Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Hüznlü insanların “Hüzur küçəsi”- “Qocalar Evi”ndən REPORTAJ-FOTOLAR

Bəzən şəraitsizlik, bəzən imkansızlıq, bəzən ailəyə qatılan yeni üzvlərin-gəlin, yeznə minnəti, bəzən də kimsəsizlik yaşlı insanların yolunu “Qocalar evi”nə salır. Geniş ailə modeli, kiçik ailə modeli ilə əvəz olunandan bəri yaşlı insanlara münasibətin şəkili də dəyişib.

Günümüzdə “Qocalar evi”  artıq bir ehtiyaca çevirilib. Əslində yaşlı insanlar üçün daima bir yerdə qalmağın, qapalı məkanlara həbs olmağın özü ağır bir travmbadır. Ona görə də indiki yaşlıların əksəriyyəti könüllü olaraq “Qocalar ev” ini seçirlər. Amma bu, o demək deyil ki, “Qocalar evi”ndə yaşayan yaşlı insanların hamısı bura öz xoşları ilə gəliblər.

Bu insanların hər biri dərdlidir. Kiminin dərdi övlad nankorluğu, kimininki isə kimsəsizlik. Gözü yolda qalan, həyatdan nəsibini ala bilməyən bu insanların maraqlı həyat hekayələri ilə növbəti yazılarda tanış olacaqsınız. Hələlik isə sizi Bilgəh kəndindəki bu rahat “Qocalar evi” ilə tanış edək.

Qarşılaşdığımız hər nurani nənə, babaya diqqət etmədən keçmək mümkün deyildi. Gözləri adamın üzündə qalan, bir salam, bir kəlimə xoş söz uman tanımadığımız bu insanların baxışlarından yağan səmimiyyət insanın ürəyini isidir.

Məqsədimiz “Qocalar evi”indəki şəraiti öyrənmək, eyvanlardan boylanan sakinlərin həyat hekayələri ilə tanış olub, həm ibrət, həm də könül almaq idi. Bilmək istədik ki, bu yaşlı insanlar  ömrünün son illərini həqiqətən də xoşbəxt, dinc yaşaya bilirlərmi?

Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bir məktub yolladıq. Çox keçmədi ki, Bilgəh kəndində yerləşən “Qocalar evi”ndən reportaj hazırlamaq üçün icazəni “qopara” bildik.

Saatlar axşama doğru axır və yol bizi Bilgəhin qumlu sahillərində yerləşən 172 saylı “Qocalar evi”nə doğru aparırdı. Yol boyu beynimdə çoxlu suallar dolaşdı. Görəsən necə bir mənzərə ilə qarşılaşacam? Yaşlı insanların şəraitlərində, onlara olunan xidmətdə nə qədər qüsur görəcəm? Qocalar evində çalışan insanlar mərhəmətli, ən əsası sevgi hisslərini itirməyən insanlardırmı? Bütün yaşlılara eyni münasibət, eyni səviyyədə xidmət göstərilirmi, yoxsa bu işdə də “pulunu verən xidmət görər, verməyən görməz” prisnipi hökm sürür?

Ağlımdan nələr keçdi, nələr... Bir də “Qocalar evi”nə  ilk dəfə getdiyim üçün içimdə bir utanc hissi var idi. Məni burdan uzaq tutan səbəblər haqqında düşünürdüm.

Mənzil başına çatar-çatmaz “Qocalar evi”nin uzaqdan görünən rahat mənzərəsi yol boyu beynimi yoran suallara müsbət cavablar ala biləcəyim rahatlığını verdi. Məqsədim burda yaşayan insanlarla bir-bir görüşmək idi. Nələr hiss edirdilər, nələr düşünürlər? Bunları bilmək maraqlı idi.

Bu “Qocalar evi” Bilgəhin ən sakit küçələrindən birində yerləşir. Binanın arxa tərəfi və eyvanlar üzü dənizə baxır. Bizi qapıda mühafizə xidməti qarşıladı və gəlişimizin səbəbini soruşdu. Telefon zənglərindən sonra bizi içəri buraxdılar. Bu qədər ciddi mühafizənin təşkili yaşlı insanların etibarlı mühitdə yaşadıqlarının göstəricisi idi.

“Qocalar evi”nin həyətində olduqca səliqəli, yaşlı insanlara rahatlıq gətirə biləcək bir mühit yaradılıb. Kiçik futbol meydançası diqqətimizi çəkir. Meydançanın baş tərəfində trinajor alətləri yer alıb. Burda yaşlı sakinlərin vaxtlarını səmərli və sağlam keçirməsi üçün əvvəllər diqqətdən qaçan hər şey nəzərdə tutulub.

Yeni təmirdən çıxmış binaya daxil olduq. Qapıda bizi gənc bir qız qarşıladı. Bu gənc, gülərüz qız “Qocalar evi”nin əməkdaşı Fəridə xanım idi. Fəridə xanım önümüzdən tələsə-tələsə keçib gedən məşhur simaları göstərərək: “Kaş bir az tez gələrdiniz. Tanınmış müğənnilər qocalara konsert verməyə gəlmişdilər. Bir neçə dəqiqə əvvəl konsert başa çatdı” dedi. Sonra əlavə etdi ki, belə konsertlər vaxtaşırı təşkil olunur:

“ Vətəndaş cəmiyyətləri, xeyirxah insanlar, bəzi sənətçilər yaşlı insanlarla tez-tez maraqlanırlar.Konsertlər təşkil olunur. Bəzən biz təşkil edirik, bəzən təşəbbüs sənətçilər tərəfindən gəlir. Yaşlı sakinlərimiz çox sevinirlər, əylənirlər. Onları gözlərində bu sevinci görmək bizi sevindirir”.

İkinci mərtəbəyə-konsertin keçirildiyi yeməkxanaya qalxdıq. Səliqə-səhman, təmizlik, modern dizayn göz oxşayırdı. Qocalar evinin müdirəsi Qətibə xanım gəldiyimizin hələ fərqində deyildi. O, öz kiçik şəhərciyinin yaşlı sakinləri ilə maraqlanırdı. Bu gülərüz, qayğıkeş xanıma olan məmnunluq hissini, onların gözündən duymaq çətin deyildi.

Qətibə xanım bura yeni təyin olunsa da, özü haqqında olduqca müsbət fikir formlaşadırıb. Yaşlı sakinlərin sözlərindən onun gəlişi ilə istər qocalara münasibətdə, istər binanın, sakinlərin yaşadıqları otaqların təmizliyində, ümumi səliqə-səhmanda ciddi dəyişkliklər olduğunu sezdim. Müdürə xanım və onun köməkçisi Fəridə xanım məsuliyyət və sevgi ilə öz vəzifələrini yerinə yetirirlər.

Onlarla birlikdə Qocalar evinin istirahət guşələrini, yaşadıqları otaqları gəzdik.

İstirahət guşəsində son model yumşaq mebel dəsti, xüsusi dizaynla hazırlanmış, böyük ölçülü kitab rəfi, divardan asılmış geniş ekranlı televizor diqqətimizi çəkir. Bir küncdə İkinci Dünya Müharibəsini xatırladan maraqlı bir mənzərə ilə qarşılaşdıq. Üstü qərənfillərlə bəzədilmiş  sovet dövrünə aid əsgər botinkası və tüfəng insana nostalji hisslər yaşadır.

Xüsusi zövqlə hazırlanmış məişət otağında yaşlıların ad günü mərasimləri, bayramla və digər əlamətdar günlərini qeyd edilir.

İstirahət guşəsində qocalar evinin ən yaşlı sakinlərindən olan, 80 yaşlı Ağa babayla tanış olduq. Füzuli rayonundan olan Ağa baba həyatın isti, soyuq üzünü görmüş insanlardandır. Dörd övladı var. Onlardan üçü hazırda Rusiyada yaşayır. Biri isə Bakıdakı yataqxanalardan birində məskunlaşıb:

“5 ildi burda yaşayıram. Vaxtında yaxşı yerlərdə işləmişəm, yaxşı qazancım olub. İki ü yerdə evim olub. Amma vəziyyət elə gətirdi ki, Rusiayada oğlanlarımın başına iş gəldi. Olan qalan nəyim vardısa satıb, onları türmədən qurtardım. Balaca oğlum iki il cəzasın çəkdi. İndi xəstədi. Yatqxanda iki balaca otaqda yaşayır”.

Qəzadan sonra, fiziki cəhətdən sağlamlığını itirən Ağa baba könüllü olaraq “Qocalar evi”nə gəldiyini deyir:

“Nə qədər ki, o qəza baş verməmişdi, özümü hərləyə bilirdim. Amma qəzadan sonra gördüm mən də əziyyət çəkirəm, uşaqlara da əziyyət verirəm. Üstəlim həyat yoldaşım da xəstədi. İki xəstə qocaya baxmaq çətindi. Məcbur qaldım mən qocalar evinə gəldim. Həyat yoldaşım da oğlumla qaldı”.

Burda onun üçün həyat çox yaxşı olsa da, Ağa babanın gözlərində bir nigarançılıq, ömür-gün yoldaşından ayrı yaşamağın hüznü vardı.

Pozitiv, müsbət enerjili qocalara da rast gəldik. Həyatın vurduğu zərbələrə, ağrıya rəğmən, yenə də xoşbəxt olmağa bir səbəb tapan və həyata bu kiçik xoşbəxtliklərlə meydan oxuyan insanlarla da tanış olduq. Heç vaxt övlad sahibi olmayan, kimsəsiz iki qadının qocalar evində yenidən ailə qurduğunu öyrəndik.

Yaşlı insanlarla həmsöhbət olmağın həzzi bir başqadır. Zamanınız olduqca bu insanlara baş çəkməyə çalışın. Unutmadan əlavə edim ki, hazırda qocalar evində yaşamaq məcburiyyətində qalan, günlərlə gözləri yol çəkən bu insanların bir anlıq ailəmizin bir parçası olduğunu düşünək.  Bir “salam”la onların ruhunu oxşamaq, bizə insan olmaq məsuliyyəti daşıdığımızı hiss etdirəcək. İnsanlıq borcumuzu yerinə yetirək. Həm ibrət alaq, həm də könül.

Günel Musa

Foto: Vüsal Qarayev

 

 






25 Sentyabr, 2014  13:16 Baxılıb: 6166 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner