Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Monastrda dəlicəsinə sevən Onegin - SİMSAR AXTARIR!

Əvvəlini buradan oxuya bilərisiniz

http://simsar.az/news/a-41603.html

Qəribə adı var bu küçənin: “Samokatnaya”. Moskvanını xəritəsini ələk-vələk eləyəndən sonra bir təhər tapırıq. Metropolitenin “Kurskaya” stansiyasının yaxınlığındadır. Di gəl ki, nə taksi sürücüləri, nədə küçələri süpürən miqrant taciklər yaxınlıqdakı bu küçənin harada olduğunu deyə bilmirlər. Bəlkə adı dəyişib? Məlumat bürosuna zəng vururuq, cavab verirlər ki, yox, “Samokatnaya” yerindədir.

Bir daha dəqiqləşdirmə aparırıq. Xəttin o başındakı xanım qız böyük bir supermarketin adını çəkir və…məlum olur ki, bu “Samokatnaya” küçəsi əslində çox kiçik bir küçə: cəmi 8 yaşayış binasını özündə birləşdirən bir döngəymiş.

Volqaboyuna gediblər, ziyarətə...

Əlimizdə dəqiq ünvan var: “Samokatnaya” ev 3, mənzil 8. Binanı  tapırıq, amma mənzilə qalxmaq müşkülə çevrilir. Blokun qapısı kodladır. İndi gözləməliyik ki, bir allah bəndəsi gəlsin, mənzilinə qalxsın, biz də içəri girə bilək. Xoşbəxtlikdən çox gözləmirik. Cavan oğlandır, niyyətimizi bildiririk, içəri buraxır. Mənzili tapırıq. Qapını döyürük, açan yoxdur. Bir daha döyürük. Səssizlikdir. Qonşunun qapısını döymək istəyirik, deyəsən özü bizdən qabağa düşüb, qapını açır.

-Onlar evdə yoxdu. Volqaboyuna gediblər, ziyarətə.

Nə ziyarəti imiş görəsən?

Qonşu sualımızı ağzımızda qoyur:

- Yusif dayının uşaqları hər il bu vaxt Volqaboyuna müqəddəs yerlərə ziyarətə gedirlər. Amma evdə yenə kimsə olmalıdır. Dayan zəng edim.

İçəri girir, 2-3 dəqiqədən sonra əks tərəfdə, bayaqdan döydüyümüz qapı açılır.

- Kim lazımdı?

- Biz Bakıdanıq…

Sözümüzü ağzımızda qoyur:

- Evdə heç kim yoxdur.

- Bəs baban?

- Babam işdədir.

- Nə vaxt gələcək?

- Bilmirəm.

Bunu deyib qapını örtür.

Bayaqdan söhbətimizə qulaq verən qonşu sanki təskinlik verir:

- Bunlar qəribə ailədirlər. Hamısı da inanclı. Yusif dayı restovratordur, amma bilmirəm harada işləyir. Axşam gəlin, ya da sabah, yəqin görüşərsiz.

- Bəs bu evdə başqa kim yaşayır?

- Yusif dayı, arvadı Katya, oğlu Tixon, qızı Serafima, bax, bu nəvəsi…Arvadı və uşaqları yəqin Volqaboyuna gediblər. Evdə də bu uşağı qoyublar. Siz yaxşısı budur sabah gəlin.

4 evlilik, 2 Yusif

...Bir gün sonra bu mənzilin qapısını bir də döyəcəkdik. Onegin Hacıqasımovun vur-tut bir yadigarını Allah bilir hansı əziyyətlə tapmışdıq. Hə, təəccüblənməyin. Oneqinin Yusif adlı oğlunu, onun ailəsini tapmışdıq. Daha doğrusu hələki yaşadıqları mənzili.

Amma…Bax, bu ammalar olmaya da. Atası kimi provaslavlığı qəbul etmiş, hazırda Moskvada rəssam-bərpaedici işləyən, neçə-neçə qədim ikonaya yenidən həyat verən Yusif Hacıqasımov Oneginin ilk nigahdan Mariya Behbudovadan olan oğludur. Yusifin isə 5 övladı var. Biz onlardan üçünün adını öyrənə bildik – Tixon, Serafima, İvan. Yerdə qalan ikisinin adını heç qonşuları da bilmir deyəsən.

Qonşuları yəqin həm də onu bilmirlər ki, Onegin Hacıqasımov, qonşuları Yusifin atasını deyirəm, nə az, nə çox düz 4 dəfə evlənmişdi. Və bütün bu evliliklər provaslavlığı qəbul edənədək baş vermişdi. Onların hansının rəsmi, ya qeyri rəsmi olduğunu demək çətindir.

Amma həqiqət bundan ibarətdir: Yusifin anasından ayrılandan sonra Onegin Natalya adlı bir general qızı ilə izdivacda olub. Amma onlar bir il bir yerdə  yaşayıblar. Bundan sonra  Onegin məşhur drijor Karbışevin qızıyala evlənir. Bu haqda Oneginin yaxın qohumu Olqa Şekoleva danışır.

«O qızı sevməyən varmıydı ki? Tatyana konservatoriyada oxuyurdu. Atası da elə orada dərs deyirdi. Amma Tanya Onegini seçdi. Necə də seçməyəydi?  O zamanlar Moskva qızları Oneginin dəlisi idi. Oneginin ulduz vaxtı idi. Təsəvvür edin, onun mahnılarını kimlər oxumurdu: Polad Bülbüloğlu, Alla Puqaçova, Sofiya Rotaru, Valeri Obodzinski, Müslüm Maqomayev, Larisa Mondrus, İosif Kobzon… O vaxtın elit restoranına gedirdin, mütləq reperatuarda Onenginin bir mahnısı olardı. Onegin çox qazanırdı, amma dəhşət bədxərc idi. O, pulu sağa-sola xərcləyirdi. Bəzi dırnaqarası dostları da bundan sui-istfadə edirdirlər. Oneginin rəsmi əməkhaqqı bilmirəm nə qədər idi, amma bir dəfə partiyadan giley etmişdi. Sən demə, Kommunist Partiyasının üzvlüyünə görə, üzvlük haqqı az qala 190-200  manata çatırmış.  Bu, bir müəllimin və həkimin aylıq əməkhaqqından çox pul imiş. Təsəvvür edirsizmi, təkcə üzvlük haqqı”.

Amma  Oneginin üçüncü evliliyi də çox çəkmir. Onların bu evlilikdən bir oğlu olur. Uşağın adını nə qoysalar yaxşıdı? Hə, deyəsən yenə təəccüblənəcksiz: Yusif.  İlk oğluna qoyduğu kimi, atasının şərəfinə. Bir maraqlı faktı da qeyd edək, üz tutaq Moskvanın “Kiyevski” dəmiryolu vağzalına. Onegin Tanyadan ayrılandan sonra uşağın soyadını dəyişir. Eləcə də adını. Həmin uşağa anası sonralar Andrey adını verir.

“Kiyevski” vağzalına isə nahaq yerə üz tutmuruq. Yusif dayı ilə səhər görüşəcəyik. İndi isə bir gün vaxtımız var. Bu vağzaldan Oneginin xristianlığı qəbul edib üz tutduğu Kaluqa şəhərinə getməliyik...

Hələ Kaluqadan da 90 km o yana, Rusiya pravoslav kilsəsinin ən müqəddəs məkanlarından biri sayılan «Optina pustın» monastrına.

“Melodiya”dan Kaluqaya

Kaluqadan monastra iki saatlıq yoldur. Kəndin kənarında çöldə tikilmiş əzəmətli bir monastrdır. Oneginin niyə məhz bura üz tutduğu bəlli deyil. Amma məlum olan və tarixi həqiqətini özündə qoruyan bir məqam var: Onegin Hacıqasımov bu qərarı bir anın içində qəbul edib. Həmin gün, yəni 1986-cı ilin yanvarında iş dalınca Moskvanın, daha doğrusu SSRİ-nin bir nömrəli səsyazma studiyası olan «Melodiya» ya gedibmiş. Orda hansısa mahnısı yazılırmış. Studiyadan çıxıb, evə gəlib, artıq dördüncü olan həyat yoldaşı (onun da adı Tatyanadır) ilə ayaqüstü söhbət edib. Ona heç qərarını da tam-dolğun izah etməyib. Evdən çıxıb, elə mənim hərəkət etdiyim marşrutla, əvvəl “Kiyevski” dəmiryolu vağzalına gəlib. Elektrik qatarına minib, Kaluqada düşüb. Orada isə bir taksiylə sövdələşib. Taksi onu “Optina pustın” monastırna gətirib. Burada isə xaç suyuna hələ bir neçə gün sonra salınacaqdı. Bunlar və sonra baş verəcəklər barədə bir qədər sonra.

“Məni günaha batırmayın”

Hələlik isə bəndəniz “Optina pustın”ın qapısından içəri girmək istəyir. İlk dəfədir monstrda olan birisi üçün o qapını açıb içəri girmək bəlkə də asandır, amma qapıdan sonra nələr edəcəyimi bilmirəm. Həm də axı, mən bura hansısa ziyarətə, ya da hansısa maraq xətrinə gəlməmişəm. Burada, bu əzəmətli monastrda araşdırma aparmalıyıq ən azı. Qapıının ağzında bəlkə də 100-dən çox ziyarətçi dayanıb içəri girmək istəyir. Növbəmi gözləyirəm. İçəri keçən hər kəs üzü böyük bir kilsəyə dayanıb xaç çevirir. Xaç çevirməyən bircə mənəm. Elə qapıdakı rahib də buna təəccüblənir. Düz elə həmin rahibin üzərinə gedirəm:

- Mən jurnalistəm, Bakıdan gəlmişəm. Müqəddəs Atayla görüşməliyəm. Yox, deyəsən sualı düz qoymadım. Axı, hansı Atayla? Görəsən, monastra rəhbərlik edənə nə deyirlər? Axı, niyə indiyədək adi bir şeyi öyrənmədim ki, bu qara paltarlı rahibin sual dolu gözlərinə zillənməli oldum?

- Sizi anlamadım.

- Mən monasrtı gəzmək istəyirəm. Jurnalistəm. Rahibələrdən, çoxdan burda qulluq edənlərdən biriylə söhbət etmək istəyirəm.

- Siz monastrın ekskursiya bürosuna müraciət edin, bax, o qapıya.

Qapını döyürəm. Qara paltarlı rahibə xanıma ürəklə, diqqətlə məni dinləyir.

- Danil Atayla söhbətləşin. Amma özüylə danışım sonra.

Məndən kənarda gözləməyi xahiş edir. Heç iki dəqiqə keçməmiş çağırır, - “buyurun danışın”. Niyyətimi geniş şəkildə bildirirəm. Ata da insafən səbrlə dinləyir.

-  Olub burda o şair. (Şair sözünü xüsusi  ironiya ilə deyir) Amma…Amma inciməyin, bakılı qonaq, mən heç nə deyə bilməyəcəm. Ümumiyyətlə inanmıram ki, bir kimsə sizə nəsə deyər.

- Niyə?

- Niyəsini deməyəcəm?

- Axı...

- Məni günaha batırmayın.

- Mən o boyda yol gəlmişəm.

- (Sözümü kəsir) Cavan oğlan, məni günaha batırmayın, dedim.

- …

- Başa düşün, Simon böyük günah işlədi və biz onu monastrdan qovduq…

- Necə yəni qovduq?

- Hə qovduq. O böyük bir günah işlətmişdi (Dəstəyi asır)...

Bitdi telefonun dəstəyindən məşğul olduğunu bildirən səs gəldi…

Niyə? Hansı günaha görə? Axı bura, bu müqəddəs monastra Onegin kimi gəlmiş, Simon adını qəbul etmiş, ömrünün az qala 15 ilini, özü də könüllü  provaslavlığa həsr etmiş bir adam nə günah işlətmişdi, nəyə görə qovulmalıydı ki? Bəlkə?

Hə, sonradan, lap sonradan monastrın içinə girib, Onegin Hacıqasımovu-Simon Atanı yaxından tanıyan, onunla birgə bir evdə yaşamış rahiblərlə söhbət zamanı məlum olacaqdı ki…

Bilirəm, «Simsar»ın növbəti sayını gözləməyə səbriniz çatmaycaq. Amma bircə ip ucu verəcəm, inciməyin: Onegin monastrda sevirdi, hə, dəlicəsinə vurulmuşdu…

(Ardı var)

Cəmil Əhmədli






25 Noyabr, 2013  10:06 Baxılıb: 2279 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner