Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“SİYASƏTSİZ HƏYAT MƏNİM ÜÇÜN DAHA MARAQLIDIR”

“Ən yaxşı İslam ölkəsi Norveçdir, çünki bu ölkədə neftin, yəni var-dövlətin zəkatı xalqa verilir”

“Yeganə adam idim ki, prokuraturaya getməkdən imtina etdim, təyinatı Azərbaycan Xalq Cəbhəsinə aldım”


... Fazil Mustafanı siyasətçi kimi tanıyırlar. Çoxları xəbərsizdir ki, o, gəncliyində şeirlər yazıb, çeşidli dərgilərdə çap edilib, böyük şair olmaq arzusu ilə yaşayıb. Ancaq iş elə gətirib ki, hüquqşünas olub, siyasətə qatılıb. 
İndi Milli Məclisin deputatıdır, din fəlsəfəsi ilə məşğuldur, namaz qılır. Dediyinə görə, İslamın qayda-qanunları ilə yaşayır...


- Gəlin siyasəti qoyaq qırağa, siyasətsiz söhbət edək. Heç olmasa yarımsaatlığına uzaqlaşaq bu eynilikdən. Elə şeirlərdən başlayaq...


- 25-30 il əvvəl özümü ədəbiyyatsız, şeirsiz təsəvvür edə bilməzdim. Həqiqətən məhsuldar dövr idi, çox yaxşı da çevrəmiz, dostlarımız vardı. Rəhmətlik Elçin Səlcuqla bir yerdə pionerlər sarayında bir dərnəkdə olmuşuq. Çox qəribədir ki, siyasi fəaliyyətlə peşəkarcasına məşğul olandan sonra şeir həyatım qapandı, tamamlandı.

- Şeir sizi tərk elədi...


- Yox, şeiri mən tərk elədim. Hətta şeir gələdndə onu yaxına buraxmıram. Duyğusal həyat tərzindən qaçmağa çalışıram. Bu, siyasətə mane olur. Hər bir insanın həyatda öz missiyası, seçim anı var. Seçim anında siyasətə üstünlük verdim, halbuki təbiətcə siyasətə yaxın adam deyiləm. Hüquq fakültəsinə təsadüfən qəbul olundum. Başqa yerdə sənədlərimi götürmədilər. Həyatda bəzən insan öz iradəsindən asılı olmayaraq hərəkət etməli olur. Ancaq adam harada olursa olsun, özünü sübut etməyi bacarmalıdır. O vaxt hüquq fakültəsini bitirənlər ya prokuror, ya da polis işçisi olmaq istəyirdilər. Yeganə adam idim ki, prokuraturaya getməkdən imtina etdim. Təyinatı Azərbaycan Xalq Cəbhəsinə aldım.

- Deməli, istəməyərəkdən bu axına düşdünüz, axın sizi apardı...


- Axının içində belə özümü ögey saymamışam. Altı-yeddi il qabaq daha çox hərbi fəaliyyətlə məşğul idim. Peşəkar hərbiçi kimi, eyni məsuliyyətlə...

- Hərbi fəaliyyətlə nə üçün məşğul olduğunuzu anlamadım...


- 2001-2003-cü illərdə məni siyasətdən uzaqlaşdırmaq üçün hərbi xidmətə çağırdılar, zabit kimi, birbaşa səngərə, ən qaynar nöqtəyə. Orada unutdum ki, əvvəllər siyasətdə olmuşam, dövlət postunda çalışmışam. Ən intizamlı tağım mənim tağımım idi.

- Xidmətiniz nə qədər çəkdi?


- İl yarım. Bunun xeyiri o oldu ki, siyasətdən kənarlaşıb ilyarım oxumaq şansı əldə etdim.

- Bilirəm ki, dinlə bağlı adamsınız...


- Dindar həyat tərzi yaşayıram. Bir namazı da keçirmirəm. Bütün cümə nazmazlarına gedirəm. Gündə beş rükət namaz qılıram. Çox zəngin dini kitablarım var, vaxtımın çoxunu oxumağa ayırıram. Tədqiqat mövzum da “Azərbaycan türklərinin dini-fəlsəfi dünyagörüşü” olub, dinlə bağlı dörd, beş kitabım da çap olunub.

- Elə ilahiyyətçilərimiz var ki, dini rituallara əməl eləmir, amma gözəl əsər yaradır. Məncə bu yarımçıqlıqdır, din alimi həyatda da İslamın qayda-qanunları ilə yaşamalıdır...


- Razıyam, ancaq ibadəti siyasiləşdirməməlisən. Özüm həcc ziyarətində olmuşam, amma xoşlamıram kimsə mənə “hacı” desin.

- Eşitdiyimə görə, Həccə gedənlərin bəziləri heç mehmanxanadan çölə də çıxmırlar, dini ayinlərə də əməl etmirlər. Qayıdandasa “hacı” kimi geri dönürlər.


- Dünyanın heç bir yerində Həcc ziyarətində olmuş adama “hacı” deyilmir. Yeganə yer Azərbaycandır. Bu, öz şəxsiyyətinə güvənməyən adamların işidir. Düz adam olmaq üçün insana “hacı” deməyə ehtiyac yoxdur. Bizdə din görüntü üçündür. Dinin mərasimçilik tərəfi - zəncir vurmaq, İmam Hüseynə ağlamaq və ya başını daşa sürtmək daha çox dəbdədir. Din insanın daxili vəziyyətinə çevrilməlidir. İslam Türkiyədə daha səmimidir. Hətta bizdə adamlar var ki, məscid tikdirir, savab qazanmaq istəyir. Quranda deyilir ki, ibadət etməyən adamın məscid tikdirməyi caiz deyil.

- Bizdə din də bir qrupun maraq dairəsindədir. Yəni, dini özlərinə uyğunlaşdıranların əlində...


- Dini siyasətin içindən çəkib çıxarmağın tərafdarıyam. Açıq deyirəm, İslam partiyası adı altında bir partiya yaratmaq İslamı söymək deməkdir. Sorumluluq, məsuliyyət məsələsi var. Axirət duyğusu olmayan cəmiyyətin harınlama imkanları daha böyükdür. Azərbaycan cəmiyyəti axirət duyğusu zəif olan bir cəmiyyətdir. Biz yalnız xəstələnəndə, yoxsullaşanda Allaha üz tuturuq.

- Son dövrdə oxuduğunuz maraqlı kitab və ya baxdığınız tamaşa...


- Tamaşaya baxan deyiləm. Dəvət alanda gedirəm. Bizdə tamaşa mədəniyyəti də inkişaf etməyib, elitar tamaşaçı formalaşmayıb. Hamı görüntü üçün gedir. Bulvarda gəzməyi də xoşlamıram. Adamlar sanki bulvara bir-birinin bəhsinə çıxırlar. Əslində, ən çirkli hava bulvardadır. Toyumuz da belədir, yasımız da. Əsas iki hobbim var mütaliə etmək və fudbol oynamaq. Vaxtaşırı fudbol oynayıram.

- Kimlərlə oynayırsınız?


- Peşəkarlarla - keçmiş oyunçularla, dostlarımla. Ümumiyyətlə, oynamaq üçün dəvət alanda fudboldan imtina etmirəm.

- Kitab yaddan çıxdı...


- “Əxlaq fəlsəfəsi”ni, sonra Aqşinin romanını oxumuşam. Seymur Baycanın son romanına baxdım, oxuya bilmədim. Tənqid də etdim. Aqşin kimi isdedadlı, dünyagörüşlü, müşahidə qabiliyyəti olan bir adam ədəbiyyatı ədəbsizliyə çevirməyə başlayıb. Problemlərə iki məqalə həsr etdim. Orda qeyd etmişəm ki, ədəbiyyat “ədəb” sözündədir. O yerdə ki, ədəbsizlik başlayır ədəbiyyat qurtarır. İntim səhnələri, məişət həyatının xırda detallarını ədəbiyyata gətirməklə insan zövqü zədələnir.

- Azərbaycan ədəbiyyatı da dünya ədəbiyyatının bir parçasıdır. Bunları ayırmaq olmaz. Dediyiniz məsələlərin bir çoxu dünya ədəbiyyatından gəlir. Məncə, bu normal sayılmalıdır.


- Məsələn, Rus ədəbiyyatında söyüşü adi bir hal kimi ədəbiyyata gətirə bilərsən. Çünki bu onlarda həyat tərzidir. Bizdə belə deyil, axı. Ədəbiyyatda gərək ədəb çərçivəsini itirməyəsən. Sevinc Pərvanənin romanını oxudum, istedadı var, amma yetərli deyil. İstedadın altında həm də bir əxlaq, fantaziya yatmalıdır. O fantaziyanı hardan almaq önəmlidir. Daha çox fəlsəfi romanlar mütaliə edirəm.

- Oxuduğunuz kitabda daha çox nəyə diqqət edirsiniz, informasiya bolluğunamı, yoxsa...



- Əslində, informasiyanı çox sevmirəm, daha çox obraz maraqlıdır. Bir sözün obrazlı ifadəsi heyrət yarada biləcək bir yenilikdir. Tarixi romanlarımızı oxuyanda xəcalət çəkirəm. Xronologiya ilə, tarixi roman ayrı-ayrı şeylərdir. Xarici tarixi romanları oxuyanda hadisələrin içində olursan. Məsələn, “Magellan” romanı... Adam Magellanla birlikdə səyahət edir. Kamal Abdulla isə öz romanları ilə sübut etdi ki, tarixə başqa cür də yanaşmaq olar.

- Kamal müəllim əslində, ehkamları, daşlaşmış, donuq düşüncələri dağıtdı...


- Tarix epizodlardan ibarətdir. Tarix birinci növbədə faydalı hadisələrin sistemləşdirilməsidir. Bu baxımdan Kamal Abdullada yanaşma fərqli oldu.

- Son dövrdə olan hadisələri, məsələn, Yaponiyada baş verən zəlzələni qiyamətin yaxınlaşması kimi yozurlar. Bəlkə, Allah da daha əlini bizdən üzüb.


- Quranda deyilir ki, yaxşı nəsə olanda bunu özünüzdən, pisi Allahdan hesab edirsiniz. Yaxşı da pis də Allahdandır. Deyilir ki, mən bildiyimdən, izin verdiyimdən çox elm əldə edə bilməzsən. İnsansa hüdudu aşmağa başlayır, həddini keçir... Din fəlsəfəsini qəbul edirsənsə, qiyamət haqqdır. Sistem tamamlanmalıdır. Bu sistem də qiyamətəcən davam edəcək. İndi hamı var-dövlət peşindədir. Quranda deyilir ki, yığdığınızdan sorumlusunuz. Bunun da zəkatını verməlisən. Bilik də var-dövlətdir. Biliyin də öz zəkatı var. Bir dəfə məndən soruşdular: “Ən yaxşı İslam ölkəsi haradı?” - dedim, Norveç. Çünki o ölkədə neftin, yəni var-dövlətin zəkatı xalqa verilir. Bizdəsə...

- Norveçdə ən azı, adamlar adam kimi yaşayırlar, haqqlarını, hüquqlarını bilirlər. Bizim burda heç mühacir hüquqlarımız da yoxdur.


- Bizdə günəş var, azadlıq yoxdur. Ordasa azadlıq var, günəş yoxdur. Həqiqətən də, insan üçün günəş də, azadlıq da vacibdir. ABŞ-dasa hər ikisi var. Amerikada olanda mənasız, məzmunsuz bir insan da görmədim. Azərbaycanda 86-90 yaşlı adamlar ölümlə əlləşirlər. Ordasa bu adamlar tenis oynayır, qaçır, sosial tədbirlərdə iştirak edir. Baxırsan ki, oranın insanları bizimkilərdən fərqlidir. Ona görə Amerika həm də müsəlman ölkəsidir. Çünki oranın vətəndaşlarda fərdi məsuliyyət var. Azərbaycansa yalançı hacılar, fırıldaqçı kərbəlayılar, fanatik məşədilər cəmiyyətidir.

- Milli televiziya kanallarından hansıları izləyirsiniz?



- Hamısına baxıram, çünki televiziyalar mənim üçün informasiya mənbəyidir. Daha çox Türkiyə və Rusiya kanallarınıda intellektual, beynəlxalq, xarici siyasətlə bağlı təhlil verilişlərini izləyirəm. Bir də ən çox sənədli verilişlərə baxıram. Rusiya, Türkiyədə tarixlə, sənədli filmilərlə bağlı ixtisaslaşmış xüsusi kanallar var, onlara baxmağı xoşlayıram, disklərini toplayıram bu da mənim hobbimdir. Ən çox xoşlamadığım dizilərdir. Yanımda seriala baxanda elə bil məni söyürlər. Amma “Kurdlar Vadisi”nə bir-iki dəfə baxmışam. Sonra gördüm, uydurma çoxdur.

- Bu an, bizimlə bir yerdə özünüzü necə hiss edirsiniz, rahat yoxsa narahat?



- Müdriklərin bir sözü var: “Peşə insan həyatının çox az hissəsini təşkil edir”. Bu gün mən cəmiyyətə siyasətlə daha çox fayda verə bilərəm. Ona görə də hələ burdayam. Sabah min cür şey ola bilər. Ola bilər, seçkidə uduzasan, elə şərtlər formalaşar ki, heç siyasət aparmağa imkan olmaz. Adam fayda verməyin yollarını tapmalıdır. Qolfdakı kimi, şarı lazım olan səmtə yönəltməyi bacarmalıdır. Həyat budur. Ona görə bir sahə üzrə ixtisaslaşmanın əleyhinəyəm. Necə deyirlər, o insan ki, kimyadan başqa heç nəyi bilmir o heç kimyanı da yaxşı bilmir. Yəni tək kimyanı bilməklə kimyaçı olmaq olmaz. Siyasət də belədir. Televiziyada siyasi verilişlərə çox az gedirəm. Ədəbiyyat, din, sosial problemlərə həsr olunmuş verilişlərdə çıxış edirəm. Musiqi alətlərində çala bilmirəm, amma musiqiylə bağlı fərqli bir veriliş olarsa orda təzə bir söz deyə bilərəm. Bu, insanın özünü hazırlamasından asılıdır. Ona görə siyasətsiz həyat mənim üçün bəlkə də daha maraqlıdır.

- Fazil Mustafa yalnız siyasətçi kimi qəbul olunur. Sizin dinlə, ədəbiyyatla məşğul olduğunuzu çox az adam bilir...


- Açığı, bu sahələrdə tanınmağı dost çevrəsində rahatlıqla qəbul edirəm. Amma cəmiyyətdə daha çox siyasətçi ampulasında olmaqda maraqlıyam...

Arifə Mikayılova  

Mahir Mehdi






29 İyun, 2011  19:07 Baxılıb: 2132 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner