Bu gün Milli Dram teatrının məşhur aktyoru Rafiq Əzimovun doğum günüdür
76 yaşını qeyd edən aktyor həyatdan çox şey öyrəndiyini deyir: “bu gözəl həyatda yaşamağın özü də gözəldi. Çalışıram həyatda tandığım yaxşı insanların obrazlarınıda teatrda yaradım. Aktyor həyatda həmişə gənc qalmasının sirrini yaxşılıq etməkdə, insanları yaxşılığa çağırmaqda görür. Yaxşılıq həmişə qalır, dünyanı gözəllik deyil, yaxşılıq qurtaracaq. Doğum günümüdə həmişə olduğu kimi ailəmlə keçirməyi hər şeydən üstün tuturam. Ailə insanın kiçik dünyasıdı, bu dünyada nə qədər xoşbəxt olsan, ətrafına da yaya biləcəksən. Təmtəraqlı keçirməyi sevməsəmdə, həmişə belə şeyləri dəyərləndirmişəm. Həyatımı canlandıran işimidə çox sevirəm. Hazırda teatr fəaliyyətimi davam etdirirəm. Rejissor Mehriban Ələkbərzadənin hazırladığı qrupla yeni səhnə üçün məşqlər edirik”.
Qeyd edək ki, Rafiq Əşrəf oğlu Əzimov 1938-ci ildə Bakıda anadan olub. 1962-ci ildə Akademik Milli Dram Teatrının truppasına qəbul olunan aktyor əlli ilə yaxındır ki, fasiləsiz olaraq bu teatrın səhnəsindədir. Aktyor S. Rəhmanın “Toy” komediyasında Mirzə Hüseyn, “Yalan”da Zəki, “Nişanlı qız”da Qasım, H.Cavidin “Şeyx Sənan”ında Anton, “İblis”də Kiçik zabit, C.Cabbarlının “Oqtay Eloğlu”sunda Oqtay, “Aydın”ında Mirzə Cavad, “Ulduz, yaxud Ədirnə fəthi”ndə Şeyx, M.F.Axundovun “Xırs quldurbasan”ında Frans Fok, “Müsyo Jordan və Dərviş Məstəli şah”ında Müsyo Jordan, C.Məmmədquluzadənin “Dəli yığıncağı”nda Həmzad Qurban, “Anamın kitabı”nda Rüstəm bəy, Anarın “Səhər yuxuları”nda Doktor Mahmud, “Adamın adamı”nda Fənd Bağır, “Sizi deyib gəlmişəm”ində Mozalan, S.Səxavətin “Qızıl teşt”ində Aleksandr Petroviç, “Gecə döyülən qapılar”da Qəni müəllim və sairə, bir-birindən maraqlı, yadda qalan obrazlar yaradıb. 70-80-ci illərdə artıq Rafiq Əzimovun repertuarında nəinki teatr tamaşaları, həm də televiziya səhnəsində qoyulan tamaşalardakı rollar da var idi. O, səhnədə yaratdığı obrazlarla kifayətlənmədi, kinoda, radio tamaşalarda yeni-yeni uğurlar əldə etdi. Azərbaycan Dövlət televiziyasında S.S.Axundovun “Dibdat bəy” əsərində Dibdat bəy, İ.Səfərlinin “Göz həkimi”ində İvanov, dahi Üzeyir bəyin “Ordan-burdan”ında İsmayıl obrazları televiziyanın fondunda saxlanılır. Bu tamaşaların lent yazıları bu gün də ekranda göstəriləndə diqqətimizi cəlb edir. 1982-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb. Prezident təqaüdçüsüdür.
Turanə İbrahimi
DİGƏR XƏBƏRLƏR