Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

FAİQ AĞAYEV: “MƏİŞƏT ƏN BÖYÜK MƏHƏBBƏTİ BELƏ MƏHV EDƏ BİLƏR”

“Hələ bir o qədər kamil deyiləm ki, namaza gəlim”

Yenə də həmin jestlər, həmin danışıq tərzi, əda, müdiriklərdən gətirdiyi misallar...Xalq artisti Faiq Ağayevi həmişə belə görmüşəm, ayrı cür təsəvvür eləyə bilmirəm. Necədisə elədi, olduğu kimi, özü kimi...
- Faiq, həyatında bir- birinin ardınca xoşagəlməz hadisələr oldu. Bu gün yenə də mərd-mərdanə iş başındasan. Bu hadisələri necə ötüşdürə bildin?
-Aqillərdən biri deyib: “Məni öldürməyən hər bir şey məni daha da güclü edir”. Yəni, bu həyat sınaqdı və onun sonucu yalnız səndən asılıdı. İnsan hər bir hadisədən nəticə çıxarmalıdı. Güclü olmağımın əsas səbəbi valideynlərimdi. Məni mərd, dözümlü böyüdüblər. Xoşbəxtəm ki, xəstəxananın həyətində o izdihamı gördüm. Bu o deməkdi ki, 39 illik ömrümü boş yerə yaşamamışam, 23 illik səhnə fəaliyyətimi düzgün qurmuşam. Qohumlarımın, dostlarımın həmin gün yanımda olması normaldır, amma tanımadığım adamları görmək xoşbəxtlikdi...
-Hətta münasibətlərində soyuqluq olan həmkarların da gəlmişdi...
-Bu, bizim çətin məqamlarda birləşə bilməyimizi göstərir və şəxsi münaqişənin ümumi insani dəyərlərdən çox-çox aşağı olduğunu sübut edir. İndi də onlarla dostcasına görüşürəm.
-Az olsa da, “daha qalxa bilməz” deyənlər də tapıld...
-Dünya mifologiyasında bir obraz var “Feniks”, bizdə ona Simurq quşu deyirlər. O yanır, külə dönür və öz külündən yenidən doğulur. Bir yaxınım məni Simurqa bənzədir. Məni Allah, anamın duaları və yəqin ki, etdiyim yaxşı əməllər qoruyur...
“ Anam ən böyük tənqidçimdi”
-Məlum hadisədən çox keçmədi ki, atanı itirdin. Bu gün onun hansı hərəkətini tez-tez xatırlayırsan?
-Zənglərini... Bakıda olanda çox zəng vurmazdı... Ancaq xaricə gedəndə zənglərinin ardı-arası kəsilmirdi. Soruşurdum ki, niyə Bakıda yox, xaricdə olanda tez-tez zəng vurursan? Cavab verirdi ki, orda yanında deyiləm, burda bir şey olsa zəng vurarsan, gələrəm. Bir də ki, sənin düşmənlərin orda deyil, burdadı...
-“Düşmənlərin orda deyil, burdadı”- deməklə atan nəyə işarə vururdu?
-Belə başa düşürəm ki, burada səfərbərəm, hazıram, xaricdə isə rahat oluram, demək istəyib. Bəzən isə rahatlıq böyük faciələrə gətirib çıxarır. Ona görə də atam məni nəzarətdə saxlamaq istəyirdi. Çox ailəcanlı idi. O, mənə daxilən azad olmağı öyrədib. “İstədiyin kimi yaşa, amma ağlını, ehtiyatını əldən buraxma” - deyirdi. Mənə çox inanırdı. Hansısa bir mahnımı qulaq asmaq üçün istəyəndə bunu özümə böyük bir mükafat sayırdım.

-Gözə, nəfsə inanırsan?
-Bunu “Qurani-Kərim” də inkar etmir. “Fələq”, “Nas” surələrində bunlar haqqında yazılıb. Bəli, nəfs var, göz də...
-“Nəfsə gəldim” - deyə heç düşündünmü?
-İnsan dayanmadan fəaliyyətdədirsə, daim uğur qazanırsa, təbii ki, ona həsəd aparan da olacaq, paxıllıq edən də. Amma mən belə şeyləri özümə yaxın buraxmıram, əhəmiyyət vermirəm. Baş qoşsam, enerjimi lazımsız yerə xərcləmiş olaram.
-Əvvəllər yəqin ki, daha arxayın idin, çünki, atan ananın yanındaydı. Üzərində artan məsuliyyəti hiss edirsənmi ?
- Doğrudu, əvvəl çox rahat idim. İşlərimin çoxluğundan valideynlərimin yanına gec-gec gedirdim. Amma indi anama tez-tez baş çəkirəm. Düzdü, anam tək deyil, yanında qohumlardan qalan var. Amma övladlarının diqqəti onun üçün indi daha vacibdi. Anama baxanda, güclü insanın necə olduğunu görürəm. Ən böyük tənqidçim də elə odu...

“Sevgi özünü çərçivəyə salmaq deməkdi”
-Sevirsən?
-Bir ay əvvəl hiss eləmişəm ki, sevirəm. 3 aydı tanışıq. Mark Tven deyir ki, tamamilə tanımadığın insana kəskin ehtiyac duymaq sevgidi.
-Bu ehtiyac tükənə bilərmi?
-Heç kim bu məsələdə imtiyazlı deyil... Məişət ən böyük məhəbbəti belə məhv edə bilər. Məsələn, mən çox təmizkaram və təmizkarlığa xüsusi önəm verirəm. Qarşı tərəfdən də eyni vasvasılığı gözləyirəm.
-Bu günəcən aranızda hansısa uyğunsuzluq hiss etmisən?
-Olub, amma aradan qaldırmağa çalışmışam, mübarizə aparmışam. Sevgi könüllü şəkildə özünü hansısa çərçivəyə salmaq deməkdi. Sevdiyini itirməmək üçün uyğunlaşmağı bacarmalısan.
-Dünya təcrübəsində də var ki, ünlü sənətçilər müəyyən bir vaxtandan sonra ictimai xadim kimi fəaliyyət göstərirlər. Belə bir arzun varmı?
-Bu perspektivi istisna etmirəm.(gülür) Xalqıma, sənətimə, mədəniyyətimizə xeyir verəcək insan kimi görürəm özümü. Bacarığım var, əgər belə bir ehtiyac duyulsa, böyük məmnuniyyətlə özümü buna sərf edərəm.
- Bəs sənət, səhnə?
-Sənətə bağlılığım əbədidi, çünki olanım sənətdi bu həyatda. Ən böyük həzzimdi.
-Sevgisiz də yaşaya bilərsən, amma sənətsiz yox ?
-Sevgisiz yaşamışam. Amma sənətsiz yox...
-Yaşamında ibadətin rolu?
-İbadət insanı daha mükəmməl olmağa təhrik edir. “Hamı edəni mən edə bilmərəm” - kimi məhdudiyyətlər var. Düzdü, bəzən ibadətə dəb xətrinə gələnlər də olur. İbadət eləmək üçün daxildə kəskin bir tələbat və mənəvi hazırlıq olmalıdı.
-Bu tələbatı və mənəvi hazırlığı özündə hiss edirsən?
-Hər axşam dualar oxuyuram.
-Bu da bir addımdı...
-Bir müddət əvvəl özümə söz verdim ki, dua eləməmış yatmayacam. Dua edəndə Allahı hiss edirəm, səhvlərimi görürəm. Etiraf edirəm, hələ bir o qədər kamil deyiləm ki, namaza gəlim.

“F.A-nın rekordunu heç kim sındıra bilməyib “
-Son vaxtlar telekanallarımız ziyalıların qınağına tuş gəlib. Bu barədə nə düşünürsən?
-Ən böyük bəlamız kommersiyadı. Telekanallar reklam, kommersiya verilişləri, kommersiya müğənniləri hesabına maliyyələşir. Buna görə də sənətdən uzaq olanları da göstərməyə məcburdu. Bu, çox pis haldır. Ancaq mənə elə gəlir ki, istedadsız müğənnilərdən və diletant aktyorlardan aldıqları vəsait o qədər də böyük pul deyil ki, ondan imtina etməyi bacarmasınlar. Bu gün kommersiya və reytinq düşünülür. Bəla burasındadı ki, tamaşaçıları müğənninin ifası yox, hansı maşın sürməsi, necə bir evdə yaşaması maraqlandırır.Təəssüf ki, bəzi televiziyaların verilişlərində az qalırlar ki, kiminsə qapısının dəliyindən içəri baxsınlar...
-Son günlər radio dalğalarında ifanda “Buludlar” mahnısını eşidirik. Deyərdim ki, mahnıya ikinci nəfəs vermisən...
-Mahnı Qulu Əsgərovun, Tükəzban İsmayılovanın, İslam Rzayevin ifasında səslənib. Daha çox İslam müəllimin ifasında qulaq asmışam. Retro mahnılara tez-tez qayıdıram. “Sənə də qalmaz”, “Dəşti”, “Sən gəlməz oldun”, “Kor ərəbin mahnısı”. Atamın da “Buludlar” mahnısından çox xoşu gəlirdi, onun da istəyi idi ki, bu mahnını oxuyum. Ancaq qismət elə gətirdi ki, hazır olanda dinləyə bilmədi. Mahnının ərsəyə gəlməsində Rüstəm Zeynallının, Givi Usenaşvillinin müstəsna köməyi olub. Onlara böyük təşəkkürüm var.
-Konsertin haçan olacaq?
-İnşaallah! Azərbaycan üçün çox bahalı - 200 000 dollarlıq bir proyekt hazırlamışıq. Proqram hazırdı, sadəcə, sərmayəni tapanda F.A solo konsertini gerçəkləşdirəcəm.
-F.A yenə də birincidi?
-Bu suala Faiq Ağayev kimi yox, Ağayev Faiq kimi cavab verə bilərəm (gülür). Düşünürəm ki, bəli, birincidi. Çünki, ən azından, F.A-nın rekordunu – 5 günlük solo konserti - heç kim sındıra bilməyib.
-Qəzetçi həmkarlarımdan səni öz yazılarında sancmağa çalışan varmı?
-Var, müğənni həmkarlarımla dostluq edib bu münasibəti yazılarında sezdirənlər, qərəzsizlikdən tərəfkeşliyə keçənlər və ya bütün dünyanın vicdansız adamlardan ibarət olduğunu düşünüb hərəkət edənlər... İki qəzet var, illər boyudu bostanıma daş atmaqdan yorulmurlar. Amma nahaq yerə, onlara heç vaxt cavab verməmişəm, verməyəcəyəm də (gülür)...
İradə Nurəddinqızı






11 İyul, 2011  19:34 Baxılıb: 2627 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner