Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

GÜNEL MÖVLUD: “100 İLİN AYRILIĞI”

(Əvvəli http://simsar.az/news/a-22906.html)

Qumda təzəcə yerləşdiyim «Əl-Zəhra» otelinin balaca otağında o baş-bu başa gedib-gələrək O-nun sorağını, məzarını, övladarını, nəvə-nəticələrini necə tapacağımı götür qoy eləyirəm. Vəziyyətim özümə çıxılmaz görünür: axtardığım adamın buradakı soyadını belə bilmirəm. Burada yaşadığı ehtimal olunan qızının soyadını bilmirəm. Hansı mədrəsədə dərs dediyini, məzarının hansı qəbristanlıqda olduğunu bilmirəm. Heç nə bilmirəm - bircə bunu bilirəm ki, Azərbaycanda böyük bir nəsil məndən soraq, hövsələsiz redaktorum isə yazı gözləyir.
Otel xidmətçisi qapını döyüb, çay gətirdiyini deyir. Başımı örtmədən, əynimə qollu paltar geyinmədən qapını açıram, heyrətlə mənə baxan otel xidmətçisinin heyrətinə fikir verməyib çayı alıram, onun ovcuna xırda pul basıb, gülümsəyərək qapını örtürəm və nə qədər çarəsiz olduğumu düşünürəm.
Az qala yadımdan çıxmışdı: mən sizə ateizm təbliğatının ən qızğın çağında, gecə həbs olunub, güllələnəcəyindən xəbər tutan, gecə ikən Arazı keçib, İrana adlayan və bir daha vətəninə qayıda bilməyən Azəbaycanlı din və elm adamı, əsl möminin həyat hekayəsini danışacaqdım...
Hacı Məmmədqulunun 5 oğlu - Qasım, Əyyub, Yusif, İbrahim, Məhəmməd və Rahil adlı bir qızı vardı. Ailə bütün Cəbrayıl mahalında dinə xüsusi bağlılığı və qəribə taleyi ilə məşhur idi - mənsub olduqları Mollalı tayfasında dünyasını dəyişənlərn hamısının məzarı qərib olurdu. Bu tayfadan hələ heç kimin nəsibinə doğma kəndlərində dəfn olunmaq düşməmişdi.
Beş qardaşın arasında dinə və təhsilə ən maraqlısı Qasım çıxmışdı. Yeniyetməlik yaşından Təbrizə gedib, ali dini təhsil almışdı. Elə həmin illərdə də Məşhədə gedib, «Məşədi» ünvanını almışdı. Təhsilini qurtaran kimi, doğma kəndində iman və elmi yaymaq üçün geri - Arazın bu tayına qayıtmışdı.
Məşədi Qasımı sonuncu dəfə canlı görən kənd sakini - 1919-cu il təfəllüdlü Gülbəs xanım onun doğma kəndə qayıdışını belə təsvir eləyir:
- O, qayıdan gün kəndin bütün qız-gəlinləri çəpərləri aralayıb Məşədi Qasıma baxırdılar. Atın belində gəlirdi, iranlılar kimi geyinmişdi - əynində uzun, ağ əba, başında ağ çalma vardı, narın saqqallı, üzü elə gözəl idi ki, hamının ağlı başından çıxırdı. Gələndən bir müddət sonra atası Hacı Məmmədqulu onu Bacıxanım adlı hündürboylu, qəşəng bir qızla evləndirdi. Cəmi bir neçə ay çəkdi evlilikləri... O vaxtlar çar qaçaqlarının tez-tez kəndlərə gəlib-getdiyi vaxtlar idi. Mənsum adlı bir qaçaq vardı - tez-tez kəndə gəlir, camaatın dərd-sərinə qulaq asır, ağsaqqallarla söhbət eləyir, tez də gedirdi. Özü də cavan, yaraşıqlı adam idi. Qaçaq Mənsum bu dəfə gələndə xəbər kəndə yayılır. Qonum-qonşuda hamı Qaçaq Mənsumun gəlişini bir-brinə xəbər verir. Həmin ərəfədə Məşədi Qasımın həyat yoldaşı, təzə gəlin Bacıxanım məcməidə çay gətirir. Həyətdən:
- Qaçaq Mənsum gəldi! - xəbərini eşidəndə, Bacıxanım əlindən məcməini salır. Bunu görən Məşədi Qasım arvadının bu cavan qaçağı sevdiyini anlayır və onu boşayır. Aradan bir az keçəndən sonra Məşədi Qasım öz əli ilə keçmiş arvadının kəbinini Qaçaq Mənsuma kəsir. Bir müddətdən sonra Məşədi Qasım atasının məsləhəti ilə əmiqızılarından biri ilə evlənir. Bir neçə ildən sonra məlum olur ki, həyat yoldaşı Məşədi Qasımı övlad sahibi edə bilməyəcək. Bu arada Məşədi Qasım Qum şəhərinə səfər eləyir.
Qum şəhəri sakinlərinin dinə bağlılığı, ilahiyyat məktəblərinin, dini ocaqların çoxluğu onu heyran eləyir və nə zamansa bu şəhərə yenə gələcəyinə söz verir. Qumdan öz obasına qayıdan Məşədi Qasım evində yad, gənc bir qadın görür. Həyat yoldaşından bu qadının kim olduğunu soruşanda, arvadı deyir:
- Əmioğlu, sənin sonsuz qalmağına razı ola bilmərəm. Bu qızın adı Mədinədi. Sənə arvad gətirmişəm.
İkinci arvadının istəyi ilə Məşədi Qasım Mədinə ilə də evlənir. Mədinədən iki qızı Gülsüm və Dürrə doğulur. Cəbrayıda yaşadığı illər ərzində Məşədi Qasım obada əsl iman əhli, elm adamı və ən əsası – içi sevgi ilə dolu mömin bir adam kimi ad çıxarır. Kəndlərində balaca bir məktəb açaraq, orada kənd uşaqlarına pulsuz dərs verməyə başlayır. Məşədi Qasım həmin illərdə dini qazanc, basqı alətinə çevirən insanlarla da mübarizə aparır. Hətta buna görə, atası ilə də mübahisə edir: onun dini ayinləri yerinə yetirəndə pul almağını qadağan eləyir. Onun inanılmaz dərəcədə möminliyi, Allah adamı olmasının sorağı bütün Qarabağ mahalında gəzir. Kənd camaatının bu məsələ barədə danışdığı bir neçə maraqlı əhvalat var:
Məşədi Qasım bir dəfə atası Hacı Məmmədqulu ilə yanaşı at belində gedirmiş. Qarşılarına tanımadıqları adam çıxır və Məşədi Qasımın atının yüyənindən yapışır:
- Məşədi, düş atdan.
Heyrətə gələn Məşədi Qasım soruşur:
- Niyə?
- Çünki bu at mənimdi.
- Axı, bu at bizim öz atımızın balasıdı. Gözümün qabağında doğulub, böyüyüb?
- Allaha and olsun ki, at mənimdi.
Məşədi Qasım atdan düşüb, yüyəninin tanımadığı adamın əlinə verir.
Atası Hacı Məmmədqulu heyrət və hirslə:
- Atı ona niyə verirsən, axı bu atın özümüzünkü olduğunu bilirsən?!
Məşədi Qasım atasından soruşur:
- Sən kimi şahidi göstərirsən ki, at bizimdi?
- Necə yəni kimi? Səni...
- Bəs bu adam kimi şahid göstərir?
- ....Allahı...
- Onda, at kimindi?
Hacı Məmmədqulu deməyə söz tapmır və atı tanımadıqları adama verməli olur. Bir neçə gündən sonra belə mömin bir adamın malını əlindən almağın günahının ağır olacağından qorxan adam atı gətirib Məşədi Qasıma bağışlayır və əbasının ətəyindən öpərək çıxıb gedir.
Məşədi Qasım qardaşlarının və öz arvadlarının ümidinə buraxılan xəstə analığına da özü qulluq eləyir. Öz əli ilə arvadı yuyunduranda kişilər ona deyir ki, yaxşı deyil, bu işi gəlinlərə tapşırsın. Amma o etiraz eləyir:
- Birdən gəlinlər ürəklərində bu işdən narazı qalarlar, analığım günaha batmış olar. Mən bu işi sevgi ilə görürəm, qoy savaba keçsin. Onun əməlləri və həyat tərzi ilə çıxartdığı ad-san Cəbrayıl rayonunda beləcə yayılır...Tale və Sovet hökuməti fədakarlıq, zəhmət və imanla keçən bu dinc günləri ona çox görür. Bütün ölkədə aparılan ateizm təbliğatı, din xadmlərinin təqibi ondan da yan keçmir. Gecələrin birində rayon milisinin onun həbsi barədə əmr aldığını öyrənən Məşədi Qasım öz cəzasının nə olacağını bilir - güllələnmə! Evdə xəstə atası, xəstə analığı, üç aylıq hamilə arvadını qoyub gecə ilə İrana adlamalı olur Məşədi Qasım. Və gedərkən arvadına son sözlərini deyir:
- Oğlum olacaq. Adını Fazil qoyarsan. Amma bütün kənd ona «Fəzli» deyəcək. Oğlum məni axtarmağa gələcək - qoy, məni Qumda axtarsın. Məni tapmasa da oradakı oğul-uşağmı mütləq tapacaq. Sonra ara qarışacaq. Bir-birilərindən uzaq düşəcəklər. Aradan iyirmi il keçəndən sonra yenə bir nəfər mənim izimə düşəcək, nəvə-nəticələrimi tapacaq. Çünki ayrılıqlar, qəribçilik və axtarmaq bu nəslin alnına yazılıb...
Belə şeylərə inanmasam da, indi Məşədi Qasımın öncəgörməsinə inanmaq məcburiyətində idim: arvadının bətnindəki uşaq doğrudan da oğlan doğulmuşdu, adını Fazil qoymuşdular, amma bütün mahal onu Fəzli deyə çağırmışdı. Sərhədlər açılan kimi, 1992-ci ildə Fazil Quma gedib, atasının məzarını və bacısı Fatiməni tapmışdı. Geri qayıdan kimi, doğma kəndlərindən qaçqın düşmüşdülər. Və bütün əlaqələr itmişdi.
İndi 2012-ci il idi. Hacı Fazilin bacısını tapmağından və ayrılmağından düz iyirmi il ötürdü. Və mən İranın qum şəhərində Məşədi Qasımın izini, nəvə-nəticələrini axtarırdım. Məşədi Qasımın öncəgörümlərinə inansam - deməli, mütləq tapmalı idim. Tapacaqdım...
Oteldən çıxdım. Başımı birtəhər bağlayıb, küçələri dolaşdım. Rastıma qəribə bir qapı çıxdı. Qapıdan içəri keçdim: bura yerə döşənmiş, üstü farsca yazılı, hər birinin başında balaca bir söyüd ağacı bitən beton piltələrlə dolu bir həyət idi. Başdaşı yerinə söyüdlərin əkildiyi qəbiristanlıq.
Qəbiristanlığın bir ucunda quraşdırılmış namazgahın yanında olduqca yaşlı və olduqca köhnə-kürüş paltarlı bir kşi oturub, əlindəki kitabdan nəsə oxuyurdu. Qəbiristanlıqda gəzən seyrək ziyarətçilər ona yaxınlaşıb, pul uzadır, kiminsə ruhuna dua oxumağını istəyirdilər.
Mən də ona yaxınlaşdım. Pul uzadıb:
- Məşədi Qasımın ruhuna bir dua oxuyun - dedim.
Molla ərəbcəmi, farscamı olan sözləri uzada-uzada oxuyanda mən qəbiristanlıqdan uzaqlaşa-uzaqlaşa düşünürdüm:
- Mənim Məşədi Qasımın izini tapmağım bu molladan, bu duadan başlamalıdı...
Küçə çayçısının yanında dayanıb, pıqhapıq qaynayan nəhəng samovardan bir stəkan çay içərək, otelə qayıtdım. Otağıma girən kimi, eynimi bi az açmaq üçün «xəfiyyə» rolunu oynamağa başladım. Məşədi Qasımın izinə düşə biləcəym ehtimalları bir-bir kağıza yazaraq, divara yapışdırmağa yəni. Ehtimallar bunlar idi:
1) Qəbristanlıqlardan birində başdaşısının üstündə şəklini görəcəm.
2) Kürəkəninin iyirmi il əvvəl işlədiyi məsciddə onu tanıyan tapılacaq.
3) Dini mədrəsələrdən birinin qeyd dəftərində adı çıxacaq.
Dördüncü ehtimalı isə daha zarafatyana yazdım. Ancaq filmlərdə və romanlarda rast gəlinə biləcək bir ehtimal:
4) Məscid həyətində oturmuş lap qoca bir kişi Məşədi Qasımın şəklini tanıyacaq....
Yorğun, kədərli və ümidsiz idim. Heç kimi tanımadığım bu Qum şəhərində özümü olduqca köməksiz və qərib hiss eləyirdim. Atama zəng elədim. Sonra heç zaman bu vaxtlar yuxuya gedə bilmədiyim halda, yatağıma uzanıb, dərin bir yuxuya getdim. Sabah bütün Qumda Onu axtaracaqdım...

(Ardı gələn sayımızda)

“SİMSAR” JURNALI 

 






6 Noyabr, 2012  16:44 Baxılıb: 1569 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner