Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Tankdan çıxıb, buldozerə düşdük – REPORTAJ - FOTOLAR

Azərbaycan Beynəlxalq Universitetinin yanından torpaq yollarla soruşa-soruşa keçib uçurulan evlər yerləşən məhəlləyə çatdım. Bura məhəllə demək mümkündürsə, hüzünlü və səs-küylü mənzərə var idi. Hər tərəfdə buldozerlər işləyir, iri çömçələri ilə evləri sökür, lakin bu səs-küyün içində bir süküt var idi, evlərinin qarşısında durub həsrətlə, çarəsizliklə sökülən evlərinə tamaşa edən insanların sükutu. Kimi əsəbi-əsəbi var-gəl edir, kimi siqaretin tüstüsünü qəzblə ciyərinə çəkib çarəsizliklə başını yelləyir, qadınlar qarğış edir, ah-nalə edir, ağlayır…

Qarşıma çıxan ilk evdə taxta daşıyan bir nəfər əlindəkiləri yerə atıb mənə yaxınlaşdı. Yəqin bildi jurnalist olduğumu. Deyir adım Sahibdir, 30 ildir burda yaşayıram, Zəhmətlə, tikinti kombinatında işləyə-işləyə 12 ildir bu evi tikmişəm. Bələdiyyədən texpasportum var. Ancaq bunlar onu sənəd saymadılar, dedilər fiktivnidir, cırdılar atdılar. Özləri evimizi qanuni sənədləşdirdilər, həmin sənədləri də nəyə görəsə bizə vermədilər: “kvadratmetrə 500-650 manatdan pul verdilər, elə adam var idi 400 manatdan verdilər, amma mənə böyük summaya qol çəkdirmişdilər. Lakin verdikləri pulla Mehdiabaddan yarımçıq bir ev ala bildim. İndi xahiş eləmişəm, icazə versinlər, bu evi özüm söküm, burdan çıxara bildiyim materiallarla gedim yarımçıq evimi tamamlaya bilim, heç olmazsa “polunu” vura bilim”. Sahib deyir mən dünənki kimi qırğın, vəhşilik görməmişdim: “Qaçqınlar köçmək istəmirdilər, dünən polislər gəldi basdı, qırdı - tökdü hamısını çıxartdı. Bir qadın benzin töküb özünü yandırdı, güclə söndürdülər”.


Gəlin-qız baxmadılar, sanki, terrorçularıq...

Eşitdiklərimi sanki film senarisinə qulaq asırmışam kimi dinləyib, sökülən digər evlərə tərəf yola qoyuldum. Bir gənc evi sökən fəhlələrə, ay qardaş sındırma, elə et ki, salamat nəsə çıxarda bilək, deyirdi. Şəkil çəkdiyimi görüb mənə yaxınlaşdı. Adının Amil olduğunu, bu evdə yaşadığını dedi. Amil deyir bizə söz verdilər pul veriləcək, qol çəkdirdilər, gəlib ölçüb-biçdilər. Dedilər ki, icra başçısı tərəfindən kvadratı 1000 manatdan ödəniləcək. O sənədin də “kopyasını” bizə vermədilər. Sonra da bax belə... Biz içində ola ola vurub uçurtdular evimizi üstümüzə: “Dünən polisi tökdülər bura, sanki terrorçuluğa qarşı əməliyyat gedirdi. Heç bir media işçisini də buraxmadılar yaxına. Mühasirəyə aldılar buranı. Camaatı silib-süpürüb atdılar çölə. Gəlin-qız baxmadılar. Evdə ola-ola buldozeri sürdülər evin üstünə, uçurtdular”. Amil deyir biz bura gələndə bura zibilxanaydı, baxın, indi burda nə gözəl yaşıllıq yaratmışıq. Doğrudan da hələ uçurulmağı gözləyən evlərin gözəl yaşıllığı, həyət-bacası var. Bir tərəfdə uçuntu, söküntü, toz-torpaq, bir tərəfdə yaşıllıq, gül-çiçək.


Mən üçüncü dəfə qaçqın düşdüm...

Ağbirçək bir qadın günün altında, toz-torpağın içində nə edəcəyini bilmədən ora-bura vurnuxurdu. Söhbət etdiyimiz vaxt bizi görüb yaxınlaşdı. “Allah götürməz bunu” - deyirdi. Öyrəndim ki, Nailə xala həm köçkündür, həm də qaçqın. Şəkil çəkdiyimi görəndə, mediadan olduğumu bilib başladı ürəyini boşaltmağa. Deyir oğlumun başına vurdular gözümün qabağında, qız-gəlini sürüdülər yerlərdə: “Oğul dünən elə tökülmüşdülər bura, elə bil banditizim-terrorizmə qarşı mübarizədi, bax o cür. Elə bil biz terroritistik, bizi zərərləşdirirdilər. Bir dənə çəkliş qoymadılar bura. Mən həm Ermənistan qaçqınıyam, həm Ağdam köçkünüyəm, ikitərəfli qaçqınam, burda da üçüncü dəfə qaçqın düşdüm”.

Zaur Hüseyinov başımızı kəsdi...

Nailə xala deyir mən ermənidən bu zülmü görməmişdim: “Məni erməni bu günə qoymamışdı: burda mənə ermənidən almadığım zərbəni vurdular. Evin içində ola-ola evimi uçürtdular başıma. Oğullarımızı, kişilərimizi basdılar maşına. Benzini tökdüm özümü yandırım, bezmişdim, dedilər yandırsan da heç nə olmayacaq, oğlanlarını həps edəcəyik. Oğlumun xətrinə çıxdım evdən. Polislər qonşudakı gəlinin yoldaşı Allahverdini tutub apardılar ki, arvadı evdən çıxsın. Bax, bunlar belədi, bunlar ermənidən betərdilər. Şükür erməniyə bala, şükür erməniyə”. Zərərçəkən deyir bizi əvvəl aldatdılar pul ayrılacaq deyə: “Apardılar bizi maliyyəyə, 1000 manata qol çəkdirdilər. İcra hakimiyyətindən sənət verildi bizə, Tağı müəllim (Tağı Əhmədov) söz vermişdi pul verəcəklər, amma sonra Tağını çıxartdılar, bu təzə gələn Zaur Hüseynov da bizim başımızı kəsdi. Tağı məllim qalsaydı bizim pulumuz veriləcəkdi, Allah Tağının balasın saxlasın, o qalsaydı, yaxşı olacaqdı”. Nailə xalanın dediklərindən tüklərim biz-biz olurdu, çarəsəizliyi, qəzəbi görürdüm onun gözlərində. Deyir bala, erməni bizə bu zülmü verməmişdi: “Allaha and olsun mən ilk qaçqınçılıqda bu zülmü çəkmədim. Dünən çığırmaqdan boğazımdan qan gəlib. Mən 3-cü dəfə qaçqın düşdüm bala, iki dəfə erməni qovdu, indi də özümüzünkülər. Ermənistandan Ağdama, Ağdamdan bura qaçdım, burdan da qovdular məni. Mən Azərbaycanda yaşamaq istəmirəm, bu ədalətsizliklə yaşamaq istəmirəm, pulum olsa bu gün gedərəm bu ölkədən. Oğlum İraqda əsgərlik edib, orda da işləyib sonra, güllə altında, oğlumun qanı bahasına ev tikmişik, indi də belə... aldılar əlmizdən. Özümə qıyıb dərman almadım, oğluma ev tikdirdim, amma bunlar mənə elə zərbə vurdu ki, Errmənistandan da, Ağdamdan da çıxanda belə ağlamamışdım. Düşməni tanıya bilirdik, gəlirdi qaçırdıq, amma burda özümüzünkü bizə zərbə vurdu, gözləmirdik bunu”. Nailə xala ağlaya-ağlaya deyir bura müharibə meydanı kimi idi... “Qarabağda yaşadıqlarımı yaşadım. Dünən bəlkə 500 polis, paqonlular var idi burda... Amma Qaçqınkom gəlmədi. Ərazini mühasirəyə aldılar, jurnalistləri yaxın buraxmadılar”. Heyrət içində bu ağbirçək qadının danışdıqlarını, fəryadını dinləyirdim, göz yaşlarımı güclə gizlədə bildim. Nailə xala deyir bizə 5 nəfərə 2 otaq ev veriblər, necə yaşayaq biz orda? “Bala yerlilərə pul verildi, bəs bizə niyə verilmədi, axı bu evi mən özüm öz puluma tikdirmişəm, mən hökumətdən ev istəmirəm, ver pulumu özüm tikdirim. Axı ulu öndərimiz demişdi qaçqının problemi öndədi. Biz bunu görmədik, İlham Əliyev demişdi qaçıqnı incitməyin. Amma bizə zülm elədilər...

Allah bu zülmü götürməsin...

Qadının söhbət edə-edə halı pisləşdi, mənsə eşitdiklərimin təsiri altında, müharibə bölgəsindəymişəm kimi başqa bir evə yaxınlaşdım. Burda da eyni mənzərə, uçurulan ev, çarəsizliklə izləyən ev sahibləri. Bir qadının, Allah bunların evlərin yıxsın, deyib ah-nalə elədiyin görüb yaxınlaşdım. Deyir Kəlbəcər qaçqınıyam, yerimizdən-yurdumuzdan qovulduq, burda da özümüzünkülər evimizi aldılar əlimizdən: “Bunlar heç kimə hömət qoymadılar, nə qadına, nə qıza-gəlinə. Allah bu zülmü götürməsin, qaçqına hörmət qoymadılar, bala, Allah bu zülmü götürməsin. Elədikləri burunlarından gələcək bala. Şum edib bizi çölə tökdülər, erməni bunu eləməmişdi heç. Məlahət xala da eyni sözləri deyir: Aldatdılar əvvəldən ki, pul veriləcək. Getdik pullarımıza da qol çəkdik, sora da belə elədilər. Yedilər pulu. İkinci dəfə qaçqın düşdüm, bir evimi o erməniyə verdim, bu evimi də burdakı ermənilərə. Metroynan, qaçqınkom aldı evimizi əlimizdən. Erməniyə şükür, oğul.
Erməniyə şükür sözün bu ağbirçək qadının dilindən eşitmək şillə kimi dəydi mənə, bu insan burda nələr yaşayıb ki, yerini-yurdunu əlinnən alan, bizə zülm edən erməniyə şükür deyir, düşündürücü və acıdı.

Qaça-qaçı burda gördüm...

Yarımuçulu evlərin birində yeniyetmə bir oğlan gözümə dəydi. Təxminən 14-15 yaşlarında, məyus halda evdən taxta-tuxta daşıyırdı. Soruşdum nə edirsən? Deyir nə edəcəm, bir-iki şey daşıyım heç olmasa, indi buldozer gələcək...
Sənan qaçqındı, amma Ağdaşda doğulub. Deyir qaça-qaçı görməmişəm, valideyinlərimdən eşitmişdim, amma indi gördüm:” Həmşə anamgil danışardı erməni necə gəlib, necə qaçmışıq, amma burda gözümlə gördüm, erməni kimi gəlib bizi evimizdən tökdülər bayıra. Buldozerləri tank kimi sürdülər üstümüzə”. Kövrəldi, üzünü çevirib getdi.

Qeyd. Hadisə yerindən şəkil çəkdiyim zaman bir nəfər yaxınlaşdı ki, qardaş tez çıx get burdan. Xəbər verdilər, gələcəklər indi, aparatını alacaqlar, bura heç kimi buraxmırlar, sən necə gəlmisən? Mən də qəhrəmanlıq eləmədim, sakitcə üz tutdum redaksiyaya...

Ordakı insanların mənə yaxınlaşıb, mənim onlara kömək edə biləcəyimə inandıqlarını görəndə yadıma, Aydın Dadaşovun, BDU-nun Jurnalistika fakultəsində bizə danışdığı bir əhvalat düşdü. Deyir Kəlbəcərin qaça-qaç vaxtıdı, hamı başını itirib, erməni gəlir, millət güclə başını götürüb qaçır, bir qadın da durmadan qışqırır: “Bura Məmməd Aslanı gətirin, Məmməd Aslanı gətirin, bizi ancaq o xilas edə bilər”...
Bunun adı ÇARƏSİZLİK-dir...

Vüsal Qarayev

 






24 May, 2014  14:01 Baxılıb: 1526 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner