Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

NOVRUZ NOVRUZOV: “BİZ İÇİMİZDƏN ÇIXMIŞIQ, “SAVALAN” DİNLƏYİCİLƏRİNİ İÇİNƏ QAYTARIR”-FOTOSESSİYA

“Oxuyanda gərək ruhunla bunu hiss edəsən, bu prosesə ağıl qarışmasın”

“20 yanvar hadisələrindən sonra gördüm ki, əvvəl ifa etdiyim mahnıları oxuya bilmirəm”

Ruhun zənginliyi insanı xoşbəxt edə bilər. Musiqi də ruhun səsidir. Qədim yunan alimlərinin ümumiləşdirilmiş fikri belədir: elə bir varlıq – insan, heyvan və bitki yoxdur ki, musiqidən təsirlənməsin. Haqlıdırlar, belə olmasaydı insanlar musiqiyə qulaq asanda, nə ağlaya, nə gülə bilərdilər.

Amma musiqilər arasında da fərq olur. Biz nəhəng musiqidən danışırıq. Sizə təqdim etdiyimiz də ruhuyla belə musiqiyə bağlı adamdı.

Simsar. az saytının musahibi, mistik qrup hesab olunan “Savalan” qrupunun rəhbəri, həmçinin xanəndə və dəf ifaçısı Novruz Novruzludur.


- “Savalan” mistik qrupunun mistikayla nə əlaqəsi var?

- Qeydiyyatdan keçəndə bizə dedilər ki, qrupumuza mistika çox yaxındır. Çünki ifamız insan ruhuna, mənəviyyatına təsir edir. Ona görə də, adımızın yanına “mistik” ifadəsi də əlavə etdik.


- Özünüz necə, mistikaya inanırsız?

- İnsan düşüncəsinə gələn hər bir şey həyatda baş verə bilər. Bizim görmədiyimiz, yaşamadığmız hadisələr belə, gen yaddaşımızda kod olaraq qalır. İnsan düşüncəsi, zəkası o qədər sonsuzdur ki, onu dərk etmək çox çətindir. Əlbəttə, gözləmədiyimiz hadisə baş verəndə bizi nəyləsə əlaqələndirməliyik ki, bunun da adı mistikadır.

- “Savalan” qrupu əvvəl necə yaranıbsa, indi də həmin tərkibdə fəaliyyət göstərir?

- Dəyişikliklər olub, əlavələr var.


- Belə bir mistik qrup yaratmaq haradan ağlınıza gəldi?

- Sadəcə bir araya gəlib, könüllü şəkildə bu qrupu yaratdıq. Biz içimizdən çıxmışıq, “Savalan” dinləyicilərini içinə qaytarır. Məqsəd, ruhumuzu sakitləşdirmək, bir az içimizdə hüzur, rahatlıq tapmaq idi. Qrupun yaranmasına əsas səbəb 20 yanvar hadisələri oldu. Səs Allahın verdiyi nemətdir. 20 yanvar hadisələrindən sonra gördüm ki, əvvəl ifa etdiyim mahnıları oxuya bilmirəm. Ya sənəti tullamalıydım, ya da başqa bir dünyaya qədəm qoymalı idim.

- Əvvəl necə musiqilər oxuyurduzki?

- “Arşın mal alan” operettasında Əsgər rolunu, “O olmasın bu olsun” operettasında isə Sərvər rolunu oynamışam. İtalyan repertuarından, Tofiq Quliyevdən çox mahnılar oxumuşam.

- 20 yanvar hadisələrində qərənfil gül kimi öz dəyərini itirdi. Həmin gündən sonra bizdə qərənfil qəbir üstünə aparılan gül oldu. Sanki içimizdən çıxıb, sürətlə uzaqlaşmaq istəyirdik. İrfan adamısız, bilməmiş olmazsız, adam içindən çıxıb hara qaça bilər ki?

- Yaxşı məqama toxundunuz, elə bizim musiqimizin mahiyiyətində də içimizə qayıdış durur. Bizim seçdiyimiz bütün müsiqilər, mətnlər içimizə qayıtmağı təlqin edir. Musiqimiz deyir ki, özünüzdən qaçmayın, əksinə, özünüzə varın.

- Dinlər deyir ki, Allah insana öz ruhumdan üfürüb. Yəni insanın daxili böyük enerjidən təşkil olunub. Doğurdanmı biz bilərəkdən bu enerjidən qaçırıq, yoxsa məcburiyyət qarşısında qalmışıq?

- İnsanlıq siz dediyiniz həqiqətləri dərk etmək istəmir. Əsas səbəb də budur ki, biz boş yerə çox vaxt itiririk. Halbuki o zaman çərçivəsində düşünmək, özünü dərk etmək mümkündür. Belə deyirlər ki, texnologiya insan əməyini asanlaşdırdı. Bəlkə də belədir, amma lazımsız yerə vaxt itirməyimizə də sərf olunur. Günümüzü internet qarşısında oturmaqla keçiririk. İlk insan yarananda səs olmayıb, insanlar o qədər güclü olublar ki, hərəkətlərlə bir-birini anlayıblar. Ən çətin məqam insanın özünün özünü tanımasıdır, insan özü özünü tanıyan zaman, qarşısındakını və başqalarını da yaxşı tanıyar.

- Sizin musiqilərinizdə ilahi məqamlar çoxdur. Onları dinləyən zaman adam özünü Allaha daha yaxın hiss edir. Bunun sirri nədədir?

- Allahdan gəldiksə, elə ora da getməyə məcburuq. Zaman dəyişdi, texnika inkişaf etdi, bayaq dediyim kimi, insan çoz uzağa getdi. Düşündük ki, oxuduğumuz musiqələrlə bir az özümüzə qayıdaq. Allah anlayışının özü hər bir insanın düşüncəsində fərqlidir. Allah anlayışı insanın vicdanında, niyyətində çalışır. Fərd olaraq, ilk növbədə insan özünü dərk etməlidir, özü öz içində özü ilə səmimi olmalıdır.


- Oxu tərziniz çox fərqlidir, bilərəkdən belə oxuyursuz, ya içinizdən belə oxumaq keçir?

- Məncə dünyaya gəlişimizin məqsədi elə bunu anlamaqdır. Allah hər kəsə maddi olan bu dünyada bir şeylər verər. Amma önəmli olan insanın niyyətdir. Bizdə bu qrupla yola çıxanda düşündük ki, ifa etdiyimiz musiqilərlə özümüzü təmizlədək. Çünki səs insan psixologiyasına ən yaxın yollardan biridir. Verdiyimiz konsertlərdə də nə biz oluruq, nə tamaşaçı. Təkcə niyyətimiz olur, o da hansısa şəkildə özünü göstərir. Biri ona səs şəklində tamaşa edir, biri onu hərəkər başa kimi düşür... Kim necə istəyir, elə də anlasın, biz heç nəyi öncədən planlaşdırmırıq, necə olacaqsa, elə də olur.

- Alim Qasımovla sizin oxu və oturuş tərzinizi səhv salmaq olar. Onun da, sizin də ruha söykənən ifalarınız var, eynilə sizin oturuşunuzda da Alim, Alimin oturuşunda da siz varsız. Bu oxşarlığı görmüsüz?

- Bəli, ruhu oxşarlıq var.

- Siz musiqi ifa edəndə, hətta sakit oturduğunuz yerdə belə bütövlüklə hərəkət etdiyinizi tamaşaçı görə bilir...

- Oxuyan anda səmimi olmaq lazımdır. Oxuyanda gərək ruhunla bunu hiss edəsən, bu prosesə ağıl qarışmasın. Həzrəti Mövlanə deyir ki, ağlınıza çox güvənməyin, bu dünyadan köçəndə ağlınız saman çöpündən də dəyərsiz olacaq. Ağıl çox vacibdir, amma bəzən adamı azdırır. Dinimizdə deyilir ki, ağıl qurtaran yerdə iman başlayır, çünki iman könül işidir.

- Belə çıxır ki, ruhunuz nəyi diqtə edirsə, onu oxuyursuz?

- Biz çox qırılmışıq, əzilmişik, çox əziyyət çəkmişik. Yəni bizi biz olmağa qoymayıblar. Bizim içimizdə köləlik var, hər kəs özünü təsdiq etmək istəyir ki, mən də varam. Əgər sən varsansa, ehtiyac yoxdur onu təsdiq etməyə, zətən sən içində varsan! Vaxtilə o qədər başsız qalmışıq ki, bu, oradan gəlir. Türkün musiqisi, türkün sözü içdən gəlir. Oxumursan, ağzını açırsan səda hər tərərəfə yayılır. Təəssüf indi tərsinədir. Oxuyanda düşünürlər ki, boğazı necə əysinlər. Yenə belə qalmışıqsa, çox şükür. Əlbəttə, insanın ruhu nə deyirsə, onu da oxumalıdır, əks halda süni alınır. Biri mənə dedi ki, gündə 3 dənə ilahi musiqi yaza bilərəm. Cavab verdim ki, yazarsan, amma o ilahi musiqi olmaz. Bizdə ilahi musiqilər çox azdı.

- Bəlkə səmimi oxumuruq ona görə?

- Səmimiyyətimiz də əlimizdən alınıb. Bu millətin üstündə bu qədər küləklər əsir, bu qədər buludlar gəzir, amma buna baxmayaraq, hələ biz bizdən alınmamışıq. Düzdür, bir az uzaq düşümüşük...

- Bugünkü əksər mahnılar insan ruhunu oxşaya da bilmir.

- İndi bazar iqtisadiyyatıdır. Razıyam bu gün madiyyatla mənəviyyat balanslı olmalıdır, amma çoxları madiyyyata önəm verir. İndi madiyyat mənəviyyatı üstələyib.


- Musiqilərinizin kökündə şamançılıq da var. Düzmü hiss etmişik?

- Bəli, düz hiss etmisiz, musiqilərimiz şamançılığa yaxındır.


- Azərbaycanda “Savalan” qrupunu az tanıyırlar. Bunun səbəbi nədir?

- Ölkədən kənarda çox konsertlərdə iştirak edirik. Burada az görünməyimizin və az tanınmağımızın səbəbi bəlkə səhlənkarlığımızdır. Ya da ifa etdiyimiz musiqilərin ruhuna uyğun olaraq, özümüzü çox ağır aparırıq. Amma alınsa, “Space” kanalında bir ay orucluq müddətində həm aparıcı kimi, həm də qrupumuzla birgə musiqilər ifa edəcəyik.

- Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin inkişafı üçün xeyli sayda layihələr həyata keçirir. Amma bu layihələrdə sizin qrupun adına rast gəlməmişik...

- Tam səmimi deyim ki, biz bu yola çıxanda heç kimdən heç nə gözləmədən, ummadan çıxdıq. Bizim qrupu dövlət səviyəsində tanıyırlar. Heydər Əliyev Fondunun rəhbəri, hörmətli Mehriban xanımın işi təkcə mədəniyyət sahəsi ilə məşğul olmaq deyil. Bildiyim qədər Mehriban xanım mənəviyyatda təsəvvüvə daha çox yer verir. Mehriban xanım bizi bir neçə dəfə dövlət tədbirlərində görüb. Ola bilsin bizim kimliyimizi onun diqqətinə çatdırmaq lazımdır.

- Bəzən elə ad seçimləri olur ki, ona açıq şəkildə rəğbət bəsləməyə qorxurlar. Çox güman “Savalan” adı da belələrindədir. Savalan dağı İran ərazisində olduğu üçün yəqin sizin qrupla azərbaycanın dövlət adamları çox da yaxınlıq edə bilmirlər. Qrupun adını niyə məhz Savalan qoyduz?

- Biz bu qrupu yaradanda siz dediyiniz məqamları düşündük, amma qrupun adını təzədən dəyişmək doğru olmaz. Adımızı düşünülmüş şəkildə seçdik. Məqsədimiz o taylı, bu taylı birliyimizi nümayiş etdirmək idi. Ucalıq, saflıq qrupumuzun adının mənasıdır. Çünki Savalan dağı ilə bağlı çoxlu rəvayətlər var. Bu dağ müqəddəs dağ sayılır.

- Heydər Əliyev adına Respublika Sarayı səviyyəsində konsertləriniz olub?

- Xeyr

- Özünüz istəməmisiz?

- Bizim ifa etdiyimizi musiqilər ciddi musiqilərdir. Qrupumuz heç vaxt madiyyata önəm verməyib, konsert vermək üçün də sponsorlar axtarmamışıq.


- Çox güman ki, heç toylara da getmirsiz?

- İstəsək də, istəməsək də madiyyat önəmlidir. Toylara getmirik, amma getməyi düşünürük. Tamaşaçı hər yerdə tamaşaçıdır. İstər toyda, istərsə də konsertdə. Biz harda ola biləriksə, orda oluruq. Qrup təzə yarananda bir nəfər gəlib bizə dedi ki, üç restoran var, gəlib hərəsində yarım saat oxuyacaqsız. Hətta stolun üstünə içki də qoyulmayacaq. Buna baxmayaraq, sənət dedik və həmin toylara getmədik.

- Əgər bir toyda 400 nəfərlik adam varsa, elə o saray deməkdir. Niyə də getməyəsiz?

- Düz deyirsiz. Amma biz həmişə toya getməkdən çəkindik.

- Bizim tamaşaçılar haqqında da səhv düşünürlər. Guya onlar serillar, şit verilişlər istəyirlər. Bu necə olur, toyda “Sarı gəlin” oxuyursuz, onlar sizə diqqət kəsilir. Axı ola bilməz həm bayağı, həm də zövqlü musiqi eyni qədər bəyənilsin... Bəlkə tamaşaçıların zövqü barəsində səhv fikirdəyik?

- Düzdür, biz toyda oxuyan zaman hamı əl çalır, yaxınlaşıb münasibət qurmaq istəyirlər. Toylarda israfçılıq və səs-küy insanları çox yorur. Əslində bu çox ciddi məsələdir. Xaricdən bir qonağım gəlmişdi, o məəttəl qaldı. Kənardan gələn adam bu cür toyları görüb, nə düşünə bilər? Düşünər ki, bunlar ancaq yeyirlər. Yemək özü bir mədəniyyətdir və hazırda bütün dünya yemək mədəniyyətini öyrənir. Bir kəlam da var, bütün xəstəliklərin açarı mədədən başlayır. Bu qədər israfçılıq, bu qədər səs-küydən sonra hər bir adam toyda hər 10 dəqiqədən bir bayıra çıxır. Tamaşaçı neyləsin, nəyi verirlərsə, onu da həzm edir. Bir tərəfdən tamaşaçıya nəyi verirsənsə, onu da həzm edir, digər tərəfdən isə tamaşaçı özü də bilməlidir nəyə dəyər verir.

- Kimlərə qulaq asırsız?

- Kimlərinsə haqqında danışmağı xoşlamıram. Aygün Bayramovanı, Azər Zeynalovu çox bəyənirəm. Amma etiraf edək ki, əvvəlki səslər indi yoxdur. İndi Alim Qasımov var, muğam oxuyan çox istedadlı gənclərimiz var, amma Şövkət Ələkbərova, Cahangir Cahangirov kimi bəstəkarlar yoxdur.

- Adlarını çəkdiyiniz şəxslər yetərincə ciddi musiqi ilə məşğul olurlar. Amma bu günkü gənclərin çoxu ara musiqilərini də dinləyir axı. Bəlkə təbliğat çox zəifdir?

- İndi zaman elə zamandır ki, internet, müxtəlif sosial şəbəkələr var. Ciddi musiqiyə qulaq asmaq istəyən hər yerdə axtarar, tapar və dinləyər.

- Mahnı mətnlərini özünüz seçirsiz?

- Bizə bu günə kimi, çoxlu sayda şeirlər təqdim olunub, hətta müqabilində yaxşı pul da vermək istəyiblər. Ancaq baxmışıq ki, həmin şeirlərdə ruhu oxşayan heç nə yoxdur. Hətta deyiblər ki, xarici ölkədə konsertinizi də təşkil edərik, razılaşmamışıq. Düşünmüşük ki, əziləcəyik və ona görə də o addımı atmamışıq. Pul qazanmaq xatirinə oxuduqlarımız bizi utandıracaqsa, niyə bunu edək ki?

- Onda bir də ayılacaqsınız ki, şou-biznesdəsiz...

- Ən dəhşətlisi odur ki, insan özü-özünə zidd getsin.



Aynurə Həsənova






20 İyul, 2011  15:05 Baxılıb: 4728 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner