Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Elçin Mirzəbəyli: “Məni sındırmaq istədilər, buna getmədim”

1967-ci ildə Lənkəranda anadan olmuşam. Uşaqlıqda çox çevik, dəcəl olmuşam. Hələ 4-cü sinifdə oxuyandan bədii yazılar yazırdım. Uşaqlar da həmişə başıma toplaşardılar. Mənə adımla müraciət etməzdilər, yazı qabiliyyətim olduğu üçün “Milli” deyərdilər. Hərdən uşaqlara şarj formasında satirik şeirlər də həsr edirdim. Amma doğmalarımın da, mənim də arzum idi ki, jurnalist olum. İlk yazım 10-cu sinifdə oxuyanda – 1984-cü ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunmuşdu. Eyni zamanda uşaqlıqdan teatra da böyük marağım var idi. Uzun illər Masallının “Çağırış” qəzetinin redakroru olmuş dayım Vaqif Hüseynovun dramaturji əsərləri Lənkəran teatrında səhnəyə qoyulduğu üçün mən də teatra tez-tez gedirdim. Hətta dram dərnəyinə də üzv olmuşdum. Odur ki, seçim məqamında incəsənətə üstünlük verdim. İncəsənət Universitetinin rejissorluq fakultəsinə qəbul oldum. Oranı bitirib Sankt-Peterburqda təhsilimi davam etdirdim, elmi işimi müdafiə edib İncəsənət Universitetində müəllim kimi fəaliyyətə başladım. Eyni vaxtda həm də AzTV-də çalışırdım. Amma mənəvi rahatlıq tapdığım “Azadlıq”a gələnə qədər bir neçə iş yeri dəyişəsi oldum. Qısa bir müddətə “Sevil” kinoteatrının direktoru işlədim, bir müddət Mədəniyyət Nazirliyində çalışdım. Daha sonra Naxçıvan Dövlət Dram Teatrında rejissor işlədim Nəriman Nərimanovun “Nadir şah” əsərinə quruluş verdim. Naxçıvandan qayıtdıqdan sonra bir müddət “Üç nöqtə” qəzetinin redaktoru, 2000-ci ildə “Sara” telekompaniyasında “Xəbər” departamentinin direktor müavini, sonra direktoru və həftəlik “Siyasi icmal” proqramının aparıcısı oldum.

1994-cü ilin əvvəlində Rusiyada tamamilə fərqli dünyagörüşü, fərqli düşüncə tərzinə malik, innovativ metodlarda fəaliyyət göstərən bir teatrdan – sənət məktəbinin içindən keçib Azərbaycana qayıdanda ilk vaxtlar çox çətin, depressiv bir dövr yaşadım. Elmi rəhbərimin tələbələri dünyanın hər yerində uğurla qəbul edilirdi. Mənə də Norveç teatrından təklif gəlmişdi. Ancaq mən öz vətənimə qayıtdım. Burada isə məni Rus Dram Teatrında hansısa musiqili, nağıl-tamaşaya quruluş verməyə dəvət elədilər. Özünün böhran dövrünü yaşayan Azərbaycan teatrında məni tamamilə fərqli bir istiqamətə yönəltməklə sındırmaq istədilər, mən də buna getmədim. Və başa düşdüm ki, teatr aləmindəki mövcud stereotipləri dəyişmək gücündə olmadığımdan seçim qarşısındayam. Odur ki, mətbuatı seçdim. Və bu fikirdəyəm ki, teatrdan uzaqlaşmaqda doğru addım atmışam. Əslində harda işləməyimdən asılı olmayaraq jurnalist olmaq istəyi həmişə öz sözünü deyib. Belə ki, mütəmadi olaraq ölkənin bir çox mətbuat orqanlarında köşə yazıları ilə çıxış edirdim. Mövzu seçimim birtərəfli deyil. O zaman da, indi də konkret situasiyada məni nə narahat edirsə, cəmiyyəti nə maraqlandırırsa, o hədəflərə də toxunuram. Təbii ki, gündəlik mətbuat adamın həyatının bir hissəsini yeyir- bəzən 14-15 saat işləməli olursan, yaxınlarına, doğmalarına lazımi diqqət göstərə bilmirsən. Amma az qala 10 ildir ki, “Xalq cəbhəsi” qəzetinin baş redaktoruyam, bezməmişəm və burada özümü daha rahat hiss edirəm. Çünki kollektivlə aramızda daha çox anlaşma var. Eyni zamanda daşıdığım idealoji prinsiplə-türkçülük və bütöv azərbaycançılıq idealogiyası ilə bağlı mesajlarımı qəzet vasitəsilə oxucularıma çatdıra bilirəm. Belə hesab edirəm ki, bu qəzetdə Elçin Mirzəbəyli imzasına ehtiyac var.

Özünütənzimləmə mexanizmləri  işə düşməlidi

Texnologiya inkişaf edir. İndi oxuculara təsir etmək imkanı əvvəlki vaxtlardan daha çoxdu. Odur ki, hər hansı məsələ ilə bağlı cəmiyyətə mesaj verdikdə ona olan münasibəti, əks reaksiyanı açıq şəkildə görmək mümkündü. Yazılarımızı təkcə ölkəmizdə deyil, Azərbaycandan kənarda yaşayan azərbaycanlılar, türk dünyası oxuyur. Əgər bir yazını sosial şəbəkədə 5-10 min adam oxuyursa, bu, artıq oxucu kütləsinin artdığını göstərir. Ünsiyyət qurmaq, həmfikir insanları tapmaq imkanı çoxalıb. Təbii ki, sosial şəbəkələr də cəmiyyətin bir hissəsidi və cəmiyyətin bütün sahələrində olduğu kimi burada da mənfi hallar var, onlara nəzarət etmək isə çətindi.

Məni tanıyanlar bilirlər ki, daha çox dinləməyi sevirəm, yalnız danışmağa ehtiyac olan məqamlarda danışıram. Kompramisə meylli adam olduğumdan istənilən situasiyanı rahatlıqla yaxşılığa doğru dəyişirəm. Qıcıq yaradacaq heç bir fikri söyləmirəm. İki övladım var. Böyük oğlum beynəlxalq münasibətlər üzrə magistratura təhsili alır, kiçik oğlum  9-cu sinfi bitirib. 9 yaş fərqləri var, amma hər ikisinə qardaş kimiyəm, problemlərini mənimlə rahatlıqla paylaşırlar. Təbii ki, mənim də gərgin  vaxtlarım olur. Belə məqamlarda doğmalarım məni başa düşməyə çalışırlar. Odur ki, ailədə həmişə qarşılıqlı anlaşma olur. Jurnalist işimdə isə verdiyim suallar heç vaxt  basqı xarakretrli olmayıb, həmişə çalışmışam ki, müsahibimlə tərəf-müqabil olum. Ümumiyyətlə nizamlı işi sevirəm, plansız heç nə yazmıram. Və yazımın adını da qabaqcadan müəyyənləşdirib sonra mətnini yazıram. Bəlkə də bu, rejissorluqdan irəli gələn bir xəttdi. Rejissor tamaşaya quruluş verəndə əvvəlcə  onun bütün mizan səhnələrini müəyyənləşdirir. Mənim yazımın da  mizan səhnəsi əvvəldən beynimdə müəyyən olur.

Arzum vardı...

Əgər rejissor kimi işimi davam etdirsəydim, Hüseyn Cavidin “Peyğəmbər” əsərini səhnələşdirmək istəyərdim. Təbii ki, peyğəmbərin səhnə obrazının inikasından söhbət gedə bilməz, tamaşa onun ideyaları üzərində qurula bilər. Təəssüf ki, bu əsərin səhnəyə gətirilməsinə imkan verilmir. Bir də Leonid Andeyevin “Anatema” adlı bir əsəri var. Burada İsa peyğəmbərin özü deyil, prototipinin yaradılmasından söhbət gedir. Burda şeytanın yoldan çıxartdığı insan obrazı var. Çox maraqlı, fundamental bir əsərdi, onu səhnələşdirmək istərdim. Amma artıq 18 ildir ki, bu sahədə bir müşahidəçiyəm. İndi mən jurnalistika və ədəbiyyatla iç-içəyəm.

... ovqatım ilahi sevgi  üzərində  köklənib

Bütün yazılarımı – istər jurnalistikada, istərsə də ədəbi yaradıcılıqda içimdən keçirib yazıram. Azərbaycanın istiqlal mücadiləsi dövründə daha çox pafoslu şeirlər üzə çıxırdı. Elə Azərbaycan Silahlı Qüvvələrində ifa olunan “Azadlıq marşı”m və daha üç marşım da zamanın tələbindən, eyni zamanda mənəvi ehtiyacdan yaranıb. İndiki dövrdə isə ovqatım daha çox ilahi sevgi üzərində köklənib:

Gedər-gəlməz bir səfərdən gələsən, kimsə bilməyə.

Qismətinə için-için güləsən, kimsə bilməyə.

Təzələyib yaddaşını, viran olmuş baş daşını,

Şəklindəki göz yaşını siləsən, kimsə bilməyə.

Varıb eşqin hücrəsinə, əzabdan çatlasın sinən,

Bir sevdadan dönə-dönə öləsən, kimsə bilməyə.

Vaxtilə mənim elmi işimin mövzusu da sufizmlə bağlı olub. O baxımdan  ədəbiyyatda da, jurnalistikada da vəhdət əl-vücud, ilahi eşq fəlsəfəsinin içində olmuşam.

...bu yol cızılıb

Keçdiyim həyat yolunda heç nəyə peşman deyiləm. Aldığım təhsil sahələri mənə çox şey verib. Rejissorluq analitik təhlil üzərində qurulub. Əgər mən İncəsənət Universitetində böyük sənətkarlardan sənətin incəliklərini öyrənməsəydim,  Sank-Peterburqda – Avropanın ən böyük mədəniyyət mərkəzlərindən birində təhsil almasaydım, analitik təfəkkürüm belə formalaşmaya bilərdi. Və yəqin ki, bugünkü Elçin Mirzəbəyli imzası da sıradan bir imza olardı. Jurnalistika mənə çox şey qazandırıb:çoxlu sayda dostlar,  fərqli bir qüvvə, cəmiyyətin problemlərini bəlli etik normalar çərçivəsində qaldıraraq insanları buna inandırmaq mədəniyyəti. Mən bu yolu seçdiyimə məmnunam. Təbii ki, heç nə  təsadüfi deyil.  Elə bu yol da Allahın istəyilə cızılıb.

 

İsmət  ƏLƏKBƏRQIZI






22 İyul, 2015  12:57 Baxılıb: 2341 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner