Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“GÜNDƏMİ DAHA ÇOX SENSASİYA, DEDİ-QODU ZƏBT EDİB”-FOTOSESSIYA

Fuad Muradov: “Mənim üçün əsas kriteriya ailə tərbiyəsi, bilik, bacarıq və savaddır”

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Sədri, millət vəkili Fuad Muradovun Simsar.az saytına müsahibəsi
- Milli Şuranın həyata keçirdiyi “Vətəni tanı” Ümumrespublika Kampaniyası necə keçir?

- 1 illik hazırlıqdan sonra Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları, Torpaq və Xəritəçəkmə Komitəsi və Təhsil nazirliklərinin dəstəyi ilə bu layihəni başladıq. Azərbaycanın 74 ərazi vahidi var, biz artıq 60-da tədbiri yekunlaşdırmışıq. Rayonlarda bu layihəyə qarşı çox böyük maraq gördük. Layihə yekunlaşanda hər rayondan iki nəfər olmaqla, onlar Bakıda üç gün paytaxtın tarixi, gedən quruculuq işləri, islahatlarla tanış olacaqlar. Bütün rayonları əhatə edən bu layihə sonda Bakıda yekunlaşacaq. Layihənin finalını Azadlıq meydanında keçirəcəyik.

- Layihənin məqsədi nədir?

- Bu layihə sırf maarifləndirmə xarakteri daşıyır. Kompaniyanın bir neçə məqsədi var. Çox vaxt gördüyümüz işlərin təbliğatını apara bilmirik. Bu da bəzən digər məsələlərdə müəyyən suallar yaradır. Ona görə də, bu layihədə əsas məqsəd Azərbaycanımızı yaxından tanımaq və tanıtmaqdı. Cənab prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü barəsindəki qətiyyətli fikri, Azərbaycan xarici siyasətində proritet olan Dağlıq Qarabağ probleminin həlli istiqamətindəki addımlar gənclər, məktəblilər arasında vətənpərvərlik hissini daha da artırıb. Məhz layihələrimizi bu həvəslə müasir üsulda həyata keçiririk. Azərbaycan cəmi 20 ildi müstəqildi, buna baxmayaraq, ölkəmiz bir çox uğurlara imza atıb. Azərbaycanın ən birinci müzakirə, müdafiə və beynəlxalq ictimaiyyətə çatdırılması lazım olan məsələ ölkənin ərazi bütövlüyü, xüsusilə də işğal olunmuş torpaqlar məsələsidir. Düşündük ki, Azərbaycan gənclərində, insanlarında tutacaqları lazım olan hansı istiqamətləri daha da gücləndiməliyik? Gənclər arasında sorğu keçirdik və sorğunun nəticəsinə görə aydın oldu ki, bu istiqamətdə bir sıra boşluqlar mövcuddu.

- Hansı boşluqlar?

- Bu gün təhsil krikumu, Azərbaycan tarixi, coğrafiyası, ölkəmizin keçdiyi yol haqqında kifayət qədər məlumat mövcuddu. Amma bu gün yeni, müasir dünyanın təhsil prosesində yeni yanaşmalar var. Bütün bunlarla ayaqlaşmaq üçün biz də yeni texnologiyalardan istifadə etməliyik, müasir tələblərə uyğun olaraq tədbirlər, layihələr həyata keçirməliyik. Bu gün dünyada çoxlu kitablar yazılır, düşünürük ki, gənclərə bu kitablar lazımdır, amma eyni zamanda həmin gəncə onun qavrayacağı hadisələri təbliğ etmək lazımdır. Gənc də həmişə birinci olmaq istəyir. Layihədə iştirak edən gənclər onlara verilən tapşırığı daha tez yerinə yetirməyə istəyirlər.

- Vətəni tanıtmaq istədiyiniz gənclər doğulduqları, yaşadıqları bölgəni yaxşı tanıyırlarmı?

- Azərbaycan ərazisini, tariximizi, ökədə hansı mədəniyyətlərin olmasını yaxşı öyrənməliyik ki, ölkəni daha mükəmməl şəkildə təbliğ edə bilsin. Bu yeni müstəqillik qazanan millət üçün çox vacibdir. Bizim “Vətəni tanı” adlı xəritəmizdə işğal olunmuş torpaqların da adları var. Azərbaycanın şimalında, qərbində, şərqində, cənubunda hansı rayonlar yerləşir, hansı rayon hansı ilə qonuşudur, hansı rayondan çay keçir belə detalları biz özümüz dəqiqliklə bilmirik. Buna görə də bizdə maraq daha çoxdur. Təbii ki, bölgədə yaşayan gənclər də bizim bu layihə çərçivəsində çox məlumat alaraq, öyrənəcəklər.

- Aktiv gənclik adətən şəhərlərdə olur, bölgələrdə isə əksinə, gənclik dövrü bir qədər sönük keçir. Bölgələrdə yaşayan gənclərlə şəhər gəncləri arasındakı bu fərqi siz də duymamış olmazsız...

- 30 dan çox ölkədə olmuşam, bu proses hər yerdə eynidir. Hər zaman insanlar harda daha çox rahatlıq, iş imkanları, yaxşı infrastruktur varsa, ora can atır. Bu gün Bakı çox böyüyüb. Bakının adət- ənənəsi, mədəniyyəti həmişə fərqlənib. Paytax olub, paytaxta da həmişə diqqət, maraq və axın böyükdür. Azərbaycanın elə bir regionu yoxdur ki, orada olmayaq. Müasir dövr, müasir yanaşmalar, internet komunnikasiya texnologiyaları artıq bölgələrə də sirayət edib, bu baxımdan ciddi fərq yoxdur. Təbii ki, Bakıda imkanlar daha çoxdur, amma bu gün bizim regionlarda inkişaf sürətlə gedir. İnternet klublarının, kitabxanaların artması da buna sübutdur. 2011-2015-ci il Dövlət Gənclər Proqramının işçi qrupunun üzvü kimi deyə bilərəm ki, mükəmməl bir proqram hazırlanıb və nazirlər kabinetinə təqdim olunub. Regionlarda beynəlxalq tədbirlərin, simpoziumların, konfransların keçiriləcək, artıq dediyiniz o fərq yoxdur. Amma şəhərdə olan gənclərin dünya görüşü, yanaşması təbii ki, fərqlidir. Şəhər tipajı təbii ki, mövcuddu. İstər region, istərsə də şəhər gəncinə xüsusi yanaşma olmayıb. İşləyən, biliyi, savadı olan adam üçün heç bir fərq yoxdur. Bu gün regionlardan olan gənclərimiz var ki, Avropda təhsil alır.

- “2011-2015”-ci illəri əhatə edən Dövlət Proqramının qəbulu gənclərin işsizlik problemini həll edə biləcək?

- Dünyada çox böyük maliyyə böhranı, daha sonra isə iqtisadi böhran başladı. İşsizlik problemi dünyanın hər yerində mövcuddu. Bu gün ölkəmizdə 1 milyona yaxın iş yeri açılıb. Bu iş yerlərinin açılması bilavasitə iqtisadiyyatımızın yüksəlməsi ilə bağlıdır. Bu proqramda gənclərin ilk addımını dəstəkləyən Gənclər Fondunun yaradılması nəzərdə tutulub. Həmçinin gənclərin öz təşəbbüslərini həyata keçirmək üçün onlara həm maliyyə, həm texniki dəstəyin verilməsi, regionlarda gənc sahibkarların stimullaşdırılması mümkünləşəcək. Bizim məqsədimiz səmərəli məşğulluğu təmin etməkdi. Bunu da həyata keçirdikdə, həmin gənclərin öz bilik və bacarıqları sayəsində iş tapmaqları asanlaşacaq. Proqramda peşə məktəblərinin inkişafı da yer alıb. Peşə təhsilində bizim çox ciddi problemlərimiz var. Peşə təhsili, ənənəvi təhsilin inkişafı, yeni bilik və bacarıqların artırılması ilə bağlı layihələr öz hədəfinə çatacaq və yeni iş imkanları da yaranacaq.

- Gənclərin siyasi sferada fəaliyyətini necə qiymətləndirirsiz, uğur qazana bilirlər?

- Azərbaycan yeganə ölkədir ki, gənclər siyasəti dövlət siyasətinin tərkib hissəsidir. Azərbaycan gənclərinin 35 yaşına qədər olan faizi 65-dir və dövlət siyasətində 65 faizi gənclər təşkil edir. Bəziləri deyir ki, gənc yaşlanmalıdır ki, hansısa uğur əldə etsin. Təəssüf edirəm ki, bu cür düşünənlər var. Əlbəttə, gənc səhv də edə bilər, hansısa çatışmazlıqlar, təcrübəsi az da ola bilər, amma gənc öyrənə-öyrənə yaxşı mütəxəssis olar. İndidən imkan yaradılmalıdır. Gənclər maksimalistdi, heç vaxt kifayətdi deməzlər. Aprel ayında bir qrup gənclərin cənab prezident İlham Əliyevlə görüş zamanı bizim proritet istiqamətlərimiz haqqında eşitdik. Deyildi ki, gənclərə daha çox imkan vermək lazımdır ki, özlərini göstərə bilsinlər. Parlamentdəki faizlərə baxsaq hər çağırışda gənclərin sayı artır. Bu da onu göstərir ki, gənclərin siyasi sferada iştirakının təmini dəstəklənir. Prezident Administrasiyasında, bir çox nazirliklərdə bu gün çoxlu gənc fəaliyyət göstərir. Bu istiqaməti ulu öndər Heydər Əliyevin hələ 1994-cü ildə Gənclər və İdman Nazirliyini yaratmaqla müəyyənləşdirdi. Orada işləyənlərin əksəriyyəti də elə gənclərdi. Bu baxımdan düşünürəm ki, Azərbaycanda gənclərlə iş prinsipi ənənəsi var və biz bunu davam etdiririk. Təbii ki, problemlər, çatışmazlıqlar mövcuddu. Həmçinin şadam ki, bu gün bizim jurnalistikada da savadlı gənclər çalışır, onların yazıları heç də yaşlı nəslin yazılarında geri qalmır.

- Bugünkü jurnalistika cəmiyyətdə başa verən hadisələri doğru düzgün işıqlandırmağa qadirdirmi?

- Jurnalistlərlə dostluq edirəm, çalışıram ki, insan yanaşmasını nəzərə alaraq, heç kimin xətinə dəyməyim. Bu gün jurnalistikada getdim, öyrəndim, araşdırdım, yazdım üsulu yoxdu. Eşitdim, yazdım var. Bəlkə də belə tez dəyişən dünyada bu cür yazılar daha çox oxunandı. Hər halda bu cür yanaşma qeyri-peşəkar yanaşmadı. O yazıda, statistik rəqəmlər olsa, onda bilinər ki, bu adamın məsələdən xəbəri var. Son nəticədə o yazını oxuyanlar maariflənmir axı. Bizdə gündəmi daha çox sensasiya, dedi-qodu zəbt edib.

- Ona görə ki, jurnalist çox vaxt haqqında danışılan mənbəyə çata bilmir...

- Bəli, o da problemdi. Dövlət qurumlarının mətbuat xidmətləri nəyə görə lazımdır? Ona görə lazımdır ki, jurnalist sərbəst şəkildə ora müraciət etsin və o mətbuat xidməti jurnalistə nazirlə, nazir müavini və yaxud həmin idarənin digər nümayəndələri arasında körpü yaratsın. Kütləvi İnformasiya Vasitələrinə maksimal şəkildə açıq olmaq lazımdır.

- Bəzən müxtəlif beynəlxalq təşkilatlar Azərbaycanda demokratiyanın zəif olması, insan hüquq və azadlıqlarının pozulması haqqında hesabatlar yayırlar...Sizcə bu gün gənclərin hüquqları pozulur?

- Bu gün gənclər həm siyasi, həm digər sferalarda yetərincə öz sözlərini deyə bilirlər və bunun üçün də onlara həm geniş imkanlar yaradılır, həm də dəstək verilir.

- Aparılan islahatlar sizi qane edir?

- Bir vaxtlar xəyallarla yaşayan adamlar var idi ki, Azərbaycana nəsə ola bilər. Dünyada möcüzə gözləyən adamlar çoxdur, amma o möcüzənin də əsası olmalıdır. Hətta möcüzələr də baş verəndə hansısa bir əsası olur. Bu gün Azərbaycan hakimiyyəti lazım olan bütün islahatları həyata keçirir. Ola bilsin hələki, bəzi istiqamətlərdə istədiyimiz nəticəni əldə etməmişik, amma biz bu istiqamətdə işləyirik. Azərbaycan son 8 ildə iqtisadi imkanlarına görə dünyanın lider ölkəsinə çevrilib. Bəziləri deyir ki, bu neft imkanlarlna görə mümkün olub. Dövlət movcud resurslardan istifadə etməlidir. Çar və sovet vaxtı Azərbaycanın nefti Azırbaycana işləməyib, çox cüzi faizi bizə gəlib çatıb. Bunun hesabına Moskvanı və digər şəhərləri düzəldiblər. Bu gün turizmi inkişaf etdiririk, 2011-2012-ci ildə kosmosda bizim peykimiz olacaq. Bütün bunlarla yanaşı real vəziyyəti də düşünmək lazımdır. Korupsiyaya qarşı mübarizə aparırırıq, qanunları, məhkəmə ədliyyə sistemini təkminləşdirik və digər istiqamətlərdə işlər gedir. Təhsildə çatışmazlıqlar var, bu istiqamətdə işlər aparılır. Azərbaycanda 70-80 ildə görülməyən işlər, son 10-15 ildir ki, həyata keçirilir, bunları nəzərə almaq lazımdır.

- Ölkənin gələcəyinin görmək üçün gənclərin durumuna baxmaq kifayətdi. Bu gün Azərbaycan gənclərinə baxanda gələcəyi görmək mümkündürmü?

- Azərbyacanın coğrafi vəziyyəti çox mürəkkəbdi. Ölkəmizin işğal olunmuş torpaqları var, həmçinin müxtəlif böyük və iddialı olan ölkələrlə qonşudur. Azərbaycana balaca ölkə kimi baxmırlar, dövlətlər arasında öz imzası olan xalqıq. Bu imzanın olması çox mühümdü, düşünürəm ki, bu işdə gənclərin öz töhfəsi var və olacaqdır.

- Gəncliyin milli-mənəvi dəyərlərə bağlılığı sizi qane edir?

- Mənimçün ən əsas kriteriya ailə tərbiyəsi, bilik, bacarıq və savaddır. Bunlar olmasa, qalan digər məsələlərin həlli çox çətin olar. Biz hər il region gəncləri ilə görüşürük, onlara deyirik nə “dayday” gözləyin, nə də kimsədən kömək diləyin, gedin oxuyun, bilik və savad alın.
P.S. Bütün insanların dostu olan şəxs əslində pis ola bilməz. Yetər ki, bu dostluğa xələl gətirən mənfilikləri insan özündən uzaqlaşdırmağı bacara. Fuad Muradovla söhbətimizin əsas fonunu bu kimi söhbətlər təşkil etməsə də, belə başa düşdük ki, hər şeydən öncə onun üçün insan faktoru önəmlidir. Dediyinə görə hər cür insanla dostluq edə bilər, ancaq, tərbiyəyə tabe olmayan, işdən tez bezən insanlarla dostluğu alınmır.

Aynurə Həsənova






21 İyun, 2011  18:24 Baxılıb: 3602 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner