Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

GÜNEL MÖVLUD AXTARIR: “100 İLİN AYRILIĞI” - FOTOSESSİYA

İyirmi ildən sonra Mollalıdan bir nəfər də gəlib, oradakı nəvə-nəticələrimi tapacaq. Bu ailə 100 ildən sonra da mütləq birləşəcək....

Ölkəmizdən kənarda yaşayıb, özündən sonra böyük bir iz qoyan insanlar var ki, onlar haqqında demək olar ki, heç nə bilmirik. Halbuki, ömrünü ana vətəninə həsr edən bu insanlar ürəklərdə, könüllərdə elə bir taxt qurublar ki, onların izləri tarixin yaddaşından heç bir zaman silinmir. Bu nömrədən başlayaraq “Simsar” jurnalı oxucularına yeni rubrika təqdim edir. “Simsarın izi” adlı layihədə tarixdə böyük iz qoyan insanlar araşdırılacaq, onların haqqında söhbət açılacaq.

(Əvvəli http://simsar.az/news/a-22906.html )

Birinci məyusluq

Qədim Qumda açdığım üçüncü səhəri «sübhanə»ni yeyən kimi vaxt itirmədim. Rastgələ bir taksiyə oturdum. Bəxtimdən, sürücü türk çıxdı. Və taksi xdmətindən əlavə haqqını ödəmək şərtilə gəzəcəyim yerlərdə tərcüməçiliyi öz boynuna götürdü.
Yazımın qəhrəmanı Məşədi Qasımın nəvə-nəticələrinin dediklərnə görə onun kürəkəni Qum şəhərinin girəcəyindəki bir məsciddə pişnamaz imiş. Sürücüdən xahiş elədim ki, maşını Qum şəhərinin girəcəyindəki məscidə sürsün. Sürücü:
- Hansı tərəfdən? - soruşanda, çaşıb qaldım. Bilmirdim. Düşündüm ki, hər halda Tehran tərəfdən olar. Maşın yerindən tərpəndi.
İyirmi dəqiqədən sonra Qum şəhərinin Tehran tərəfdən girəcəyindəki birinci məscidin qarşısında idik. Düşüb, məscidin həyətinə girdik. Söyüd ağaclarının altında sərinlənən bir neçə kişidən iyirmi il əvvəl burda pişnamaz olan ağayi Kəbirini tanıyıb-tanımadıqlarını soruşduq. Və eşitdiyimiz cavab məni məyus elədi:
- Axı bu məscidin iyirmi yaşı yoxdur. Cəmi on bir ildi ki, tikilib...
Deməli, ağayi Kəbiri burada pişnamaz ola bilməzdi. Amma bir qədər düşünəndən sonra kişilərdən biri dedi:
- Axı iyirmi il əvvəl, Qumun girəcəyi buralar olmayıb. O vaxt Qumun girəcəyi tamam başqa yerdə idi, Tehrandan gələnlər həmin yoldan şəhərə girirdilər. Girəcəkdə də köhnə bir məscid var. Bəlkə də əlli yaşı var o məscidin. Sizin Ağayi Kəbiri yəqin o məscidin pişnamazı olub.

Ağayi Kəbirini tapırıq


İçimdə elə bir hiss vardı ki, elə bil axtardğımı tapmışam. Tez maşına minib, bizə təsvir olunan yerə tələsdik. Yolda sürücüyə bura nə üçün gəldiyimi, kimi axtardığımı, harda qaldığımı danışdım. Əlindən gələn qədər kömək edəcəyinə söz verdi. 
Bizə deyilən məscidə çatmağımız on dəqiqə çəkdi. On dəqiqədən sonra böyük və adamsız, söyüdlərlə dolu, daş döşəməli həyəti olan bir məscidə gəlib çıxdıq. Sürücü və tərcüməçim məni həyətdə qoyub, məscidə girdi. Bir neçə dəqiqədən sonra oradan bir yaşlı adamla çıxdı. Yaşlı adam bir mənə, bir əlimdən yerə qoymadığım şəkilə baxıb, başını buladı. Sonra Ağayi Abuzərə (sürücünün adı belə imiş) nəsə dedi. Ağayi Abuzər cibindən kağız çıxarıb, nəsə yazdı. Sonra başı ilə mənə işarə elədi ki, gedək.
Maşına oturduq. Ağayi Abuzər dedi ki, altı-yeddi il əvvəl burada bir Kəbiri adlı pişnamaz olub. Amma indi yaşlanıb, daha işləyəcək halda deyil. Məscidə də gəlib getmir. Evində olur.
Axtardığım adamı belə tez tapacağıma ümid eləməzdim. Amma hər şey qəfil həll olunmuş, Ağayi Kəbirini, yəni Məşədi Qasımın kürəkənini elə birinci gün tapmışdım!
Maşını bizə verilən ünvana sürdük. Böyük bir bina idi. Bu binada ruhanilər yaşayırdı. İçəri keçmək üçün mütləq ev sahiblərinin icazəsi lazım idi. Qapıda dayanan sərbazlara dərdimizi anlatmağa çalışdıq. Bizə güzəştləri bu oldu ki, axtardığımız evin nömrəsini yığıb, telefonu ağayi Abuzərə uzatdılar..
Ağayi Abuzər bir neçə dəqiqə telefonla danışandan sonra, məyus halda dəstəyi qoydu, sərbazlara təşəkkür elədi. Və dedi:
- Ağayi Kəbiri daha bu evdə yaşamır. Həyat yoldaşını da götürüb, Məşhədə köçüb.
Gözümün önünə avtobusla on saaatlıq yol, Məşhəddəki axtarışlar gəldi. İlahi, hələ nə qədər yol getməli, nə qədər axtarmalı idim?!
Əlim-ayağım sustaldı. Məyuscasına maşına oturdum. Ağayi Abuzərdən xahiş elədim ki, otelə sürsün. Bir az yatıb, dincəlmək istəyirdim.

Bu Kəbiri, o Kəbiri deyil

Həmin gün bütün axşamı yol tədarükü gördüm, Qumdan Məşhədə gedən avtobusların vaxtını öyrəndim. Özümü yola, başqa şəhərə hazırladım və ağayi Abuzərdən sabah səhər ertədən məni oteldən götürüb, avtobus vağzalına aparmasını xahiş elədim. 
Qumda açıdığm dördüncü səhəri yenə yol ovqatında idim. Əşyalarımı maşına yığıb, ağayi Abuzərdən tərpənməyi xahiş edəndə, qəfildən ağlıma gəldi ki, axı biz bu Kəbirinin biz axtardığımz Kəbiri olub-olmadığnı dəqiqləşdirmədik. Ən azından arvadının, Məşədi Qasımın adını öyrənməli idik.
Ağayi Abuzərdən xahiş elədim ki, maşını bir də həmin məscidə sürsün.
Məscidə çatdıq. Dünən bizə ünvan verən kişini tapıb, ağayi Kəbirinin arvadının adını dəqiqləşdirməyə çalışdıq. Kişi ağayi Kəbirinin arvadını adını bilməsə də, dedi ki, o qadın əslən Xoylu idi. Və onların iki qızları varmış. Deməli, bu, biz axtardığımız Kəbiri deyildi...Çünki Məşədi Qasımın qızı Qumda doğulub-böyümüşdü. Və düz dörd uşağı vardı.

Mən 100-dən çox imamzadəni axtarmalıyam

Deməli, mən axtarmağa təzədən başlamalı idim. Amma hardan? Ağlıma gələn üsullar çoxlu vaxt və zəhmət tələb edirdi. Dini mədrəsələri, axivləri axtarmaq, məscidlərdəki yaşlı adamlardan soruşmaq, qəbristanlıqları gəzmək....
Amma nə qədər əziyyətli, üzücü üsullarla da olsa, mən onu tapmalı idim. Ağayi Abuzərdən maşını Qumun ən köhnə qəbiristanlıqlarından birinə sürməyini istədim. Qəbristanlığa çatanda Məşədi Qasımın məzarını tapmaq fikrindən o dəqiqə daşındım. Burada minlərlə qəbir vardı, çox nadir hallarda məzarların üstündə mərhumun şəkli olurdu. Farsca oxumaq isə elə bir çıxış yolu deyildi, çünki Məşədi Qasım İmanzadənin burada hansı adla dəfn olunduğunu bilmirdim.
Otelə qayıtdım. Məşədi Qasımın Rusiyada yaşayan nəvəsinə zəng elədim. Babasının hansı qəbistanlıqda dəfn olunduğunu soruşdum. Dedi ki, atası İrandan qayıdanda babalarının hansısa imamzadədə dəfn olunduğunu danışırdı. Amma dəqiq hansı imamzadə olduğu yadında deyildi.
Otel inzibatçısının yanına endim. Ondan Qumda hansı imamzadələrin olduğunu soruşdum. güldü:
- Baba, Qumda yüzdən çox imamzadə var. Qurbanolduqlarımın az qala hamısı Qumda dəfn olunub...
Daha keçmişdi. O məzarı tapmaq üçün mən yüz imamzadə gəzməli idimsə, deməli, gəzəcək, axtaracaqdım.
Ağayi Abuzərə zəng elədim. Onca dəqiqəyə otelin qarşısında idi. Bəri başdan xəbərdarlıq elədim ki, axtarışımız uzun çəkə bilər. Hətta günlərlə sürə bilər. Amma axtarmalıyıq. İmamazadələri gəzəcəyimzi biləndə, heyrətlə başını yellədi:
- Xanım Şəms (adımı tələffüz edə bilmədiyi üçün belə deyirdi), Qumda imamzadədə tanımadığın adamın məzarını axtarmaq səhrada qum axtarmaq kimi bir şeydi.
Dedim ki, bilirəm. Amma axtarmalıyıq, başqa yolu yoxdu.

Səhrada qum dənəsini axtarmaq

İlk imamzadə türbəsinin həndəvərində yüzə yaxın məzar vardı. Qəbirlərin çoxu köhnə olduğundan üstündə şəkillər yox idi. Fars dilini bilmədiyimə, ağayi Abuzəri isə tez yorduğuma görə, məzarlara baxa-baxa axtarmaq olduqca absurd idi. yaxınlıqdakı inzibatçı otağına getdik. Ağayi Abuzər inzibatçıdan xahiş elədi ki, burada dəfn olunan adamların ad və soyadlarını sadalasın. Qoca fars kişisi qeyd dəftərini açıb, burada dəfn olunanların ad və soyadlarını, həmçinin doğulduqları yerləri bir-bir sadaladı. Sadalananların arasında axtardığım adamın adına uyğun bir ad yox idi. 
Axşama qədər imamzadələri gəzdik. Əvvəl məzarlara baxır, sonra inzibatçıdan burada dəfn olunanların syahısını istəyir, imamzadə həyətlərində oturan yaşlı adamlara Məşədi Qasımın şəklini göstərir, burada belə bir adamın dəfn olunmadığına əmin olandan sonra çıxıb gedirdik.
Axşama yaxın, növbəti imamzadəni axtaranda, inzibatçı bizdən kimi axtardığımızı soruşdu. Məşədi Qasımın hekayətini ona qısaca nağıl elədim. Belə bir adam barədə eşitmədiyini desə də, nəsə düşünüb, bir kağız çıxartdı. Kağıza bir ünvan yazıb, ağayi Abuzərə uzatdı. Dedi ki, ora gedək, bu imamzadə bu günlərdə sökülür. Əsaslı təmir olunacaq. Bu günlərdə oranı axtara bilməsək, yaxın bir neçə ay ərzində həyətinə heç kimi buraxmayacaqlar.

Məscid həyətindəki həddindən artıq qoca bir kişi...

Tələm-tələsik maşına minib o adamın bizə verdiyi ünvana getdik. Bura olduqca köhnə, dağınıq, kasıb bir məhəllə idi. Məhəllədəki qırmızı kərpicli, qədim evlərin əksəriyyəti ya sökülmüş, ya da yarıuçuq idi. Dar küçələrdə qara-qara, yarıçılpaq oğlan uşaqları atılıb-düşür, arada-bir qara kölgəyə oxşayan çadralı arvadlar, uzun əbalı kişilər görünürdü.
Adam düz demişdi. Gəlib çatdığımız imamzadə (deyəsən, 9-cu imamın oğlunun məzarı burada idi) əməlli-başlı təmirə hazırlaşırdı. Həyəti taxta-şalban, daşlar, başqa tikinti ləvazimatları ilə dolu idi.
İmamzadənin həyətində məzar az idi. Otuz- ya qırx qəbir olardı. Ağayi Abuzər məzarların üstünü oxumağa başladı. Mənsə Məşədi Qasım İmanzadənin böyüdülmüş şəklini əlimdə tutub, divar dibində oturan qocaların yanında yerə çökdüm ki, bir az dincəlim.
Elə bu vaxt yanındakı yaşlı adamlarla söhbət eləyən qoca bir kişi (yaşı səksəni keçmiş olardı) qəfildən qucağımdakı şəkli baxıb, susdu. Mənə heç nə demədən şəkli dartıb əlimdən aldı. Qocanın hərəkətn görən ağayi Abuzər tez yanımıza gəldi.
Qoca şəkli həyacanla yanındakı adamlara göstərib:
- Şeyx Qasım Qafqazi?! - dedi....

Ardı var






5 Avqust, 2013  17:33 Baxılıb: 2020 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner