırlar.  Bəs bizim futbol ictimaiyyətinin nümayəndələrinin ədəbiyyatla arası necədir?”

“Futbol aləmində kitab oxuyan 3-5 nəfər tapa bilərsiniz, onlardan biri də mənəm. Ədəbiyyatı sevirəm. Daha çox lirik janrı bəyənirəm. Bu günkü günlə səsləşən əsərləri oxumağa marağım var. Daha çox sevdiyim isə müharibə mövzusudur. Son zamanlarda isə Elxan Elatlının 3 kitabını oxumuşam. Sonuncu oxuduğum əsəri “Qan ləkəsi” olub. Hazırda daha çox internetdən məlumatlanıram”.

“Deyirlər, şairlər tez qocalır. Amma mənə elə gəlir, futbolçular şairlərdən də tez əldən düşürlər...”

“Biz deyirik, futbol sağlamlıqdır. Ancaq peşəkar futbol xəstəlikdir. Bu gün futbolçuların üzərində çox böyük təzyiq var. Bu təzyiq istər mənəvi, istərsə də fiziki cəhətdən özünü göstərir. Peşəkar futbolla məşğul olan insanın ağ ciyərləri, ürəyi genişlənir. O, futbolla vidalaşanda izə bədən passivləşir və bu, fiziki cəhətdən dəyişikliklərə səbəb olur. Hər bir dəyişiklik isə qocalmaya gətirib çıxarır”.

“Məşhur bir sual var, ikinci dəfə həyata gəlsəydiniz, kim olmaq istərdiniz? Mənə maraqlıdır, Şahin müəllim futbolçu olmayadı, hansı peşəyə qulluq edərdi?”

“Hərb sahəsində çalışmaq, kəşfiyyatçı olmaq istərdim”.

“ONUNLA ŞƏKİL ÇƏKDİRMƏK ƏN BÖYÜK ARZULARIMDAN OLUB”

“Şəkil çəkdirməyi çox sevirəm. Xüsusilə, sevdiyim tanınmış şəxslərlə... Amma hamı arzusuna çatmır. İstədiyi məşhurla şəkil çəkdirmək ona nəsib olmur. Siz necə, kiminləsə şəkil çəkdirmək arzusunda olmusunuz?”

“Bəli, mən də bir məşhurla şəkil çəkdirmək istəmişəm və çəkdirmişəm də”.

“Kimdir o bəxtəvər insan?”

“Mişel Platini. UEFA-ya təzəlikcə prezident seçilmişdi. Azərbaycan millisinin baş məşqçisi idim. Berlində Avropa ölkələrinin seçmə komandalarının baş məşqçilərinin görüşü keçirilirdi. Orada Platinini gördüm. İstədim, yaxınlaşam, şəkil çəkdirəm. Amma bilmədim, necə edim. Tərcüməçimiz var idi. Dedim, bir xahiş elə görək, mənlə şəkil çəkdirmək istəyər? Həmin vaxt baş məşqçi olduğumu da unutmuşdum. Halbuki, belə bir postda kifayət qədər səlahiyyətlərim vardı. Tərcüməçi ona tərəf getdi, amma qayıtmadı. Fikirləşdim, yəqin, Platini buna bir-iki kəlmə “yaxşı” söz deyib, yola salıb. Bir də gördüm Platini özü qaça-qaça gəlir mənim yanıma. Gəldi durdu yanımda, fotoqrafı da çağırdı. Şokda idim. Heç şəkil çəkdirmək üçün özümü qaydasına da sala bilmədim”.

“Platini ilə şəkil çəkdirməyi niyə bu qədər çox istəyirdiniz?”

“O, mənim idealım olub. Onu bir futbolçu kimi çox bəyənmişəm. Platinini, həm də çox mədəni futbolçu kimi tanımışam”.

“Platini artıq futbolun rəsmi tərəfi ilə məşğul olur, futbolçu və məşqçi kimi karyerasını bitirib. İndi də Avropanın ali futbol qurumuna rəhbərlik edir. Belə demək mümkünsə, futboldan sonrakı həyatı, bəlkə də, onun karyerası üçün daha uğurlu alınıb. Əslində, bütün futbolçuların həyat yolu bir-birinə çox bənzəyir: əvvəl futbolçu, sonra məşqçi, sonda isə təqaüd...”

“Hələ ki, sadaladığınız dövrlərdən ikisini yaşamışam. Futbolçu və məşqçi kimi çıxışlarımı nə uğursuz, nə də uğurlu adalandıra bilərəm. Futbolçu kimi legioner həyatı yaşamışam. Amma Dünya çempionu və ya Avropa çempionu ola bilməmişəm. Çempionlar Liqası, UEFA Kuboku kimi yarışlarda uğur qazana bilməmişəm. Mənim dediyim, kiçik uğurlardır. Ancaq məşqçi kimi uğursuzluğum daha çox olub. Çünki əlimdə olan materialla istədiyim kostyumu tikə bilməmişəm”.

“Ümumiyyətlə, Azərbaycan millisinin məşqçisi kimi uğur qazanmış şəxs, hələ ki, yoxdur. Bəlkə də, bizdə futbola biganə münasibət bəsləyirlər və sevmirlər. Məsələn, xarici futbol yarışlarına baxanda tribunalarda kifayət qədər xanım azarkeş görmək mümkündür. Bizdə isə əksinə, xanımlarımız futbola nifrət edirlər. Bəzilərini çıxmaq şərtilə...”

“Bunun iki səbəbi var, hər ikisində də kişilər günahkardırlar. Birincisi, oturub saatlarla futbola baxsan və evdəki qadının problemləri ilə maraqlanmasan, bu, həmin qadına qarşı diqqətsizlik deməkdir. İkinci səbəb, stadionda özümüzü apara bilməməyimizdir. Bu gün çox qadın istəyir, gedib stadionda futbola baxsın. Ancaq bəzilərinin özünü mədəniyyətsiz aparmasına görə gedə bilmirlər”.

“Əslində, nəinki qadın, əksər hallarda heç kişi azarkeş də tapmaq olmur. Tribunalar yalnız klublarımızın beynəlxalq göüşlərində dolur. Bəlkə də, Avropanın aparıcı çempionatlarındakı kimi keyfiyyətli oyun, rəqabət, eləcə də, ulduz futbolçular yoxdur deyə tamaşaçılar da özlərinə əziyyət verib stadiona gəlmək istəmirlər. Ulduz futbolçu məsələsinə toxunaq. Müasir Azərbaycan futbolunda pleymeyker funksiyasını yerinə yetirən hansı ulduz futbolçuları tanıyırsınız?”

“Elə sual verdiniz ki, məni fikirləşməyə vadar etdiniz. Əslində, yoxdur deyə fikirləşirəm. İndi futbol da dəyişib. Əvvəllər Zidan kimi futbolçular oyunların taleyini həll edə bilirdilərsə, indi pleymeyker məsələsi ikinci plana keçib. Sürət o qədər artıb ki, pleymeykerin fikirləşməyi üçün vaxt qalmayıb. Meydançada mübarizə elə bir həddə gəlib çatıb ki, pleymeykerlərə daha az iş düşür. Buna görə də, onların nəticədəki əhəmiyyəti də azalıb”.

“Azərbaycan futbolu reanimasiyadakı xəstəni xatırladır. “Qarabağ”ın son dövrlərdəki uğurları reanimasiyadakı aparatın səsini dəyişə bildi. Sizcə, Qurban Qurbanov hansı hüceyrəyə toxunmaqla buna nail oldu?”

“Düzgün hüceyrəyə toxuna bilmək üçün, ilk növbədə, düzgün diaqnoz qoyulmalıdır. Diaqnoz düzgün olmasa, heç bir dərman xəstəyə kömək etməz. Bu, futbolda da belədir.

Qurban Qurbanov braziliyadan səviyyəli legionerlər gətirdi. Həmin futbolçular qığılcım yarada biləcək oyunçulardır. Bunlar, həm də Azərbaycan azarkeşinin arzusunda olduğu futbolçulardır.

“Qarabağ”ın da son dövrlərdə uğur qazanmasında başlıca amil bu idi. Ancaq eyforiyaya qapılmaq lazım deyil. “Qarabağ”ın uğurları hamını sevindirir. Amma, bu, kiçik uğurdur. Hər bir klubun yaxşı dövrü olur. Bir müddət sonra “Qarabağ” parlaq dövrünü başa vursa, uğrumuz da bununla bitəcək. Yaxşı olardı ki, bir il “Qarabağ”, daha sonra “Neftçi”, sonra “Xəzər Lənkəran” və digər klublarımız bizi mötəbər turnirlərdə təmsil etsinlər”.

“HƏYAT YOLDAŞIMI İTİRƏNDƏ YAŞAMAQ İSTƏMİRDİM”

“Karyeranızda “Terek”in də mühüm yeri var. Bu klubda həm futbolçu, həm də baş məşqçi kimi çalışmısınız. Ancaq qəflətən Vətənə dönməyə qərar verdiniz. Həyatınızın bu dövrü haqda da danışarıdınız”.

“Terek”in məndə kədərli xatirələri də var. Elə məqam olub ki, “Terek” məni həyata qaytarıb. 1999-cu ildə həyat yoldaşımı itirəndə həyata küsmüşdüm. Yaşamaq istəmirdim. Yoldaşımı itirdiyim avtoqəzada özüm də ağır yaralanmışdım. Bədənimdə 17 qırıq xəsarətim var idi. Həmin vaxt Çeçenistanın Gənclər və İdman naziri Haydar Alxanov mənə zəng vurdu və dedi ki, Putin məni nazir təyin etdi, sən də dur gəl Kislavodska. Ona vəziyyəti başa saldım və dedim ki, gələ bilmərəm. Yoldaşımın vəziyyətini soruşdu, dedim, o, artıq həyatda yoxdur. Heç nə deməmiş telefonun dəstəyini qoydu yerə. Bir gün sonra yenə zəng vurararq məni görmək istədiyini bildirdi. “Terek” yaradırıq, gəl sən də məşqçilik et” dedi. Razılaşmadığımı görüb məni Kislavodskda dincəlməyə dəvət etdi. Evdən də təzyiq göstərdilər, dost-tanış da dedi ki, get, bir az fikrin dağılsın. Getdim, orada Haydar Alxanov mənə dedi ki, 4 nəfər futbolçu var, sən bunlara məşq keç, Moskvadan baş məşqçi tapmışıq, sonra o gələcək. Saqqızımı oğurladı,  başladım 4 nəfərə məşq keçməyə. Bir gün sonra 6 nəfər, daha sonra 12 nəfər oldular. Bir həftədən sonra isə  artıq 40 nəfərə məşq keçirdim. Dedilər, qal, məşqçilik et. Məsuliyyət böyük idi, ona görə, dedim ki, bacarmaram. Haydar Alxanov məni çox dilə tutdu, ikinci məşqçi kimi qalmağa razılıq verdim. Mənə 500 dollar verdi və dedi ki, bu da sənin maaşındır. Həmin vaxt da 500 dollar böyük pul idi. Ailəni iki ay dolandırmaq olardı. Sevincimin həddi yox idi. Çünki həmin vaxt cəmi 150 dollar pulum var idi, həkimlərə, dava-dərmana çoxlu pul xərcləməli olmuşdum. Həmin 150 dolların 50-ni də götürüb Kislavodska gəlmişdim. Bu söhbətdən sonra qalxdım otağıma. Birdən adminstrator qapını döydü, mənə bir zərf verdi. Zərfi açdım, gördüm, 5 min dollar pul var. Bir də kağız var idi. “Səndən çox xahiş edirəm, bunu rədd etmə”, - yazılmışdı. Həmin vaxt gözlərim yaşardı...”

“Həmin şəxslə sonralar da əlaqə saxladınız?”

“Növbəti dəfə “Terek”ə məşqçi kimi gedəndə də onun əməyi olub. Bu, mənim “Terek”ə üçüncü qayıdışım idi. 1992-93-cü illərdə də futbolçu kimi çıxış etmişdim. İndi də əlaqələrimiz var. Bayramlarda təbrikləşirik. İndi də məni çağırır. Elə bir ay bundan əvvəl zəng vurdu ki, gəl, burada işlə. Dedim, yox. Çünki mən o vaxt da “Terek”dən öz xoşumla gəlmişdim. Uşaqlarımın təbriyə almaq yönündə problemləri var idi. Mən də ailəmə görə qayıtmalı oldum”.

“Azərbaycanlı məşqçilərə xaricdə ehtiyac duyulur. Özünüz deyirsiniz ki, məni “Terek”ə çağırırlar. Biz isə o vaxt yerli məşqçiləri yox, Berti Foqtsu alqışlaya-alqışlaya millinin başına gətirdik ki, Azərbaycanda futbol inkişaf etsin. Amma indi hamı onun getməyini gözləyir”.

“Bilirsiniz, bir məşqçiyə nəticə qazanmaq üçün 3 il vaxt verilməlidir. Bu 3 ilin ilk ilində heyəti, növbəti ildə oyunu formalaşdırmalısan. Üçüncü ildə isə nəticə verməlisən.  Bu müddət ərzində məşqçi qoyulan tapşırığı yerinə yetirə bilmirsə, özü istefa verməlidir. Görünür, başqa amillər onun getməyinə mane olur. Burada böyük məbləğdə pul müqabilində müqavilə imzalanıb. Berti Foqts da bunu qoyub getmək istəmir. Azarkeşlərin narazılığı da təbbidir. 7 il bir məşqçi üçün olduqca böyük vaxtdır”.

“Berti Foqtsun “krışası” kimdir ki, o, artıq 7 ildir məşqçilik edir?”

“Bunu mən deyə bilmərəm”.

“Maraqlı soyadınız var. Bunun mənası nədir?”

“Soyadım ulu babamın adı ilə bağlıdır. Onun adı Mirdini olub. Sovet dövründə “mir” hissəciyi qadağan olunduğundan mənim də soyadım Diniyev olub”.

SON

Vüsal Məmmədzadə

 

 

 






7 Oktyabr, 2014  13:24 Baxılıb: 5539 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner