Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azəri Günel: "Nişanlıma o videoları göstərdim" - MÜSAHİBƏ - FOTOLAR

O, haqqında deyilən “özündənrazı” kəlməsindən yaman narahatdır. Narahat olmaqda bəlkə də bir az haqlıdır. Çünki onunla görüşümüz İçərişəhərdə yerləşən, şou dünyası ilə əlaqəsi olmayanların da tez-tez getdiyi, kiçik, sadə kafelərin birində reallaşdı. Müsahibim ağdamlılara məxsus səmimiyyətlə suallarımı cavablandıran Azəri qızı Güneldir. Günel son vaxtlar nə üçün televiziyalarda tez-tez görünməməsi, həyatında və sənətində baş verən yeniliklər barədə Simsar.az-a danışdı:

- Azərbaycana tez tez gəlirsən efirlərdə isə demək olar görünmürsən. Bir müddətə kimi hər gəlişində efirlərə çıxmaq üçün həvəsli idin. Vətəndən ya da vətəndəkilərdən incimisən?

- Qocalmışam yəqin. Zarafat deyil ey, 28 yaşım var artıq.(gülür) Əslində 6 aydır Azərbaycana gəlmirəm. Bəzi işlərim var. Bəlkə də bu yaxşı şey deyil, amma gələndə də efirlərə çıxmaq istəmirəm. Dostlarımla görüşürəm, bir-iki işimi görürəm. Çünki hər kəslə hər şeyi danışmaq olmur. Ağız torba deyil ki, büzəsən. Ona görə indi səmimi qəbul elədiyim, çox az insanlara müsahibə verməyi üstün tuturam.

- Azərbaycanın yox, Türkiyənin müğənnisi kimi təqdim edilmək necə duyğudur?

- Mən konsertlərimdə həm Azərbaycan, həm də Türkiyə mahnılarını ifa edirəm. Mahnı oxumağa başlayanda isə Azərbaycana məxsus boğaz, ifa tərzi o dəqiqə özünü göstərir. Anlayırlar ki, bu qızın damarında azərbaycanlı qanı axır. Amma Türkiyədə yaşadığım üçün türk müğənnisi kimi görməkləri pis bir şey deyil.

- Günel bahalı müğənnidir?

- Səsim olmasa idi heç vaxt müğənni olmazdım. Heç atam da buna icazə verməzdi. Mən bu səsdən çörək qazanıram. İnsan isə özünə qiymət verməyi bacarmalıdır. 12 yaşımdan bəri nə endim, nə də buna şərait yaratdım. Məni aşağı salacaq yerlərə gedəcəmsə heç getmərəm.

- Bəs qazandıqlarını hara sərf edirsən?

- 17 ildir bu barədə fikirləşirəm.(gülür) İnanın ki, qazandığımın bərəkəti yoxdur. Bakıda hər kəsin olduğu kimi bizim də 1 evimiz var, maşınım var. İstanbulda isə kirayədə qalıram. Ancaq burda elə bilirlər ki, mən Türkiyədə dağı dağ üstünə qoymuşam. Qazandığım pulları daha çox sənətimə xərcləyirəm.

- Türkiyədə şöhrət tapmaq səninlə açılıb səninlə bağlandı?

- Belə deməyək. Çünki onlar da əziyyət çəkirlər. Heç kimin həvəsini gözündə qoymaq olmaz.  Təbii ki mən yolu açdım. O elə bir yol idi ki, o çətinliklərdən keçməlisən. Bu yolu keçərkən tərbiyəndə, danışığında, görünüşündə azərbaycanlılığını unutmamalısan. Mən İbrahim bəy də daxil heç kəsə icazə verməmişəm ki, mənə artıq əskik bir söz desin. Demişəm mənim şərtim budur qəbul edirsinizsə birgə işləyə bilərik.

- Qəribə bir şey var Günel Türkiyədə yüksəldiyi vaxtlarda Azərbaycanda da yüksəlirdi. Ancaq orada problemlərin başlayanda burda da sənə münasibət  dəyişdi.

- Bu səbəblərdən bir vaxtlar küskünlüyüm var idisə də indi yoxdur. Nə olur-olsun bura mənim vətənimdir, özümünküdür. Mənim yanımda Azərbaycan haqqında nəsə pis söz deyə bilərlərmi?! Əlbəttə ki, yox. Ancaq bəziləri belə fikirlərin qarşılığında ya susur, ya da onlara gülüşlə qarşılıq verir. Mənim hər zaman istədiyim bir şey var ki, Azərbaycan xalqı mənim arxamda dursun. Mənsə bu dəstəyi heç vaxt hiss eləməmişəm. Çoxları bunu qəbul eləmir amma mən deyə bilərəm ki, məndən sonra Azərbaycan daha çox tanındı. Zeynəb xanımdan sonra mən, 12 yaşlı bir qız Azərbaycanı tanıtdı.

-5 yaşın olanda səhnədə “İbo, İbo” deməsəydin bu yerlərə qədər gələ bilərdin?

-Bu mənim qismətimdə var imiş. “Dejavu” deyilən şeyi mən çox yaşayıram. Balaca vaxtı mən bunu yuxumda görmüşdüm. Allahın mənə verdiyi bir qismət idi, ona görə reallaşdı. Azər-baycanda qalsaydım bu yerlərə qədər gələ bilməzdim. Çünki məndən əvvəl sənətə qardaşım gəlmişdi. Ancaq o Azərbaycanda uğur qazana bilmədi. Bəlkə Azərbaycanda da məşhur olardım, amma xaricdə bu qədər tanına bilməzdim. Bunlar olmalı idi, oldu.

- Hər dəfə İbrahim Tatlıses mənəvi atamdır desən də yenə söz-söhbətlər var.

- Mənim atam, qardaşım var. Və hər şeydən əvvəl hardan gəldiyim heç vaxt unutmamışam. Biz namusumuzla qeyrətimizlə yaşayan insanlarıq. Namusumuzu çöllərdən tapmamışıq ki. Bələ bir münasibəti olan insan fərqli cür hərəkət edərdi. Bu deyilənlər həqiqət olsa idi, indi biz heç görüşməyə davam etməzdik. Çünki İbrahim bəyin bir zamanlar bu yollara gedən insanlarla indi heç bir münasibəti yoxdur.

- “Azəri qızı Günel” niyə “Azəri Günel” oldu?

- Səbəbsiz olmayıb. “Azəri qızı” o zamanlar İbrahim Tatlısesin mənə verdiyi səhnə adı idi. Bu ad necə deyərlər mənim bir parçama çevrildi. İndi gənc qızam bu gün-sabah evli bir xanım olacam. Azəri qızı demək olmaz axı . O bir sənət insanına yaraşmaz. Ona görə “qızı”nı çıxardım. İnsanların hər yerdə mənə Azəri qızı Günel deməyi gözəl idi, ancaq artıq böyümüşəm.

- Türkiyə türkcəsində danışmağın haqlı olaraqmı qınağa çevrilir?

- Mənim Türkiyə türkcəsində danışmağımda qınaq atəşinə tutulacaq heç bir məqam yoxdur. Çünki mən uzun illər Türkiyədə yaşamışam. İki il orda məktəbə getmişəm. Ancaq nə vaxtsa olubmu ki, mən Azərbaycana salam göndərəndə türk ləhcəsi ilə göndərim? İkincisi də indi Azərbaycanca danışıram. Evimizdə də həmişə Azərbaycan dilində danışırıq. Mən hardan gəldiyimi heç vaxt unutmuram.

- Müsahibələrinin birində qaşlarımı alarkən Azərbaycan xalqından icazə almışam deməyini müsbət qarşılayanlar var idi. Ancaq  məsxərəyə qoyanlar da az deyildi.

- Sənətçilərin də ən böyük bədbəxtliyi elə bundadı. Mən həmin fikri bu cür səsləndirməmişdim.  Türkiyədə də bunu mənfi mənada təqdim etməmişdilər. Burada məsxərəyə qoyulacaq bir şey yoxdur ki. Bir vaxtlar mənim Qarabağla bağlı dediyim sözlər də təhrif edilmişdi. Halbuki mən Ağdamdan çıxanda 5 yaşım var idi. Və orada baş verənlərin ağrısını duya biləcək yaşda idim. İndi çıxıb Qarabağ haqqında necə artıq-əskik fikirlər səsləndirə bilərəm. Mən ətrafımda ermənilərlə dostluq edənləri görəndə onlara ermənilərin azərbaycanlılara yaşatdıqları haqda danışıram. Türkiyənin özündə bu gerçəkliyi bilməyən insanlar var. Hətta mənim nişanlımın ermənilərin törədikləri qətliamlar barədə məlumatı yox idi. Ancaq mən ona tarixi hadisələrə dair videoları göstərdim. Onlara baxandan sonra dedi ki, “Gülü biz bunları bilmirik. Bunlar azərbaycanlıların başına nələr gətiriblər?”.

- Azəri qızının erməni dinləyiciləri var? Onlara münasibətin necədir?

- Mən ifaçıyam. Mahnını oxuyandan sonra kiməsə deyə bilmərəm ki, sən məni dinləmə. Ona görə də təbii ki, məni dinləyənlər arasında ermənilər də var. Onlar mənim, mahnılarım haqqında sosial şəbəkələrdəki ünvanıma yazırlar. Ancaq mən heç birinə qarşılıq vermirəm. Ermənilərin bizə qarşı etdiklərini bir qarabağlı kimi heç vaxt unuda bilmərəm.

- Sosial şəbəkələrlə aran necədir?

- Yaxşı ki, “İnstagram” çıxıb.  İnsanlar mənim “təqdim ediləndən” fərqli olduğumu görüblər. Orada  41 000 izləyicim var. Mən onlarla yazışanda təəccüblənirlər. Axı niyə də yazmamalıyam. Hətta bəzən yaxşı şeylər yazmayanlara da təşəkkür edirəm. Buna görə də artıq çoxlarının mənə münasibətinin müsbət yöndə dəyişdiyini hiss edirəm.

- Sənətində nə kimi yeniliklər var?

- Yeniliklər çoxdur. Sadəcə qabaqcadan demək mənə düşmür. Bizim qardaşımla birgə konsertimiz olmalı idi: Azərbaycanın işğal olunmuş ərazilərinə yaxın bölgələrdə konsert proqramı ilə çıxış etmək. Amma bəzi səbəblərdən hələ də reallaşmayıb. Hər ikimiz bizə düşən qonorardan da imtina edirik. Bu layihəyə bir qədər dəstək lazımdır. Bir az da gözləyəcəm, sponsor tapa bilməsək, bu işi öz gücümüzə reallaşdıracağıq.

- Bəs, yeni mahnı və klip haqqında nə fikirləşirsən? Uzunmüddətdir dinləyicilər yeni albomunu gözləyirlər.

- Yeni kliplər və albom üzərində işlər gedir. Mansur Arkın müəllifi olduğu “Hər şeyə dəyər” adlı yeni bir mahnım var. Azərbaycandan Türkiyəyə gedib, 20-30 min dollar verib mahnı alan insanlar var. Amma Ark kimi bir sənətçi bu mahnını mənə hədiyyə edib. Klipi çəkmişik. İkinci mahnı “Səndən insaf”a  klip çəkdik. Onu da qışa doğru təqdim etməyi fikirləşirəm.

- Toy nə vaxtdır?

- Mən qazanın dibini sıyırmağı xoşlayıram. Bəlkə də ona görə toy da qışa doğru olacaq, inşaallah. Qışda çox böyük yeniliklər gözlənilir...

Ülviyyə Cövdətqızı

 






26 İyun, 2014  10:00 Baxılıb: 9521 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner