Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qurban Qurbanov: “...oğlumu futboldan uzaqlaşdıracam” - MÜSAHİBƏ

Simsar.az-ın “Tam səmimi” layihəsinin növbəti qonağı “Qarabağ” futbol klubunun baş məşqçisi, əməkdar məşqçi Qurban Qurbanovdur.

Qısa arayış: Qurban Qurbanov 1972- ci il, aprel ayının 13- də Zaqatala rayonunun Aşağı Tala kəndində fəhlə ailəsində anadan olub. Üç bacısı, iki qardaşı olan Qurban Qurbanov ailənin sonbeşiyidir.

Futbola olan marağı hələ uşaq yaşlarından başlayan Qurban 9-cu sinifdə oxuyan zaman Şaban Şirdanov tərəfindən “Daşqın” Zaqatala klubuna gətirilir.

Futbolçu karyerası ərzində Azərbaycanın “Daşqın” Zaqatala, “Turan” Tovuz, “Kür-Nur” Mingəçevir, “Nftçi” Bakı, “İnter” Bakı,  Gürcüstanın “Alazani”,  və Rusiyanın “Dinamo”, “Stavrapol”, “Kakel Voronej, “Balyika” Kalininqrad, “Volqar” Həştərxan klublarında çıxış edib. Üç dəfə Futbol üzrə Azərbaycan çempionatının, iki dəfə Azərbaycan Kubokunun qalibi, bir dəfə ölkə çempiontının bombardiri olub

1992- 1995-ci illər ərzində Azərbaycan milli futbol komandasının heyətində 67 oyun keçirib və 14 qol vurub. Milli komandanın bombardiridir. 2006-cı ildə futbolçu karyerasını başa vurub. Bakının “İnter” klubunun idman direktoru vəzifəsində çalışıb. 2006-2008- ci illərdə “Neftçi”klubunda  baş məşqçi və idman direktoru vəzifələrini tutub. 2008-ci ildən indiyə kimi “Qarabağ Ağdam klubunun baş məşqçisidir. Qarabağ klubu ilə bir dəfə Azərbaycan Kubokunun qalibi olub, bir dəfə Azərbaycan Çempionatının gümüş, iki dəfə isə bürünc medalını qazanıb.

Uzun müddət idi ki, Qurban Qurbanovla müsahibənin türk qardaşlarımız demiş iki yaxasını bir araya gətirə bilmirdim. Məlum çempionat oyunları Qurban müəllimi “Qarabağ” ın bazası ilə Tofiq Bəhramov adına stadionun arasında qoyunca, müsahibənin vaxtı bir xeyli uzandı. Əlqərəz başının bu qarışıq vaxtında yarım saatını “oğurlamğa” müvəffəq olduq. Hətta Bakı Dövlət Universitetində  magistr təhsili alan idman müxbirimiz Vüsal Məmmədov bu söhbətdə iştirak etmək üçün sonuncu dərsdən qaçmalı oldu. Tofiq Bəhramov adına Respublika Stadionda Qurban müəllimin qonağı olduq. Elə yerimizi rahatlayan kimi qol saatına baxıb kübar bir jestlə zamanının məhdud olduğunu yadımıza saldı.  “Qurban müəllim oxucuların sizə sualları var” deyib söhbətə start verdik:

“Yerli  futbolçularımızın potensialı düşünüdüyümüz dərəcədə deyil”

Elşən Əli: Qurban müəllim Gelaşvili, Dvali kimi çox da güclü olmayan legionerləri komandada oynatmaqdansa dublyordakı oyunçuları həmin mövqelərdə oynadıb, yeni istedadların kəşf olunmasına təkan vermək düzgün olmazmı?

(Əvvəl sərt şəkildə “başqa suala keçin” desə də sonradan suala cavab verdi)

- Məncə bu, birbaşa mənə aid olan bir şeydir. Hər halda bunu biz hamıdan yaxşı düşünürük ki, oyunlarda kimi oynatmaq lazımdır, kimi yox.

- “Qarabağ” artıq legionerlərdən ibarət komandaya çevirilmək üzrədir. Bu sizi narahat etmir ki?

- Narahat etmir. Çünki uğurlu nəticələr əldə etmək üçün qarşımıza məqsədlər qoymuşuq. Uzun illər biz yerli oyunçulara daha çox üstünlük verdik. Bu gün demək olar ki, çempionatımızın səviyyəsi daha da artıb və daha çox dəyişikliyə ehtiyac var. Biz legionerlərə müraciət etsək də yerli oyunçulardan tamamilə əl çəkmirik. Hazırda bütün komandanı yerli oyunçulardan ibarət komandaya çevirmək gücündə də deyilik. Açığı, yerli  futbolçularımızın potensialı düşünüdüyümüz dərəcədə deyil. Ona görə də biz zaman-zaman bu dəyişikliyə əl atırıq. Amma bu heç də o demək deyil ki, biz yerli oyunçulardan əl çəkirik və onlara güvənmək istəmirik. Yerli oyunçular hər zaman diqqətimizdədir.

Nuranə Məmmədova: “Qarabağ”ın tək ölkə daxilində yox, xarici ölkələrin futbol arenalarında özünü göstərməsi üçün hansı potensialı çatmır?

- Söhbət təkcə “Qarabağ”dan yox, ümumiyyətlə Azərbaycan futbolundan gedir. Bəlkə bir az təcrübəmiz çatmır və düşünürəm ki, bu təcrübə ildən ilə artır. Avropa arenalarında  iştirak etmək üçün klublarımız gün keçdikcə daha yaxşı oyunlar göstərməyə çalışırlar. Bəzən biz Avropada daha tez nəticə verməyə tələsirik. Düşünürəm ki, buna bir az zaman lazımdır. Azərbaycan futbolu Avropa futboluna yaxın olduqda oyunlarımız, komandalarımız rəqiblərinə qarşı daha rahat oyun nümayiş etdirə biləcək. Mən buna çox ümidliyəm. Çünki get-gedə Azərbaycana daha təcrübəli məşqçilər, güclü futbolçular gəlir. Belə olduğu halda da ən azından çempionatımızın səviyyəsi, eyni zamanda da  yerli oyunçularımızın potensialı artır. Əminəm ki, çox yaxın zamanda Azərbaycan futbolu ən azından Avropanın orta ölkələrinin futbolundan daha yuxarıda olacaq.

Elxan Yurdoğlu: Qurban Azərbaycan futboluna nə verdi və Azərbaycan  futbolu üçün nəyi qurban verdi?

- Bəlkə, hələ heç nə verməmişəm. Əgər mən  bu peşəni seçmişəmsə hər zaman çalışıram ki, hər şeyin ən yaxşısını edim.  Ən azından işlədiyim klubda daha uğurlu nəticələr əldə etməyə can atıram. Unutmayaq ki, bizim hər bir uğurlu nəticəmiz Azərbaycanın adı altında hallanır. Heç nəyi  qurban verməmişəm demək də düzgün çıxmaz. Orta məktəb illərindən bu günə kimim bütün həyatımı futbola bağlamışam. Futbola mən bir iş, peşə kimi baxıram. Qurban verdiyim heç bir şey üçün peşman deyiləm. Bunu istəyərək, sevərək etmişəm. Ən azından çalışıram ki, Azərbaycan futboluna xeyirim dəysin.

Günay:Oğlunuz azyaşlı futbolçular arasındadır. Bu hər bir uşağn futbola olan həvəsi kimidir, yoxsa atasının davamçısı olacaq?

- Oğlumun futbol ilə məşğul olması əsla mənə görə deyil. Ola bilər ki, o gözünü açıb atasını futbolçu görüb, evdə futbol ilə bağlı söhbətlər eşitdiyi üçün onda bu həvəs yaranıb. Mən ona sadəcə olaraq futbolçu ata kimi cəsarət vermişəm. Onun futbola olan həvəsi atam futbolçudur, mən də futbolçu olum düşüncəsiylə deyil. Hər bir azyaşlı uşağın  həvəsi kimidir. Amma fubolçu olmaq həvəsi çoxdur. Sonrası nə olacaq, onu hələ zaman göstərəcək.

G. Musa: Çox vaxt əziyyətli amma prestijli peşələrin sahibləri övladlarının onların davamçısı olmasını istəmir. Siz necə oğlunuzun sizin yolunuzdan getməsini istəyirsiniz?

- (Bir xeyli düşündükdən sonra) Bəlkə də istərdim. Amma futbol bəzən sənin istəyinlə alınan bir şey deyil. Hazırda dövlətimizin futbola böyük diqqəti, qayğısı var. Həm maliyyə tərəfdən pis deyil, həm prestij baxımından. Ən azından hər bir futbolçu öz ailəsini orta səviyyədə dolandıra bilir. Başqa sahələrdə iş tapmaq bir az çətindir, amma futboldan qazanc əldə etmək daha asandır. Ona görə də çox adam istəyir ki, övladı bu peşəyə yiyələnsin. Öz klubumuzda da görürük ki, nə qədər ailələr övladını gətirib deyir  mən istəyirəm oğlum futbolçu olsun. Amma baxırsan ki, bu uşaqların əksəriyyətinin futbolçu  potensialı yoxdur. Öz oğluma gəlincə onu deyə bilərəm ki, onun futbolçu potensialına malik olub, olmadığı bir neçə ildən sonra bilinəcək. Əgər mən onda o ptensialı görsəm çalışacam ki, futbolçu olsun, yox o potensialı görməsəm, oğlumu futboldan uzaqlaşdıracam.

G. Musa: Oğlunuzun oyunlarını izləyirsiz? İzlədiyiniz zaman o potensialı görə bilirsiniz onda?

- Demək olar ki, izləmirəm. İndi Azərbaycanda fiziki baxımdan oğlanlarda cılızlaşma gedir. Boyları balaca, bədən quruluşuna görə zəifdirlər. Amma oğlum o baxımdan tam əksinədi. Fizki potensialı yaşına görə yaxşıdır. Bu, o demək deyil ki, o yaxşı futbolçu ola bilər. Ümumi götürəndə futbol anlayışı, potensialı var. Buna baxmayaraq, yenə də indidən bir söz demək çətindir. Bunu bir neçə ildən sonra tam dəqiq bilmək olacaq.

Vəfadar Piriyev: Sizcə “Qarabağ” sonrakı illərdə bu heyəti əlində saxlaya biləcəkmi?

- Açığı bu çox çətindir. Daima eyni heyəti qoruyub saxlamaq çətindir. Hansısa uğurlu nəticə əldə edəndə, hansısa oyunçu özünü yaxşı tərəfdən göstərəndə ona yaxşı təkliflər gəlir və oyunçunun xarakterində dəyişiklik yaranır. Bu da bizim işimizə mane olur. Belə olduğu halda biz məcburuq həmin oyunçu ilə yollarımızı ayıraq. Amma biz komandanın oyununu əsasən beş-altı güclü futbolçu üzərində qururuq və daima çalışırıq ki, bu oyunçuları komandada saxlayaq.

Aqşin Orucov: Niyə Azərbaycanda Avropa səviyyəli futbolçu yetişdirmək olmur?

- İnşallah olacaq. Mən dəfələrlə deyirəm ki, biz daima tələsirik.  Futbolumuzda uşaq futboluna indi daha çox yer verilir.  Bizim 9 milyon əhalisi olan  ölkəmiz var. Hətta  əhalisinin sayına görə bizdən iki-üç dəfə böyük ölkələrdə belə Avropaya çıxan bir-iki oyunçu olur. Düşünürəm ki, bizdə bu istiqamətdə sürətli  inkşaf gedir və bir neçə ildən sonra biz bunun şahidi olacağıq. Çünki Azərbaycan elə bir ölkədir ki, hər dövrdə burdan tanınmış, yaxşı futbolçular çıxıb. Ona görə də əminəm ki, yaxın illərdə bizim də Avropada yaxşı oyun göstərən futbolçularımız yetişəcək.

- Niyə bizim futbolçular bir yerə qədər oynayırlar, sonra öz üzərlərində çalışmırlar. Bu həvəssizlik nədən irəli gəlir?

- Sizin görmədiyiniz tərəflər çoxdur. Bu cür suallar daima hansısa bir yığıncaqlarda olan söhbətlərdən doğan suallardır. Amma heç kim bilmir ki, bizim məşqlərimiz hansı səviyyədədir, oyunçularımız necə məşq edir. Çatmayan şeylər var ki, bunlar da hər zaman olub və olacaq. Bu fikiri mən qəbul etmirəm ki, futbolçularımız öz üzərlərində çalışmır. Bütün futbolçular öz üzərlərində çalışırlar. Bu gün mən başda olmaqla hər bir məşqçi istəyir ki, daha çox yerli futbolçular yetişdirək, onların gücündən istifadə edək.

Vüsal Qarayev: Yığma komandamızda yerli məşqçi yararlı ola bilər yoxsa əcnəbi. Sizcə Foqtsa bu qədər maaş verməyə dəyərmi?

- Bu suala cavab verə bilməyəcəm, çünki milli komanda birbaşa AFFA-ya aiddir. Onların məşqçidən, yaxud mill komandadan istəyini, nə mən bilirəm, nə də siz bilirsiz.

“İstəyirlər “Qarabağ”da məşqçi mən yox başqası olsun”

Vüsal Məmmədov: Bir ara “Qarabağ” azarkeşləri milliyə baş məşqçi seçimi məsələsi ortaya çıxanda,  belə deyək “Berti Foqtsun taxtı” laxlayanda istəyirdilər ki, milliyə baş məşqçi siz keçəsiz. Sizə bu barədə  rəsmi təklif olmuşdu?

- Azarkeşlərin məni və ya bir başqasını baş məşqçi kimi görmək istəyi təbii haldır. Hətta bəzi azarkeşlər də var ki, istəyirlər “Qarabağ”da məşqçi mən yox, başqası olsun. Amma mənə heç vaxt millidə baş məşqçi olmaq kimi rəsmi bir təklif gəlməyib.

G.Musa: Qurban müəllim məşqçi, yoxsa futbolçu asan uğur qazandırır?

- Hansının asan uğur qazandırdığını dəqiq deyə bilmərəm. Amma məşqçi olmaq futbolçu olmaqdan çox çətindir, fərqlidir. Futbolçunun fikirləri, problemləri az olur, nəinki məşqçinin. Təsəvvür edin ki, yönləndirdiyin 25 fərqli insan var. Futbol da  kollektiv oyunu olduğu üçün bu insanların hər birinin problemini həll etmək, fikirlərini anlamaq olduqca çətindir. Digər tərəfdən də daima media ilə, azarkeşlərlə ünsiyyətdə olmaq lazımdır. Uğuru bununla yan-yana qoymazdım. İstər futbolçu kimi, istərsə də məşqçi kimi uğur qazanmaq üçün çox şey düşdüyün komandadan asılıdır.

G. Musa: Qurban müəllim deyəsən Reynaldo bəzi azarkeşləri qane etmir. İki oxucumuz sual verib ki, Çempionlar Liqsında hücumçu görəcəyikmi?

- Niyə qane etmir?  Bizim hücumda bu gün Reynaldo oynayır və o, çempionatın bombardiridir. Bu günə kimi də 22 qol vurub. Əgər bu da azarkeşləri qane etmirsə, açığı mən artıq bilmirəm kimi gətirək (gülümsəyir). Başda da qeyd etdiyim kimi bunlar kampaniya söhbətlərdir. Bir nəfər deyib ki, hücumçu lazımdır, indi kimdən soruşsan hamısı deyəcək hə, hücumçu lazımdır. Kim istəməz ki, komandasında çox yaxşı hücumçu olmasın. Onu da nəzərə almaq lazımdır ki, yaxşı hücumçu tapmaq düşünüldüyü qədər də asan deyil. Ona görə də daima axtarışdayıq.

Zaur Zakiroğlu: Rauf Əliyev oynayan zaman demişdiniz ki, hücumçu ala bimərəm, yoxsa Rauf batar. Hazırda Rauf “Bakı” da oynayır və ideal formadadır. “Bakı” nın bu günkü vəziyyətinə baxsaq onu yenidən “Qarabağ”da görə bilərikmi?

- Belə bir fikirim yoxdur. Raufun “Bakı” ilə müqaviləsi var. Onun bir nömrəli hücumçu olmasını bəlkə də ən çox mən istəmişəm və özüm hər zaman ona azarkeşlik edirəm. Sadəcə olaraq Raufun daha da irəli getməsini istədim və onunla yollarımızı ayırdıq. Mənə elə gəlir ki, Rauf orda özünü daha sərbəst hiss edir. Amma gələcəkdə hər şey ola bilər.  Açığı Rauf, Vaqif, Əfran kimi gedən oyunçularla yenidən işləmək mənim üçün də xoş olar. Amma bu ola da bilər, olmaya da bilər.

“Bu komandada öz uğurumdan çox istəmişəm ki, “Qarabağ”ın uğuru olsun”

G. Musa: Bu xanım oxucumuz deyəsən sualı verərkən məsələyə  “kişilər ağlamaz” prizmasından yanaşıb. Ülviyyə xanım sual verir ki, çempion olanda Qurban müəllim həqiqətən ağlayırdı?

- Əgər o xanım mənim  göz yaşlarımı gördüyü halda ona inanmayıbsa, bu gün bu suala nəcə cavab versəm yenə onun üçün şübhəli qalacaq (gülür). Şübhəylə yanaşan insanlara cavab verməkdə çətinlik çəkirəm.

G. Musa: Deyirlər kişini gənc və forumda saxlayan iki şey var: idman və yaxşı həyat yoldaşı.

- Bir də arsız insan (gülürük). Deyirlər heç nə haqqında düşünməyən insan həmişə gənc qalır.

- Sizi o kateqoriaya aid etməzdim. İllər ötməsinə baxmayaraq sizi belə gənc tutan bunlardan hansıdır?

- (Gülür) Komplimentinizə görə də sizə ayrıca təşəkür edirəm. Ailəmi gündəmə gətirməyi ümumiyyətlə sevmirəm. Hər zaman  formada olmağıma gəlincə, onu deyə bilərəm ki, bu mənim peşəmlə bağlıdır. Daima hərəkətdəyəm, idmanla məşğul oluram. Amma tam səmimi deyim ki, gün keçdikcə özümü qocalmış kimi hiss etməyə başlamışam. Kənardan gənc görünməyimə baxmayaraq özüm artıq hiss edirəm ki, on il əvvəlki Qurban deyiləm.

G. Musa: Əgər Qurban Qurbanov futbolçu olmasaydı hansı sahəni seçərdi?

- Bir az çətin sualdı . Uşaqlıqdan ümumiyyətlə idmana böyük marağım olub. Mən elə bir yerdə doğulub böyümüşəm ki, ətrafdan xəbərimiz az olub. Zaqatala rayonunu Aşağı Tala kəndində o vaxtlar yaşayış tərzi başqa idi. Ancaq oxumaq və iş. Valideynlərimiz işləyirdi biz də onlara həm kömək edirdik, həm də oxuyurduq. Düşünürəm ki, qismətimdə futbolçu olmaq vardı. Valideynlərim məndən hər zaman oxumaq tələb edib. Amma elə oldu ki, idmana olan marağım üstünlük təşkil etdi. Futbolçu olmasaydım nə olardım, sualının özü sual altındadır. Nə olardım?.. Futbolçu olmasaydım daha yaxşı savadım olardı. Bəlkə də o savadıma görə, hansı sahəni seçsəydim onun arxasınca gedərdim. Amma ailədə hər zaman birinci nöbədə adam olmağı öyrədiblər mənə. Anam həmişə deyərdi ki, alim olmaq asandır, insan olmaq çətin. Şükürlər olsun ki, hər zaman ən çox yadımda qalan və əməl etdiyim də məhz bu oldu. Çalışmışam ki, insanlığımı qoruyub saxlayım.

G.Musa: Kənardan adama kobud, deyib-gülməyi sevməyən, sərt xasiyyətli insan təsiri bağışlayırsız. Bu belədi, yoxsa həqiqətən də hər şey kənardan göründüyü kimi deyil?

- Özünüz yəqin hiss edirsiz ki, normal insanam (gülürük). Kənardan bəlkə də dediyiniz kimi görünə bilərəm, amma realda heç bir insanın xətrinə dəymək, incitmək istəməyən insanam. Çalışıram hamıya eyni gözlə baxım. Ola bilər ki, bu gün mənim imkanım yaxşıdır, vəzifəm yuxarıdır, amma kiməsə yuxarıdan aşağı baxmamışam. Bu hissi özümə  yaxın buraxmamışam. Bəlkə də kənardan mənim görünüşümə aldanıb, kimsə mənə yaxınlaşmağa cəsarət etmir. Amma mən çalışışıram ki, mənimlə görüşən hər bir insanla səmimi olum, xoş ünsiyyət yaradım. Ümumiyyətlə düşünürəm ki, mənimlə dil tapmaq çox asandır.

G. Musa: Sizcə siz səmimi insansız. Ümumiyyətlə səmimiyyətin Qurban Qurbanovsayğı tərifi nədir?

- Qüsursuz insan olmaz. Mənə elə gəlir ki, hər bir insan özünü səmimi sayır, amma bu heç də belə deyil. Mənim üçün səmimiyyət içində yalan olmayan bir şeydir. Daima çalışmışam insanlarla səmimi olum. İnsanlar var səmimiyyətini sözdə başqa cür ifadə edir, amma ünsiyyətdə olanda tamamilə başqa cür yansıyır o insana səmimyyəti. Mənim üçün sözlə ifadə olunan səmimiyyətdənsə əməldə göstərilən səmimyyət daha yaxşıdır.

G. Musa: Son vaxtlar sizi çox tərifləyirlər. İnsanın özü haqqında çox tərif eşitməsi necə bir hisdir?

- Açığı çox tərifdən xoşum gəlmir.  Məni hədindən artıq çox tərifləyən insanların səmimiyyətinə hər zaman şübhə edirəm. Amma elə insanlar var  görürsən həqiqətən ürəkdən deyirlər. Sənin uğurlarına doğrudan da sevinirlər.

G.Musa: Çempionlar Liqasının qrup mərhələsinə düşmək üçün doğrudan da çox əmək sərf etdiyiniz göz qabağındadır. Amma bir çox azarkeşlər kimi mən də sonralar öyrəndim ki, Qurban Qurbanov qarabağlı deyil. “Qarabağ”a bu qədər can yandırmağınız həqiqətən də insanı duyğulandırır

- Açığı mən bu komandada öz uğurumdan çox istəmişəm ki, “Qarabağ”ın uğuru olsun.  Bu ad nə qədər əziz və yaralı yerimizdir.  Ağdamımız, Şuşamız, Laıçınımız və digər torpaqıarımız  işğal altındadır. Mənə elə gəlir ki, “Qarabağ”ı sevmək üçün qarabağlı olmaq vacib deyil. Ona görə də bu adın daha yuxarılarda olmasını, başqa ölkələrdə daha çox tanınmasını hər şeydən və hamıdan çox istəyirəm. Səmimi deyim ki, bəlkə də başqa klublarda olsaydım, daha çox öz məşqçilik kariyeramı düşünərdim, klubumu tez-tez dəyişərdim. Bu klub mənim üçün bir məsuliyyətdir. Çalışıram bu klub Avropa ölkələrində tanınsın. Bu adn Avropada tanınması siyasi baxımdan daha yaxşıdır və var gücümüzlə  çalışırıq ki, həmin turnirə layiqli çalışaq, hazır olaq.

G.Musa: Həyatınızdan razısınızmı?

- Çox razıyam. Əgər bu gün canım sağdırsa, dostlarım, ailəm yanımdadırlarsa, onları istədiyim vaxt istədiyim kimi görə bilirəmsə, niyə narazı olmalıyam. Həmişə çalışmalıyıq ki, özümüzdən aşağıdakılara baxaq, yuxarıdıkılara yox. Çətin vəziyyətdə yaşayan insanlara baxıb şükür etməliyik.

Günel Musa

Vüsal Məmmədov

 

 

 

 






20 May, 2014  14:58 Baxılıb: 3890 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner