Nazir açıqlamasında buna aydınlıq gətirib
“Azərbaycandakı turizm obyektlərində xidmət səviyyəsi bizi heç zaman qane etməyəcək. Çünki ildən-ilə biz daha yaxşı xidmətin olmasını istəyəcəyik, bu proses daimidir”. Simsar.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizm obyektlərinin və oradakı xidmət səviyyəsindən danışarkən deyib.
Onun sözlərinə görə, ildən-ilə sayı artan turizm müəssisələri istər-istəməz kadr hazırlığına ehtiyac duyurlar: “Biz şərt qoymuşuq ki, mütləq şəkildə bütün təşkilatlarda, müəssisələrdə turizm peşəsi olan kadrlar işləməlidirlər. Artıq turizm obyektlərində çalışanların kadr, peşə hazırlığı, dil bilgiləri, rayonun potensialı ilə tanışlığı, servis xidməti yoxlanılır”.
Ə.Qarayev qeyd edib ki, xidmət səviyyəsinin inkişafı üçün xüsusi ixtisaslaşmış kadrlara ehtiyac duyulur və hazırda bu istiqamətdə işlər aparılır: “Ötən il Azərbaycanda 42 hotel açıldı. Bu qədər hotel daxilində çalışacaq işçilərin eyni anda təkmilləşdirilməsi mümkünsüzdür. Artıq növbəti ildən etibarən 500 məzun mətbəx, xidmət, servis, bələdçilik və digər sahələrdə bu sənayeyə daxil olacaqlar. Yalnız bu yolla xidmət səviyyəsində inkişaf ola bilər. Hər bir müəssisə keyfiyyətli xidmətlərin təqdimatında maraqlı olmalı, rəqabət pis xidmətləri sıradan çıxarmalıdır. Artıq belə faktlar var”.
Məzuniyyətini harada keçirməsindən söz açan nazir istirahətini iki yerə böldüyünü deyir: “Hər zaman öz məzuniyyətimin bir hissəsini Azərbaycanda keçirirəm. Daha çox meşələrə, göllərə üstünlük verirəm. Sözsüz ki, dəniz qırağında olmaq da bizim üçün vazkeçilməzdir. Xəzər dənizindən kənara çıxmaq bəlkə də düzgün deyil. Amma bir yerdə oturmaqla yeni məlumatları almaq çətindir. Bu baxımdan Türkiyəyə, Avropaya da gedirəm. Bu il də Türkiyədə yeni açılmış hotelə türkiyəli həmkarım Əltoğrul Günayla birgə gedib baxacağıq və üç gün orada istirahət edəcəyik”.
DİGƏR XƏBƏRLƏR