Bu gün “Son zəng” çalınacaq
Bu gün Azərbaycanda 2024-2025-ci tədris ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınacaq. Simsar.az xəbər verir ki, bu il respublikanın ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 113 000 nəfərə yaxın şagird məzun olur. Onlardan 54 000 nəfərə yaxını qız, 58 000 nəfərdən çoxu oğlandır. 157 min 802 nəfər isə IX sinfi bitirir. Bundan başqa, 132 min 261 şagird birinci sinfi uğurla başa vuraraq ibtidai təhsilin ilk pilləsini tamamlayır. Ölkənin ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında isə cari ildə 85 minə yaxın uşaq təhsil alıb. Eyni zamanda cari tədris ilində işğaldan azad edilən rayonlarda fəaliyyət göstərən təhsil müəssisələrindən tam orta təhsil səviyyəsi üzrə 84 nəfər məzun olacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində IX sinifləri 46 min 406, XI sinifləri 33 min 517, XII sinifləri (əyani-qiyabi tam orta məktəb və qiyabi siniflər) isə 138 nəfər şagird başa vurur. Eyni zamanda, paytaxtda 38 min 206 nəfər I sinfi bitirir. Cari tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə ümumilikdə 513 min 923 şagird təhsil alıb və onların təlim-tərbiyəsi ilə 30 min 169 müəllim məşğul olub. Qeyd edək ki, 2015-ci ildən etibarən Azərbaycanın məktəblərində “Son zəng” mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.