Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

GÜNEL MÖVLUD AXTARIR: “100 İLİN AYRILIĞI” - FOTOSESSİYA

İyirmi ildən sonra Mollalıdan bir nəfər də gəlib, oradakı nəvə-nəticələrimi tapacaq. Bu ailə 100 ildən sonra da mütləq birləşəcək....



Ölkəmizdən kənarda yaşayıb, özündən sonra böyük bir iz qoyan insanlar var ki, onlar haqqında demək olar ki, heç nə bilmirik. Halbuki, ömrünü ana vətəninə həsr edən bu insanlar ürəklərdə, könüllərdə elə bir taxt qurublar ki, onların izləri tarixin yaddaşından heç bir zaman silinmir. Bu nömrədən başlayaraq “Simsar” jurnalı oxucularına yeni rubrika təqdim edir. “Simsarın izi” adlı layihədə tarixdə böyük iz qoyan insanlar araşdırılacaq, onların haqqında söhbət açılacaq.

Təyyarə havaya qalxanda məni əsməcə tutdu. Ömrümdə ilk dəfə idi ki, çıxdığım səfər məni qorxudurdu. Məqsədimin alınmayacağı ümidsizliyi bir kənara, səfər üçün də ən əlverişsiz vaxt idi. İranda çaxnaşmalar tüğyan edirdi. Mənsə həmin ölkənin bu dəqiqə qayır-qayır qaynayan paytaxtına, oradan da İranın həmişə ən həssas yerlərindən olan Quma gedirdim. Əlimdə nə bir tanış telefon nömrəsi, nə də ünvan vardı. Gedəcəyim yerlərdə adını bildiyim bircə adam da yox idi. Mən o qərib ölkədə “heç kim”in yanına gedirdim.
Orada tək olacaqdım, tamamilə tək.

Yəqin ki,1937-ci ildə Stalin repressiyasının təqibindən başını götürüb, Quma qaçan Məşədi Qasım da Araz çayını keçəndə belə qorxurmuş. Təkbaşına, qərib ölkəyə bircə simsarının da olmadığı şəhərə gedən Məşədi Qasım İmanzadə Arazın bu tayında nə qədər doğmasını buraxmışdı?! O, bütün bir tayfanı – hələ çar Nikolayın vaxtında kəndli zümrəsindən çıxarılıb, ruhani zümrəsinə aid edilən bütün Mollalılar tayfasını – çoxsaylı əmizadələrini, indiki və keçmiş arvadlarını, iki qızını və həyat yoldaşı Mədinənin bətnindəki üç aylıq körpəsini Sovetlər ölkəsində qoyub gedirdi. Arvadı Mədinənin bətnində üç aylıq körpəsi olmasına baxmayaraq, Məşədi Qasım gedər-gəlməzə yollananda ona demişdi: “Oğlum olacaq. Adını Fazil qoyacaqsan. Bütün Cəbrayıl qəzasında ona Fəzli deyəcəklər. Mən yəqin ki, bir də buralara qayıda bilməyəcəm. Fəzli uzun illərdən sonra məni, ya da qəbrimi İranın Qum şəhərində tapacaq. Sonra yenə ara qarışacaq. Oradakı övladlarımla buradakılar bir-birini itirəcəklər. İyirmi ildən sonra Mollalıdan bir nəfər də gəlib, oradakı nəvə-nəticələrimi tapacaq. Bu ailə 100 ildən sonra da mütləq birləşəcək. Çünki Hacı İmanqulu ocağı elə bir ocaqdı ki, ora aid olanlar istəsə də bir-birini həmişəlik itirə bilməzlər…”

…Bakı indi gözümə bapbalaca görünürdü. Evlər, maşınlar kibrit qutusundan da balaca idi. Mənsə hələ də qorxu içində idim. İlahi, neyləyəckdim Tehranda? Quma necə gedəcəkdim? Farsca bilmirəm, yanımda tərcüməçi yox, orada da heç kim rusca, ingiliscə bilmir? Necə olacaqdı? Ağlıma min cür fikir gəlirdi...
Əslində seksual manyak olan taksi sürücüsünə ürcah olacağımı, qadın trafiki ilə məşğul olan dəstənin əlinə düşəcəyimi, orqan mafiyasının əlinə düşə biləcəyimi, başımdan çadra sürüşdüyünə görə qırmanclanacağımı, tək-tənha qalacağım otel otağında başıma nələr gələ biləcəyini düşünür və üşənirdim. Ağlıma gələnlər məni elə sarsıtmışdı ki, stüardessanın mənə uzatdığı şirə gözümə qan kimi göründü və içərkən ağzımda sanki qan tamı verdi...

1937-ci ildə ateizm təbliğatının baş alıb getdiyi, dindarların, ruhanilərin təqib olunduğu, həbsə atıldığı, işgəncələrə məruz qaldığı vaxtlarda Qarabağın Cəbrayıl qəzasının Mehdili kəndindən qaçan Məşədi Qasım İmanzadəni axtarmağa gedirdim. Hələ 1992-ci ildə - İranla sərhədlər açılar-açılmaz Qum şəhərinə yola düşən və orada atabir, anaayrı bacısı Fatiməni, bir də atasının məzarını tapan Fəzli kişi Məşədi Qasımın ölüm xəbərini gətirmişdi. İyirmi il bundan əvvəl Fəzli kişi atası Məşədi Qasımın dediyi kimi, Qum şəhərinə getmiş onun qəbrini və qızını tapmışdı. Oradan qayıdandan bir il sonra ermənilər Cəbrayıl rayonunu işğal etmişdilər. Əlindəki bütün ünvanları, telefon nömrələrini, şəkilləri itirən Fəzli kişinin özü də bu işğaldan bir neçə il sonra rəhmətə getmişdi. Ata da, oğul da, Məşədi Qasımın Arazın bu tayında qalan iki qızı da rəhmətə getmişdi. Amma içində həsrət odu, gözlərində nigarançılıq səngiməmiş bütün bir tayfa - Mollalı tayfası Məşədi Qasımın məzarını və qızını itirməyi həzm edə bilmirdi. Saysız-hesabsız əmizadələr, Fəzlinin, Gülsümün, Dürrənin otuza yaxın oğul-qızları, sayı yüzü keçən nəvələri üzünü görmədikləri ulu babaları Məşədi Qasımı tapmağı özlərinin ən ali qan borcları biliblər. Mən İrana, sayı yüzü keçən bir tayfanın qan borcunu yerinə yetirməyə gedirdim. İyirmi il əvvəl Quma, atasını ya da onun məzarını axtarmağa yollanan Fəzli kişinin də o vaxt mənim kimi, əlində nə bir ünvan, nə bir nömrə, nə bir nişan vardı. Məşədi Qasımın İranda hansı soyadla yaşadığını belə bilmirdim. Amma onu tapacağıma inanırdım. Əlimdə nömrə, ünvan, şəkil yerinə ürəyimi tutub gedirdim. Çünki iyirmi il əvvəl – altmış illik həsrətdən sonra da atasını axtarmağa yollanan Fəzli kişinin də əlində ürəyindən başqa heç nə yox idi. 1937-ci ildə silahlı rus əsgərlərinin qoruduğu Arazyanı sərhəddi adlamağı, heç kimi tanımadığı Qum şəhərində məskən salmağı gözə alan Məşədi Qasım da ürəyindən başqa heç nəyə güvənməmişdi.

Təyyarə Tehrandakı İmam Xomeyni Hava Limanına endi. Arada vaxt eləyib, saçlarımı mümkün qədər yaylığın altına toparlaya bilmişdim. Ürəyim əsə-əsə çantamı arxamca sürüdüm. Hava limanında məni ilk təəccübləndirən ölkəyə gələnləri dəstə-dəstə gül-çiçəklə qarşılayan adamlar oldu. Belə qaramat ölkədə insanların gül-çiçəyə həvəsli olmaları həm adamı sevindirir, həm də iki saatdır içimi gəmirən qorxularımı bir az səngidirdi. Elə hava limanındaca yerli operatorun bir nömrəsini aldım. Yerli valyutanın məzənnəsini, Tehrandan Quma gedən taksilərin, Qumdakı otellərin qiymətini araşdırdım. Allahdan, rast gəldiyim suyuşirin fars oğlan türkcə bilirdi. O mənə nömrə aldı, pul dəyişdi, taksi və otel pulunu ayırdı, əskinasların dəyərini başa saldı. Və tərtəmiz biləsuvar ləhcəsində danışan bir taksi sürücüsü çağırıb, məni hara aparacağını söylədi. Çantamı sürücüyə təhvil verib, məni Allaha əmanət etdi... Taksi sürücüsünün təkcə ləhcəsi deyil, özü də Biləsuvarlı imiş. Onun gül kimi Biləsuvarı buraxıb, xurafatı bol olan ölkədə nə itinin azdığını soruşmaq istəyərdim, amma məni «qorxulu Tehran»dan üzü Quma aparan sürücünün sorğu-sualımı yanlış anlayacağından çəkinərək susdum. İçimdəki qorxu səngisə də, hələ keçməmişdi… Quma çatanda gecə qurtarırdı, amma hələ səhər açılmamışdı. Bütün şəhər yuxuda idi. Mən «qorxulu Tehran»dan yuxulu Quma çatmışdım. Taksi sürücüsü uzun-uzadı yollarla şəhərin mərkəzini dolaşdıqdan sonra, axır ki, mənə uyğun bir otel tapdı-şəhərin əsas məscidinin, yəni «hərəm» deyilən “Böyük Məscid”in yanında «əl-Zəhra» oteli.
Sürücünün pulunu ödəyib, pasportumu yuxulu inzibatçıya təhvil verib, otağıma qalxdım və qapını arxadan bərk-bərk bağlayıb, qorxmuş bir adam üçün həddən artıq dərin bir yuxuya getdim. Yox, yatmazdan əvvəl «resepsion»a zəng eləyib, saat 11-də məni oyatmalarını xahiş elədim… Səhər, gözümün acısını alandan sonra Qum şəhərində Məşədi Qasımın qəbrini, qızını, nəvələrini axtarmalı və mütləq tapmalı idim. Mütləq…
Bəs niyə mən? 1976-cı ildə dünyasını dəyişmiş, axırıncı sorağı 1992-ci ildə alınmış Məşədi Qasımın nişanələrini niyə məhz mən axtarmalı idim? Onun məzarını, öldü-qaldısı bilinməyən qızını, nəvələrini tapmaqda nə idi məqsədim? Jurnalist marağımı? Təzə layihə təqdim etmək cəhdimi? Yox, səbəb təkcə bunlar deyildi…Səbəb daha vacib, daha məhrəm və o qədər də mənəvi məsələ idi… Bu barədə, sonra…
İndi, icazənizlə, Məşədi Qasım İmanzadənin, Qarabağda maarifçilikləri və inancları ilə ad çıxarmış Mollalılar tayfasının ürək parçalayan hekayətini sizə nağıl eləyim…
O, 19-cu əsrin son illərində, Cəbrayıl qəzasının Mehdili kəndində yeddi arxa dönəni dini təhsil alıb, ruhaniliklə məşğul olan Hacı Məmmədqulunun ailəsində dünyaya gəlmişdi…

Ardı var…

Günel Mövlud (Simsar jurnalı)

 






6 İyul, 2012  18:38 Baxılıb: 2877 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner