Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İçərişəhərli monarx və ya Onegin niyə "ata"oldu? – SİMSAR AXTARIR!

1970-ci il. İyun ayı. Moskvanın mərkəzində, Tverskoy küçəsindəki nəinki paytaxtın, bütün SSRİ-nin ən böyük musiqi mərkəzinin qarşısında qələbəlikdir, günlərlə növbə əskik olmur. Musiqisevərlər hələ may ayından satışa çıxarılmış plastinka uğrunda, necə deyərlər, əsil mücadilə verirlər: Gərək səhər tezdən növbə tutasan ki, axşama yaxın bircə dənəsini ala biləsən. Həmin plastinka o dövr üçün rekord miqdarda, düz 15 milyon 600 min tirajla buraxılmışdı. Amma sovet insanı hələ də onu əldə edə bilmirdi. Bəlkə elə həmin növbədə keşik çəkənlər həmin plastinkaya toplanmış mahnıların müəllifinin də kimliyini düz-əməlli tanımırdı. Heç bir reklamı, indiki terminlə desək “raskrutkası” olmayan həmin plastinka 33 yaşlı bir gəncin mahnılarından ibarət idi. Moskvalı üçün maraqlı adı və soyadı olan bir gəncin: Oneqin Hacıqasımovun.

Haradan yadınıza düşüb?

2013-cü ilin martı. Moskva. Rusiya paytaxtında yaşayan azərbaycanlılar Novruz şənliyinə yığışıb. Qonaqlar arasında Moskvada yaşayan tanınmış jurnalistlər Rüstəm Arifcanov, İradə Zeynalova və başqaları da var. Bir qədər söhbətdən sonra Moskvaya gəlişimin məqsədini soruşurlar. Onegin Hacıqasımov barədə yazı hazırlamaq istəyirəm.

Rüstəm müəllim az qala udqunur.

- Onegin haqda? O haradan yadınıza düşüb? Hmmm, çox maraqlıdır. “Krasavçik” Onegin. (Köks ötürür) Allah ona rəhmət eləsin.

Və bir siqaret yandırır...

- Axtar, axtar. Onun bir oğlu da qalmalıdır. Amma təəssüf ki, harada yaşayırlar deyə bilməyəcəm...

***

Təəssüf ki… Əslində başqa şeylərə təəssüf etməliyik, məncə. Elə Onegin Hacıqasımov adlı dahini – hə, məhz dahinin, çünki  ən azı SSRİ-də heç kimin plastinkası az qala 16 milyon tirajla buraxılmamışdı –unutduğumuza, qiymətləndirmədiyimizə görə.

***

Adı sizə qəribə göründü, eləmi? Onegin. Təəccüblənməyin, özümüzünküdür, azərbaycanlımızdır, bakılımızdır, içərişəhərlimizdir…və həm də bizim deyil. Bütün bu məqamlara qayıdacağıq.

İndilikdə isə, bir sual: kimdir axı bu Onegin Hacıqasımov. Haradan gəlib, haraya gedib çıxıb? Niyə onun iziylə Bakıdan Moskvaya, Moskvadan Kaluqaya, Kaluqadan isə bu əyalətin ucqar Kozelsk qəsəbəsinə gedib çıxmışdıq. Hələ bu harasıdır? Kozelskdən isə bir qədər də aralıdakı “Optina pustın” monastrına? Nə gəzirmiş axı o bu monastrda? Və ümumiyyətlə Rusiyada? Səbirli olun, bunların hamısını bir-bir incələyəcəyik...

NKVD zabitinin oğlu

1937-ci ilin 4 iyunu. Bakının İçərişəhərində Yusif və Məhtaban Hacıqasımovların evində bir uşaq dünyaya gəlir. Uşağın adını Onegin qoyurlar. Qatı dindar əhalisi olan İçərişəhərdə uşağa belə bir adın verilməsi bəlkə də qonşular, qohumlar tərəfindən tənəylə, qəzəblə qarşılanardı. Amma artıq əski zamanlar da deyildi – 37-ci il idi. Heç kim NKVD zabiti olan Yusif Hacıqasımova övladına niyə Onegin adını qoyması üçün irad belə tuta bilməzdi. Yusifin həyat yoldaşı Məhtaban xanım Bakıdakı məktəblərin birində rus dili və ədəbiyyatı müəlliməsi işləyirdi. Elə Onegin adı da təsadüfən qoyulmamışdı. Rus ədəbiyyatını, daha doğrusu rus poeziyasının sönməyən ulduzu Puşkini sox sevrimiş Məhtaban xanım. Həmin il, yəni 1937-ci ildə isə dahi şairin ölümünün 100 illiyi keçirilirmiş. Məhtaban xanım isə sevimli  Puşkininin sevimli qəhrəmanı olan Yevgeni Oneginin şərəfinə oğluna Onegin adını verir. Elə uşağın atası Yusif də bu ada etiraz etmir. Maraqlıdır ki, 5 ildən sonra bu cütlüyün bir uşaqları da dünyaya gələcəkdi. Həmin uşağa isə  Nizami adını verəcəkdilər. Həmin il, 1942-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 800 illiyi idi...

“Moskvaya gedirəm”

...Sakit, adi uşaqlıq yaşayıb Onegin. Amma anasından gələn həvəsmiş, nədi, orta məktəbdə dünya klassiklərinin elə bir əsəri yoxmuş ki, oxumasın. 11-12 yaşlarında artıq şeirlər yazmağa başlayır. İlk şeirlərini də anasına göstərir. Anası balaca Oneginin şeir yazmağının bir uşaqlıq  həvəsi olduğunu düşünür. Elə atası da övladının həkim olmasını arzulayırmış. Amma günlərin bir günü orta məktəbi bitirib attestat alan Onegin valideynlərini necə deyərlər şoka salır: “Moskvaya gedirəm. Ədəbiyyat İnstitutuna”.

Və elə də edir. 1954-cü ildə Maksim Qorki adına Ümumittifaq Ədəbiyyat İnstitutuna qəbul olunur. Hər şey də elə bundan sonra başlayır.

“O, durmadan yazırdı”

Deyilənə görə, Oneginin qaldığı yataqxanaya demək olar ki, hər gün milis naryadı gələrmiş. Yox, Onegin və tələbə yoldaşları hansısa xuliqan hərəkətə-filana yol vermirmişlər. Dostları ilə demək olar ki, hər gün poeziya məclisi düzəldən Genanın (onu belə çağırırmışlar) yataqxanadakı otağı həmişə səsli-küylü olurmuş. Tələbə yoldaşı Mixail Buzıkin xatırlayır ki, onun otağından siqaret tüstüsü və çaxır şüşələri əskik olmazmış.  “Gena durmadan yazırdı. Biz ona heyran qalmışdıq. İnsanda bu qədər enerji haradandır? Bütün institut hər axşam onun balaca otağına yığışırdı. Səhərəcən şeir deyirdi. Gena həm də çox gözəl parodiyaçı idi. Hətta Xruşşovu belə parodiya etməkdən çəkinmirdi. Yataqxananın komendantı hər axşam azı 10 dəfə otağa gələrdi ki, sakit olaq. Milis də bizdən əl çəkmirdi. İnstitutda isə bizi Oneginin fitri istedadı və rəhbərlik tərəfindən ona qoyulan hörmət xilas edirdi. Ona istedadına görə dözürdülər”.

Nastyaya 960 məktub

Onegin birinci kursdan tələbə yoldaşı Anatasiyaya dəli kimi vurulur. Nəinki vurulur, onu təkcə tələbə yoldaşlarına yox, hətta müəllimlərinə belə qısqanır. İkinci kursda oxuyarkən Onegini əsgər aparırlar. O, 3 il hərbi dəniz qüvvələrində xidmət keçməyə məcbur olur. Gənc tələbə-şairin əsgərlik həyatından ən maraqlı məqam: Onegin üç ildə sevgilisinə nə az, nə çox 960 məktub yazır və bu məktubların hamısında da ona şeir həsr edir. 58-ci ildə əsgərlikdən qayıdan Onegin elə Nastya ilə də evlənir. İl yarım sonra, 1960-cı ildə onların oğlu olur. Uşağın adını Yusif qoyurlar…

2013-cü il, martın 23-ü. Moskvada sonuncu dəfə belə qarlı və çovğunlu hava düz 134 il bundan əvvəl olub. Paytaxtın Samokatnaya küçəsini axtarıram. Qəribə adı var bu küçənin. Amma ən qəribəsi odur ki, “Kurskaya” metrostansiyasından çıxıb hansı taksiyə dedimsə belə küçənin varlığından xəbərsiz olduqlarını bildirdilər. Küçənin xəritədəki yerini belə göstərirəm. Özbək taksi sürücü 500 rubl (təxminən 12 manat) pul oxuyur. Amma hiss edirəm ki, özü də düz-əməlli bilmir bu küçə dəqiq harada yerləşir. Moskva çayı boyunca üzüaşağı düşürəm. Məntiqlə bu istiqamətdə olmalıdı.

- Deyə bilərsinizmi Samokatnaya küçəsi harada yerləşir?

Qarı zəndlə üzümə baxıb əli ilə işarə edir:

- Bax, o kilsəni görürsən? Onun sağ tərəfi ilə keçən küçə Samokatnayadır.

Haradasa bir kilometr olar. Küçəni tapıram. İndi qalır binanı tapmaq. O binanı ki Onegin məhz burada yaşayıb. Yerli “JEK”dən arayış da almışıq.

Bu ünvanda, Samokatnya küçəsi 3/8 ünanında bu şəxslər yaşayır:

ТИХОН ЮСИФОВИЧ ГАДЖИКАСИМОВ, 09.06.1998 г.р, адрес: г. Москва, Самокатная ул. д.3/8 корп.А

ТРИФОН ЮСИФОВИЧ ГАДЖИКАСИМОВ, 01.07.1991 г.р, адрес: г. Москва, Самокатная ул. д.3/8 корп.А

ЮСИФ ОНЕГИН ОГЛЫ ГАДЖИКАСИМОВ, 29.05.1960 г.р, адрес: г. Москва, САМОКАТНАЯ УЛ. д.3/8 корп.А

Demək, oğlu Yusif və nəvələri.

***

Oneqin özü isə bu ünvanı 38 il əvvəl tərk edib. 1985-ci ildə. Ayrılanda isə həyat yoldaşı, daha dəqiqi dördüncü arvadı Tatyanaya belə deyərək:

- Mən gedirəm. Narahat olmayın. Peşman olmayacam, mən onun hüzuruna gedirəm. Amma bilin, siz peşman olacaqsınız.

Həmin gün, elə qarlı mart axşamı 49 yaşlı Onegin Moskvanın “Kiyev” vağzalına gəlir. Oradan isə elektrik qatarıyla Kaluqaya üz tutur.

Niyə?

Nə səbəbə?

Nə baş vermişdi axı?

Bütün Rusiyanın, SSRİ-nin, az qala səcdə etdiyi şairə, bəstəçiyə nə olmuşdu? İsti yerini, şöhrətini, sevimli qadınlarını niyə tərk edirdi?

Biz, düz 38 ildən sonra Oneginin getdiyi yolla düz Kaluqaya qədər gedəcəkdik.

Məhz onun iziylə.

Amma hələlik Yusifi və oğlanlarını axtarırıq…

Ardı var...

SİMSAR JURNALI, N:18

Cəmil Əhmədli

 







13 Noyabr, 2013  17:13 Baxılıb: 3824 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner