Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“Səhv qərarlarım olub...” – Şahin Diniyev “ÇAY DƏSGAHI”nda

Xalqımızın çay süfrəsi ətrafında toplaşıb söhbətləşmək kimi adəti var. Dost-tanışı toplayanda, hansısa məsələni müzakirə edəndə, hətta qız verəndə, ilk növbədə, çay dəsgahı qurulur. Qonşunun təzə aldığı maşın, iş yoldaşının özünə yeni iş tapması və başqa məsələlər çay süfrəsi ətrafında müzakirə olunur. Elçiyə şirin çay verib yola salmaq isə bu yaxınlarda toy olacaq deməkdir.

Simsar.az-ın “Çay dəsgahı”ndakı söhbətlərinə qatılacaq tanınmış qonaqlarımız heç yerdə demədiklərini redaksiyamızın üzvləri ilə söhbətdə danışacaqlar: ilk qonağımız Şahin Diniyev kimi.

Azərbaycan milli komandasının keçmiş baş məşqçisi, futbol mütəxəssisi Şahin Diniyevlə futbolsuz həyatından, həmçinin, futbolçu və baş məşqçi kimi fəaliyyəti dövründən, Anatoli Banişevski ilə xatirələrindən, ən böyük arzusundan, “Terek”in onu necə həyata qaytarmasından və başqa məsələlərdən danışdıq.

Görüşümüzü "Çay dəsgahı" üçün ən əlverişli məkanlardan biri "Dafne by Dalida" restoranında reallaşdırdıq.
Söhbətdə iştirak etdilər: İradə Nurəddinqızı, Elmar Hüseynov, Ülviyyə Cövdətqızı, Ramil Məmmədli, fotoqrafımız Nuranə Novruz və mən Vüsal Məmmədzadə.

“Nədənsə bütün maraqlı söhbətlərimizi çay içə-içə edirik. Mən adətən yaşıl çay içməyi sevirəm. Özü də əla çiyələk mürəbbəsi ilə. Qəndlə heç aram yoxdur. Niyə bütün səmimi söhbətlər çay süfrəsi ətrafında reallaşır, görəsən?  Bu arada siz çayı nə ilə içməyi xoşlayırsınız?”

“Qoz mürəbbəsi ilə...”

(“Mümkünsə, Şahin müəllimə qoz mürəbbəsi gətirin”)

“O ki qaldı çay süfrəsindəki söhbətlərə, fikrimcə, çay səbəbdir. Həm ciddi söhbətlər, həm də ara söhbətləri üçün. İndi ara söhbətlərinin sayı artıb. Kasıbların məsələləri çayxanalarda, varlılarınkı isə böyük restoranlarda həll olunur. Çünki burada hər iki tərəf neytraldır, qonaqdır. Hər iki tərəf qonaq olanda daha rahat olur və istədiyi şeyi danışır”.

“Çay süfrəsi arxasında Nikolaydan tutmuş Hitlerə qədər danışmaq olar. Şəxsən mən işlə bağlı çox məsələlərimi çay süfrəsi arxasında həll edirəm. Bəs siz çay süfrəsi ətrafında kimlərlə, nələri bölüşmüsünüz?”

“Bizim işimiz futboldur. Bir mıx verib desəniz ki, bunu divara vur, çəkici səkkiz dəfə əlimə vuracam. Ona görə, dost-tanışla yığışanda da futboldan danışırıq. Əslində, həmişə istəyirik ki, futboldan danışmayaq, amma söhbət axırda gəlib hansısa futbol adamının üstünə çıxır”.

“Sonda da həmin adamın “torbasını tikirsiniz” də?

“Yox, biz o gücdə deyilik ki, kiminsə “torbasını tikək”. Məşqçilər bunu edə bilmir, çünki təkdir. Amma məşqçiyə edirlər. Çünki azarkeş, rəhbərlik, jurnalistlər çoxdur. Bunlar “torba tikə” bilərlər”.

“Ömrünüzü futbola həsr etmisiniz. Uşaqlığınızdan əliniz-ayağınız top görüb. Hazırda isə həyatınızda futbol yoxdur. Bütün günü nə işlə məşğulsunuz?”

“Ümumiyyətlə, planlı işləməyi sevirəm. İnsan səhər yerindən duranda gün ərzində nə edəcəyini bilməlidir. İş olmayanda isə pərakəndəlik yaranır. Bu da yaxşı hal deyil...”

“Nəsə futbolumuzda Diniyevlərin sayı çoxalıb...”

“Qardaşım oğlu hakimlik edir. İki oğlum da oynayır, biri “İnter”də, digəri AZAL-da”.

“Yəqin ki, sizin dəstəyinizi hiss ediblər...”

“İndiyə kimi, övladlarım üçün kiməsə ağız açmamışam. Özlərinə də demişəm ki, sizin futbol oynamağınızı futbolçu olmağınız üçün istəmirəm. Sadəcə, gənc yaşlardakı enerjilərini idmana sərf etmələrini istəyirdim. Yoxsa, Allah eləməsin, istəmərəm ki, başqaları kimi küçədə durub siqaret çəksin, bütün günü kompüterin qabağında otursun”.

“Kompüterin qabağında oturmağın nəyi pisdir ki? Biz bütün günü kompüterin qarşısındayıq. Bu, insanı bilgiləndirir”.

“Mənimlə razılaşın ki, indiki uşaqlar bilgilərini artırmaq üçün kompüterlə məşğul olmurlar. Daha çox, sosial şəbəkələrdə yazışmaqla vaxt keçirirlər”.

“Guya siz özünüz yazışmırsınız?”

“Kislavodskda olanda yazışırdım. Çünki qəriblik var idi. İndi isə o vaxtım deyil, kiminləsə yazışım. Amma savadlı adamla oturub nədənsə danışmaqdan zövq alıram. Elə adam da var ki, 3 SMS-dən sonra söhbət qurtarır. Gərək söhbət etdiyin adam sənin iç dünyana yaxın olsun. İndi söhbət etməyə adam tapmaq da çətindir. Heç kim ünsiyyətə maraqlı deyil. Hamı bu günü üçün yaşayır və harasa tələsir.”

“FUTBOLÇU QƏSDƏN OYNAMIRSA, BU  MƏŞQÇİNİN GÜNAHIDIR”

“Aktyorlar deyir, həyat bir səhnədir. Yazıçılar üçünsə, həyat bir pəncərədir. Amma biz daha realist yanaşırıq. Bəs futbolçular üçün həyat nədir? Futbol həyata nə qədər bənzəyir?”

“Futbol həyatın özü kimi oyundur. Biz isə aktyorlarıq. Mən futbolçu, sən jurnalist rolunda”.

“Futbol idman növü deyil ki?”

“Bəlkə də, Azərbaycanda uğurumuz yoxdur deyə idman növü saymırsınız. Amma bütün dünyada, idman növüdür”.

“Həqiqətən, idman növüdürsə, bəs o əjdahadan bizdə niyə yoxdur?”

“Sizə əjdaha lazımdır? Heç mənə də lazım deyil” (gülür).

“Mənsə düşünürəm ki, futbol,  insanların başını düşünülmüş şəkildə qatmaq üçün əyləncə metodudur”.

“Dünyanın özü belədir. Yəni, insan həyata gələndən başını nə iləsə qatırlar. Əvvəl bağça, sonra məktəb, daha sonra  universitet, işlə, sonda isə təqaüdlə. Başımızı nə iləsə qatmasaq, həyat maraqsız olar. Məsələn, televizor nədən ötrüdür? Seriala, əyləncəli verilişlərə baxmaq, vaxt keçirmək üçün”.

“Zənnimcə, həyatda hər birimiz o qədər problem və haqsızlıqlarla qarşılaşırıq ki, serial və verilişlərin başımızı qatmasına ehtiyac qalmır. Maraqlıdır, məşqçisi olduğunuz komandanın rəhbərliyi və futbolçuları tərəfindən haqsızlıqla üzləşdiyiniz anlar olub?”

“Saysaq, qurtarmaz... Mən demirəm, mələyəm. Amma hərənin öz həyat prinsipləri olduğu kimi, mənim də öz prinsiplərim var. Sevimli futbolçum 90 dəqiqə meydanda canını qoyan oyunçu olub.

Misal deyim, bir dəfə atletik fubol oynayan komanda ilə qarşılaşırdıq. Azərbaycan futbolu isə həmişə texniki futbol kimi tanınıb. Atletik futbola qarşı texiniki futbol oynayanda isə mütləq qaydanı pozmalısan. Çünki sürətdə çatdırmaq mümkün deyil. Ona görə, oyunda sarı kartlar olmalıdır. 90 dəqiqə ərzində oyunçulardan heç kim sarı kart almırsa, artıq məsələ sənə aydındır... Deməli, futbolçu oyunu mübarizəsiz uduzur. Ancaq mən belə hallarda da heç bir futbolçuya deməmişəm ki, qəsdən oynamayıb. Futbolçu qəsdən oynamırsa, bu da məşqçinin günahıdır”.

“BİZ FUTBOL OYNAMIRIQ, FUTBOLLA OYNAYIRIQ”

“Həm iqtisadi, həm digər sahələrdə bizdən qat-qat zəif olan ölkələr futbolda böyük komandaları məğlub edə bilirlər. Uğurlu nəticələrə nail olurlar. Bizə isə kənardan baxmaq qalır...”

“Bu, bir problem kimi məni də düşündürür. Bir azərbaycanlı kimi, təkcə futbolda yox, bütün sahələrdə irəli getməyi arzu edirəm. Ancaq bizim həmişə özümüzü kiminləsə müqayisə etmək xəstəliyimiz var. Bizim öz yolumuz, öz strategiyamız olmalıdır. Bu gün futbolda da strategiyaya ehtiyacımız var. Deyin görüm, hansı klubun bir illik proqramı  var? Heç birisinin...

Gənc, savadlı futbolçuların yetişdirilməsi üçün çalışmalıyıq. Bu gün savadlı futbolçularımız yoxdur. Çoxunun təhsili aşağı səviyyədədir. Xəritədə soruşsan ki, Amerika haradadır, tapa bilməzlər. Futbol fiziki bacarıqla yanaşı, həm də savad, düzgün düşünmə qabiliyyəti tələb edir”.

“ELƏ OLUB Kİ, BACARIQLI  OYUNÇUNUN ƏVƏZİNƏ, ZƏİFİ MEYDANA BURAXMIŞAM”

“Çox zaman deyirlər ki, inadkarlıq uğursuzluqla nəticələnir. Olubmu ki, inadkarlığınız sizi məğlubiyyətə gətirib çıxarsın?”

“Kim deyə bilər ki, inadkarlıq edib, uduzub? İnadkarlıq edən adam bunu uğur qazanmaq üçün edir.  Hər kəs kimi, mənim də səhv qərarlarım olub. Heç vaxt başqasının havasına oynamamışam”.

“Məğlub olduğunuz oyunlardakı səhvlərinizi etiraf edə bilərsiniz?”

“Prinspial insanam deyə, bəzi məqamlarda inadkarlıqlarım olub. Məsələn, bilmişəm ki, bu futbolçu digərindən daha bacarıqlıdır. Ancaq o, öz hərəkətləri ilə komandaya mənfi təsir edə bilər. Mən də daha bacarıqlınının əvəzinə zəifi meydana buraxmışam. Çünki, o, daha sədaqətlidir və komandanın mənafeyini üstün tutur.  Bax, bu, inadkarlıqdır. Öz mövqeyini, hətta səhv olsa belə, müdafiə edən insanları sevirəm”.

“Bax bu cavabdan sonra, istəyərdim, əsl futboldan danışaq. “Barsa”dan, “Real”dan, “Qalatasaray”dan... Bizim redaksiyada tez-tez mübahisələrimiz olur. Çoxu Messi desə də, Ronaldo deyənlər də tapılır...”

“Hərənin öz zövqü, öz baxış bucağı var. Mənim fikrimcə, Messi. Çünki, o, öz gücünə, addım-addım yüksələn, başıaşağı, gənclərə örnək ola biləcək bir futbolçudur. Ronaldo isə daha çox saç düzümü ilə yadda qalır”.

“Siz futbolla həyat tərzini niyə qarışdırırsınız?”

“Mənim fikrim, həm də onların oynadığı oyunla bağlıdır. Ronaldo asılı futbolçudur. Messi isə qolu özü yaradır”.

“ELƏ HƏMİN VAXTDAN AİLƏMDƏN UZAQ DÜŞDÜM”

“Qoz mürəbbəsi də gəldi. Düşünürəm, çay içə-içə uşaqlığınızdan da danışsaq, pis olmaz”.

“Beyləqanda doğulub, boya-başa çatmışam. Bakıya gəlişim isə təsadüfi alındı. Peşəkar futbola burada, 14 yaşım olanda başladım.

Böyük qardaşım qatarla Bakıya gəlirdi. Rus məşqçi Vladimir İvanoviç Qalaktionov qardaşıma yol yoldaşı olub. Qalaktionov həmin vaxt Bakıxanov qəsəbəsində məşqçi kimi işləyirdi. Söhbət vaxtı qardaşım məndən danışaraq deyib ki, futbola həvəsi var, məktəbdə məşğul olur. Qalaktionov da məni görmək istəyib. Beləcə, Bakıya gəldim. Qardaşım məni Qalaktionovun yanına gətirdi. Məni yoxladıqdan sonra dedi ki, qalsın. Elə həmin vaxtdan da ailəmdən uzaq düşdüm və tək yaşamağa başladım. Onda 7-ci sinifdə oxuyurdum. Bundan sonra müxtəlif yerlərdə oynadım. 1 il bu ölkədə, 2 il başqa yerdə... 30 yaşıma qədər də belə davam etdi. Bu vaxt ərzində hər şeyi öz gücümə əldə elədim. Nə futbolda, nə də başqa işimdə mənə yol göstərə biləcək yaxınım yox idi”.

Bilmirəm, bu, xoşbəxtlikdir, ya bədbəxtlik, mən bir komandada çox oynamamışam. İlk dəfə 1984-cü ildə Anatoli Banişevskinin rəhbərlik etdiyi “Avtomobilist Mingəçevir” komandasında peşəkar futbola başlamışam”.

“BANİŞEVSKİ MƏNƏ DEDİ Kİ, DUR, ÖZÜNƏ  QIZ TAP, GET GƏZMƏYƏ”

“Onu necə xatırlayırsınız?”

“Çox yaxşı insan idi. Mənim futbolda “əmək kitabçamı” ilk dəfə o yazıb. Buna görə, Banişevskiyə minnətdaram. O,  həm də şən adam kimi xatirimdə qalıb. Bir dəfə Pyatiqorska təlim-məşq toplanışına getmişdik. 17 yaşım var idi. Yanvar ayı idi. Heyətdə ən kiçik mən idim. Futbolçuların hərəsi bir tərəfə getmişdi: biri görüşdə idi, biri gəzməkdə... Mən də oturmuşam otelin foyesində. Banişevski gəldi mənə dedi ki, “Sən burda neynirsən? Dur, özünə bir qız tap, get gəzməyə”. Nə dil bilirəm qız tapam, nə belə fikrim var... Qalmışam otelin qapısının ağzında. Otelə də qayıtmağa qoymur. Gecə saat 11-də yatmaq vaxtımız idi. Həmin vaxta qədər qarın altında gözləmişəm ki, bu gedib yatsın, mən də çıxım otağıma.

Bir dəfə də Mingəçevirdə maraqlı bir hadisə baş vermişdi. Bazada isti su problemi var idi. Neçə dəfə demişdilər ki, gəlin düzəldin, amma gəlmirdilər. Axırda gecə saat 3-də Banişevski bazanı yandırdı. Yanğınsöndürənlər, polislər, icra hakimi tökülüşdü gəldi. Banişevski dedi ki, mən yandırmışam. Nə vaxtdandır, deyirəm, isti suyu təmir edin. Səhəri gün gəlib isti suyu düzəltdilər”.

“Deməli, məşqçinizin yumor hissi güclü olub. Düşünmürəm ki, zarafatı sevməyən insan olsun. Sizdə də yumor hiss olunur...”

“Yumoru duyuram. Amma gərək alındıra biləsən. Dünyaya gəlmişik, kiməsə xeyrimiz dəysin. Burada oturub, problemlərimizdən, qayğılarımızdan da danışa bilərik. Amma nə siz mənə problem həll edənsiniz, nə də mən sizin qayğınızı çəkənəm. Uzaq başı, bir-birimizə yazığımız gələcək”.

“Bakılı oğlanlar”ın haqqınızda hazırladığı yumoristik səhnəciklərə münasibətiniz necə idi? Həmin səhnəcikləri necə izləyirdiniz?”

“Düzünü desəm, ilk vaxtlarda qıcıqlanırdım. Sonra həmin aktyorlardan biri zəng vurdu, dedi, “Şahin müəllim, ümid edirik, hazırladığımız səhnəciklərə görə xətrinizə dəymirik. Biz dövlət adamlarını da parodiya edirik. Bizim də çörəyimiz buradan çıxır”. Mən də halallığını verdim”.

“O OYUNDAN SONRA AZƏRBAYCANA QAYITMADIĞIM ÜÇÜN XOŞBƏXTƏM”

“Azərbaycan futbolunun unudulmaz tarixi anlarından biri də “Oser fəlakəti” adlandırdığımız Fransa ilə baş tutan oyundur. Həmin oyunda siz də heyətin tərkibində  kapitan idiniz. O oyunu necə xatırlayırsınız?”

“Həmin oyun qorxulu yuxuya bənzəyirdi. O oyundan sonra Azərbaycana qayıtmadığım üçün xoşbəxtəm. Həmin vaxt İsrail klubunda çıxış edirdim və oyundan sonra da İsrailə getdim. Mən Azərbaycana gələndə artıq bir neçə ay keçmişdi və başqa məğlubiyyətlər olmuşdu. Ona görə, Fransa məğlubiyyəti qismən yaddan çıxmışdı.

Həmin vaxtlar biz təzə-təzə milli komandanı formalaşdırmağa başlamışdıq. Nə pulumuz var idi, nə avtobusumuz, nə də ki, meydançamız. Heç oyunlarımızı da öz ölkəmizdə oynaya bilmirdik. Fransa isə dünyanın ən güclü komandalarından idi”.

“Bəs niyə Sovetin 70 illik futbol ənənəsindən heç nə qalmamışdı?”

“Həmin dövrlərdə dərəbəylik idi. Maliyyə və şərait yox idi. Mən, Nazim Süleymanov, Vəli Qasımov və Aleksandr Jitkov həmin vaxt xaricə gedə bildik və legioner həyatı yaşadıq. Çünki burada futbol oynamaq qeyri-mümkün idi”.

Növbəti hissədə:

“Terek”in məndə kədərli xatirələri də var. Elə məqam olub ki, “Terek” məni həyata qaytarıb. 1999-cu ildə həyat yoldaşımı itirəndə həyata küsmüşdüm. Yaşamaq istəmirdim. Yoldaşımı itirdiyim avtoqəzada özüm də ağır yaralanmışdım. Bədənimdə 17 qırıq xəsarəti var idi. Həmin vaxt Çeçenistanın Gənclər və İdman naziri Haydar Alxanov mənə zəng vurdu və dedi ki...”

Vüsal Məmmədzadə







29 Sentyabr, 2014  13:41 Baxılıb: 3409 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner