Əgər Səni İndi Görsəydim, Hacı Şahin... - Xalidə Bayramova yazır...
Əgər indi Səni görə bilsəydim, Hacı Şahin, heç nə deməyə tələsməzdim… sadəcə bir anlıq susardım. Çünki bir insanın yoxluğunda bu qədər var olması, sadəcə sözlərlə izah olunmur. Əgər qarşıma çıxsaydın, gözlərində yenə o sakit, dərin baxışları görsəydim, bəlkə də biz susardıq, amma ruhlarımız danışardı. Sən getdin... amma biz Səndən ayrılmadıq. Hər yeni çağırışda, hər qarışıqlıqda, hər gəncin yolunu axtardığı anlarda biz içimizdə Sənin səsini eşidirik. Deyirlər, böyük insanlar öldükdən sonra da danışmağa davam edir. Sənin dediklərin isə elə əzəldən əbədiyyətə yazılıbmış – vicdanlara, qəlblərə, dualara. Əgər Səni görsəydim, soruşardım: Sən bizim üçün nə qədər ağır bir missiyanı necə bu qədər yüngül və təmkinlə daşıyırdın? Bəlkə də Sən cavab verməzdin. Sadəcə gülümsəyərdin – o tanış təbəssümünlə. Və mən başa düşərdim ki, Sənin gücün sözlərdə deyildi – sükutunda idi. Bizə Sən öyrətdin ki, din ancaq ibadət deyil – davranışdır, ədalətdir, mərhəmətdir. Sən dinin simasını insanın simasında göstərdin. Əgər Səni görsəydim, demək istəyərdim: burda Sənin yerin çox böyükdür. Hələ də insanlar Sənin danışdıqlarını paylaşır, moizələrinə qulaq asır, Səni axtarır. Hələ də Sənin getdiyin yollarla insanlar işıq tapmağa çalışır. Sənin yoxluğuna öyrəşmək olmur – çünki sən sadəcə bir insan deyildin, bir dəyər idin. Varlığın özü ilə etibar, sakitlik, əminlik gətirirdi. Sənə demək istəyərdim ki, xalq Səni unutmadı. Səni sevənlər təkcə yaşlılar deyil, gənclərdir. Onlar hələ də Sənin hikmətini öyrənmək istəyir, Sənin kimi olmaq istəyir. Bu ölkənin gələcəyi Sənin öyrətdiyin insanlarla formalaşacaq. Əgər bircə anlıq Səni görsəydim, deyərdim: narahat olma. Sənin qaldırdığın bayraq düşməyəcək. Sənin saldığın körpülər dağılmayacaq. Sənin adına sönməyən bir çıraq yandırılıb – o, qaranlıqların içində yol göstərəcək. Sən getdin, amma bizə istiqamət verdin. Və nəhayət… əgər Səni görsəydim, sadəcə bir şey deyərdim: Təşəkkür edirəm. Sənin varlığın, Sənin səbrin, Sənin hikmətin bu xalq üçün bir nemət idi. Allah Səni sevdiyi üçün özü yanına aldı. Biz də Səni sevdik… və həmişə sevəcəyik. Ruhun şad olsun, Hacı Şahin. Qəlblərdə yaşayırsan.