Fazil müəllim düz deyir, amma...
Böyük Qurtuluş Partiyasının başçısı, millət vəkili Fazil Mustafa Rafael İsgəndərov və Coşqun Rəhimovun qadın paltarı ilə rol ifa etməsinə öz etirazını bildirib: “Yaxın zamanlarda Həcc ziyarətində olmuş bu insanlar məsələnin ciddiyətini daha dərindan anlamalıydılar. Sənət naminə hansısa tamaşa epizodunda belə bir rol almaq məcburiyyətində qala bilərlər və bunu bir az anlayışla qarşılamaq olar. Ancaq belə reklamlar onların özlərini də həqiqətən hörmətdən salır və bu barədə düşünmələrini istərdim. Bunu ona görə yazdım ki, kişi sənətçilərin qadın paltarına baş vurmasının artıq ənənə forması almasını və cəmiyyətdə adi hal kimi qarşılanmasını müşahidə edirik”. Fazıl Mustafa daha sonra “Bu şəhərdə”nin qəhrəmanları Rafael və Coşqundan Bakı meri Hacıbala Abutalıbova şikayət edəcəyini bildirib. Belə ki, millət vəkili “Məktubun məzmunu ilə sosial şəbəkədə olan insanlarımızın tanış olmasını məqsədəuyğun hesab edirəm” deyərək öz səhifəsində şikayət məktubunun məzmununu paylaşıb.
Media və sosial şəbəkələrdə də aktual mövzuya çevrilən məsələ ilə bağlı tanınmış aktyor və aktrisalardan münasibət öyrənməyə çalışdıq.
Rejissor Nicat kazımov isə belə halları adi qarşıladığını bildirdi: “ Çox normal baxıram. Bütün ölkələrdə qadın rolunu oynayan aktyorlar var. Rafaellə Coşqun da bu rolları çox gözəl ifa edirlər. Onlar bu reklamlarda heç də cinsi azlıqları təbliğ etmirlər. Əgər Rafaellə Coşqun qadın paltarında şəhərdə gəzsə idi irad bildirmək olardı. Bu halda onları qınamaq olmaz. N.Kazımov bildirdi ki, reklam sifarişçisinin zövqü burada əsas götürülür: “Məqsəd tamaşaçıda yumor, təbəssüm yaratmaqdır. Onların tamaşalarına bilet tapmaq olmur. Reklam sifarişçisinin zövqü burda əsasdır. Rafaellə Coşqunun burda heç bir günahı yoxdur”.
Məşhur aktyorlardan Azər Mirzəyev millət vəkili Fazil Mustafanın mövqeyini dəstəklədi: “Azərbaycanda teatr yaranandan qadın obrazlarını kişilər oynayırdı. Bu məcburiyyətdən yaranırdı. “Ordan burdan” tamaşasında da mərhum Yaşar Nuri və Rafael Dadaşov da qadın obrazı canlandırıblar. Amma bu dramaturji materialın tələbi olub. Yerli yersiz kişi aktyorların qadın obrazlarını canlandırması qəbul edilməzdir. Bəzən bunu iyrənc formada həyata keçirirlər. Belələrinin davamlı şəkildə qadın paltarları geyinərək insanları güldürməsi, şou yaratması aktyorluq sənətini ucuzlaşdırır. Həmçinin, yeniyetmə oğlanlarda qadın cildinə girməyə həvəs yaradır, bunun mümkünlüyünü aşılayırlar”.
Aktyor Elnur Kərimov isə hesab edir ki, Fazil Mustafanın ifadə etdiyi narahatlıqda Rafael və Coşqunun heç bir günahı yoxdur: “Cəmiyyətdə o qədər problemlər var ki, yaxşı olar ki Fazil müəllim “Avropa oteli”nin gecələr həndəvərində gəzən mavilər barədə Hacıbala Abutalıbova müraciət etsin. Birincisi Rafaellə Coşqun reklam çarxlarında maviliyi təbliğ etmirlər. İkincisi də reklam materiallarını şəhərdə onlar yerləşdirmirlər. Reklam sifarişi verən də onu şəhərdə yerləşdirən də “Azercell”dir”.
Simsar teatr studiyasının bədii rəhbəri aktyor Pərviz Məmmədrzayevdən də məsələ ilə bağlı fikirlərini öyrəndik: “Coşqunla Rafael mənim yaxın dostlarımdı, onları qardaşım kimi görürəm. Mən normal qarşılayıram. Onlar aktyordur və bir obrazı canlandırırlar. Buna tələb varsa heç bir problemdən söz gedə bilməz”.
Rafaellə Coşqunun Hacı olduğunu bilirik. Ona görə də, aktyorların qadın paltarı geyinmələrinə dində münasibətin necə olduğunu öyrənməyə çalışdıq.
Hacı Fuad Nurullah dində ümumiyyətlə aktyorluq anlayışının olmadığını dedi: “ Dində artist yoxdur. Artistlik məfhumu olmadığı üçün aktyorun qadın paltarı geyinib geyinməməsinə mən heç nə deyə bilmərəm. Bəlkə kimsə qadın libası geyinib pul qazanır. Mən buna nə deyə bilərəm ki?”
Aktyor Yasin Qarayev isə belə reklamların gənclərə mənfi təsiri olabiləcəyini dedi: “Bu gün cəmiyyətdə onları sevirlər. Heydər Əliyev sarayında tamaşa qoyulanda anşlaq olur. Amma Fazil bəylə razıyam ki, ictimai yerlərdə bu cür təbliğat aparmaq olmaz. Hətta aktyorun davamlı şəkildə qadın paltarı ilıə səhnəyə çıxması düzgün deyil. Rafaellə Coşqun istedadlı aktyorlardır. Rafaeli “Gəl qohum olaq” tamaşasına dəvət etmişəm gözəl rol oynayır. Onlar bacarıqlarından düzgün yararlanmalıdırlar. Həm reklam sifariş edən həm də reklamı yerləşdirənlər bu kimi məsələlərdə məsuliyətli olmalıdırlar. Belə reklamların gənclərə təsiri öyrənilməlidir”.
İlknur Salamova
DİGƏR XƏBƏRLƏR