Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Sərdar Cəlaloğlu: “Şəhidə balam demirlər, qaçıb maviləri qucaqlayırlar” – FOTOLAR

Həmsöhbətlər hər şeydən əvvəl bir-birindən nə umar? İstər-istəməz səmimiyyət umar elə deyilmi? Sizi bilmirəm, amma mənim həmsöhbətim səmimi olmayanda başım gicəllənir, əsəblərim oynayır. Nə söhbətdən bir dad ala bilirəm, nə də həmin söhbəti sizə dadlı-duzlu çatdıra. İndi deyəcəksiniz ki, “Ay Günel guya sənin bütün həmsöhbətlərin səmimidir ki?” Cavab verirəm: Əlbəttə, deyil. Ona görə də müsahibələrim bəzən duzlu, çox vaxt da duzssuz olur. Çünki ölkədə səmimi olan tanınmış şəxslər o qədər azdır ki... Amma bəzən səmimi olmadıqlarını etiraf edənlər də our. Mənim aləmimdə elə bunun özü də səmimiyyətin bir hissəsidir. Əlqərəz müsahibim qalmaqallı müsahibələri, qeyri-adi fikirləri ilə cəmiyyətdə fikir çaxnaşması yaradan, tanınmış siyasətçi Sədar Cəlaloğludur.

Qısa arayış:

Sərdar Cəlal oğlu Məmmədov 1954- cü ilin iyunun 3-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində anadan olub. 1970-1977- ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində ali tibb təhsili alan Sərdar Cəlaloğlunun əsas ixtisası tibbi-ekspertdir. Sərdar bəyin bizə danışdığı 2 saat 27 dəqiqəlik bioqrafiyasından belə məlum oldu ki, onu siyasətin qollarına atan qüvvələrdən biri də ədəbiyyat müəllimi olub. 3 dəfə həbs olunan tanınmış siyasətçi 1991- ci ildən Azərbaycan Demokrat Partiyasının pillələrində əzmlə addımlayaraq ADP-nin sədrlik kürsüsünə yüksəlib. İki dəfə prezident, iki dəfə də parlament seçkilərində namizədliyini irəli sürən siyasətçi hələ ki, bu yolda uğurlu nəticə əldə etməyib. İki dəfə deputat seçildiyini, lakin səslərinin ləğv olunduğunu iddia edən Sərdar Cəlaloğlu Avropa Məhkəməsinə müraciət edib və hər iki məhkəməni udaraq Ginnesin Rekordlar Kitabına namizədlik əldə edib.

“Haray” və “Hüriyyət” qəzetlərinin, “Oyanış” jurnalının təsisçisi olub. Fəlsəfəyə, qlobalizasiyaya və tibbi etnoqrafiyaya aid monoqrafiyaların və yüzlərlə elmi-fəlsəfi məqalənin və bir neçə kitabın müəllifidir. Hazırda “Quran”nın təfsiri üzərində işləyir.

Evlidir. Üç oğlu, bir qızı var.

ADP-nin idarəsini tapana qədər xeyli əziyyət çəkəsi olduq. Az getdik, üz getdik dərə-təpə düz getdik. Nəhayət, gözdən iraq bir yerdə yeləşən partiya binasını tapdıq. Binanın, üstündə “çoxdanıncı” illərin kir-pası həkk olunmuş enli qapısını aralayanda içərinin kəsif qoxusu burnumuzun dirəyini göynətdi. Binanın üstündə Azərbaycan Demokrat Partiyası yazılmasaydı yanlış ünvan deyib çıxardım, amma təəssüf ki, bura həqiqətən də Sərdar Cəlaloğlunun partiyasının binası idi. Ayaqyolu qoxulu dəhlizdən ikinci mərtəbəyə qalxan pilləkənlər bizi Sərdar Cəlaloğlunun otağına apardı. Yerimizi rahatlayıb söhbətə başladıq.

“Səmimiyyət siyasi keyfiyyət sayılmır”

G. Musa: Sərdar Cəlaloğlu üçün səmimiyyət nədir?

- Mənim üçün səmimiyyət ən vacib insani keyfiyyətidir. Hətta peyğəmbərimiz o qədər səmimi olub ki, peyğəmbərlik verilməzdən əvvəl ona  Əmin deyə müraciət edirdilər. Əslində Məhəmməd Əmin Rəsulzadə də peyğəmbərimizin adını daşıyır.

H. İbadlı: Siyasətçiləri nə qədər səmimi hesab etmək olar?

- Dipolmatiyada belə bir söz var: “Siyasətçiyə dil fikirlərini gizlətmək üçün verilib, demək üçün yox”. Siyasətdə artıq səmimiyyət siyasi keyfiyyət sayılmır. Çünki sən xalqın taleyi ilə oynayırsan, böyük işlər görürsən. Durub hər şeyi “mən səmimiyəm” deyib aça bilməzsən. Bir haşiyə çıxım. Bir dəfə biz İranda olanda eşitdik ki, Bakıda qırğın olub. Bizə dedilər Ayətil Mələk Quti Bakıdakı qırğınla bağlı Tərizdə yas mərasimi verəcək siz də ora dəvətlisiniz və sizə söz veriləcək. Biz də qəbul etdik. Mərasimdə mənə söz veridilər. Çıxışımı bitirdikdən sonra bir molla mənə yaxınlaşıb sual verdi ki, sizin bu hərəkatın İranla bağlı mövqeyi nədən ibarətdir? Bizdə də hər gün cammaat deyir ki, biz Azərbaycanı birləşdirmək istəyirik. Səncə mən nə etməliydim. Səmimi cavab verməliydim?

G.Musa: Yalan da danışmaq olmaz. Bir yol qalır rola girmək...

- Nə yalan danışdım, nə də rola girdim. Mən ona İslam dinindən bir misal çəkdim. Dedim xatırlayırsınızmı Peyğəmbərimizə vəyh gələndə Allah buyurmuşdu ki, 40 gün bu haqda heç kimə bir söz demə. 40 gün sonra çıxıb bəyan edin. Hər bir hərəkatın da 40 günlük məramlarını gizlətmək dövrü olur və biz həmin dövrdəyik. Mən bizim nə İranla, nə Rusiya ilə, nə də Türkiyə ilə bağlı məramlarımızı sizə deyə bilmərəm.

G.Musa: İndi mən sizə “sən” deyə müraciət etsəm bunu səmimiyyət kimi qəbul edəcəksiniz, yoxsa tərbiyəsizlik?

- Qətiyyən tərbiyəsizlik hesab etmərəm. Əksinə fərdlə danışanda ona  “siz” deyə müraciət etmək dini nöqteyi nəzərindən günahdır. “Quran”da Allah özündən bəhs edərkən “biz” buyurur. Əgər biz də kiməsə “siz” deyə müraciət ediriksə onu Allah səviyyəsinə qaldırmış oluruq. Ona görə də insanlar bir-birinə “sən” deyə müraciət etməlidir. Əgər sən mənimlə dost kimi, həmsöhbət kimi söhbət edirsənsə mənə “sən” deməlisən, yox ADP-nın sədri kimi söhbət edirsənsə “siz” deməlisən. Çünki mən artıq tək özümü yox, həm də sədri olduğum partiyanın üzvlərini təmsil edirəm.

G.Musa: Gündəlik işiniz nədən ibarətdir?

- Mənim gündəlik işim bax budur (masanın üstündəki dağınıq halda olan  kitabları göstərir). Hər gün səhər saat 8-də gəlib axşam 9-10-a kimi bu kitablarla məşğulam. “Quran”ın təfsirini yazıram. Günümün çox hissəsini ona həsr edirəm.

H. İbadlı: Bəs siyasət?

- (Gülür) Bu saat siyasətdə məndən aktiv olanı yoxdur.Yadınızda saxlayın ki, elm siyasətə dayaq olmasa, o siyasət deyil, boşboğazlıqdır, qeyri-ciddilikdir.

“Soruşursan ki, inək necə doğur onu bilmirlər”

G.Musa: Dediniz “Təfsir” yazırsınız. Bənzərsiz “Təfsir” alınacağından əminsiniz?

- Əgər siz İslam tarixində elmliyi baxımından bu “Təfsir”ə bənzər bir “Təfsir” tapsanız və gəlib desəniz ki, “Sərdar bəy, siz bu yerə layiq deyilsiniz”, mən bu postdan çıxıb getməsəm, insan deyiləm. Dünən biri deyir ki: “o ərəb dilini bilmir necə “Təfsir” yaza bilər?” Bu sözü deyənlərə ərəb dili lazımdır, çünki onlar kitabdan kitaba köçürdürlər. Amma mən özüm yazıram. Mənə ərəb dili nə gərəkdir? Əlimin altında Ziya Bünyadovun tərcümə etdiyi “Quran” var. Mən də bu kitaba Ziya Bünyadovun ərəb dilini bildiyi baxışdan baxıram.

“Kişilər qaşların alıb efirə çıxırlar”

G.Musa: Siyasət adamları arasında iki nəfər var ki, hər şeyə münasibət bildirir: biri Fazil Mustafadır, o biri də siz. Və bu çox zaman insanlarda qıcıq oyadır.

- Çünki Fazil Mustafa da elmlə məşğul olan adamdı. Onun 20-ə yaxın kitabı var. Mənim isə elmə qeyri-adi bir marağım var. Dünyada heç kimin eşitmədiyi bir elm adı tapsanız gəlib mənə deyin. Mən sizə deyəcəm ki, o elm nədən bəhs edir və müəllifi kimdir. Çünki mən bütün ömrümü oxumağa həsr etmişəm. Gedək siyasətçilərin evlərinə baxaq, görək kimin evində daha çox elmi kitab var. Mən Tibb Universitetinə 300-ə yaxın elmi kitab bağışlamışam. Hansı ki, o kitbaları uzun illər mütailə etmişəm. Evimdə elə kitablar var ki, o kitablar heç Azərbaycan kitabxanalarında yoxdur.

Mənim hər şeyə münasibət bildirməyim insanları ona görə qıcıqlandırır ki, millətim çox savadsızdır. O vaxtlar beş, on elmi bilən adama savadlı deyirdilər. İndi də  2X2= 4-ü bilən adama savadlı deyirlər. Bu savaddı? Sonra soruşursan ki, inək necə doğur, onu da bilmirlər. Elmlərin fakültələrə ayrılması IX ərsin sonlarında baş verdi. Ona kimi məgər elmdə fakültələr vardı? Məslən İbn Sina  kim idi?  Deyəcəksən həkim olub. Amma mən sizə İbn Sinanın metofizikasını göstərə bilərəm(və kitabı göstərir). Bu neçə həkim olub fəlsəfədən bu qalınlıqda kitab yazıb. İsətəsəniz İbn Sinanın riyaziyyatdan yazdığı kitabı göstərə bilərəm. Biruni riyaziyyatçı olub, amma din haqqında kitab yazıb.

Mən iddia etmirəm ki, hər şeyi dəqiq bilirəm. Mən siyasətçiyəm, yanıma müxtəlif peşələrdə çalışan insanlar gəlir. Bir siyasətçi xalqın qarşısına çıxırsa onun “mən ancaq fizikanı bilirəm” deməyə ixtiyarı yoxdur. Adama deyərlər psixologiyanı, sosiologiyanı, tarixi bilmirsənsə tək fizika ilə bu boyda cəmiyyəti necə idarə edərsən? Bu cəmiyyət axı təkcə fiziklərdən ibarət deyil. Bunun fəhləsi var ədəbiyyatçısı var alimi var.

G. Musa: Sərdar müəllim hər şeyə münasibət bildirirsiniz. Mədəniyyəimizin vəziyyəti ilə bağlı fikirlərinizi bilmək istərdik

- Azərbaycanda mədəni səviyyə sıfırdı. Bir xalqın ictimai həyatının bütün sahələri Olimpiada halqaları kimidir. Bir ölkədə dilənçilik varsa, o ölkədə, nə mədəniyyət, olar nə də incəsənət.

G. Musa: Bəs şou biznes necə?

- Şou bu xalqın mənəvi zövqünü məhv etmək üçün ortaya atılan bir siyasətdir. Birincisi incəsənətin funksiyalarından biri imic rolu oynamaqdır. Məsələn dünyada bir nəfər Maykl Ceksonu sevir, amma on minlərlə insan  Maykl Cekson kimi geyinir. Yəni imicmeyker elə adam olmalıdır ki, o xalqı düz yola aparsın. Artisti Aygün Kazımova, Faiq Ağayev olan xalqın nə mədəniyyəti olacaq. O gün təzə çıxan müğənnilərdən biri deyir ki, niyə Telman İsmayılov filan müğənniyə villa bağışlayır mənə yox. Mənim də səsim pis deyil, heç özüm də pis deyiləm. Özünü açıq şəkildə Telman İsmayılova təqdim edir. Bu biabırçılıqdı. Bir sürü gədə-güdəni buraxıblar efirə cəmiyyəti pozmaqla məşğuldular. Kişilər qaşların alıb efirə çıxırlar. Qoca-qoca arvadlar əxlaqsız bir gədənin qabağına qaçıb deyir “bala, sənə qurban olum”. Mənim elə balam olsa başın kəsərəm. Heç qəhrəmanlıq edib, şəhid olana balam demirlər, qaçıb maviləri qucaqlayırlar.

Bu yerdə biz hələlik söhbətimizi dayandırıb keçirik oxucuların suallarına.

“Rəsul Qulyev gedəndən sonra ADP daha mənalı olub”

Həsən Məmmədov: Niyə son vaxtlar sizin fikirləriniz müxalif düşərgə tərəfindən qeyri-ciddi qarşılanır?

- Çünki onlar bu işə savadsız yanaşırlar. Mənim savadlı yanaşmamı görəndə də deyirlər qeyri-ciddidir. Mən tərəfən baxanda isə onlar siyasətdən başqa hər şeylə məşğuldurlar. Bir də ki, hansı dahi öz zamanında qəbul olunub ki? Dahiliklə dəlilik həddindən artıq bir-birinə yaxın, amma arasında çox incə bir məsafə olan şedir. Bu yaxınlarda qəzetlərin birində dünyanın on dəli olmuş dahisi haqqında yazı oxudum. Məsələn, Nitşe bilirsiniz ki, ömrünün 90 faizini dəlixanada yaşayıb, Vanqoq da ömrünü dəlixanada başa vurub.

G.Musa: İndi siz dəlisiniz yoxsa dahi?

- Allaha şükür dəli deyiləm.

Amid Məhərrəmov: Rəsul Quliyevdən uzaqlaşmağınızın əsas səbəbi nə oldu?

- Sözün düzü mən Rəsul Quliyevdən uzaqlaşmadım. 1996-cı ildə Bakıya gələndən sonra Rəsul Quliyevin ideyaları ilə biz hakimiyyətə qarşı ciddi şəkildə mübarizə aparırıdıq və bu mübarizənin önündə Sərdar Cəlaloğlu gedirdi. Tutulurdu, döyülürdü. Xaricilər gəlib məndən siyasi məhbus kimi müsahibə alırdı, ailəmlə maraqlanırdı. Baxmayaraq ki, mən partiyada ikinci adam idim, qeyri-adi dərəcədə məşhurlaşdım. Və bu partiyanın bəzi üzvlərində və Rəsul Quliyevdə ciddi narahatlıq yaratmışdı. Ona görə də başladılar burdan ona hesabat göndərməyə ki, mən onun yerinə keçmək istəyirəm. Hətta bir gün Rəsul Quliyev özü mənə məsləhət gördü ki, 6-7 ay mətbuata çıxmayım, aktivlik etməyim. Dedim axı bu 6 aya partiya məhv olar. Dedi heç nə olmaz. Belə davam etsə, mən artıq kölgəyə düşürəm. Mən onu çox inandırmağa çalışdım ki, belə bir şey yoxdur, amma o inanmadı. Başladı burdakı üzvləri mənim üzərimə qaldırmağa. İclas olurdu görürdün heç nədən qanımı qaraldırdılar, təhqir edirdilər. Təbi ki, bunların hamısının Rəsul Quliyevin etdiyini başa düşürdüm. Bir dəfə ona  Nurəddin Məmmədli ilə bağlı iradımı bildirdim. Mənə dedi ki, o da sənin kimi tanınmaq,irəli keçmək istəyir. Bununla da kifayətlənmədi. Göstəriş verdi qurultay çağırılsın. Qurultayda rayon təşkilat rəhbərlərinə bir-bir tapşırdı ki, Sərdarı qoymayın işləməyə, imkan verməyin bu qurultayda o seçilsin. Ona görə də partiyada parçalanma oldu və mən partiyadan ayrıldım.

Cəfər Mədətli: ADP daxilindəki parçalanmadan sonra ADP-nin mənasız bir quruma çevirildiyini deyirlər. Bu fikirlə razısınız?

- Əgər ADP mənasız bir qurumdursa sən mənə niyə görə bu sualı verirsən? (bir az oxucuya acığı tutur və Sərdar bəyi sakitləşdirmək gərəyi duyuram)

G.Musa: Sərdar müəllim oxucumuz sizin partiyanın mənasız olduğunu demir, sadəcə deyilən bu fikirə münasibətinizi öyrənmək istəyir.

- “Quran”da deyilir ki, “ehtimalla fikir yürütmək ən böyük günahdır”. Əksinə Rəsul Qulyev gedəndən sonra ADP daha mənalı olub. Çünki Rəsul Quliyev reallıqları nəzərə almadan hökümətin üstünə getməyi əmr edirdi. Bu gün  İŞİD Azərbaycanı təhdid edir. Belə bir vəziyyətdə çıxıb küçədə “ayə qoymuyun gəlsin” deməklə bir nəticə əldə etmək olarmı? Rəsul Quliyevin vaxtında da dediyim siyasəti aparmağa imkan vermirdi. O oğlana məsləhətim budur ki, gözü ADP-nin bəyanatlarında olsun. Onda başa düşəcək ki, Azərbaycanda  “Yaşasın Sərdar Cəlaloğlu Urra! Urra!” deyib qışqıranları olmayan, amma mənası olan yeganə  partiya ADP-dir. Azərbaycan xalqının, dövlətinin mənafeyini qoruyan partiya ADP-dir. Budur məna. Küçədə çıxıb iki dənə adam döymək, iqtidar rüşvətxordu demək məna deyil.  Bu partiyaların “mənası” nədən ibarətdir?! Bir ildə iki mitinq edirlər. İki il də o mitinqdə tutulanların azadlığı ilə məşğul olurlar. Sonra da deyirlər biz mənalıyıq, ADP-nin mənası yoxdur. Buyur, get sən mənalı yaşa. Mən beləyəm.

G. Musa: Deyəsən əsəbləşdiniz?

- Qətiyyən.  Mən partiya lideriyəm. Gərək  oxucuların hamısından elmimə, savadıma, mədəniyyətimə, dünyagörüşümə görə fərqlənəm. Neçə dövlət gəzmisən?

G.Musa: Hələ Biləcəridən o tərəfə keçməmişəm...

- Amma mən dünyanın 50 dövlətində olmuşam. Bu 50 dövlətdə olmağın özü bir savad yaradıb məndə. İndi bu sualları verən oxucuların hansı məndən savadlı ola bilər?! Onu deyim ki, mən bu cür suallara etika xətrinə cavab verirəm.

Fərahim: Sərdar müəllimə görə Azərbaycan müxalifətinin ən ağıllı siyasətçisi kimdir?

- Vallah açığı deyim ki, içi özüm qarışıq, ağlımız olsa, bu günə düşmərik. Amma ağıl mücərrəd bir anlayışdır. Məsələn Fazil Mustafa kifayət qədər ağıllıdır, amma ətrafında adam yoxdur. Əli Kərimli ətrafına adam yığa bilir, amma başqa keyfiyyətləri yoxdur. İsa Qəmbər təmkinlidir, onun da bir neçə keyfiyyəti çatışmır. Mən özümü də ağıllı hesab etmirəm. Çünki başqa liderlərə xas olan aldatma, şirnikdirmə qabiliyyətim yoxdur.

-Fərahim 2: Sərdar bəyin idealı kimdir?

- Mahatma Qandi. Mən onu o qədər sevirəm ki, xatirəsini yad etmək üçün Hindistana getmişəm. O dinc demokratik mübarizə tarixində ən böyük şəxsiyyətdir.

Emin Səfərov: Siyasətdən gedişinizi demokratiya yolunun uzun olması və sizin yorulmanızla əlaqələndirək, yoxsa yolun o biri ucunda demokratiya görməməyinizlə?

- Əvvəla Aristotelin məşhur bir sözü var: “İnsan siyasi varlıqdır. Bir heyvanların siyasətə ehtiyacı yoxdur, bir də allahların. Bu zaman insan iki roldan birində iştirak etməlidir. Ya idarə edən rolunda, ya idarə olunan rolunda”.  Mən kifayət qədər ağıllı adamam və son nəfəsimə qədər siyasətdə qalacam. O ki, qaldı demokratiyaya, o uzun sonsuz bir yoldur. Xalq varsa, demokratiya da var.

Vüsal Qarayev: Qarabağ məsələsinin həlli yolunu nədə görürsünüz?

- Rusiyanın əlinin Azərbaycanın üzərindən çəkməsində. Qarabağ məsələsinin bundan dəqiq həll yolu yoxdur.

G. Musa: Doğurdan iqtidarın casusunuz?

- (Gülür) Mən  fərqli düşünürəm ona görə də mənə casus deyirlər. Artıq fikir vermirəm deyirəm nə deyirsiniz deyin. Yadıma Murad Bozun bir sözü düşdü. Verilişlərin birində Murad Boz dedi ki, mənim belə geyimlərimə görə çox adam elə bilir mən maviyəm. Amma mən mavi adlandırılmağımdan qorxmuram, çünki mən mavi deyiləm. Bu mənim stilimdir. İndi mən casus adlandırılmağımdan qorxmuram, çünki bu mənim stilimdir.

G. Musa:Sərdar Cəlaloğlunun nə vecinə deyil?

- Adamların mənim haqqımda bu cür danışması (gülür).

G. Musa: Axı əsəbləşdiyinizi görürəm...

- Əsəbləşmirəm ehtiras nümayiş etdirirəm(gülür). Siz elə bilirsiniz ki, mən bir məqalə yazanda məni söyəcəklərini bilmirəm?! Həmin şərhləri oxuyub yoldaşımla evdə gülürük. O dəfə dinlə bağlı məqalə yazanda yoldaşıma dedim bax, gör din alimlərini necə qıcıqlandıracam.

H.İbadlı: Deməli bütün qalmaqallı addımları planlı şəkildə atırsınız?

- Əlbəttə. Düşündürmək istəyirəm. Sən din alimisən oturmusan orda. Niyə sünni-şiə məzhəbinin necə yaranmasını izah eləmirlər. Bu xalq bir-birini niyə qırır, izah eləsinlər də mənə.

G. Musa: Səməd Vurğunla bağlı səsləndirdiyiniz fikirlər cəmiyyət tərəfindən aqressiya ilə qarşılandı. Bunu da bilərəkdən etmişdiniz?

- (Gülür) Bir dəfə bir jurnalist xanım gəldi məndən müsahibə almağa. Elə oturan kimi sual verdi ki, siz niyə Səməd Vurğun haqqında pis danışırsınız. Səməd Vurğun bizim çox böyük şairimizdir. Dedim Səməd Vurğunun “Komsomol” poemasını oxumusan, dedi yox “Aygünü”, “Bəstini” oxumusan, “Fərhad və Şirini” oxumusan yox. Nə isə bir 20 əsərinin adın çəkdim dedi oxumamışam. Dedim yaxşı Səməd Vurğunu qoyaq qırağa sənə bir şeir deyəcəm. Səməd Vurğunun unudulumuş “Tək məzar” şeiri var onu oxudum qıza.(şeiri ifa edir). Qıza deyirəm necə şeirdi. Qız dedi özünüz yazmısınız. Qəsdən dedim hə. Ağzını büzərək “çox zəif” dedi. Dedim düz deyirsən bax mən də deyirəm ki, Səməd Vurğun zəif yazır (gülürük).

Səhərdən Səməd Vurunun 40 bəndlik şeriini demişəm. Bu adam Səməd Vurğundan bir cümlə bilmir durub mənə Səməd Vurğunu müdafiə edir. Budur Azərbaycan xalqının bədbəxtliyi...

Ardı var...

Layihənin rəhbəri: Günel Musa

Muxbir: Hüseyn İbadlı

Foto: Nuranə Novruz














16 İyul, 2014  13:22 Baxılıb: 2394 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner