Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Fəxri adların əvəzinə, pul versinlər”– FİZULİ HÜSEYNOV “Çay Dəsgahı”nda

Bu dəfə “Çay dəsgahı”nda söhbətləşmək üçün “Dafne by Dalida”ya Akademik Milli Dram Teatrının aktyoru Fizuli Hüseynovu dəvət etdik. Yerimizi rahatlayıb qonağımızı gözləməyə başladıq. Çox keçmədi, qonağımız görüş yerinə təşrif buyurdu. Çatar-çatmaz, “50-dən sonra yaşamağa dəyməz” – deyə həyatdan giley edən aktyor bunu belə əsaslandırdı ki:“50 yaşa qədər bədən insana xidmət edir, 50-dən sonra isə gərək sən ona xidmət edəsən. Bu da bizim üçün çox əziyyətli işdir”.

Söhbətdə iştirak edən Simsar.az üzvləri: İradə Nürəddinqızı, Ülviyyə Cövdətqızı, Ramil Məmmədli, Hüseyn İbadlı, fotoqrafımız Nuranə Novruz və mən Vüsal Məmmədzadə, ilk olaraq, 50 yaş gileyinin səbəbini aydınlaşdırmağa çalışdıq.

“Açığı, bu il 52 yaşım olanda qocaldığımı hiss etdim. Əvvəllər tələbə yoldaşlarımızla görüşəndə küçədə qışqırırdıq, uşaq kimi hərəkətlər edirdik. Amma yanımızdan keçən uşaq qəfil “əmi” deyəndə anlayırdım ki, yaşlanmışıq...”

“Dediniz, 50 yaşdan sonra cana qulluq etmək lazımdır. Mütəxəssislər isə belə fikirdədirlər ki, çayı çox içmək orqanizmə zərərlidir. Siz necə, çayı çox içirsiniz?”

“Son vaxtlar çay süfrəsi arxasında çox oturmuram və çalışıram ki, daha çox su içim. Bu da, siz qeyd etdiyiniz kimi, cana qulluqdan irəli gəlir. Dost-tanış arada zəng vurub deyir, gəl bir çay içək, filan məsələni müzakirə edək. Yalnız ortada bir məsələ olanda çay süfrəsi arxasına keçirəm.

“Maraqlıdır, biz bütün söhbətləri çay içə-içə edirik...”

“Doğrudur. Ruslar söhbət edəndə araq, şotlandlar viski içirlər, biz də çay. Bu, ənənədir”.

“Əslində, görüş çay içməklə başlasa da, sonradan çörəyə də çevrilə bilir...”

“O adət də itib. Əvvəl rayona qonaq gedəndə deyirdilər, qəşəng bir bulaq var, gedək suyundan içək. Bulağın başına çatmamış quzunun birini kəsib kabab edirdilər”.

“ARADA ELƏ OLUR Kİ, HƏR ŞEYDƏN BEZİRSƏN”

“Bulqadan söz düşmüşkən, təbiətlə aranız necədir? Bulaq başında tez-tez olursunuz?”

“Təbiəti çox sevirəm. Yayı burada keçirmirəm. Ya bir göl, ya da çay kənarında qalıram. Qayığım, qarmağım da var. Balıq tuturam. Bir dəfə hətta dağın başında daxma qurub yaşamağı da düşünürdüm...”

“Tərki-dünyalıq istəyinə səbəb nə idi?”

“Tərki-dünyalıq deməzdim. Sadəcə, arada elə olur ki, hər şeydən bezirsən..”

“QADINLARA YAŞAMAQ ÜÇÜN OYUN LAZIMDIR”

“Peşəmizlə əlaqədar kifayət qədər, həm kişi, həm qadın müsahiblərimiz olub. Maraqlıdır, dağın başında daxma qurub tənha yaşamaqla bağlı həmişə kişilər danışıblar...”

“Qadınlar tək ola bilməz. Onlar kişilərdən, bəlkə də, 50 dəfə daha güclüdürlər, 10 dəfə ağıllıdırlar və 20 dəfə siyasətçidirlər. Çox yaxşı yaddaşları var. Təkcə bir bəlaları var: nəyi, nə üçün etdiklərini bilmirlər. Ona görə deyirlər, qadınlara qulaq asmaq lazımdır. Amma dediklərinin əksini etməlisən”.

“Bu, sadəcə deyimdir...”

“Elədir. Amma doğrudur. Qadınlara qulaq asırsan, istəklərini eşidirsən və “eliyərik” deyirsən. Amma eləmirsən. Qadın istəyinə çatan kimi, kişiyə marağı ölür. Qadınlara yaşamaq üçün oyun lazımdır. Buna görə, onlar heç vaxt tənha qala bilməzlər”.

“Qadınlardan çox danışırsınız, həmçinin, 50 yaş gileyi var. Olmaya, buna səbəb də hansısa qadındır?”

“Qətiyyən (gülür). Mən, sadəcə, qadınları yaxşı tanıdığımdan və çox istədiyimdən belə danışıram”.

“Bir çox aktyorlar haqqında danışanda onların yaşlı vaxtı yada düşür, məsələn, Lüi de Fünes. Amma sizin haqqınızda danışanda, əksinə, cavanlığınız yada düşür... Özü də hamı sizi Spartak kimi tanıyır. Halbuki, başqa rollarda da çıxış etmisiniz”.

“Sizdən çox, özüm bu barədə fikirləşmişəm... Ola bilsin, burada filmin məşhurluğunun təsiri böyükdür”.

“Mənə elə gəlir ki, Spartakın bəzi xüsusiyyətləri sizdə olub”.

“Hər kişidə olmalıdır. Ola bilməz, sizdə də olmasın (gülür)”.

“ÇOX İSTƏYİRƏM, ÖLÜM...”

“Bir müddət Azərbaycanda olmadınız...”

“Üç ilə yaxın Türkiyədə yaşadım, sonra Rusiyaya getdim”.

“Bu müddətdə öz peşənizdən də uzaq düşdünüz...”

“Türkiyədə bir neçə dəfə serial çəkilişlərinə dəvət aldım, amma istəmədim”.

“Əksər aktyorlar müsahibələrində deyirlər ki, səhnəsiz yaşaya bilmərəm. Amma siz on ilə yaxın səhnəsiz yaşadınız...”

“Qətiyyən belə deyil. Hansısa bir sənətçi “səhnəsiz ölərəm” deyirsə, səmimiliyinə inanmayın. Tutaq ki, başına bir iş gəldi, şikəst oldun. Kəndiri boğazına keçirib özünü asacaqsan?”

“Amma siz də sonradan peşənizə qayıtdınız...”

“Mənim qayıtmağımın ən böyük səbəbkarları Həsənağa Turabov və Mərahim Fərzəlibəyov oldu. Onların səyləri nəticəsində yenidən sənətə qayıtdım. Həmçinin, Vətən” deyilən bir məvhum var. Bunu da Vətəndən kənarda qalanda hiss edirsən. Hamının bir evə, ocağa ehtiyacı var. Fikirləşdim, artıq yaş keçir. Bəlkə, birdən ölmədim? Hərçənd, çox istəyirəm, ölüm... Yaşamaq üçün də pula ehtiyac olur (gülür).

Bu sənət özü də xəstəlikdir: düşəndən sonra çıxmaq, çıxandan sonra qayıtmaq çətin olur..”

“ƏMƏKDAR ARTİST ADI ƏVƏZİNƏ, PUL VERSİNLƏR”

“Azərbaycanda olmadığınız vaxt sizə əməkdar artist adı verildi. Amma siz imtina etdiniz...”

“Mən Əməkdar artist adından imtina etməmişəm...”

“Qəbul da etməmisiniz...”

“Mənə o ad veriləndə burada deyildim. Xəbəri yaxın dostum zəng vurub demişdi. Həmin vaxt çox əsəbiləşmişdim...”

“Əməkdar artist adı ilə təltif edilməyi niyə istəmirdiniz?”

“Bu adların mənasız olduğunu düşünürəm. Xalq artisti adı verilsə, yenə belə edərəm. Fəxri adların əvəzinə, pul versinlər. Çağırıb soruşsunlar ki, bəlkə, evin yoxdur? Sənə ev verək. Ya da bağ tikək, qocalanda dincələrsən...”

“Deyəsən, diqqət və qayğıdan kənar qaldığınızı düşünürsünüz. Bəs, öləndən sonra Fəxri Xiyabanda dəfn edilməyi necə, istərdiniz?”

“Bunun heç bir mənası yoxdur. Yaxınlarıma tapşırmışam məni Balakəndə atamın yanında dəfn etsinlər”.

“QADINLARIN REJİSSORLUQ ETMƏSİNİ QƏBUL EDƏ BİLMİRƏM”

“Bu yaxınlarda Akademik Milli Dram Teatrında “Əmir Teymur” tamaşasına baxdım. Tamaşanın ikinci hissəsini çox bəyəndim. Amma birinci hissəni, ümumiyyətlə, bəyənmədim. Əmir Teymuru niyə bu günə qoymuşdular?”

“Əmir Teymur tarixi şəxsiyyətdir və onun həqiqətən necə biri olduğunu bilmirik. Bu, sadəcə, həmin tamaşanın rejissoru Mehriban Ələkbərzadənin baxışından irəli gəlir. O, Əmir Teymuru belə görür və belə təqdim edir”.

“Nurəddin Mehdixanlının fiziki görkəmi sizdə olsaydı, siz Teymur rolunu qəbul edərdiniz?”

“Mən indi də təklif olunsaydı qəbul etməzdim”.

“Niyə?”

“Niyə”lər çoxdur... Hüseyn Cavidin drammaturgiyasına söz ola bilməz. Amma rejissorla  mənim fikirlərim üst-üstə düşməlidir. Mən bu quruluşda heç cür Əmir Teymur ola bilməzdim. Ümumiyyətlə, qadınların rejissorluq etməsini qəbul edə bilmirəm. Çünki, bayaq da demişdim, qadınlar nəsə edəndə nəyə görə etdiklərini bilmirlər”.

“330 MANAT MAAŞ YAŞAMAĞA KİFAYƏT ETMİR”

“Həm teatr tamaşalarında, həm də filmlərdə çıxış etmisiniz. Bunların hansı sizin üçün daha rahatdır?”

“Rejissor peşəkardırsa və mənə uyğun rolu tapa bilibsə, fərqi yoxdur, film olsun, ya tamaşa... Amma birdən olur ki, rejissor nə istədiyini bilmir. Təəssüf ki, indi daha çox olur...”

“Rejissorlardan gileylisiniz. İnsan da, bir növ, öz həyatının rejissorudur. Siz həyatda öz rolunuzu tapa bilmisiniz?”

“Mənim İncəsənət İnstitutuna gəlməyimə səbəb dəqiq elmləri sevməməyim olub. Amma oxuduqca müəllimlərimin səylər nəticəsində aktyorluğa marağım artdı. Vaxt var idi, düşünürdüm, kaş bu peşəyə gəlməyəydim. Amma indi belə düşünmürəm... Çünki artıq vaxt, o vaxt deyil. Gənc olsaydım, bəlkə də, başqa sahədə çalışardım”.

“Niyə ki? Məşhur olmaq da pis deyil”.

“Baxır harada... Birdən lazım olmayan yerlərdə də görürlər (gülür). Amma yol polisi saxlayanda tanıyıb hörmət edəndə, ləzzət edir”.

“Bəlkə, aktyorluqdan əlavə hansısa başqa bir işlə də məşğul olursunuz?”

“Özümü saxlamaq üçün Rusiyada kiçik bir biznesim var. Külli miqdarda pul həvəskarı deyiləm. Sadəcə, 330 manat maaş yaşamağa kifayət etmir. Kiməsə möhtac olmamaq üçün öz peşəmdən kənar işlə də məşğul olmağa məcburam”.

“KİNOSTUDİYA ÖLÜXANAYA BƏNZƏYİR”

“Bəyin oğurlanması” filmində bir səhnə var: Musa sizi oğurlayır, Bibixanım da çıxır eyvandan, deyir, itib-batmaq onun köhnə adətidir. Bizi ayrı-ayrı çəkin, sonra calaşdırarsınız. Bu, tək kinoda belə deyil. Sizi hərdən görürük, hərdən də yoxa çıxırsınız. Nə bir seriala çəkilirsiniz, nə bir verilişə çıxırsınız...”

“Siz hansı verilişlərə gedərdiniz? Deyin, biryerdə gedək... İndi bizim telekanallarda insan taleyindən şou düzəltmək dəbdədir. Çağırılan qonaqlar isə insanlar haqqında hökm verirlər. Halbuki, araşdırsan, özü bir qəpiklik insan deyil. Mən belə verilişlərdə iştirak edə bilmərəm”.

“Bəyin oğurlanması”ndan söz düşmüşkən, yaxın keçmişdə çox gözəl filmlərimiz olub. “Əhməd haradadır?”, “Yol əhvalatı” kimi filmlərdəki hər bir cümlə sonradan sitata çevrilib. Maraqlıdır, belə bir ənənəsi olan ölkənin kino sənəti niyə bu vəziyyətə düşüb?”

“Bu yaxınlarda kinostudiyada idim. Daha çox ölüxanaya bənzəyir. Bilmirəm, bu, kimə sərf edir... Mənim bir təklifim var: bir fond yaradılsın, satılan hər bir spirtli içkidən 50 qəpik, hər qutu siqaretdən isə 5 qəpik həmin fonda yönəldilsin. Bu üsulla həmin fondda külli miqdarda vəsait toplana bilər. Həmin vəsaitlə kinostudiyanı da təmir etdirmək olar, yaxşı rejissorlar da tapmaq olar, kinomuz da inkişaf edər”.

Vüsal Məmmədzadə







20 Noyabr, 2014  15:56 Baxılıb: 4252 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner