Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi bu gün ölkəyə gətiriləcək
“Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğundan verilən son məlumata görə, bu gün Bakı vaxtı ilə 17:30-da qardaşlarım Hüseyn və Ziyəddin Səfərovların nəşini gətirəcək təyyarə yola düşəcək, 20:25-də Bakıya çatacaq. Bir dəyişiklik olmasa, bu vaxta gözlənilir”. Simsar.az xəbər verir ki, bu barədə APA-ya Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı qətlə yetirilən şəxslərin qardaşı Seyfəddin Hüseynli məlumat verib. Heydər Əliyev adına Beynəlxalq Hava Limanının mətbuat xidmətindən bildirilib ki, cənazələr UTair hava yolları ilə Azərbaycana gətiriləcək. Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.