Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Qurban prokurora deyər ki, maşınımı Sərdar oğurlayıb” – MÜSAHİBƏ

Əvvəli  (http://simsar.az/news/a-54669.html)

Həmsöhbətlər hər şeydən əvvəl bir-birindən nə umar? İstər-istəməz səmimiyyət umar elə deyilmi? Sizi bilmirəm, amma mənim həmsöhbətim səmimi olmayanda başım gicəllənir, əsəblərim oynayır. Nə söhbətdən bir dad ala bilirəm, nə də həmin söhbəti sizə dadlı-duzlu çatdıra. İndi deyəcəksiniz ki, “Ay Günel, guya sənin bütün həmsöhbətlərin səmimidir?” Cavab verirəm: Əlbəttə, deyil. Ona görə də müsahibələrim bəzən duzlu, çox vaxt da duzssuz olur. Çünki ölkədə səmimi olan tanınmış şəxslər o qədər azdır ki... Amma bəzən səmimi olmadıqlarını etiraf edənlər də our. Mənim aləmimdə elə bunun özü də səmimiyyətin bir hissəsidir. Əlqərəz müsahibim qalmaqallı müsahibələri, qeyri-adi fikirləri ilə cəmiyyətdə fikir çaxnaşması yaradan, tanınmış siyasətçi Sədar Cəlaloğludur.

ADP-nin idarəsini tapana qədər xeyli əziyyət çəkəsi olduq. Az getdik, üz getdik dərə-təpə düz getdik. Nəhayət, gözdən iraq bir yerdə yeləşən partiya binasını tapdıq. Binanın, üstündə “çoxdanıncı” illərin kir-pası həkk olunmuş enli qapısını aralayanda içərinin kəsif qoxusu burnumuzun dirəyini göynətdi. Binanın üstündə Azərbaycan Demokrat Partiyası yazılmasaydı yanlış ünvan deyib çıxardım, amma təəssüf ki, bura həqiqətən də Sərdar Cəlaloğlunun partiyasının binası idi. Ayaqyolu qoxulu dəhlizdən ikinci mərtəbəyə qalxan pilləkənlər bizi Sərdar Cəlaloğlunun otağına apardı. Yerimizi rahatlayıb söhbətə başladıq.

Günel Musa: Qardaşınız Qurban Məmmədovla küsülü olduğunuz deyilir. Bu doğrudurmu?

- Mən qardaşımla küsülü deyiləm. Sadəcə olaraq əlaqə saxlamıram. Düzdü “Quran”da deyilir ki, qohumlarla münasibəti pozanlar kafirlərdir”. Amma bir var mən sənlə yaxın olub hər dəqiqə dalaşım, bir də var heç əlaqə saxlamayıb dalaşmayam. Səncə hansı yaxşıdır?

G. Musa: Aranızdakı bu soyuqluğun əsas səbəbi nədir?

- Bizim Qurbanla nə dünyagörüşümüz, nə savadımız  uyğun deyil. Mən çox gec ünsiyyət yaradıb, gec də ayrılıram. Qurban isə bir dəqiqədə ünsiyyətə girib, bir dəqiqədə də körpüləri yandırır. O əsgərlikdə olanda mən ona məktubda hər zaman bu sözləri yazırdım; millətini, xalqını, vətənini sev. Cəbhə hərəkatına Qurbanı mən gətirdim. Amma bütün bunlara baxmayaraq onun elə xarakterləri var ki, mən o xarakterlərlə 1 saat bir yerdə dayana bilmərəm. Veberin siyasətçi haqqında bir sözü var. O deyir ki, “Siyasətdə göz ölçüsü olmalıdır”. Qurban elə bir əhəmiyyətsiz vaxtda elə radikal çıxış edər ki, aparıb salarlar türməyə. Amma elə əhəmiyyətli bir məqamda susur ki, adam qalır mat-məətəl. Sərdar onun böyük qardaşıdır, partiya sədridir. Onda bu göz ölçüsü yoxdur. Mən də elə bir insanam ki, imkan vermərəm bir adam mənə qarşı haqq etmədiyim mədəniyyətsizliyi nümayiş etdirsin. Ağıllı olduğuma görə də məsafə saxlayıram. Uşaqlarını evləndirib getməmişəm. Uşaqlarıma toy elədim istədi gələ, mən qoymadım.

G. Musa: Xeyirdə-şərdə belə yan-yana gəlmək istəmirsinizsə deməli küsülüsünüz...

- Bizə elə gəlir ki, xeyir-şər insanların pis cəhələrini müvəqqəti olaraq ört-basdır etməyə imkan verir. Amma Peyğəmbərimiz deyib “pis adamın yasına getməyin ki, pisliyin pis bir şey olduğunu anlasın və ondan əl çəksin”.

G.Musa: Bu yaşdan sonra sizin bu üsulunuz Qurban müəllimi tərbiyə edə biləcək?

- Bu onun problemidir artıq. İslah olmayacaqsa deməli ömrümün axırına kimi onu danışdırmayacam.

G. Musa: Bəs bayaq deyirdiniz küsülü deyilsiniz?

- Küsülü deyiləm. Bilirsən insan ancaq sevdiyi adamdan küsə bilər ki, onunla barışmağa can atsın. Barışanda da ləzzət alsın.

G.Musa: Yəni qardaşınızı sevmirsiniz...

- Sevsəm bir yerdə olardıq da. Xaraketirimiz uğyun deyil. Sevgi energetik balansların uyğunluğu deməkdir. Amma başa düşmək sevgi ilə bağlı deyil Bizim  həm anlamaq, həm də sevgi problemimiz  var. Kiçik bir fakt danışım sizə: Qurban birinci sinifdə oxuyanda mən 4-cü sinifə oxuyurdum. Onu himayəmdə saxlayırdım. Səhərə kimi yanında oturub nağıl oxuyurdum. Bir dəfə sinifdə oturmuşam. Bunun müəllimi məni çağırtdırdı ki, təcili gəlsin. Gəldim müəllim mənə dedi ki, sən utanmırsan? Mən də donub qalmışam ki, müəllim mənə niyə belə deyir.  Dedim nə olub, müəllim. Dedi bəs sən qardaşının ayaqqabılarının bağlarını açıb öz ayaqqablarına bağlamısan, utanmırsan? Mən də baxıram bunun ayaqqabıları qırımızı rəngdədi mənim ayaqqabılarım qara. Deməli bu ayaqqabılarının bağını itirib müəllim də bunu ona irad tutub. Özünü müdafiə etmək üçün ağlına gələn ilk şey bu olub ki, qardaşım zorla ayaqqabılarımın bağını çıxardıb öz ayaqqabısına bağlayıb. Bu kiçik bir detaldır. Siz bunu gətirib əgər mənim və onun yaşı, əldə olan imkanlar baxımından tətbiq etsəniz baxın görün o nələr edə bilər. Məsələn maşınını oğuryarlar Qurban prokurora deyər ki, maşınımı Sərdar oğurlayıb.

Bu suala səmimi cavab almaq üçün çox çalışdım, amma Sərdar müəllim Nuh dedi peyğəmbər demədi. Son cavabı elə bu oldu ki: “Küsülü deyiləm danışdırmıram”. Sizi bilmirəm amma mən Sərdar müəllimin bu münasibətindən bir şey anlaya bilmədim.

“Polis yoldaşımı tutub bölməyə apardı”

G. Musa: Sərdar Cəlaloğlu siyasətdən kənarda necə adamdı?

- Atam-anam olmasına baxmayaraq çox erkən yaşımdan valideynsiz böyümüşəm. Ona görə də həddindən artıq valieyn mərhəmətinə kompleksim var. Ona görə də qohumlarımla çox mehribanam. Daha Qurban kimi qohumla yox da (gülürük). Bir sözlə çox ürəyi yumuşağam. Siyasətdən kənarda atayam, həyat yoldaşıyam, babayam.

G. Musa: Neçə yaşınızda ailə qurmusunuz?

- 1980-ci ilin əvvəllərində, 26 yaşımda, məntiqlə ailə qurmuşam.

G.Musa: Bəs məhəbbət?

- Əgər bir qız xoşuma gəlməsəydi onunla ailə qura bilməzdim. Amma bizim  ədəbiyyatlardakı dəli-divanə eşq yaşamamaşıq. Həyat yoldaşımdan mənim haqqımda soruşsanız mən onun üçün dünyada ideal həyat yoldaşıyam. O da mənim üçün elədir. Məni övladlarından da çox istəyir. Düüşünrəm ki, dünyaya ikinci dəfə də gəlsəydim, onunla evlənərdim. Stolumun üstünü görürsünüz də. Evdə də həmişə stolumun üstü belə dağınıq olub. O vaxtlar evimiz balaca idi. Darısqal bir qonaq otağımız və uzun bir stolumuz vardı. Bir kiitab yazırdım onu bitirmək 20 il çəkdi. Təsəvvür edin 20 il bizim evdə stolun üstü dağınıq oldu. Bir dənə də olsun qeyd vərəqimin itdiyini görmədim. Bir dəfə deyinmədi, ağız büzmədi.

Ülviyyə Cövdətqızı: Xanımınızın siyasətlə arası necədir?

- Demək olar ki, mənim eynimdir. Eyni düşünüb, eyni cür hərəkət edirik. Mitinqlərdə də iştirak edib. Mitiqlərin birində polis yoldaşımı tutub bölməyə apardı. Hazırda da işlədiyi yerdə fikirlərini çox sərbəst şəkildə ifadə edir.

“Qızımla, oğlumu diz üstdə yerə çökdürüb avtomatı başlarına dirədilər”

H.İbadlı: İlk dəfə həbs olunduğunuz zaman keçirdiyiniz hissin adı nə idi?

- Açığı deyim ki,  bu yolu seçəndə həbs olunacağımı əvvəlcədən bilirdim. İlk dəfə 90-cı ildə həbs olundum. Ona həbs demək olmazdı. Heç bir qorxu hissi keçirmədim, həta ölümə də hazır idim. Amma uzunmüddətli həbs olunanda mən çox əzab çəkdim. Partiyada oturmadım ki, birdən partiyanın uşaqlarını da tutarlar. Ona görə də gəlib evdə oturdum. Dedim yəqin gələrlər, sakitcə çıxaram gedərik. Ancaq elə olmadı. Pəncərələri qırıb içəri girdilər. 3-cü və 4-cü sinifdə oxuyan qızımla, oğlumu diz üstdə yerə çökdürüb avtomatı başlarına dirədilər. Məni də onların gözləri qarşısında avtomatla vurub yerə yıxdılar. Məni sürüyərək maşına gətirdilər. Maşında həmin silahlılardan biri çıxıb oturdu çiynimdə. Evimizdən düz Terrorizm İdarəsinə qədər o oğlan çiynimdən düşmədi. Maska geyinmişdilər və çox pis-pis söyüşlərlə məni söyürdülər. Evdən yoldaşım mənə yemək gətirirdi. Polisləri də nəzərə alıb, onlara da yemək gətirirdi. Təsəvvür edin, onlara gətirilən yeməyi də yeyirdilər, mənim payımı da. Üstəlik yeməyin sümüklərini gətirib önümə atırdılar. Axırda yoldaşıma dedim ki, bir də bura yemək göndərmə. Həbsdə olanda ancaq quru çörək yemişəm. Siz həbsxanada bizim başımıza nə oyun gətirdiklərini bilmirsiniz. Mənim xalqımın qarşısında xidmətim nədir, yaşadıqlarım nədir? Müqayisə etsəniz ortada böyük ədadlətsizlik görəcəksiniz (kövrəlir).

G. Musa: Dediyiniz kimi bu xalq sizin qiymətinizi verə bilmir. Bəs bu qədər əziyyətlərə rəğmən niyə siyasətdən əl çəkmədiniz?

- Mən bu yola düşəndə Həsənqulu mənə order verəcək, Məmmədqulu mənə təşəkkür edəcək deyə düşünməmişəm. Düzünü bilmək istəsəniz mən heç indiki xalq üçün də bu yola düşməməmişəm. Çünki indiki xalq öz haqqını tanımayan, öz tarixini sevməyən, Şah İsmayıla söymək, Koroğluya qəhrəman demək iqtidarında olan, Əsliyə “Azərbaycan qızıyam” deyib mahnı oxuyan xalqdır.

“Azərbaycanada bələdiyyələr kifayət qədər dağınıq və mənasızdır”

Hüseyn İbadlı: Qarşıdan bələdiyyə seçkiləri gəlir. Seçkilərdə zəfər qazana biləcəksinizmi?

- Zəfər nəyə deyirsən? Demokratiyada zəfər döyüşə girməkdir. Demokratiya şəhidlikdir, nə isə əldə etmək deyil. Birincisi, Azərbaycan bələdiyyəsində hakimiyyət səlahiyyəti yox dərəcəsindədir. Bələdiyyələr Avropanın yerli idaretmə xartyasına zidd şəkildə qurulub. Bununla bağlı biz istəyirik parlamamentdə qanunvericilik təşəbbüs ilə çıxış edək. İkincisi Azərbaycanda bələdiyyələrin sərhədləri həddindən artıq kiçikdir. Azərbaycanda qırx mindən çox bələdiyyə üzvü var. Necə olur o boyda Nyu-York bələdiyyəsinin 60 üzvü var, bizdə 40 min.  Azərbaycanda rayon sistemi səhvdir. Təsərrüfat əlaqələri hansı rayonları əhatə edirsə, o, bir rayon olmalıdır. Azərbaycanada bələdiyyələr kifayət qədər dağınıq və mənasızdır. Bu baxmdan da iştirak edəcəyik.

Hüseyn İbadlı: Parlament seçkilərinə necə, qatılacaqsınız?

- Mütləq. İki dəfə qatılmışam, seçilmişəm ikisində də qoymayıblar. Avropa məkəməsinə müraciət edib, ikisində də məhkəməni udmuşam. Bu arada qeyd edim ki, mən Ginnesin Rekordlar Kitabına namizədəm. 4 dəfə Avropa məhkəməsinə müraciət edib 4-də də udmuşam.

Layihənin rəhbəri: Günel Musa

Muxbir: Hüseyn İbadlı

Foto: Nuranə Novruz

 






30 İyul, 2014  14:35 Baxılıb: 1577 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner