Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Yaşar Nurinin həyat yoldaşı: “Mən səni sevirəm” – dedi və dünyasını dəyişdi” – FOTOLAR

“Mənim üçün hər şey məhəbbətdir, sevgidir. Sevgisiz yaşamaq mənə çətindir”. Yaşar Nuri

Özünün də dediyi kimi onun üçün  hər şey məhəbbət, sevgi idi. Bəlkə də elə ona görə, yaratdığı bütün obrazlar bu qədər sevilir, yadda qalır. Onun səhnədə, ekranda yaratdığı bütün obrazlar  vücuduna belə sığmayan sevginin təzahürüdür. “Səhnə mənim oksigenimdir” – deyən sənətkar keçirdiyi ağır xəstəliyə rəğmən səhnədən ayrılmağı düşünmədi. Sənətini səhəttindən çox sevdi.

Yaxşı xatırlayıram, Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operasında Soltan bəy obrazını oynayanda Yaşar müəllimin səhhəti o qədər də yaxşı deyildi. Ancaq o bunu qətiyyən tamaşaçıya hiss etdirmədi. Soltan bəy obrazının jestlərini, enerjili hərəkətlərini özünəməxsus ustalıqla tamaşaçıya çatdırmaqda çətinlik çəkmədi. Ümumiyyətlə, Yaşar Nurinin səhnədə göstərdiyi performanslar heç vaxt müzakirə, mübahisə mövzusuna çevrilməyib. Hər halda mən xatırlamıram. O, yaratdığı bütün obrazları xalqa qazandırmağı, sevdirməyi bacaran aktyorlardan idi. Əsl aktyor ömrü yaşadı desəm, bəlkə də yanılmaram.

Adı çəkilən zaman hər kəsin üzünə təbəssüm qonduran  sənətkar  cəmi 61 il ömür yaşadı. Bu gün unudulmaz sənətkarın  doğum günüdür.

Böyük sənətkarlar haqqında, kiçik qələm sahiblərinin nə isə yazması bir qədər çətindir. Ona görə də qərara aldım ki, xalqın sənətkarı haqqında onun həyat yoldaşı Rəhimə xanımla söhbətləşək. Düşündüm ki, 30 il bir ömürü paylaşdığı Rəhimə xanımın Yaşar Nuri haqqında söyləyəcəkləri mənim edəcəyim cızma-qaradan daha maraqlı, daha doğma, daha təbii çıxar.

Yaşar Nuri son vaxtlar verdiyi müsahibələrinin birində: “Daha arxaya baxmağı, ötən günləri xatırlamağı xoşlamıram. Düzdür, yaxşı günlər da az olmayıb. Amma xatirələrə dalmaq mənim üçün ağırdır” – demişdi.

İndi onun xatirələrinin arxasınca boylanmaq sevənlərini, yaxınlarını incidir. Yoxluğu ilə hələ də barışa bilməyən Rəhimə xanımla İkinci Fəxri Xiyabanda, sənətkarın məzarı başında görüşdük. Əlbətdə bu görüş təsadüf deyildi. Çünki bilirdim ki, Rəhimə xanım bu gün ömür-gün yoldaşını təbrikə gedəcək. Sənətkarın məzar daşını güllərlə bəzəyib, ayaq başında oturan Rəhimə xanımın yanında əyləşdim. Bir xeyli sükutla Yaşar Nurinin büstünə tamaşa etdik. Rəhimə xanım sükutu pozdu:

“Yaşar dünyasını dəyişəndən sonra nəvəmiz oldu”

- … İki ildir hələ də onun yoxluğuna alışa bilmirəm. İnanmağım gəlmir ki, Yaşar artıq həyatda yoxdur. Bəlkə də belə yaxşıdı. Yoxluğuna alışsam elə bilərəm ki, yüz yaşım var. Onun varlığını hiss edərək yaşamaq mənim mənəviyyatımı rahatladır. Tez-tez yuxularıma girir. Hər zaman onun nəfəsini ətrafımda hiss edirəm.

- 30 il boyunca onun iştirak etdiyi filmləri, tamaşaları onunla birlikdə izlədiniz. Yəqin ondan sonra həmin kadrlara baxmaq sizin üçün çətindir.

- Son 10 ildə, hansı ki, xəstə olduğu dövrlərdə  Yaşarın oynadığı hər tamaşa, haqqında hazırlanan sujetlər, verdiyi müsahibələr məni çox kövrəldir. Amma xəstəliyindən əvvəl çəkildiyi tamaşlara, filmlərə gənclik xatirəsi kimi baxıb həzz alıram. Xəstəliyindən sonra çəkilən verilişlər var ki, onlara baxa bilmirəm. Xüsusilə də  son vaxtlarında çəkilən “Etiraf” verilişinə baxmaq mənim üçün cəhənnəm əzabıdı.

- Yaşar müəllim sənət dostları arasında da çox sevilən bir sənətkar idi. Nə əcəb bu gün burda sənət adamlarından heç kim yoxdur?

- Hələ tezdi, yəqin gələrlər bir azdan. Yaşar dünyasını dəyişəndən sonra bizimlə əlaqə saxlayanlar olur. Məni görəndə gözləri dolur, kövrəlirlər. Açığı qarşılaşanda çalışırlar ki, mənimlə göz-gözə gəlməsinlər. Başa düşürəm onlar üçün çətindir. Tez ayrıldı aramızdan. Nəvə görməyi çox arzulayırdı. Yaşar dünyasını dəyişəndən sonra qız nəvəmiz dünyaya gəldi. Adını da “Səni axtarıram” tamaşasının şərəfinə Gülnar qoyduq. Amma heyf ki, Yaşar nəvəsini görə bilmədi… Allah bilən məsləhətdi.  Birini aldı, birini verdi. İndi uşağın 5 ayı tamam olur, 6-cı ayına keçir. İnşaallah, 1 yaşı olanda mən özüm onu babasının məzarı üstünə gətirəcəm.

“Böyük sənətkarlara hörmətsizlik edirlər”

- Müsahibələrində həmişə sizi fədakar qadın kimi təqdim edirdi. Deyirdi Rəhimə xanım heç bir qadının dözə bilməyəcəyi şeylərə dözüb.

- (gülümsəyir). Hə çox mürəkkəb xarakterli insan idi.  3 il məni anamgilə getməyə qoymayıb.  Mənim ailə həytına baxışım başqa cür idi. Ata evində necə görmüşdümsə öz ailəmdə də onu tətbiq etdim. Anamın atama göstərdiyi münasibəti mən həyat yoldaşıma göstərmişəm. Ümumiyyətlə, yaradıcı insanla, sənətkarla bir ömür paylaşmaq çox çətindir. Düzdü indi hər yerindən qalxan özünü sənətkar adlandırır. Mən bunu qətiyyən qəbul etmirəm. Hətta deyərdim ki, bu ifadəni özünə şamil edənlər böyük sənətkarlara hörmətsizlik edirlər. Sənətkar olmaq üçün illər, bəzən bir ömür lazım olur. Mən bu sözləri bir sənətkarın həyat yoldaşı kimi dilimə gətirirəm və arxasında da dayanıram.

“Eyvandan baxdım ki, birlikdə dayanacağa tərəf gedirlər”

G.Musa: Anladığım qədəriylə Yaşar müəllim qısqanc olub.  Ona gələn sevgi məktubları, sevgi etirafları… Bir qadın kimi bunlara dözmək, bütün bunların fonunda belə bir kişini eyni məhəbbətlə sevmək. Doğrudan da çox fədəkar qadın olmanız öz təsdiqini tapır.

- Bu illər ərzində nə görürdümsə elə bilirdim ki, belə də olmalıdır. Yaşar deyirdi “gedirəm aeroporta qonaqları qarşılamağa” – inanırdım. Deyirdi “teatra gedirəm, məşqə gecikirəm” – inanırdım.  Yaşarın sözündən çıxmamışam. Ümumiyyətlə, istər şaiyə olsun, istər həqiqət olsun onun haqqında deyilən heç bir sözə inanmamışam. Kim nə deyirdi desin, bir kəlimə deyirdim ki, gözümlə görməsəm inanmaram. Hətta sonralar Yaşar bu sözümü lətifə kimi işlədirdi (gülümsəyir). Əgər məndə inamsızlıq olsaydı yəqin ki, ailə həyatımız 30 il davam etməzdi.

- Deyəsən, bir dəfə qapınıza Yaşar müəllimdən əl çəkməniz üçün təhdid məktubu da yazıblar.

- Hə belə bir şey olub. Onda biz  9-cu mikraryonda yaşayırdıq. Hətta eyvandan Yaşarı güdənlər olurdu. Bir dəfə də evə gələndə gördük ki, qapıya  dodaq boyası ilə “Yaşardan əl çək, biz gəlirik sən çıx get” – yazıblar. Bir əhvalat da danışım. Tamaşaçılardan biri “Səni axtarıram” tamaşasına baxanda qaynar çaydanı töküb ayağını yandırmışdı. Deməli, tamaşanın qatarın arxasınca Yaşarın “Gülnar” deyib çağırması hissəsində qadın özünü necə itiribsə  əlindəki çaydanı aşırıb ayağına. Bir gün qapı döyüldü qapını açdım. Ayağı sarıqlı  qadın yalvarırdı ki, mən Yaşar müəllimi görməliyəm. Özümdən asılı olmayaraq mən də ağladım. Dedim Yaşar müəllim teatra getmək üçün aşağı düşüb, bəlkə də hələ blokdadı. Qadın tələsik pilləkənləri endi. Eyvandan baxdım ki, birlikdə dayanacağa tərəf gedirlər.

“Yaşarsız mənə çox çətindir”

- Tez-tez gəlirsiniz bura?

- Həftədə iki dəfə gəlirəm. Baxımsız qoymuram. Yaşarın büstünün dizaynı, qəbr üstünün bu cür hazırlanması mənim fikirim idi. Bilmirəm daha nə edim ki, təsəlli tapım. Bu ağacların hamısını öz əllərimlə əkmişəm. Səhər tezdən gəlib gülləri bura düzdüm, ürəyim bir az rahatlıq tapdı. Yaşarsız mənə çox çətindir (kövrəlir). Mənəvi yüküm çoxdur. Deyirəm Yaşar sən sağ olsaydın bəlkə də bu iki ildə hər şey tamam başqa cür olardı. Düzdür, mən Yaşarı çox vaxt evdə görmürdüm. Həmişə orda-burda, tamaşalarda, qastrollarda olurdu. Amma onun varlığı, küçəyə çıxanda insanların təbəssümlə onu salamlaması mənim üçün fəxr idi.

- Yaşar Nuri hamımızın fəxridir.

Bu arada xiyabanda  məzarları təmizləyən qadınlardan biri yaxınlaşır və Yaşar müəllimin obrazlarını xatırlayır.

- Özünə fikir verən deyildi. Axırıncı günlər təssüflənirdi ki, “mən elə bilirdim əməliyyat oldum hər şey bitdi yaxşı oldum. Nə elədimsə, özüm elədim”. Ölümündən 3-4 gün əvvəl gördüm halı pərişandı. Soruşdum ki, nə olub. Dedi: “Birdən mənə bir şey olsa sən özünü itirərsən, ya yox?”.

Xəstəxanada yatanda onu yuyunduranlara hörmət etmək istəmişdi. Bilirsiniz ki, o yatan xəstəxanda rüşvət, qida belə şeylərə icazə yox idi. Amma nədənsə ürəyindən keçirdi. Ölməmişdən bir neçə gün əvvəl mənə zəng vurub dedi “Rəhimə gələndə mənə iki 20-lik gətir”. Dedim neynirsən. Dedi istəyirəm mənim əziyətimi çəkənlərə hörmət edim. Bilirdim ki, onlar pul almayacaqlar, amma xətrinə dəyməmək üçün apardım. Öləndən sonra palatadan onun qalan əşyalarını mənə təhvil verəndə həmin  40 manatı da verdilər. Verə bilməmişdi pulu. O pulları da eləcə aparıb Novxanıda onun üçün düzəltdiyim kiçik guşəyə, əşyalarının yanına qoymuşam. Çünki onlara Yaşarın əli dəymişdi (ağlayır).

- Rəhimə xanım, o deyirdi ki, ömründə heç vaxt kiməsə “mən səni sevirəm” deməmişəm. Həmin sözü sizə də deməyib?

- Düz deyirdi. Heç vaxt mənə “mən səni sevirəm” demədi. Amma axırıncı günü gəldim gördüm ki, dəhlizdə oturub. Məni görəndə üzündə bir gülüş yarandı. Amma o gülüş elə qəmli gülüş idi ki… Üzündə ölüm işarəsi yox idi, sanki nur gəlmişdi üzünə. Son günlər istəmirdim gələn adamlar onu pis vəziyyətdə görsünlər. İstəyirdim ki, Yaşar xatirələrdəki kimi qalsın. Amma sonuncu gün palatalardan insanlar gəlmişdi. Üzünü insanlara tərəf çevirdim. Əllərindən tutdum, yanaqlarını əlimlə sıxdım. Qucaqladım. Dedim Yaşar sən bilirsən mən səni nə qədər istəyirəm. Nazlandı. Dedim səndən bir şərtlə əl çəkəcəm ki, mənə deyəsən “Mən səni sevirəm”. Üzündən, gözlərindən, qulaqlarından öpdüm… öpdüm… Xeyli fikirləşdi axırda dedi: “Mən səni sevirəm”. 30 ildə ilk və son dəfə o sözü mənə dedi. Həmin gün də dünyasını dəyişdi…

Günel Musa

Foto: Nuranə Novruz

 






3 Sentyabr, 2014  14:20 Baxılıb: 4139 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner