“Bir səsin cazibəsi” proqramı ictimaiyyətə təqdim olundu
Simsar.az xəbər verir ki, tədbir Türkiyə Səfirliyinin Nuru Paşa salonunda gerçəkləşib. Mətbuat konfrasında Əməkdar Artist Tünzalə Ağayeva ilə yanaşı bir neçə mötəbər insan iştirak edib.
Tədbirdən əvvəl sənətçinin fəaliyyəti ilə bağlı hazırlanmış videoçarx təqdim olunub. Daha sonra söz tədbir iştirakçılarına verilib. “Bir səsin cazibəsi” adı ilə təqdim ediləcək proqramı Türkiyə və Azərbaycan mədəniyyətlərinin qovuşması və birgə inkişafı baxımından böyük addım olduğunu deyən Seyid Ahmet bəy, “Tünzalə xanımın millətpərvərliyi iki ölkə mədəniyyətinin yaxınlaşmasına böyük tövhə olacaq”, - deyə sözlərinə əlavə edib.
Daha sonra, Əməkdar Artist televiziya layihəsi haqqında geniş məlumat verib: “Proqram hər həftənin şənbə günü Türkiyə vaxtı ilə saat 22:30-da efirə çıxacaq. İlkin olaraq, TRT Müziklə 13 proqramlıq müqavilə imzalanıb. Bu proqramlar təqdim edildikdən sonra layihənin davam edib-etməyəcəyini biləcəyik. Çox istərdik ki, proqram uzunmüddətli olsun”, -deyən Tünzalə Ağayeva, verilişin 75 dəqiqəlik olacağını və yalnız canlı musiqilərin təqdim ediləcəyini sözlərinə əlavə edib.
“Bu iş sizi sənətinizdən ayırmayacaq ki?” sualına sənətçi, “Düşünmürəm. Mən deyərdim, sənətimin inkişafına tövhə olacaq. Çünki məndən sənətimi yüksək səviyyədə nümayiş etdirmək xahiş edilib”, - deyə cavab verib.
Türk sənətçilərlə yanaşı Azərbaycandan olan mədəniyyət adamlarının da dəvət olunacağı proqramın yerli telekanallardan biri ilə də canlı yayımlanacağını qeyd edib.
Tədbirin sonunda Tünzalə Ağayeva Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı Rəyasət Heyəti tərəfindən “Azərbaycan Bayrağı” mükafatı ilə təltif olunub.
Vüsal Məmmədzadə
DİGƏR XƏBƏRLƏR