“İrəvan qədim şəhərlərdən birisi hesab olunur. Bu şəhərin binası və təmiratı Zəngi adlanan çayın sol kənarında vaqe olubdur. Şəhərin bir hissəsi Zəngi çayının kənarında ucalmış təpə üstündə, digər bir hissəsi çuxurda düşübdür. Şimali-qərbi və şimali-şərqi tərəflərdən şəhər əhatə olunubdur uca təpələr ilə, amma cənub və qərbi-cənub tərəfləri açıq və düz yerlərdir ki, onda gözəl bağ, bağça və məzrələri vardır. …Şəhri-İrəvan keçmişdə mərkəzi-üləma, füzəla və şüəra olub”. - İrəvan şəhərinin coğrafiyası ilə bağlı bu tərif-təyin görkəmli Azərbaycan ədəbiyyatşünası Firidun bəy Köçərliyə aiddir. İndi Ermənistan Respublikasının paytaxtı olsa da, tarixdən bəlli olduğu kimi, ermənilər İrəvana geniş surətdə 1828-ci il Türkmənçay (Rusiya-Qacarlar) müqaviləsindən sonra, 1828-30–cu illərdə köçürülüb. 1918-ci ildə isə yeni qurulan - tarixdə ilk erməni dövlətinin - Ermənistan Respublikasının paytaxtı olub. - Tarixdə başqa belə fakt demək olar yoxdur, - yəni, bir şəhər 90 il içində ora mərhələlərlə köçürülmüş başqa bir xalqın paytaxtı statusunu daşısın… Çünki: -Orada ərazi üzərində öncədən əhalisi olmayan bir şəhər deyil, mədəniyyətcə zəngin, müsəlman-türk şəhəri mövcud idi; -90 il öncə ora köçürülmüş bir xalq, uluslararası siyasi proseslərdən yararlanaraq həmin şəhəri özünün milli-siyasi paytaxtı elan etməyə nail oldu; -Bu, şəhər-mülkiyyət və kimlik transformasiyasının dramatik, hüquqi baxımdan da problematik bir örnəyidir. İrəvanda: 1829-cu ildə 9889 nəfər azərbaycanlı, 2174 erməni, 1831-ci ildə 7331 nəfər azərbaycanlı, 4484 erməni, 1886-cı ildə 7228 nəfər azərbaycanlı, 7142 erməni, 1897-ci ildə 12516 nəfər azərbaycanlı, 12529 erməni yaşayırdı. SSRİ Ali Soveti Rəyasət Heyətinin 18 iyul 1988-ci il tarixli iclasında keçmiş SSRİ-nin ilk və son Prezidenti Mixail Qorbaçov da vurğulayırdı ki, XX yüzilliyin əvvəlində İrəvan şəhərinin sakinlərinin 43 faizini azərbaycanlılar təşkil edirdi. Artıq 1922-ci ildə bu qədim Azərbaycan şəhərində 5124 nəfər azərbaycanlı, 40396 erməni, 1926-cı ildə isə 4968 nəfər azərbaycanlıya qarşı 57295 erməni yaşamaqdaydı… Şəhərin adı 1936-cı ilədək Erivan/İrəvan adlansa da, 1936-cı ildə dəyişdirilib rəsmən Yerevan qoyuldu... Aydındır ki, şəhər əhalisi zorən dəyişən dinamika nümayiş etdirdiyi kimi, onun siması, infrastrukturu və s. də dəyişdirilirdi. İrəvanda son yüzillikdə Ermənistan hökumətinə aid strukturların yerləşdiyi binalar azərbaycanlılara məxsus evlər, mülklər və hətta qəbristanlıqlar sökülüb-dağıdılaraq onların yerində tikilib. İndi Paşinyanın əyləşdiyi Hökumət Evi, Ermənistan parlamentinin, Ermənistan Prezidentinin, İrəvan meriyasının və b. binaları bir vaxtlar o koordinatlarda mövcud olmuş, bizimkilərə xas ev-eşik, mal-mülk, bağ-bağat və (artıq vurğuladğımız kimi) hətta məzarlıqların yerində alçaqlıqla “ucaldılıb”… Belə tikililərin bəzisi İrəvanın ünlü azərbaycanlılarından Məhəmməd ağa Vəkilovun mülkünün yerində - onun tapulu torpağında tikilib. Biz bu yazıda Vəkilovlara vurğu etsək də, ümidvarıq, digər nəsillərin nümayəndələri də öz səsini (bir daha) ucaldacaq, daha konkret və azbilinən, unudulan bilgiləri ictimaiyyətə çatdıracaqdır. Və indiyədək bu planda iş görmüş, araşdırmalar aparmış, əsərlər yazıb kitablar bağlamış aydınlarımıza könül dolusu salam-sayğılarımı yetirirəm! Haşiyə-1: İRƏVAN VƏKİLOĞULLARI Qazax-İrəvan-Şərur-Dərələyəzdə (eləcə də, Tiflis və Dərbənddə) məskunlaşan Vəkiloğulları - Vəkilovlar nəslinin bir hissəsi İrəvan şəhərində yaşayıb. Onların ulu babaları - Paşa bəy və Cəfər bəy Kərim bəy oğulları buraya Qazaxdan köçüb. Vəkilovlar İrəvanda artıb-şaxələnib, həmin çağların bu türk-müsəlman şəhərində mötəbər ailələrdən sayılıb. Köhnə İrəvanda onların adını daşıyan "Vekilovskaya ulitsa" olub. Nəslin nümayəndələrindən Hacı Cəfər bəy İrəvanda məscid tikdirib. Sonralar, bir çox digər küçələr (Pənah Xan, Sultanlıq, Naxçıvan, Daşlı, Dəyirman, Karvansaraylar, Təpəbaşı küçələri, Qəriblər gecəsi, Məscid döngəsi və b) kimi həmin küçənin də adı dəyişdirilib. Vəkilovların İrəvanda Təlmə adlanan bağları, dəyirmanları, çörək dükanları olub. İndiki İrəvanda "Rossiya" kinoteatrının qarşısından uzanan geniş ərazi də onların olub. İrəvan Vəkilovlarının kökündə dayanan Paşa bəy Kərim bəy oğlunun İrəvana XIX yüzilin ortalarında köçdüyü təxmin edilir. Onun bu şəhərə gəlişinin səbəbi tam bəlli deyil. Paşa bəydən bir oğul - Kərim bəy qaldığı güman edilir. Kərim bəyin də öz növbəsində üç oğlu olub - Məhəmməd bəy, Paşa bəy, Cəfər bəy (görünür, Hacı Cəfər bəydən oğul davamçı qalmadığından Kərim bəy əmisinin adını oğluna qoyub). MƏHƏMMƏD AĞA VƏKİLOV (MƏHƏMMƏD BƏY KƏRİM BƏY OĞLU VƏKİLOV) Məhəmməd ağa şəhərin sayılan adamlarından olub. Onun övladları bunlardır: Kərim bəy, Qədim bəy, Yusif bəy, Hüseyn bəy, Səkinə xanım, Sura xanım, Həbib bəy. İrəvan şəhərində doğulmuş ünlü Vəkilovlar: Pofessor Telman Hüseyn oğlu Vəkilov - bir müddət Azərbaycan SSR Qazlaşdırma Komitəsinin sədri, sonra (keçmiş) SSRİ-nin Neft-Qaz Sənayesi nazirinin müavini işləyib; Polkovnik Qədim bəy Vəkilov - Il Dünya müharibəsinin iştirakçısı olub, Berlinin azad olunmasında iştirak edib, Berlinin rayonlarından birinin hərbi komendantı olub; Professor Vaqif Vəkilov - hazırda Tibb Universitetinində çalışır; Məhəmməd ağa Vəkilovun oğlu Kərim bəy diplomatik fəaliyyətlə məşğul olub. Böyük nəsil olan Vəkilovların İrəvan qolunun nümayəndələrindən həyatda olanlar var və onlar İrəvanda keçirdikləri günləri yaxşı xatırlayır. (Haşiyənin sonu) İrəvanda “Векиловская улица” - Vəkilov küçəsi (Վեկիլով փողոց; خیابان وکیلوف (Xiyaban-e Vəkilov); Vakilov Street) mövcud olması, onların şəhərsalma və inzibati mühitdə tanınmış hüquqi subyekt olduqlarının göstəricisidir. O dönəmin gerçəklərini, dövrün iqtisadi intonasiyasını nəzərə alsaq, deməli, Vəkilovlar ticarət obyektləri (dəyirman, çörək dükanı və s.) – daşınmaz əmlak üzərində hüquqi mülkiyyət haqqını sübut edən iqtisadi göstəricilərə malik olub. Ayrıca, “Təlmə/Dəlmə” adlanan bağlar və torpaq sahələri və s. – özəl torpaq mülkiyyətçiliyi hüququnun tarixi izidir. Vəkilovlardan Hacı Cəfər bəyin tikdirdiyi məscid – yalnız ictimai nüfuz deyil, həm də mülki və dini hüquq əsaslı tanıqbəlgəsi (şəhadətnamə) kimi səciyyələndirilə bilər. 1924-cü ildə şəhərşünas-memar Aleksandr Tamanyanın (04.05.1878, Yekaterinodar (Krasnodar), Rusiya İmperiyası - 20.02.1936, İrəvan, Ermənistan SSR) işlədiyi baş plana əsasən İrəvanın mərkəzində Lenin (indiki Respublika) meydanı yaradılırdı. Burada əsas məqsəd Ermənistan SSR hökumətinin yerləşməsi üçün monumental bina tikmək, bununla da, İrəvanın klassik Azərbaycan (Türk-İslam) şəhəri imicini “Sovet Ermənistanının paytaxtı” imici ilə dəyişmək - şəhərə yeni obraz vermək olub. Aydındır ki, İrəvanın simasını köklü şəkildə dəyişim planı yalnız bir tikili və bir küçə, bir meydanla ölçülmürdü. Bu plan içrə, Vəkilovların, eləcə də digər İrəvan azərbaycanlılarının torpaqları müsadirə olunub, mülkiyyət hüquqları pozulub, varidatları dağıdılıb. Alternativ (və daha simvolik) məkan olan İrəvan Xan Sarayının ərazisi mərkəzi icra hakimiyyəti orqanları üçün məqsədli şəkildə seçilməyib (Hökumət Evi “Xan Sarayı” assosiasiyasında - paralel adında qalmasın deyə)… Saray isə sonradan yerlə bir edilib... Hökumət Evi və çevrəsindəki yeni tikililərin memarlıq və ideoloji göstəricilərinə gəldikdə, onlar neoklassik və “erməni milli üslubu”nda tikilib, monumental görüntü yaradılıb. Müvafiq meydan və bina başda olmaqla, yeni tikililərlə “erməni dövlətçiliyi”nin simvolunu yaratmağa cəhd olunub (Respublika Meydanı, Hökumət Evi 1, 0010 İrəvan, Ermənistan; ətraf İnfrastruktur: Ermənistan Tarix Muzeyi, Milli Qalereya və s.) Bütün bu vurğuladığımız məqamlar Sovet hakimiyyətinin İrəvanda öncəki mədəniyyət qatlarını yox etmək siyasəti ilə tam üst-üstə düşür... Başqa vacib vurğular: -Dövlət binaları tikilərkən yaxınlıqda sökülmüş binaların – o cümlədən Vəkilovlar mülkünün yararlı daş, ağac və s. materiallarından da istifadə edilib; -Respublika Meydanı – sonradan Ermənistanın siyasi rəmzinə çevrilib və burada kütləvi siyasi aksiyalar, dövlət tədbirləri keçirilib. - O cümlədən şəhərin əsl sakinlərinin, Azərbaycanın, Türk-İslam aləminin əleyhinə çıxışlar edilib, Azərbaycanın, Türkiyənin bayraqları o meydanda qorxaqcasına ayaqlanıb, alçaqcasına yandırılıb…
✅ (ll bölüm) Tarixi kontekst və texniki gerçəkliklər Vəkilovların mülkü – İrəvanda yerləşən, yüksək zövqlə tikilmiş, ayrı-ayrı bölgələrdən gətirilmiş seçmə materiallarla ucaldılmış üçqatlı ev və yardımçı tikililərdən ibarət olub. Əsasən İrəvan çevrəsindən (yaxınlarından) daşınmış materiallardan başqa, ağac materiallar (palıd, qozqara, vələs, fıstıq) – Vəkilovlara doğma Şəmşəddil meşələrindən (indiki Tovuz-Qazax bölgəsi), daşlar – İrəvanın ətraf dağlıq və bəzək daşları ilə zəngin ərazilərindən gətirilib. Bəzi materiallar at arabaları ilə, bəzi hallarda (Trans-Qafqaz) dəmiryolu ilə daşınıb. Naxışlı taxta şəbəkələr və ornamentli daş oymalar – dövrün zövqünə uyğun yerli ustaların əl, ağıl və ruhi gücüylə işlənib. Müsadirə və yenidən istifadə mexanizmi 1920-ci illərdə sovetləşmədən sonra İrəvandakı bir çox azərbaycanlılara məxsus mülk: • Dövlətləşdirilib (müsadirə olunub), • Dağıdılıb və ya yenidən istifadəyə yönləndirilib. Memarlıq baxımından praktika: -Sökülən binaların saxlamalı və künc bağlama daşları – yenidən istifadə üçün ən yararlı materiallar sayılıb; -Ən keyfiyyətli daşlar fasadların sütun bazalarında, karniz elementlərində, portal girişlərdə istifadə olunub; -Şəbəkələr və bəzəkli ağac elementləri – daha çox interyer təmirində, pəncərə üstlüklərində, tavan naxışlarında və s. tətbiq edilib. Hökumət binasında izlər… Gəlin bu məqamda, memarlıq araşdırmaçıları üçün maraqlı paralellər (ritorik suallar) qurmağa çalışaq: -Hökumət binasının karnizlərindəki qəhvəyi və açıq-boz rəngli daş parçaları, öncəki mülklərdən daşınmayıbmı?.. -Yerli tuf daşı ilə yanaşı, gözəgəlməz yerlərdə istifadə olunan materialların ikinci dərəcəli daşlardan olması, onların sökülmüş tikililərdən gəldiyini göstərmirmi?.. -Əgər azərbaycanlı mülklərinin yeni fotoşəkilləri və ya planları tapılsa, Hökumət Evi və çevrədəki 100 yaşlı tikililərdə detallar ilə müqayisə aparmaqla bənzərliklər ortaya çıxarıla bilməzmi?.. (XX yüzilin sonlarında Qarabağdan talanıb aparılmış ev materialları, hətta qəbristanlıqlardan çıxarılmış mərmərlər erməni generalların, imkanlı ermənilərin villalarında, bağ evlərində istifadə olunmayıbmı?..) Mübaliğəyə nə hacət? - Vəkilovlar mülkünün ağac işləmələri və daşları, həmin dönəmin iqtisadi çətinliyi və material çatışmazlığı ortamında, sistematik şəkildə sökülüb, yenidən istifadə edilib… Özəl boyaların əldə edilməsi üçün Naxçıvan, Göyçə, İrəvan və b. yerlərdən yığılmış çöl bitkilərinin, ağac qabıqlarının emalı, habelə azərbaycanlılara məxsus ev quşlarının bir neçə aylıq yumurtasının toplanaraq (halal yolla) satınalınması - onların Vəkilovlar mülkünün tikintisində, süsündə, boyanmasında incədən incə istifadəsi də bu məqamda xatırlanmalıdır… Bax, onların izi – artıq yoxa çıxmış bir sarayın ruhu kimi, Ermənistan Hökumət Evinin, çevrədəki 100 yaşlı tikililərin təməlində, divarlarında və s. “susub” yaşayır… Yaşayır ki, doğma səs duysun, doğma söz eşitsin, doğma üz görsün və bir gün yenidən doğma ruha köklənsin… Pozğunların pozuculuğu İrəvanın tarixdəki ilk erməni dövlətinin paytaxtı elan edildiyi zaman Vəkilovların və digər yerli İrəvanlıların mülklərinin yadellilər tərəfindən “milliləşdirilmə”si, daha doğrusu, müsadirəsi mülki hüquq pozuntusudur. Əgər bu mülklər yaxud mülk yeri sonradan dövlət binası kimi istifadəyə verilibsə, bu, hüquqi təzminat iddiası baxımından önəm daşıyır. Bəs, bu bilgilər gələcəkdə tarixi mülkiyyət iddiası üçün (mülki və uluslararası) hüquq tribunallarında istifadə edilə bilərmi? - Əlbəttə, hüquq uzmanları bu suala daha detallı cavab verə bilər. Mövzu üzrə başqa bir istiqamət arxitektonika və ailə soykökü ilə bağlıdır: Paşa bəy → Kərim bəy → Məhəmməd bəy → Kərim bəy, Qədim bəy, Yusif bəy və b. – bu nəsil ağacı həm tarixi tanıqlıq, həm də miras hüququnun izlərini göstərmək baxımından vacib sayılmalıdır. Sizcə, bu ailənin üzvlərinin İrəvandakı mülkiyyət bəlgələri, şəkilləri, məktubları və ya istinad edilə biləcək qaynaqları varsa, bunlar ən güclü hüquqi sübut sayılmazmı?.. - “Çıraqov və digərləri Ermənistana qarşı” (Chiragov and Others v. Armenia) adlı - 10 il öncə qərara bağlanan işi yadımıza salaq. — Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci, 13-cü, 14-cü maddələrinin, Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu haqqında Azərbaycan vətəndaşları Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qaraca Cəbrayılovun bundan 20 il öncə - 06.04.2005-ci ildə verilmiş iddiası üzrə Avropa İnsan Haqları Məhkəməsi 16.06.2015-ci ildə qərar qəbul edib.
✅ (lIl bölüm) Beləliklə, gəlin Vəkilovların İrəvan mülkləri, torpaqları və s. ilə bağlı mümkün uluslararası hüquq istinadlarını sıralamağa çalışaq: a.) Mülkiyyət hüququnun toxunulmazlığı prinsipi: “No one shall be arbitrarily deprived of his property”. (Universal Declaration of Human Rights, Article 17(2)); b.) İrsi mülkiyyətin qorunması: “Every person has the right to the peaceful enjoyment of his possessions”. (Protocol No. 1 to the European Convention on Human Rights, Article 1); c.) Tarixi mülklərin müharibə və köç sonucunda müsadirəsi hallarında hüquqi məsuliyyət: “Expropriation without due process or compensation constitutes a breach of customary international law”. (UN Sub-Commission on Prevention of Discrimination and Protection of Minorities, 1993 Report). Vəkilovların milli hüquqla uyğunlaşdırıla biləcək istinadları (Azərbaycan Respublikası Mülki Məcəlləsi kontekstində): a.) Əmlak hüququ: “Əmlak hüququ — mülkiyyətçinin əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam hüququdur”. (Azərbaycan Respublikası Mülki Məcəlləsi, Maddə 148.1); b.) Öncəki hüquqi rejimə əsaslanan mülkiyyətin bərpası: “Əgər mülkiyyət hüququ qanunsuz olaraq məhdudlaşdırılıbsa, o bərpa olunmalı və zərərçəkmiş şəxsə kompensasiya ödənilməlidir”. (Azərbaycan Respublikası Mülki Məcəlləsi, Maddə 157.2); c.) İrs hüququ: “Vəsiyyət və ya qanun üzrə irs əmlakın varisə keçməsi hüququnu müəyyən edir”. (Azərbaycan Respublikası Mülki Məcəlləsi, Maddə 1143 və davamı)… Haşiyə-2: Əgər İrəvanda Vəkilovlara məxsus mülk 1920–1930-cu illərdə müsadirə olunubsa, bu zaman həmin prosesin əsaslandığı qanunverici akt SSRİ-nin şəhərsalma və yenidənqurma planları (özəlliklə İrəvanın sovetləşdirilməsi planları; 1924–1935) ola bilər. Məhz bu planlarla türk-müsəlman irsi sistemli şəkildə sökülüb, əvəzində “sovet monumentalizmi” qondarılıb. Bəli, 1920-ci ildən sonra Qafqazda Sovet hakimiyyətinin qurulması ilə mülkiyyət münasibətləri radikal şəkildə dəyişib. Öncəki hüquq sisteminin – Çar Rusiyası dönəmində qanuni qüvvəyə malik olan tapuların və mülkiyyət aktlarının hüquqi qüvvəsi aradan qaldırılıb və “xalq mülkiyyəti” konsepti irəli sürülüb. SSRİ-nin formalaşma dönəmində fərdi mülkiyyət hüququ sistemli şəkildə ləğv edilərək, genişmiqyaslı milliləşdirmə siyasəti tətbiq olunub. Bu, özəlliklə şəhərlərdə yerləşən əmlaklara, o cümlədən İrəvan azərbaycanlılarına xas mülklərə şamil edilib. Vəkilovlara məxsus mülkün müsadirəsi də məhz bu “hüquq rejimi”nin (hüquqsuzluğun!) tərkib hissəsi kimi həyata keçirilib. Lakin diqqətçəkən məqam odur ki: -Milliləşdirmə aktları çox vaxt fərdi mülkiyyətin hüquqi sahibinə bilgi verilmədən, formal razılıq alınmadan həyata keçirilib; -Əksər hallarda bu müsadirə prosesi yazılı aktlar və qanuni əsas olmadan icra edilib; -Vətəndaşların məhkəməyə müraciət və ya kompensasiya tələb etmək hüququ real olaraq təmin olunmayıb və s. SSRİ-nin hüquq sistemində mülkiyyət hüququ formal olsa da, onun faktiki qorunması ideoloji və siyasi şərtlərə tabe idi. Beləliklə, Məhəmməd ağa Vəkilovun tapulu mülkünün müsadirəsi yalnız ideoloji təmələ deyil, həm də milli mənsubiyyətə əsaslanan təzyiq siyasətinə söykənib… Vəkilovların mülkünün Ermənistan hökuməti nəfinə keçirilməsi SSRİ qanunları ilə “formaca” əsaslandırılsa da, bugünkü beynəlxalq hüquq və insan hüquqları konvensiyaları baxımından mülkiyyət hüququnun pozulmasıdır. - Bu, əmlakın qaytarılması və ya kompensasiya tələb etmək üçün hüquq zəmini yaradır. Vəkilovların başqa bir hüququ - qeyri-qanuni müsadirə hallarında restitusiya və təzminat prinsipləri: Pinheiro prinsipləri-BMT (Pinheiro Principles– UN, 2005): “Bütün qaçqınlar və məcburi köçkünlər, qanunsuz və ya əsassız şəkildə məhrum edildikləri hər hansı yaşayış yeri, torpaq və/və ya əmlakın onlara geri qaytarılması hüququna malikdirlər” (“All refugees and displaced persons have the right to have restored to them any housing, land and/or property of which they were arbitrarily or unlawfully deprived”). Bu prinsip əmlakın bərpası hüququnun beynəlxalq səviyyədə tanınmasına dair olub, mülkiyyət hüququnun pozulmasına qarşı müdafiə mexanizmi olaraq çıxış edir (Principle 2.1, UN Principles on Housing and Property Restitution for Refugees and Displaced Persons). Bəs Ermənistan Respublikasının Anayasası nə deyir? - Ermənistanın Anayasasında mülkiyyət hüququnun toxunulmazlığına təminat ifadə olunur. Anayasanın 31-ci maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququna malik olduğu və bu hüququn yalnız qanunla müəyyən edilmiş hallarda və qaydada məhdudlaşdırıla biləcəyi vurğulanır. Bu müddəa, mülkiyyətin qanunsuz müsadirəsinin qarşısını almağa yönəlib. Gəlin Ermənistanın qoşulduğu beynəlxalq konvensiyalardan irəli gələn öhdəlikləri də xatırladaq. Ermənistan Respublikası bir sıra beynəlxalq konvensiyalara qoşulub, bu konvensiyalar da mülkiyyət hüququnun qorunmasını təmin edir. -Avropa İnsan Hüquqları Konvensiyası (AİHK): Ermənistan, AİHK-nın 1 saylı Protokolunun 1-ci maddəsinə qoşulub. Bu maddəyə əsasən, hər kəsin mülkiyyət hüququna hörmət edilməlidir və dövlətlər bu hüququ yalnız ictimai maraqlar naminə və qanunla nəzərdə tutulmuş qaydada məhdudlaşdıra bilər. -BMT-nin İnsan Hüquqları üzrə Ümumi Bəyannaməsi: Ermənistan, İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin 17-ci maddəsini qəbul edib. Bu maddəyə əsasən, hər kəsin mülkiyyətə sahib olmaq hüququ vardır və heç kəs öz mülkiyyətindən əsassız olaraq məhrum edilə bilməz. Göründüyü kimi, tarixi ədalətsizliklərlə dolu bir yaddaş oyanır... Bu, təkcə Vəkilovlar ailəsinin deyil, ümumən Azərbaycan tarixinin yaddaşına yazılmalı bir hadisədir. Bu hadisəni hüquq planı ilə yanaşı digər əməli çalışma sahələri üzrə də incələməkdə fayda vardır. İndi isə hüquqdan yayınmadan, ömrü boyu hüquqdan yayınmışların əməllərinə münasibətdə publisistikanın imkanlarına üz tutaq: Unudulmuş taxta pilləkənlərdən baştutmamış dövlət (unconsolidated state) tribunasına… Bəli, tarix bir binadan, evdən ibarət deyil. Bəzən bir daşın yerindən tərpədilməsi bir xalqın yaddaşını silkələyir. - “Hər saxsı parçası, hər məzar daşı, Nəsildən nəsilə bir yadigardır”… - Elə bu poetik müəyyənlik də Vəkilova - Xalq şairi Səməd Vurğuna məxsusdur… İrəvanda Ermənistan hökumətinə, İrəvan şəhər neriyasına və s. tabe qurumların yerləşdiyi bəzi binalar — azərbaycanlıların sovet hakimiyyəti qurulduqdan sonra, əsassız olaraq “milli”ləşdirilən tapulu mülkləri və torpaqları üzərində ucaldılıb. İstər Vəkilovlara, istər digər yerli irəvanlılara məxsus mülklər təkcə maddi sərvət deyildi — onlar böyük azərbaycanlı ocaqlarının yaşadığı, nəfəs aldığı, xatirələr və zəhmətlə dolu məkanlar olub. İrəvanın ən baxımlı ərazilərində ucalan evlərin sökülüb “Yeni İrəvan”, “Sovet Ermənistanı” binalarında istifadə edilməsi sadəcə texniki deyil, simvolik zorakılıq aktı olub… — Bir xalqın yaddaşının tikə-tikə daşınması kimi… - Bu, erməni xislətidir: XX yüzilin başlarında beləydi, 100 ildən sonra da belə oldu; çalışmalıyıq, o adıyaman eyləmlər 50-100 ildən sonra (və heç vaxt!) bir daha təkrarlana bilməsin!.. Bu gün həyatda olan İrəvan doğumlu soydaşlarımız keçmişin ağrı-acını təkcə ailə deyil, milli yaddaşın itkisi kimi yaşayır... XX yüzilin əvvəllərində Güney Qafqazın sosial-siyasi coğrafiyasında baş verən dəyişiklər bir sıra ailələrin mülkiyyət hüququnun ciddi şəkildə pozulması ilə sonuclandı. Tarix yalnız keçmişin salnaməsi deyil, həm də bu günün hüquqi və mənəvi borclarını müəyyən edən qaynaqdır (kateqoriyadır). Uluslararası hüququn çağdaş normativləri belə halları yalnız tarixi fakt kimi deyil, eyni zamanda hüquqi qiymətləndirmə və kompensasiya mexanizmləri çərçivəsində çözülməli məsələ kimi nəzərdən keçirir. Bu yazıda vurğulanan mülkiyyətin “milliləşdirilməsi” və onun üzərində dövlət binası tikintisi faktı da uluslararası hüququn prinsipləri çərçivəsində incələnməli, dünya təcrübəsi və hüquqi presedentlər araşdırılmalıdır. Tarix hər zaman yalnız keçmişi anlamaq üçün deyil, həm də bu günün hüquqi və mənəvi gerçəklərinin idrakı üçün öyrənilir. Qafqaz coğrafiyasının zəngin, eyni zamanda ziddiyyətli tarixi, xalqların taleyinə toxunan yüzlərlə ədalətsizlik və hüquq pozuntuları ilə doludur. Bu kontekstdə, İrəvan şəhərinin mərkəzində bir vaxtlar yerli irəvanlılara məxsus olmuş mülklərin sovet dönəmində qanunsuz şəkildə “milliləşdirilərək” yeni forma və “məzmun qazanması”, hüquqi, siyasi baxımdan dərindən incələnməli hadisədir. Məhəmməd ağa Vəkilovun mülkü də, yalnız bir ailəyə deyil, bütün bir nəsilə — Azərbaycan ictimaiyyəti üçün əlamətdar bir nəslin İrəvandakı tarixi varlığına tanıqlıq edən bir simvoldur. Bu nəsil maarifçi, yaradıcı soyun təmsilçilərindən ibarətdir. Təkrarçılıq olmasın, mülkiyyət hüququ yalnız fərdi mülkiyyətə deyil, həm də kollektiv kimlik və tarixi yaddaşa bağlı olduğundan, belə halların hüquqi qiymətləndirilməsi uluslararası hüququn əsas prinsipləri baxımından önəm daşıyır. Hazırda həyatda olan İrəvan azərbaycanlıları orada keçirdikləri uşaqlıq və gənclik xatirələrini yaşadır. Onlar dv-eşiklərinin memarlıq üslubunu, interyer detallarını, hətta pilləkənlərin materialına qədər dəqiq şəkildə təsvir edir. Bu xatirələr təkcə nostalji deyil — onlar hüquqi kontekstdə “şifahi sübut” xarakteri daşımaqla, mülkiyyətin faktiki varlığını və ailəyə mənsubiyyətini təsdiqləyən ikinci dərəcəli hüquqi dəlillər qismində qəbul oluna bilər.
✅ (lV bölüm) Beynəlxalq məhkəmələrdə mülkiyyət hüququnun qorunması - analoji presedentlər AİHM (Avropa İnsan Hüquqları Məhkəməsi) praktikasında keçmiş sosialist ölkələrində müsadirə edilmiş mülklərlə bağlı bir sıra presedentlər mövcuddur. Örnəyi: “Broniowski v. Poland” işi – Polşa hökuməti tərəfindən kommunist dönəmində müsadirə edilmiş əmlak üçün kompensasiya mexanizmi yaradılması zərurəti vurğulanıb; “Kopecký v. Slovakia” işi – Şəxsi mülkiyyətin pozulması və sonradan restitusiyanın mümkünlüyü hüquqi qiymətləndirməyə cəlb edilib. Bu presedentlərə istinad etməklə, İrəvan azərbaycanlıları, o cümlədən Vəkilovların İrəvan qolunun varisləri (və ya Azərbaycan hüquq ictimaiyyəti) Ermənistan hökumətindən tarixi ədalətin bərpasını tələb edə bilər. Postsovet məkanında oxşar hallar və hüquqi sonuclar SSRİ-nin dağılmasından sonra postsovet ölkələrinin çoxunda keçmiş rejimin ədalətsiz müsadirə və milliləşdirmə siyasətinə hüquqi qiymət verilməsi məsələsi gündəmə gəlib. Özəlliklə Baltikyanı və Doğu Avropa dövlətləri bu yöndə bir sıra ciddi hüquqi addımlar atıb. Bu ölkələrdə fərdi, ailə mülkiyyətlərinin restitusiyası və ya kompensasiyası üçün xüsusi qanunlar qəbul edilib: Estoniya modeli – SSRİ dönəmində müsadirə edilən əmlakın öncəki yiyələrinə qaytarılması üçün 1991-ci ildən başlayaraq hüquqi baza formalaşdırılıb. - Əgər mülkiyyətin qaytarılması mümkün olmayıbsa, kompensasiya təklif edilib; Latviya təcrübəsi – Mülkiyyətin bərpası hüququ Anayasa prinsipləri səviyyəsində tanınıb və 90-cı illərdə bu yöndə yüzlərlə iddia təmin edilib; Almaniya örnəyi – İki Almaniyanın birləşməsindən sonra Doğu Almaniyada dövlətləşdirilmiş əmlaklara görə kompensasiya sistemi tətbiq olunub; Ukrayna vaxtilə Krıma dönən tatarların mülkiyyət hüququna sayğılı davranıb; Gürcüstan da Axıska türklərinin geridönüş haqları çərçivəsində (yetərli sayda olmasa da) bir sıra ailələrin ev-eşiyini özünə qaytarıb yaxud alternativ təklif edib və s. Bu örnəklər bir daha göstərir ki, keçmiş rejimlərin hüquq pozuntuları “hüquqi unudulma”ya düçar edilmir; əksinə, belə hallara hüquqi baxışın yaradılması həm keçmişin ədalətli qiymətləndirilməsi, həm də vətəndaşların güvəninin bərpası üçün əsas şərtdir. İndiki halda, İrəvan azərbaycanlılarının, o cümlədən Vəkilovların varislərinin haqları uluslararası hüquqa və Ermənistanın üzərinə götürdüyü öhdəliklərə əsaslanaraq bu yönlərdə tanına bilər: Restitusiya (əmlakın geri qaytarılması) hüququ Əgər mülkiyyət hələ də dövlət istifadəsindədirsə və hüquqi baxımdan azad durumdasa, uluslararası təcrübəyə əsaslanaraq onun hüquqən yiyələrinə qaytarılması iddia edilə bilər. Təbii, bu, Ermənistan qanunvericiliyinin indiki durumu və siyasi iradə ilə çox sıx bağlıdır. Əmlaka görə kompensasiya hüququ Daha gerçəkçi və geniş tətbiq olunan yol – kompensasiya tələbidir. Bu, iki yöndə mümkün ola bilər: -Ermənistan məhkəmələri vasitəsilə (daxili hüquqi prosedurlar əsasında); -AİHM vasitəsilə, Ermənistanın Konvensiya iştirakçısı olması və əmlak hüququnu qorumaq öhdəliyinə əsasən. Bir daha hüquqi mübarizə vasitələrini vurğulayaq: -Tanıqbəlgələri (Şəhadətnamələr), arxiv tapuları, digər bəlgələr, aktlar, protokollar – hüquqi sübutlar kimi təqdim oluna bilər; -Hüquqi ekspertiza və tarixi-mülkiyyət xəritələrinin bərpası – iddianı əsaslandırmaq üçün vacibdir; -Azərbaycan dövləti və QHT-lərinin (ümumən vətəndaş cəmiyyəti institutlarının) dəstəyi ilə bu məsələnin uluslararası müstəviyə çıxarılması. Bir sözlə, Məhəmməd ağa Vəkilovun, digər azərbaycanlıların İrəvandakı mülklərinin müsadirəsi və onun yerində Ermənistan hökumətinə xidmət edən infrastrukturun tikilməsi təkcə bir ailənin yox, bütöv bir mədəni irsin, kollektiv yaddaşın və hüquqi tarazlığın pozulması deməkdir. Bu hadisə, hüquq və tarix qarşısında cavabdehlik tələb edən fakt olaraq qalır. Önərilər: 1. Azərbaycan Hüquqşünaslar Konfederasiyası və AMEA-nın aidiyyəti institutları bu məsələni hüquqi-tarixi sənəd kimi araşdıra bilər; 2. Müstəqil hüquqşünaslar qrupu tərəfindən AİHM və digər uluslararası qurumlara müraciət üçün iddia hazırlaya bilər; 3. Vəkilovların və digər azərbaycanlıların hüquqi varislərinin iştirakı ilə tanıqlıq (şəhadət) və hüquqi sənəd toplama kampaniyası təşkil oluna bilər; 4. Ermənistanın uluslararası hüquqi öhdəlikləri kontekstində bu məsələ diplomatik və hüquqi səviyyəyə çıxarıla bilər; 5. Oxşar hadisələrin hüquqi presedent kimi toplanması üçün bölgəsəl hüquqi reyestr yaradılaraq uluslararası platformlarda təqdim oluna bilər. Bu cür təşəbbüslər təkcə bir mülkün deyil, bütöv bir tarixi yaddaşının bərpası deməkdir. Hüququn yüksək məqsədi, amalı və borcu ədalətin bərpasıdır. Bu bərpa həm keçmişin haqqını, həm də gələcəyin sabitliyini təmin edərdi...
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN! Qaynaqlar: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsi, Maddə 157 – Mülkiyyət hüququnun anlayışı və əhatə dairəsi. 2. İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyası (Protokol No.1, Maddə 1). 3. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (1948), Maddə 17 – Mülkiyyət hüququ. 4. Broniowski v. Poland, Application no. 31443/96, Judgment of the Grand Chamber of the European Court of Human Rights (22 June 2004). 5. Kopecký v. Slovakia, Application no. 44912/98, ECHR Judgment (28 September 2004). 6. Estonia’s Principles of Restitution, Estonian Ministry of Justice Reports, 1992–1996. 7. Sasse, Gwendolyn. The Politics of Property Rights in Post-Communist Transition, Cambridge University Press, 2003. 8. Kornai, János. The Socialist System: The Political Economy of Communism, Oxford University Press, 1992. 9. Əliyev, Z. (2010). “İrəvanda Azərbaycanlılara məxsus mülklərin taleyi”, Tarix və Hüquq jurnalı, №3. 10. Əlizadə, R. (2021). “Postsovet məkanda restitusiyanın hüquqi modelləri”, Qafqaz Hüquq Araşdırmaları, №5. 11. Avropa İnsan Hüquqları Konvensiyası, Protokol №1 (Maddə 1). 12. Universal İnsan Hüquqları Bəyannaməsi, 1948, (Maddə 17). 13. Azərbaycan Respublikası Mülki Məcəlləsi (Maddə 148, 157, 1143). 14. BMT-nin “Pinheiro prinsipləri”, 2005. 15. İbrahim Bayramov, “İrəvan şəhəri və onun tarixi haqqında”/ “Dirçəliş-XXI əsr” - 2008. 128-129-cu say. - Səh:91-99. 1905.az. “Vəkiloğulları” kitabı (“Qapp-poliqraf”, 2003; səhifə 542; Ramilə Vəkilova və Səməd Vəkilovun verdiyi bilgilər). Məhəmməd ağa Vəkilovun oğlu Kərim bəy Vəkilovun qızı Leyla xanım Vəkilovanın dedikləri və s.