Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Kərbəla bizə kimləri tanıtdırdı?

İmam Hüseyn (ə)... Bəlkə də, barəsində yazılan, danışılan, araşdırmalar aparılan ikinci belə şəxs yoxdur. 1400 il öncə Kərbəla səhrasında yaşananlar hər il milyonlarla müsəlman tərəfindən yad edilir. İmam Hüseyn (ə) yasına qərq olanların sayı ildən-ilə artır. Eyni hadisə məscid minbərlərindən dəfərələ nağıl edilir, lakin insanlar doymur. İmam Hüseyn (ə) barədə eşitməkdən, ona ağlamaqdan, onun halına yanmaqdan doymaq mümkün deyil. Bir dəfə Hüseynin (ə) müsibətinə yanan qəlb, Hüseyndən (ə) ayrıla bilmir.


Nədir axı bu ecazkarlığın sirri?


Kərbəla hadisəsinin tarixini bəlkə dəfələrlə oxuyub, bu haqda çox eşitmisiz. Lakin bu hadisələrin incəlikləri barədə düşünmüzsüzmü? Zalım xəlifəyə qarşı üsyan edən bir şəxsin qiyamı Sizdə heç bir sual doğurmayıb? Məsələn, niyə İmam Hüseyn (ə) sağ qalıb dinə xidmət etməkdənsə şəhidlik yolunu seçdi? Niyə üsyan edən şəxs özü ilə əhli-əyalını apardı? Niyə yolunu Məkkədən salıb Həcc ziyarətinə getdi? Niyə İslamın ən böyük ibadəti – Həcci yarımçıq qoyub yollandı Kərbəlaya? Niyə Kufə əhlinin xəyanətini, ona dəstək verməyəcəyini eşidəndə geri dönmədi və 72 nəfərlik dəstəsi ilə ölümə doğru getdi? Niyə ona qoşulmaq istəyənlərin bəzilərini özündən kənarlaşdırır, ondan qaçanların bəzilərini isə israrla öz dəstəsinə cəlb edirdi?

Bu niyyələrin cavabı birdir – Kərbəla üsyan deyil, rəmzdir.

Tarix boyu insanlar zülmə boyun əyib, haqqı müdafiəsiz qoyublar. Ədalətin, azadlığın gözəl olduğunu bilir, lakin onlara bu dəyəri vermək istəyən insanları tək buraxırdılar. Zülmün pisliyini anlasalar da, zalımlardan qorxub ədalət və azadlığı qurban verirdilər. Lakin bütün bunlar həmişə nəzəri, fəlsəfi bir bəhs olub. Bu nəzəriyyə Kərbəlada baş verən real hadisə ilə öz təsdiqini tapdı. Kərbəla hadisəsi bir çox məsələni üzə çıxardı, insanların gizlədiklərini faş etdi. Yaxşısını gizlədən yaxşılar, pisliyini gizlədən pislər Kərbəla vasitəsi ilə faş oldular. Bəşəriyyətin səadəti də, fəlakəti də öz əlindədir, insan seçimində azaddır. Lakin seçim yolları insanın keçmişindən asılıdır. İnsan düzgün yaşadıqca, onun qarşısına çıxan seçim də yaxşı ilə daha yaxşı, səhvlərə yol verdikcə, onun qarşısına çıxan seçim də pis və daha pis arasında olacaq. İnsan səhvlər içində dolaşdıqca onun Haqqa qayıtması çətinləşir və ya bunun əksi baş verdikdə, Allaha yaxınlaşdıqca onun Haqdan qopması mümkünsüzləşir. Kərbəla hadisəsi bizə hər iki xüsusiyyətə malik insanları göstərir. Birincilər, yəni, kufəlilər – vaxtı ilə Həzrəti Əlinin (ə) Müaviyəyə qarşı yardım çağırışına rədd cavabı verdilər. O zaman Müaviyə İraqı işğal, xilafəti qəsb etmək istəyən zəif bir insan, Həzrəti Əli (ə) isə xəlifə, müsəlmanlar arasında dərin ehtiramla yad edilən Peyğəmbər (s) qardaşı idi. Əli (ə) Müaviyənin fitnələrinə son qoymaq üçün kufəlilərdən yardım istədi. Onun səsinə səs verənsə tapılmadı. Nəticədə, İmam Həsənin (ə) dövründə Müaviyə daha da gücləndi, Peyğəmbər (s) ailəsinin üzvləri isə dəstəksiz olduqlarından Muaviyə ilə sülh bağladılar. Beləliklə, vaxtı ilə Əlinin (ə) ədalətindən faydalanan müsəlmanlar, onu tək qoyduqlarına görə Muaviyənin zülmü altında yaşamağa məhkum oldular. İmam Həsəni (ə) tək qoyub zalım bir şəxslə sülh imzalamağa vadar edən kufəlilər tədricən o qədər tənəzzül etdilər ki, onlar əllərini İmam Hüseynin (ə) qanına batırmalı oldular. Əvvəlcə, zülmə göz yumuldu, boyun əyildi, daha sonra, itaət olundu. Sonda, Haqq müsəlmanların öz əli ilə boğuldu.

İkinci qrupda tam başqa nəzəriyyənin qəhrəmanlarını görürük. Allahın çağırışına canı-dildən cavab verənlər, cəmiyyətin taleyinə biganə qalmayanlar, kamillik axtarışında olanlar Kərbəla möcüzəsini yaratdılar. Bəzi insanlar İmam Hüseynin qiyamına sırf siyasi hərəkat kimi baxdığından yanlış düşüncələrə yuvarlanırlar. Bəziləri İmam Hüseynin qələbə çalacağına inanıb, gələcəkdə onun quracağı hökumətdə vəzifə əldə etmək istəyirdi. Odur ki, İmam Hüseyn (ə) bu cür adamları özündən uzaqlaşdırır, karvanının şəhidlər qurbangahına səfər etdiyini deyirdi. Bəziləri isə, kufəlilərin naxələfliyini, İmam Hüseynin müharibədə uduzacağını bildiyindən ona qoşulmurdular. Lakin, onların qəlbində Haqq sevgisi görən İmam (ə) bəyan edirdi ki, məqsədi siyasi hakimiyyət deyil, Qiyamətə qədər insanları hidayət edəcək bir səhnə qurmaqdır. Elə bir səhnə ki, orada qan qılınca qələbə çalacaq, xəyanətlərdən qurumuş İslam ağacı şəhid qanı ilə sulanıb, yenidən çiçəklənəcəkdi. Buna görə, İmam Hüseyn (ə) Həcc ziyarətni yarımçıq qoydu, kufəlilərin xəyanətindən narahat olub geri dönmədi.

“Quran” ayələrinə nəzər salanda, görürük ki, Allah haqqı bir, batili isə çox sifətdə tanıtdırır. Allah təkdir, ona görə də haqq əhli ilahi rənglərə boyanaraq eyni dəyərlər ətrafında birləşir. Haqdan savayı hər nə söylənilsə batildir. Şeytan insanları azdırmaq üçün müxtəlif yollara əl atır, onları fərqli vasitələrlə azdırır. Yəzid qoşununa qoşulanlar yalnız dinsizlər deyildi. Bu qoşuna qorxu, tamah, şöhrətpərəstlik və ağılsızlıqdan qoşulanlar var idi.

İmam Hüseyn (ə) ağılsızlığın mənəviyyatsızlıqdan doğduğunu bizə göstərdi. Dəfələrlə Yəzid qoşununa səsləndi, özünü tanıtdırdı, məqsədini bildirdi. Həqiqətən də aldanılmışlar İmamın (ə) sözlərini eşitdilər və ölümə məhkum qoşuna tərəf keçdilər. Aldanmaq istəyənlər isə daha da azğınlaşdılar. Səs-küy salaraq İmamın səsini boğmaq istədilər. Bu da Kərbəlanın digər dərsi – batil heç zaman Haqqın müqabilində tutarlı məntiqli söz deyə bilmir, ona görə boş-boş sözlərlə hay-küy salıb insanların fikrini yayındırır.

Bugünkü gündə İslam düşmənləri terrorizm ətrafında yalandan hayküy yaradaraq İslamın səsini boğmaq istəyirlər. Bir dəstə muzdluların “Allahu Əkbər!” sədası ilə günahsız insanların başını kəsdiyini göstərib, “budur İslam” deyirlər.  İslamı dözümsülkdə, azğınlıqda ittiham edirlər. Özləri isə milyonlarla insanın qanını tökür, zəif ölkələrin təbii sərvətlərini mənimsəyir, fərqli düşünməyə icazə vermir (elə götürək Fransa parlamentinin erməni sıyqırımı ilə bağlı qərarını). İmam Hüseyn (ə) dövründə də belə idi. Şərab içən, zinakar, halal-haram bilməyən Yəzid özünü müsəlmanların xəlifəsi, Peyğəmbər (s) sünnəsini yaşadan Əhli-Beyti (ə) isə kafir adlandırırdı. Kufənin qazısı olan Şüryh bunu görə-görə bir qədər pul müqabilində İmam Hüseynin (ə) kafir olması və onun edamının vacibliyi barədə fətva verdi. İmam Hüseynin (ə) başı kəsilərkən Yəzid qoşunundan “Allahu Əkbər!” sədaları gəldi. Bu gün məsum körpələri, köməksiz qadınları Allah adına qətlə yetirənlər, Peyğəmbər (s) ailəsinin körpələrinə və qadınlarına Allah adından istifadə edərək hücum edirdilər. İmam Hüseyn (ə) bu insanların siyasi məqsəd, vəzifə düşgünü olduqlarını üzə çıxardı. Çünki, günahsız, silahsız bir insanı qətlə yetirmək yalnız və yalnız insanın mənəviyyatsızlığından, vəhşiliyindən doğur. Batil əhli öz əməllərini müxtəlif “izm”lərlə bəzəyə, öz əməllərini kitabdan kitaba sala bilər, lakin mahiyyət dəyişilməz qalır – mənəviyyatsızlıq. Ən vəhşi insansa öz cinayətini haqla pərdələyəndir. Bu gün də azadlıq və ədalətdən dəm vuranlar, Qarabağ, Fələstin, İraq, Əfqanıstan, Konqo, Ruanda və digər yerlərdə uşaq öldürürlər.

İmam Hüseyn (ə) Kərbəlada azadlığın və ədalətin qətlə yetirildiyini göstərdi. Yalnız ilahi təlimlər azadlıqla ədaləti uzlaşdıra bilər, insan özbaşına bu işi görməyə qalxsa ya sağa, ya sola meyillənib ifrata varacaq. Bu da Allahın insana sübut etdiyi tarixi bir həqiqətdir. Bəşər övladı rifah halında yaşamaq üçün o qədər fikirlər söylədi, o qədər inqilablar elədi, o qədər planlar cızdı. Nəticə? Nəticədə, hər biri Allaha möhtac olduğunu anlamağa başladı.

Bu gün milyonlarla insanın acından öldüyü, milyonlarla insan primitiv xəstəliklərdən həlak olduğu halda, yeni silahların hazırlanmasına, mənasız müharibələrin aparılmasına trilyonlarla dollar pul sərf edilir. Budurmu bəşəriyyətin elmi-texniki inkişafı? Budurmu XXI əsrdə “ağılın” qələbəsi?  Ağıl, haqq, ədalət, azadlıq Kərbəlada dəfn olundu. Odur ki, Kərbəla zülmün hökmranlığının rəmzidir. Kərbəlanı yaşatmaqla insanlar Haqqın xatirəsini yaşadırlar. Aşura Haqqa matəm tutulan gündür. Haqqa matəmi isə yalnız Haqqı sevənlər tutarlar. Bu insanlar Kərbəla şəhidlərinə ağlamaqla, onları sevməklə onlara bənzəməyə çalışarlar. Aşura günü İmam Hüseyn (ə) və səhabələri izzətli, haqsevər insanların necə olduqlarını, bir biri ilə necə davrandıqlarını göstərdilər. Aşura gecəsi İmam Hüseyn (ə) bəyan edir ki, səhər onunla birgə olanlar şəhid olacaq, odur ki, onların üzərindən öz beyətini götürür, getmək isyənlər xəcalət çəkməsin deyə işıqları söndürür. Lakin, səhabələr bir-bir ayağa qalxıb deyirlər: “Min dəfə də öldürülüb-dirilsək, Haqq uğrunda yenə də canımızdan keçərik”.

Cənnətlə müjdələnmiş halda şəhidlər can verərkən İmama (ə) baxıb təvazökarcasına soruşurdular: “Vəfalı olduq? Vəzifəmizə əməl edə bildik?” Özü də Kərbəla şəhidləri qaragüruh insanlar deyildilər, yaşadıqları cəmiyyətdə böyük hörmət sahibi olan bu şəxslər, hörməti, vəzifəni, vardövləti kənara qoyub, İmam Hüseynin (ə) qaradərili qulamı ilə çiyin çiyinə savaşan, ailələrinin əsirliyə düşəcəyinə razı olan, iti düşüncəli, saf qəlbli qəhrəmanlar idilər. Onları idarə edən yeganə hiss ilahi eşq idi.

Hədislərdə deyilir ki, İmam Hüseynin (ə) intiqamını Həzrəti Məhdi (ə) alacaq. İmam Hüseynin (ə) Kərbəladakı məqbərəsi üzərində asılan qırmızı bayrağı qarası ilə əvəz edəcək. Bunun mənası odur ki, bu şəhid qanının hələ də yerdə qalmasını tərənnüm edən qırmızı rəng, onun intiqamının alındığını tərənnüm edən qara rənglə əvəz olunacaq. Yəni İmam Hüseynin (ə) intiqamı onun qatillərinin fiziki məhvi ilə deyil, hər zaman və hər yerdə İmamın (ə) canlandırdığı Haqqın zülm üzərində qələbəsi ilə alınacaq.

Mənəvi Dünya İctimai Birliyi






28 Oktyabr, 2016  12:00 Baxılıb: 4053 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner