Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Simuzər necə samovar oldu? – REPORTAJ

Əvvəllər bütün evlərdə mis qablar, əşyalar olardı. Bütün yeməklər də mis qablarda bişirilər, yeyilərdi. Dövr dəyişdikcə mis əşyalardan daha az istifadə olunmağa, bu da öz növbəsində misgərlik sənətinin əvvəlki önəminin itməyinə gətirib çıxardı. İndi mis qabda yemək bişirmək üçün ya gərək nənənin cehizlərinə qarşı vəfalı olasan, ya da şimal rayonlarına üz tutasan. Məsələn, İsmayıllının Lahıc qəsəbəsinə. Mən də ikinci varianata əl atdım. İsmayıllıya gələndə mis əşyalarla dolu maraqlı emalatxanasında simuzərlərə, güyümlərə, tavalara, qazanlara, bilərziklərə, sərniclərə həyat verən Nəzər usta ilə tanış oldum. Nəzər usta misdən əşyalar düzəltməyi bacaran tək-tük bacarıqlı ustalardandır. Ustanın mislə dostluğu uşaq ikən başlayıb:

“Biz uşaq ikən valideynlərimiz bizi başıboş buraxmazdılar. Biz də məktəbdən sonra boş qalan vaxtlarımızı dükanda keçirərdik. Əvvəl-əvvəl işlərin necə getdiyini seyr edər, qulluğa baxardıq. Tədricən insan o emalatxanada böyüyə-böyüyə proseslərin necə getdiyini istər-istəməz görür. İşlədikcə formalaşırsan. Əvvəl müəyyən hissələr, sonra böyük işlər və bələliklə usta kimi püxtələşirsən. O vaxtlar həyatın tələbinə uyğun olaraq tamamilə başqa əşyalar düzəldirdilər, indi isə tamam başqa. Uşqalıqda biz indi düzəltdiklərimizi düzəltmirdik. Bu qədər dekorasiya ilə məşğul olmurduq”.

Nəzər usta sənətindən tamamilə fərqli bir sahədə - riyaziyyat müəllimi ixtisasi üzrə ali təhsil alıb. Qızıl medalla təhsilini başa vurub. Bir neçə il müəllim kimi də işləyib. Sənətə olan maraq və bir az da şəraitdən aslı olaraq pedaqoji fəalliyyətdən uzaqlaşaraq  misgərliklə məşğul olmağa başlayıb.

“Maaşlı işə baxanda bu iş nisbətən maddi ehtiyacı qarşılayır. Ümumiyyətlə böyüklərdən də bizə nəsihət olunub ki, sənətin istənilən sahəsində çalışmaq insanı milyoçu etməsə də, borclu da qoymur. Nə qazansan, bilərsən ki, halal zəhmətin, alın tərin və əllərinin, göz nurunun sayəsində qazanarsan. Bu işin sayəsində normal yaşamaq mümkündür. Həm də gördüyün işdən həzz almaq da olur”.

Nəzər ustanın dediyinə görə misgərin ən birinci işi metalı tanımasıdır. Misdən əşyalar düzətməyin incəliyi, sirri doğru xammalı seçə bilməkdədir. Göz nurunun, incə zövq və böyük səbrin nəticəsi olan əl sənəti məhsullarını diqqətə layiq bir tərzdə düzəldən usta bu işlər üçün xammal seçimində də diqqətlidir.

“Əlvan metal elə bir şeydir ki, heç vaxt xarab olmur. Hər hansı bir köhnə əşyadan istifadə edib yeni əşya düzəltmək mümkündür. Rusiyadan mis, latun, bronz gətirirlər. Bazarlarda satışda var. Hansından istəsən tapa bilərsən. Yetər ki, keyfiyyətli olsun. Bizim bu işlə məşğul olan xüsusi alverçilərimiz var. Onlar Rusiyadan metalı gətirirlər, biz də alırıq. Amma əvvəllər Azərbaycanın özündə də metal istehsalı olub. Gədbəydə, Qərbi Azərbaycanda metal mədənləri olub. Ordan xammalı filiz şəklində daşıyıb gətirər, burda  emal edərdilər. O vaxtlar çətin idi. Amma indi nisbətən asandı. Çünki hazır material  gəlir. Həm də ki, indi sənaye çox inkişaf edib və məhsulun keyfiyyəti də yaxşdır”.

Məlumdur ki, ən qədim samovarlar Azərbaycanda, İsmayıllı rayonunun Lahıc qəsəbəsində düzəldilib. Nəzər usta da samovarın simuzər olan vaxtlarından və simuzərin necə samovar olmasından, müasir samovarların yaranmasından danışır.

“Qədimdə İsmayıllıda 40-a yaxın sənətkarlıq sahəsi olub. Onların içində ən çox yayılanı misgərlik olub. Həmin dövrdə misgərlərə tələbat daha çox idi. Eləcə də mis məmulatlara. Bizim iş adamlarımızın, o vaxtın dili ilə desək, tacirlərimizin Yaxın və Orta Şərq, Orta Asiya ölkələrində yerləri var idi. Misgərlərimizin məhsullarını aparıb bu ölkələrdə satırdılar. Köhnə, sınmış, istifadəyə yararsız əşyaları da ordan yığıb gətirirdilər. Bu işlə də kalvadarlar deyilən sənətkarlar zümrəsi məşğul olurdu. Kalvadar at sahiblərinə deyirdilər. Elə adam var idi 5, elə adam da var idi ki, 70 atı var idi. Məsələn, o adamların işi sərnişin, əsasən də yükləri daşımaq olurdu. Onların qrafikləri o qədər dəqiq olub ki, lazımi anda məhsulu vaxtında yerinə çatdırmalı idilər. Vaxt itirmək olmazdı. Bununla yanaşı vaxtlı-vaxtında ibadətlə məşğul olurdular. Kalvadarların da hər birinin xurcununda xüsusi bir əşya olurdu. Və həmin əşya bizdə simuzər adlanırdı. İndiki samovar kimi məşhurlaşan Rusiya əşyalarının əjdadı sayılan simuzər. Bax, onu kalvadarlar üçün yerli misgərlər hazırlayırdılar. Sonradan Rusiyada 17-ci əsrdə ilk silah zavodları açılır.

O zavodlarda silah istehsalında lazım olan bilik və  bacarıqları bizim silahsaz ustalardan öyrənmək lazım olub. Xüsusən də tüfəng lüləsinin içində mərminin uçuş sürətini artırmaq üçün yuva açmaq lazım gəlib. Və bu məqsədlə onlar öz xüsusi adamlarını ezam ediblər bura – Lahıca. O zamanlar da, misal üçün, Kürdəmirdən Lahıca qədər atla gəlirdilər. Nümayəndələr gələrkən bizim yerli kalvadarların xurcununda simuzəri görürlər. Kalvadar dayanmadan, ocaq qalamadan, vaxt itirmədən, düşərgə salmadan  atın belində hərəkət edərkən də çay qaynadıb içir. Bu onlara çox qəribə gəlir. Onlar görürlər ki, bu elə yaxşı əşyadır ki, atın belində, vaxt itirmədən insan çay qaynadıb içə bilir, soyuq vaxtdırsa dəstəmaz almaq üçün su qızdıra bilir. Qayıdanda lazımi vərdişləri silahsaz ustalardan öyrənib gediblər. Özləri ilə də həmin o əşyadan – simuzərdən  alıb aparıblar. Simuzər bu qədər yaxşı əşya olub. Sonradan görünür ki, Rusiyada silah zavodlarının  ətrafında ilk samovar manufakturaları yaranıb. Quruluşu bizim simuzərdən götürsələr də, sonralar tədricən dəyişilərək indiki samovar olub. Fərq ondan ibarət idi ki, onlar bizim kimi misdən yox, sonralar latundan düzəltməyə başlayıblar. Çünki o silah zavodlarında  patronları bürüncdən, latundan düzəldirdilər, onlar da hazır material kimi o zavodlardan xammalı əldə etməklə bizim tanıdığımız müasir, Rusiya samovarlarını düzəltməyə başlayırlar.

İndi Rusiyada, Rusiyadan sonra Polşada, müasir dövrdə isə İranda samovar istehsal edirlər. Amma bunların hamsının əjdadı Lahıc simuzərləri olub. Lahıc simuzərləri lazım olanda dekorativ bəzənirdi. Indi biz əsasən, naxışlısını düzəldirik. Çünki insanlar belə xoşlayırlar. Bir-bir düzəldiləndə usta onun su tutumu ilə od (kömür) tutmaq həcmini, nisbətini yaxşı fikirləşə bilir. Amma  kütləvi istehsalda bunlar nəzərə alınmır.

Məsələn, Sovet dövründə Rusiyada samovar istehsal edirdilər. Amma sovet dövründə istehsal olunanlar çar dövründəkinə nisbətən faydalı iş əmsalı baxımından uduzurdular. Samovarlar da bu baxımdan bizim simuzərlərə uduzurdular. Simuzərlərin faydali iş əmsalı yüksək olub. Simuzəri hazırlayarkən ustanın ustalığı ondadır ki, o nisbəti elə tapa bilsin ki, su çox olsa simuzər gec qaynamasın. Su az tutub, odluğu böyük olarsa bu da, alıcı üçün sərfəli deyil. Yanacağı çox işlədib, suyu az qaynatmalıdır. Ona görə də optimal bir variant tapmaq lazımdır ki, bu da, vərdişdən, çox işləməkdən, illərin insana verdiyi təcrübədən aslı olan bir şeydi. Bir simuzəri hazırlamaq üçün ortalama 40 gün vaxt lazım olur. Simuzərin bir xüsusiyyəti də var ki, yayda suyu bumbuz saxlayar, qışda isə qaynar. Ölçüsündən, dekorasiyasından da aslı oalraq qiymətlər müxtəlif olur. 150-600 manat arasında qiymətlər dəyişir”.

“Əsasən sifarişlə işləyirəm. Sifarişlər Bakıdan daha çox olur. Azərbaycanın başqa yerlərindən də sifarişlər qəbul edirəm. Həmçinin İsraildən, Latviyadan, müxtəlif ölkələrin burdakı səfirliklərindən də olur. Rusiya samovarlarının yenidən bərpasını da burda elətdirirlər.

Lahıcda mümkün olmayan şey yoxdu. Sifarişi turistlərə satıram. Bilirəm ki, mənim adım olan əl işlərim Avropa ölkələrindən başqa, Avstiraliyada, Argentinada, Yeni Zellandiyada da var. Dünyanın dəmək olar ki, hər ölkəsində əl işimə rast gəlmək olar. Nə vaxtsa kimlərəsə maraqlı olsa taparlar, görərlər. Üstündə “Azərbaycan, Lahıc”, öz adımı və tarixi yazıram”.

Ustanın düzəltdiyi əşyaların bir qismi Azərbaycanda, bir qismi isə xarici ölkələrdə sərgilənir.

“Tədbirlərə dəvət edirlərsə mütləq gedirəm. İşlərimi nümayiş etdirməkdən həzz alıram. Heç vaxt tənbəllik etmirəm. Milli Parkdakı bayram tədbirlərində əl işlərim həmişə nümayiş olunur. Hər il Expo Mərkəzdə turizm sərgisi olur, orda iştirak edirəm. Müxtəlif rayonlarda sərgilərim olub. Ölkəmizdən kənarda, Gürcüstanda, Avstriyada, Vyanada sərgilərim olub. Hara dəvət edirlər gedirəm. İşlərimi nümayiş etdirmək xoşuma gəlir. Bu, sənətkarlıqdan əlavə, bir mədəniyyətdir”.

Hazırladı Nuranə Novruz







27 Avqust, 2014  09:25 Baxılıb: 5331 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner