Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

RƏBİYYƏT ASLANOVA: “Mən dünənə qapısını bağlayan insanam”

Rubrikamızın qonağı millət vəkili Rəbiyyət Aslanovadır. Əzmkar və çox ciddi görünüşə malik olan millət vəkili ilə“Qeyri-siyasi” söhbət etmək, sözün doğrusu, əvvəl adamı bir az çəkindirir. Lakin söhbətə davam etdikcə onun nə qədər mülayim olduğu bəlli olur. Hədsiz mehriban və açıqsözlüdür...

“İnsanı alçaldan sevgini qəbul etmirəm”

- Özünüzü necə təqdim edərdiz?

- Rəbiyyət Aslanova – Bakı  Dövlət Universitetində təhsil almış, uzun illər dərs demiş və bu gün də yenidən öz  müəllimlik fəaliyyətini davam etdirən, alim, tədqiqatçı,  xalqının hüquqlarını qoruyan bir millət vəkili. Digər tərəfdən, mən ictimai proseslərə müdaxilə etməyə, onları dərk etməyə çalışan və buna görə də cəmiyyətdə baş verən hadisələrə laqeyidlikdən, biganəlikdən çox uzaq insanam. İnsan Hüquqları Komitəsinə bu səbəbdən gəlmişəm. Heç vaxt haqsızlıqla razılaşmamışam. Mədəniyyət komissiyasında, təhsil komissiyasında da ola bilərdim. Amma bu mənə ruhən daha yaxın olduğu üçün İnsan Hüquqları Komissiyasındayam. Bu mənim əsas həyat amalımdır. Ədalətsizliklə daim mübarizə aparmışam. Elə buna görə də fikirləşirəm, insan nə özünün, nə də başqalarının haqqının tapdalanmasına imkan verməməlidir. Əks halda, bu adətə çevriləcək və cəmiyyətdə ədalətsizliyin aparıcı  bir qüvvə olmasına şərait yaradacaq.

- Bir gənc olaraq haqqımın tapdalanmaması üçün nə etməliyəm?

- Haqqı  bilmək onu qorumaq demək deyil. Hüqüqlarının tapdalanmamasını istəyən hər bir kəs cəsarətli olmalıdı. Öz mövqeyini azad şəkildə ortaya qoymağı bacarmalıdı. Hər bir insanın hüquqlarının sərhədləri var. Həmin sərhədləri keçmək digərinin hüququnun pozulması deməkdi. Cəmiyyətdə zəif-güclü məfhumu olmamalıdı. Zəif-güclü anlayışını da çox vaxt insanların özləri hansısa oliqarxa baş əyməklə yaradırlar. Hər bir Azərbaycan vətəndaşının hüquqları dövlət tərəfindən qorunur və hamı bərabər hüquqlara, imtiyazlara malikdi. Heç bir sferada hüquq  pozuntusu halı dövlət tərəfindən qəbul olunmur. Amma insanların hüquqları ilə yanaşı vəzifələri də var. Hər bir kəs dövlət qarşısında vəzifələrini yerinə yetirməlidir.

- Sizin böyüdüyünüz ailədə istəklərinizə qarşı çıxan olub?

- Sovet dövründə yaşamış, böyümüş insanam. Sovetlər dönəmini pisləməklə ümumlikdə keçmişin üzərindən  xətt çəkmək olmaz. Mən bu düşüncənin əleyhinəyəm. O zaman hər bir şagirdin həyatı, fəaliyyəti, taleyi ilə maraqlanan komsomol təşkilatları var idi. Məktəbə münasibət də fərqli idi. Bu da ki, çox ciddi nəzarətdən irəli gəlirdi. Kiminsə məktəbdən  ayırılması mümkün deyildi. SSRİ kütləvi təhsil sistemində savadlı bir ölkə idi. Erkən nigah anlayışının nə olduğunu biz heç ağlımıza da gətirmirdik. Din dövlətdən, məktəb kilsədən ayrı idi. Amma bütün bunlar yenə də dövlətin ciddi nəzarəti altında idi və heç bir mollanın dini kəbin kəsməyə cəsarəti çatmazdı. Çox az dini nigah olurdu. Dini nigah isə ancaq dünyəvi nigahı əks etdirən şəhadətnamə mollaya təqdim etdikdən sonra kəsilə bilərdi. Amma bu gün çox təəssüf ki, 14-15 yaşlarında qızlarımıza dini nigah kəsilir. Ailəmə gəldikdə isə kifayət qədər ziyalı olub. Bütün arzularımı, istəklərimi dəstəkləyib. Ailəmdə qadınların əksəriyyəti həkim idi. Mən də həkim olmaq arzusunda idim. Amma qismət elə gətirdi ki, tamamilə fərqli bir sahəyə üz tutdum. Bu da təsadüf nəticəsində baş verdi.Yaxın rəfiqələrim Bakı Dövlət Universitetinə gəldilər mən də onlarla birgə sənədlərimi verdim. Taleyə, qismətə inanan biriyəm. Daxil oldum və bu günə kimi elə düşünürəm ki, düz seçim etmişəm. Öz  iradəmdən aslı olmayaraq məni bu yola yönəldən qüvvələrə minnətdaram. Nə yaxşı ki, mən tarix fakültəsinə daxil oldum. Bu gün Bakı Dövlət Universitetində Fəlsəfə üzrə kafedra müdiriyəm.

- Sevgi hardasa qadını yumşaldır, zəiflədir. Razısınız bu fikirlə?

- Xeyr, mən zəiflədən sevgini qəbul etmirəm. Sevgi insanı güclü etməlidir. Sevgi insana mübariz olmaq üçün  güc verir. Özünü, ətrafındakıları sevməyi öyrədir. Hər bir sevgi hissi insanı yaşamağa sövq etməlidir. Sevgi insanı incidəcəksə, ağladacaqsa, qıracaqsa, kiçildəcəksə, mənəviyyatına toxunacaqsa, üstündən mütləq xətt çəkib atmaq lazımdı. Məncə insana onu ucaldan sevgi lazımdı. Lirik mahnıları sevmirəm. Ancaq bilmirəm nədəndir, məni ağladan mahnılara daha çox qulaq asıram.

- Lirik mahnılar bizi keçmişə aparır. Belə çıxır ki, siz keçmişə qayıtmağı da sevmirsiz.

- Həmişə demişəm ki, mən dünənə qapısını bağlayan insanam. Dünənimə qənim kəsilmiş biriyəm. Dünən qaytarılmayan gerçəklikdir. Bununla razılaşmışam, yəni dünəni qətiyyən dəyişmək imkanım yoxdur, amma sabahı dəyişə bilərəm. Daha doğrusu, təsir imkanım bircə bu günədi. Çünki bugün nə etsəm sabah mükafat olaraq mənə qayıdacaq. Həqiqəti olduğu kimi qəbul edirəm və keçmişlə sağollaşmışam.

- Risk etməyi bacaran xanımsız?

- Bəli, risk etməyi sevirəm. Düşünürəm, risk edib sonradan peşman olmaq, “kaş ki, edəydim” deməkdən üstündü. Həyatımda edəcəyim ən böyük risk hələ qabaqdadı. Amma əvvəllər elə böyük risk etməmişəm. Həyatımın müdrik çağındayam, amma bu o demək deyil ki,  mənim həyatımın sonudu. Yox, mən hələ yaşayıram, səhv etmək imkanım da olacaq. Allah insanı o gündən saxlasın ki, səhv etsin amma onu düzəltməyə ömrü kifayət etməsin.

“6 aydan bir pərdə dəyişirəm”

-  Təbii ki, hər kəs kimi sizin də yalan danışan anlarınız olub...

- Olub. Mən də insanam. Bəzən yalanları özümüzü qorumaq üçün də danışırıq. Heç kəs deməsin ki, mən heç vaxt yalan danışmamışam. Amma bu da danışdığınız yalandan aslıdır. Məsələn, mən həmişə nəvələrimə deyirəm ki, sizi mütləq gəzməyə aparacam, necə deyirəmsə eləcə də qalır. Mənim bu yalanımı nəvələrim yaxşı bilirlər. Amma yenə də vaxt tapa bilmirəm (gülür).

- Yaşamağa dəyərmi?

- Əlbəttə dəyər. Mən dünyaya gəldiyim üçün tanrıma minnətdaram. Gözəlliyi görməyə, əsrarəngiz təbiəti seyr etməyə, kim olduğumu özümə sübüt etmək imkanı qazandığıma, müəyyən çətinliklərdən keçəndə əlimdən tutduğuna, analıq, nənəlik, qadınlıq hissini yaşadığıma, cəmiyyətə lazım olduğumu dərk edərək sevindiyimə görə yaşamaq lazımdı. Kədərli və sevincli günlərim üçün  hər gün  Allahıma şükür edirəm. Bircə  arzum var: Allah mənə dünyanı ləyaqətlə tərk etməyi nəsib etsin.

- Çox müsbət auranız var. Ümumiyyətlə, müsbət-mənfi auraya inanırsız?

- Çox inanıram və bu mənim inanıb, inanmağımdan asılı deyil. Elmdə də təsdiq olunub ki, insanların  neqativ enerjisi var. Kiminsə nəzərinə, gözünə gəlmək də var. İnsan ən çətin məqamlarında  anlamalıdır  ki, özü-özünə kömək etməlidir. Özü öz pozitivliyini qoruyub saxlamalıdır. Bir dəfə yaşlı insanla söhbət edirdim və başa düşdüm ki, bu insan bəlkə də dünyanın ən aparıcı, pozitiv psixoloqlarından, alimlərindən  daha müdrikdi. O mənə maraqlı məsləhət verdi “ öz dərdinə müraciət et və de ki, gəldin, mənimlə ağladın, indisə məni tərk et və hardan gəlmisənsə ora da get. Hər şeyi özünə dərd etmə. Çünki hər şey insanın özündən aslıdı” . Bu yaxınlarda maraqlı bir şey oxudum, çox ağır bir xəstəyə bildirirlər ki, sənin 3 ay ömrün qalıb və məsləhət görülür ki, ancaq gülməli, şən filimlərə baxsın. Sonradan o filmlərin təsiri  nəticəsində həmin insan sağalıb. İnsan gərək hər şeyə pozitiv yanaşsın.

- Kitab oxumağa vaxt ayırırsız?

- Məndə həddindən artıq çox kitablar var və rastlaşdıqca belə alıram. Xüsusilə də qərb alimlərinin kitablarını sevirəm. Mən hər kəsə məsləhət bilərdim kitab oxusun.

- Dəyişkənliyi necə, sevirsiz? Ev əşyalarınızı tez-tez dəyişirsiz?

- Elə pis sual verdiz ki (gülür), 6 aydan bir pərdə dəyişirəm. Düzü, mebellər bir az bahalıdı, amma onları da tez-tez dəyişirəm. Konservativ deyiləm və sevmirəm də. Mütləq novatorluq olmalıdı.

- Övladlarınız haqda mümkünsə danışın...

- Övladlarım çox savadlıdırlar. Bir neçə dildə təmiz danışa bilirlər. Hər biri kifayət qədər cəmiyyətdə mövqeyi olan insanlardı, qürür mənbəyimdirlər.

- Boş vaxtlarınız olanda nə edirsiz?

- Ümumiyyətlə, boş vaxt anlayışını qəbul etmirəm. Vaxt hardan gəlir, hara gedir heç kəs bilmir.  Gərək vaxtı boş keçirməyəsən. Vaxt  məndən aldığı qədər də mən niyə ondan almalıyam? Mən də ondan bu vaxt ərzində dünyanın çox şeyini ala bilərəm, yeni kitablar oxuya, yeni musiqilərə qulaq asa bilərəm, yaxınlarımla görüşərəm. Yəni xeyirxah bir işlə məşğul olaram. Bir sözlə, nəsə yaxşı işlər görə bilərəm...

“Simsar” Jurnalı







19 Noyabr, 2014  12:20 Baxılıb: 1591 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner