Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SƏXAVƏT NUR: “İSTƏMİRƏM MƏNİ ÇOX TANISINLAR”-FOTOSESSIYA

“Avtobusda hamı mənə salam verirdi deyə, düşəndə pullarını ödəyirdim”

Əziz “Simsar” oxucuları, bundan sonra Azərbaycan telekanallarından yaxşı tanıdığınız aparıcıları ilə maraqlı söhbətləri “Tele-sima“ rubrikasında oxuya biləcəksiz. İlk qonağım artıq kifayət qədər tamaşaçı rəğbəti qazanan Səxavət Nurdur. Bu gün telekanallarımızda bir neçə aparıcılar var ki, daha çox şou xarakterli verilişlərə üstünlük verərək, asan yolla tanınmağa çalışırlar. Bəziləri hətta buna nail olurlar. Amma 11 ildir peşəkar aparıcı kimi çalışan qonağım, digərlərindən fərqli olaraq, təqdim etdiyi proqramlarda hər zaman etik qaydaları qorumağı bacarıb, üstəlik də öz intellektinə görə yuxarıda nəzərdə tutduqlarımdan həmişə üstün olub. Onun tamaşaçı auditoriyası daha çox ziyalılar, yaşlı nəslin nümayəndələri və şoudan çox, maariflənməyə meyill gənclərdir. Söhbətöncəsi S. Nurla telefonda danışarkən bəlli oldu ki, paytaxtda fəaliyyət göstərən Burç FM radiosunun ilk aparıcısı olan, 8 il öncə aparıcılıq fəaliyyətini dondurub Türkiyəyə dönən Mustafa Çat Bakıda onun qonağıdır. Öz növbəmdə məmnuniyyətlə Səxavətdən Mustafanı da özü ilə müsahibəyə gətirməsini rica etdim. Və zənnimcə, üçlükdə maraqlı söhbətimiz alındı...

- Səxavət, Xəzər TV-dən getməyinə səbəb nə oldu?
- Mədəniyyət kanalında yayımlanan Muğam müsabiqəsinə aparıcı kimi dəvət aldım. Muğama üstünlük verdiyim üçün Xəzər TV-dən getməli oldum.
- Deməli, muğama məhəbbətin böyükdür.
- Sözsüz ki, elədir. İlk dəfə 2007-ci ildə AzTV-də yayımlanan Muğam müsabiqəsində aparıcılıq etdim. Məhz bundan sonra muğama olan məhəbbətim artdı.
- Ümumiyyətlə, fikir vermisənsə, son zamanlar aparıcıların çoxu, əsasən də gənc aparıcılar ciddi telelayihədən çox, əyləncə, şou xarakterli verilişlərdə aparıcılıq edirlər.
- Mənə elə gəlir ki, bu, maddiyatla bağlıdır. Şou xarakterli verilişlərin aparıcıları toy bazarına düşmək istəyirlər. Şəxsən mən toy aparıcısı deyiləm. Ona görə də o cür verilişlərdə aparıcılıq etməyə cəhd etmirəm. Dediklərimə baxmayaraq, o aparıcıları da anlayıram. Dolanmaq lazımdır.
- Onda belə çıxır ki, bu gün televiziyada tamadalar da “yetişir”...
- Deməli belə çıxır... Açığı, mən tolara getmədiyimdən maddi baxımdan bir az əziyyət çəkirəm... Ortada populyarlıq deyilən bir şey var. Bu gün özəl kanallar arasında verilişlərin reytinqini bəlirləyən özəl bir şirkət var. Məsələn, AzTV o reytinqlərdə maraqlı deyil. Çünki özünün bəlli bir tamaşaçı kütləsi var. Bizim kanalda verilişlərin böyük əksəriyyəti maarifləndirmə yönümündədir. Özəl kanallarda isə daha çox şou, əyləncə xarakterli verilişlər çoxluq təşkil edir. Belə verilişlərdə aparıcı daha tez populyar olur.
- Fikir vermişəm, sən də həmişə maarifləndirmə xarakterli verilişlərdə aparıcılıq etmisən. Nə üçün bu baxımdan digər həmkarlarından fərqlənirsən?
- İndi isə düşünürəm ki, görəsən bizim tamaşaçılara maarifləndirici verilişlər lazımdırmı?
- Niyə belə düşünürsən? Məncə çox lazımdır.
- Təəssüflər olsun ki, bu günkü tamaşaçıların böyük əksəriyəəti TV-də yayımlanan əyləncə xarakterli verilişlərə baxmağa üstünlük verirlər. Hətta TV-lərə gələn reytinqlər də bunu göstərir.
- Sən o reytinqlərə inanırsan?
- İnanıram. Hətta şəhərdə 500-nəfərin arasında belə sorğu keçirsələr, çoxu həmin verilişlərdən danışacaqlar.
- Deməli əyləncəli verilişlərin aparıcıları bu gün səndən populyardırlar...
- Mən 3 il AzTv-də “Səhər” verilişinin aparıcısı oldum. Həmin ərəfədə çoxları məndən soruşurdular ki, sən indi hansı kanalda çalışırsan? Halbuki, mən hər səhər efirdə idim. Anladım ki, bizim səhər verilişinə daha çox ziyalılar tamaşa edirlər, nəinki adi tamaşaçılar. Onlar üçün özəl kanallarda yayımlanan əyləncə xarakterli səhər proqramları daha maraqlıdır deyə aparıcılarını da yaxşı tanıyırlar.
- Sənə “Niyə görünmürsən? Hansı kanaldasan indi?” və bu kimi sualları verəndə yəqin ki, xoş gəlmirdi...
- İlk vaxtlar bəli, xoş deyildi. Amma indi bunun fərqinə varmıram. Çünki hazırda aparıcısı olduğum Muğam müsabiqəsi bilirəm ki, yetərincə izlənir. İndi mənə o cür sualları verən demək olar ki, yoxdur. Əslində, bu gün istəmirəm ki, məni çox tanısınlar. Belə daha rahat oluram.
- Niyə? Tanınmaqdan dolayı səni narahat edən hansısa səbəblər var?
- Narahat edən yox, xoşuma gəlməyən səbəblər var. Məsələn, yolda gedərkən, bir də görürsən kimsə adımı, ya da apardığım verilişin adını ucadan söyləyib keçirdi. Belə şeyləri sevmirəm.
- Amma tanınmağın xoş tərəfləri də var...
- Düzdür, yaxınlaşırlar, xoş sözlər deyirlər. Bir də görürsən şəkil çəkdirmək istəyirlər.
- Mənə elə gəlir ki, bu günün bəzi cavan aparıcıları müğənnilərdən betər olublar. Tanınmaq üçün qalmaqal edirlər.
- Yazıq aparıcılar...
- Deyəsən bizim kanallara baxmırsan, xəbər portallarında yazıq dediyin aparıcıların qalmaqallı müsahibələrini oxumursan.
- Mən elələrinə aparıcı demirəm.
- Təbii ki, ciddi verilişlərin aparıcıları deyil, daha çox şou, əyləncəli verilişlərdə ulduzlarının bərq vurmasına cəhd edən aparıcılar belə addım atırlar.
- Pis çıxmasın, son vaxtlar öz kanallarımıza demək olar ki, baxmıram. Hazırda xarici kanalları, daha çox Discovery kanalının sənədli filmlərinə baxıram. Hər hansı bədii filmə isə internet vasitəsilə baxıram. Əslində bizim kanallar elə də bərbad gündə deyil. Özəl kanallarda proqram hazırlamaq daha çətindir. Bunun üçün baxılan proqram hazırlamalısan. Hər baxılan proqram da keyfiyyət demək deyil. Buna baxmayaraq, sponsorlar daha çox o cür proqramlara reklam verirlər. Çünki elə proqramların reytinqi daha çox olur. Yəqin bu səbəbdən bu gün aparıcıların çoxu o cür verilişlərə yönləniblər və tanınmaq üçün də qalmaqallar edirlər.
- “Niyə də yox?” da əyləncəli tok-şou idi. Amma məncə keyfiyyətinin üstün olması baxımından digərlərindən fərqlənirdi. Yəqin aparıcısı sən idin, ona görə...
- Mən formatından asılı olmayaraq, heç vaxt apardığım verilişlərdə yersiz söhbətlər etmirəm. Etiraf edim ki, sözügedən tok-şou doğrudan da baxımlı və reytinq cəhətdən yaxşı idi.
- Bəs niyə davam etdirmədin?
- Bizim başqa problemimiz var idi. Sponsor sarıdan korluq çəkmirdik. Sadəcə studiya baxımından problemlər yaşandı. Ona görə də proqramı bağlamaq məcburiyyətində qaldıq. Ondan sonra isə “Nuş olsun” verilişində aparıcı oldum.
- “Nuş olsun” verilişində özünü aparıcı kimi görürdün?
- Bəli, düşünürəm ki, əsl mənim verilişim idi. Buna baxmayaraq, çoxları mənə deyirdi ki, o veriliş mənə görə deyildi. Mən elə bir aparıcıyam ki, təqdim etdiyim hər bir verilişə uyğunlaşa bilirəm. Məncə bunun üçün aparıcının aktyorluq qabiliyyəti olmalıdır.
- Səhv etmirəmsə, sən əslində ixtisasca hüquqşünassan...
- Bəli. Atamın istəyi ilə bu ixtisasa yiyələnmişəm. Amma bilirəm ki, məndən hüquqşünas olmaz. Çünki ürəyiyumşaq adamam. Mən kişilərin ağlamasına heç dözə bilmirəm. Onsuz da qadınların işi-gücü ağlamaqdır (gülür).
- Ağlayan olub?
- Olub, bir-neçə dostum ağlayıb...
- Nə deyib ağlayırdılar???
- Problemləri olub, bölüşüb ağlayıblar. Çox vaxt kişilər qadınların ucbatından ağlayırlar.
- Bəs sən kiminsə qarşısında ağlamısan?
- Olub bir dəfə... O da Sərxan Kərəmoğlunun “Ana” mahnısına qulaq asıb ağlamışam.
- Zarafat edirsən? (Açığı, bu açıqlama mənə gülməli göründü – Sərxan Kərəmoğlunun belə təsirli oxuduğuna inanmadığıma görə -müəl.)
- Yox (gülür).
- Ümumiyyətlə, hansı müğənnilərə qulaq asırsan?
- Son vaxtlar qocaman sənətkarlarımıza qulaq asıram. Fatma Mehrəliyevanın “Kəsmə-şikəstə”sini dinləməkdən böyük zövq alıram. Bir də türk sənət musiqisini dinləyirəm. Bu günün populyar müğənnilərindən hazırda məni nədənsə heç kim özünə cəlb etmir.
- Səninçün Azərbaycan musuqisində “idol” anlamı var?
- Təbii, bu, Zeynəb Xanlarovadır. Ümumiyyətlə, mən düşünürəm ki, görəsən ölkəmizdə Zeynəb Xanlarovanı bəyənməyən varmı? Məncə yoxdur. “Leli və Məcnun” operasında onun oynadığı Leyli obrazına heyranam. Çox təbii oynayıb. Məncə Leylini ikinci kimsə elə oynaya bilməz...
- Səninlə tamamilə razıyam. Hətta yadıma gəlir, uşaq vaxtı Zeynəb xanımın oynadığı o operaya baxanda onun ölüm səhnəsində ağlayırdım. Elə bilirdim ki, bu, həqiqətdir... (bir anlıq duyğulanıb, uşaqlıq illərinə qayıtdım-müəl.)
- Mənimçün Zeynəb Xanlarova əsl ulduz, idoldur! Həmişə sənətini, adını, imicini qoruyub saxlayıb. O, əlçatmazdır! Bir dəfə onunla telefonda danışmışam. İnan, o qədər həyəcanlı idim ki, anlayırdım ki, əsl ulduzla danışıram.
- Səninlə tamamilə razıyam.
- (Bu vaxt söhbətimizə bayaqdan kənardan bizi izləyən Mustafa qoşulur) Türkiyədə insanlar Zeynəb Xanlarovanın varlığı ilə digər türkdilli xalqların olduğunu öyrəndilər. Rusiyada kommunizm varkən, Türkiyədə də ilginc bir demokratiya vardı. Dünyadan xəbərimiz yox idi. Yəni, adımız demokratik idi, amma bir qəribəlik vardı. Birdən birə biri çıxdı və Türkiyədə verdiyi ilk konsertən sonra sanki insanları yuxudan oyatdı. Düzdür, xəritədə görürdük, sovetlər birliyinin içində Azərbaycan, Türkmənistan və digər ölkələrin olduğunu. Amma Zeynəb xanımın gəlişi ilə bildik ki, dünyada bizim kimi danışan digər türkdilli xalqlar da var.
- Yeri gəlmişkən, Mustafa, yenidən xoş gəlmisən Bakıya.
- Çox sağ olun. 8 ildən sonra yenidən Bakıda olmağımdan çox məmnunam.
- Yadıma gəlir, Burç FM radiosunda çalışarkən çox populyar idin. Bir türkün Azərbaycanda fəaliyyət göstərən radioda aparıcılıq etməsi maraqlı gəlirdi insanlar üçün.
- Mən də bu sarıdan çox məmnun idim. Ümumiyyətlə, nə vaxtsa Azərbaycanda – Bakıda olduğumdan, yaşadığımdan çox məmnunam.
- Səhv etmirəmsə, Burç FM-in ilk aparıcısı olmusan.
- Elədir. Amma mənim təqdim etdiyim verilişin əvvəlcə konkret adı yox idi. Sonradan məcbur etdilər ki, verilişimə ad qoyum. İlk gündən ən çox bəyəndiyim mahnıları səsləndirirdiyim üçün mən də verilişin adını “Ən gözəl mahnılar” qoydum.
- Bəs niyə aparıcılıq karyeranı yarımçıq qoyub getdin?
- Evin tək oğluyam. O vaxt atam xəstə idi, üstəlik də anam Bakıda bu qədər qalmağıma artıq narazı idi. Bu səbəbdən getdim. Mən Bakıya gələndə 19 yaşım vardı. Gedəndə isə 28. Uzun illər idi ki, valideyinlərimin üzünü görmürdüm. Üstəlik, artıq özüm də darıxırdım onlar üçün.
- Heç Bakıdan getməyinə üzüldünmü?
- Mən Bakıda çox gözəl həyat yaşamışam. Ətrafımda ziyalılar vardı. Çox yaxşı insanlarla tanış olmuşdum. Burdan gedəndə təbii ki, pis oldum. Amma açığı, Bakı çox dəyişib. İnsanlarını bilmirəm, özü daha da gözəlləşib.
- Türkiyədə necə, aparıcı kimi fəaliyyətini davam etdirdinmi?
- Yox, ticarətlə məşğul olan bir şirkətdə köməkçi kimi çalışmağa başladım.
- (Söhbətə Səxavət qoşulur) O vaxt bizdə fəaliyyət göstərən STV-Xəzər kanalında da ilk proqramın aparıcısı məhz Mustafa olmuşdu.
- Bunu bilmirdim. Hansı proqram idi?
- “Bizim axşamlar”. Mənim də TV karyeram həmin kanaldan başlayıb. Radioda işləyirdim. TV-yə çıxmaq niyyətim yox idi. Rəhbərlikdən mənə zəng gəldi ki, hazırlaş, sabah efirdəsən. O qədər həyəcanlanmışdım ki. Bir günün içində tanınmışdım. Canlı yayımdan çıxıb evə gedəndə hamı mənə salam verirdi. Avtobusda hamı mənə salam verirdi deyə, düşəndə pullarını ödəyirdim. Artıq utanırdım (gülür).
- Mustafa, imkan tapıb, bizim kanallarımızı seyr edə bildin?
- Seyr etdim.
- Məmnun qaldın?
- Heç özümüzünkülərdən də məmnun deyiləm...

Azər Nəsibov –“Simsar” jurnalı

 






2 Avqust, 2011  19:41 Baxılıb: 4549 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner