Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Məşhurlar Facebook dostları ilə görüşür – FAZİL MUSTAFA

Simsar.az-ın layihəsi çərçivəsində növbəti qonağımız Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa oldu. Onun Facebook fanatları və dostları arasından seçdiyimiz insanları görüşə dəvət etdik. “İpək Yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin ofisində baş tutan görüşdə qonağımız sosial şəbəkə dostlarının müxtəlif mövzularda suallarını cavablandırdı.

Görüşün ən yadda qalan məqamlarını diqqətinizə çatdırırıq.

 

“GƏLƏCƏKDƏ AZƏRBAYCANI, HƏTTA İŞĞAL TƏHLÜKƏSİ GÖZLƏYİR”

 

- Fazil müəllim, sosial şəbəkədən daha çox hansı məqsədlərlə istifadə edirsiz?

- Bəzi insanlar sosial şəbəkəyə prestij kimi baxırlar. Necə ki, maşın alırlar... Sanki, gerilikçi olmadığını sübut etmək üçün özlərinə profil yaradırlar. Bəziləri isə sosial şəbəkədən istifadəyə böyük bir risk kimi yanaşırlar. Ona görə, profillərini köməkçiləri vasitəsilə yeniləyirlər.

Sosial şəbəkələrin üstünlükləri də çoxdur. İlk növbədə onu qeyd edərdim ki, burada mövzunu sən özün müəyyən edirsən. Kimlərsə bununla razılaşmaya bilər. Amma sən onlara fikirlərinlə tanış olmaq imkanı verə bilirsən.

Sosial şəbəkədə qarşılaşdığım maraqlı bir məqamı da nəzərinizə çatdırmaq istəyirəm. Bizim millət dinləməyi bacarmır. Hamı bir-birinin “ətinə tamarzıdır”. Mən özüm də çox şeyi bilmirəm. Sosial şəbəkədə bəzən qarşıma çıxan maraqlı yazılardan nələrsə öyrənirəm. Kiminsə maraqlı bir fikri ilə rastlaşıramsa, təqdir edirəm. Nəzərə almalıyıq ki, kiçik bir dövlətik, əhalimiz azdır, böyük uğurlarımız da yoxdur: müharibədən məğlub ayrılmışıq və gələcəkdə, bizi hətta işğal təhlükəsi də gözləyir... Bunun müqabilində isə insanlar bir-birilərini əzməyə çalışırlar. Bunlar hamısı insanların öz mövqelərini, vəzifələrini başa düşməməkdən irəli gəlir. Ona görə də, bizim sosial şəbəkədə mövcudluğumuz, həm də maarifçilik xarakteri daşıyır. Bildiyimizi paylaşırıq, bilmədiyimizi öyrənirik. Həm də, millət vəkili və ya hər hansısa bir siyasətçi obrazının sadələşdirilməsi üçün istifadə edirik. İnsanlar görsünlər ki,  biz özümüzü yuxarıdan aparan insanlar deyilik.

- Fazil müəllim, “like”larla aranız necədir?

- Sosial şəbəkədə bəzən qarşıma elə insanlar çıxır ki, onları diqqət mərkəzində saxladığını göstərmək və fəallaşdırmaq üçün paylaşımlarını bəyənirəm. Bu mövzuda bəzi müşahidələrim də var ki, bu da məni narahat edir. Məsələn, bir şəkil paylaşıram, onu dərhal hamı bəyənir. Amma sanballı bir məqalə paylaşıram, görürəm ki, tənbəllik edib oxumadılar. Halbuki, orada elə fikirlər var ki, istəyirəm, onu oxusunlar. Bəzən də, məqalədən mühüm hesab etdiyim hissəni götürüb paylaşıram. Bu vaxt da həmin yazıya olan reaksiya məqaləyə olan reaksiyadan daha çox olur. Azərbaycan insanı oxumağa çox tənbəllik edir. Ümumiyyətlə, “like”larda Azərbaycan insanının maraqlarını görmək olur. Bu məqamda Güntay Gəncalpı misal göstərmək istərdim. Maraqlı fikirləri var. Tarixə fərqli bucaqdan baxır. Düzdür, fikirlərini bir qədər sərt ifadə edir. Amma kütlə şəklində onun üstünə tökülüb təhqir etmək lazım deyil. Fikirlərini qəbul etmirsənsə, bu, öz işindir. Amma çalışmalısan ki, bilmədiyini də öyrənəsən. Hər halda, o, Azərbaycanın yetişmiş, intellektual insanlarındandır və tarixə fərqli yanaşır.

 

“BU SAHƏDƏ TÜRKİYƏ BİZDƏN ÜSTÜNDÜR”

 

- Fazil müəllim, oxumağa tənbəllik etməkdən danışdınız. Sözlərinizdə həqiqət var. Kitablar təbliğ olunmur. Məsələn, xarici filmlərdə baxırsan ki, məşhur aktyorlar kitab oxuyurlar. Bizdə isə kitabın təbliğinə diqqət ayırmırlar. Tərcümələrimiz də zəifdir. Yəni, bu mövzuda boşluqlar çoxdur.

- Hazırda Afaq Məsudun rəhbərliyi ilə tərcümə mərkəzi yaradılıb. Mən bu mərkəzin fəaliyyətində başqa şeylər gözləyirdim, amma gözlədiyim kimi olmadı. Bu məsələni Milli Məclisdə də dəfələrlə qaldırmışam. Tərcümə sektoru vacib məsələdir.

O gün elə Facebook-da oxuduğum bir kitab haqda status paylaşdım. Aytac Xəlilzadənin tərcüməsində oxumuşdum. Tərcüməni bəyəndim. Aytac Xəlilzadə özü bədii dili yaxşı bildiyi üçün tərcüməsi də uğurlu alınıb. Ona görə, tərcümə işinə dili yaxşı bilən, mətni öz dilimizə uyğunlaşdırmağı bacaran insanları cəlb etməliyik. Ümumiyyətlə, bu işə böyük pullar ayırmalıyıq. Türkiyənin bu cəhətdən bizdən üstün tərəfi ondadır ki, onlar bu şəbəkəni qura bildilər. İndi də Amerikada, Avropa və ya başqa yerdə hər hansısa bir kitab çıxan kimi onu tərcümə edirlər.

Burada təhsil sistemindəki çatışmazlıqlar da özünü göstərir. Təhsilin hədəfi düzgün müəyyənləşdirilməyib. Deyilir ki, Azərbaycanda təhsilin hədəfi vətənpərvər insan yetişdirməkdir. Əslində isə, bu, belə omamalıdır. Savadlı insan yetişməlidir. Yetişən insanın vətənpərvər olub-olmayacağının təhsilə dəxli olmamalıdır. Bu mənada, test üsulu korrupsiya hallarının aradan qalxması üçün faydalı olsa da, dünyagörüşlü insan yetişdirməyə mane oldu. Çünki sistemi təkmilləşdirə bilmədik.

 

“APAR QAİBİN PULUNU VER, HEÇ OXUMAĞA DA EHTİYAC YOXDUR”

 

- Nəyi nəzərdə tutursuz?

- Ali məktəbə qəbul, əslində, çox sadə olmalıdır. Bizdə isə əksinədir: qəbul olmaq çətindir, oxumaq asan. Əslində isə, oxumaq çətin olmalıdır. Bizdə pulu olan “oxuyur”. Apar qaibin pulunu ver, heç oxumağa da ehtiyac yoxdur.

Bir dəfə Türkiyədə məndən soruşdular ki, Azərbaycanda hüquq təhsili necədir? Bizdə hüquq fakültəsinə qəbul 100 nəfərdirsə, qurtaranda 1000 nəfər məzun olur. Türkiyədə isə bu, əksinədir. Bizdə artan templə gedir. Son 10 ildə hüquq fakültəsini sadəcə köçürmə yolu ilə 10 min nəfər bitirib. Fərq budur. Deməli, Türkiyədə 100 nəfər savadlı hüquqşünas çıxır, biz isə 1000 nəfər mənasız, hüquqdan anlayışı olmayan məzunlar “qazanırıq”.

 

“DEDİLƏR Kİ, 20 MANAT VER, QOL ÇƏKƏK”

 

- Dərsliklər də istənilən səviyyədə deyil...

- Bəli, razıyam. Bizdə Təhsil Nazirliyinin qərarı ilə dərsliklər müəyyən edilir. Dünyada belə bir şey yoxdur. Türkiyə universitetlərində Roma tarixi ilə bağlı 5 ayrı müəllifin dərsliklərini tapmaq mümkündür. Tələbə hansını istəyirsə, onu oxuyur. Axı Roma tarixi hansısa müəllifin inhisarında ola bilməz. Dərsliklər çox olmalıdır ki, rəqabət də olsun. Rəqabət olmayan yerdə inkişaf da olmur və təbii olaraq, qüsurlar olur. Məsələn, mən bu yaxınlarda bir qüsuru aşkarladım: biologiya dərsliyində əməyin inkişafı nəticəsində insanın meymundan yarandığı öz əksini tapıb. Halbuki, bunu dünyanın heç bir yerində qəbul etmirlər. Ancaq Azərbaycan dərsliyində bu, öz əksini tapıb.

Yadınızda saxlayın, heç bir ağıllı millət təhsildən pul götürməyi fikirləşmir, təhsilə pul qoyur. Adi bir misal deyim, bu yaxınlarda uşaqların icbari dispanzerizasiyası məsələsi ortaya çıxdı. Mən də öz uşağımı apardım. Müayinədən keçmək üçün aparatların hərəsini bir yerdə qoyublar. Sonra da qısa yolu dedilər: 20 manat ver, kağıza qol çəkək. Bununla da uşaqların böyük əksəriyyəti yoxlanılmadı. Buna ad vermək çətindir. Biz istəyiriksə, Azərbaycan ordusuna sağlam əsgər göndərək, bu məsələlərdə diqqətli olmalıyıq.

- Fazil müəllim, bayaqdan müxtəlif problemlərdən danışırıq. Hansı ki, bu problemləri millət vəkili də bilir, jurnalist də bilir, müəllim də bilir, adi fəhlə də bilir. İnanmıram ki, Təhsil Nazirliyi və Müdafiə Nazirliyinin də bunlardan xəbəri olmasın. Amma fəhlə də deyir, “nə edək?”, müəllim də deyir, “nə edək?”, millət vəkili də deyir. Bəs, həqiqətən, biz nə edək?

- Mən sizin fikrinizlə razı deyiləm. Bilmək odur ki, problemin mahiyyətinə varmağı bacarasan. Ümumi şəkildə hamı deyir ki, dövlət  səhiyyəyə diqqəti artırmalıdır, sosial məsələlərə daha çox diqqət ayırmalıdır və s. Hamının bildiyi dövlətdən gileydir. Narazı kütlə formalaşır ki, onlar belə düşünürlər: filan nazirin yerinə mən olsaydım, başqa cür olardı. Bəlkə də, indiki ondan qat-qat yaxşıdır... İnsan gərək bu məsələləri daha çox özündə axtarsın ki, “axı mən üzərimə düşənləri etmişəmmi?”.

Milli özündənrazılıqdan yaxa qurtarmağı bacarmalıyıq. Halbuki, bu özündənrazılıq bizə yaraşmır. Yaşadığımız torpağın azad olmasında, bu günə kimi gəlib çatmasında borclu olduğumuz bir şəxs var. Amma o qədər unutqanıq ki, heç yadımıza da düşmür. Nura Paşa olmasaydı, çox güman, Azərbaycan da yox idi. Erməninin əlindən o aldı bizi. Ancaq haqqını vermirik. Haqqını verməyənin haqqını alarlar. Buna görə Qarabağı qayatara bilmirik...

 

“QARABAĞ BİZİM ÜÇÜN ƏRAZİ, ERMƏNİLƏR ÜÇÜN VƏTƏNDİR”

 

- Son dövrlərdə, elə bil, ermənipərəstlik artıb. Bunun səbəbi nədir?

- Bu məsələlərə ermənipərəstlik kimi yanaşmayaq. Hər şey nisbidir. Ermənilərlə də mübarizədə xalqı reallığa qaytarmaq lazımdır. Mənim bir yazım var idi, bir az da tənqid etmişdilər, Avropa Şurasında Serj Sarkisyanın bir çıxışı var idi, o deyirdi ki, Qarabağ sizin üçün ərazi idi, bizim üçün vətən. Ona görə biz oranı ala bildik. Bu, həqiqətən də belədir. Əlimizdə olanlara da vətən yox, ərazi kimi baxırıq. Elə olmasaydı, dəniz kənarı zibillənməzdi, Biləsuvar, Kürdəmir şoranlaşmazdı... Əlimizdə olanların qədrini bilərdik...

- Fazil müəllim, bayaqdan nöqsanlarımızı sadalayırıq. Mənə maraqlıdır, bizim kimi olub, sonradan yüksək inkişaf edən bir xalq var? Varsa, onlar buna necə nail olublar?

- Ancaq təhsillə. Təhsilə xüsusi diqqət ayırmaq lazımdır. Bizdə uşağı məcbur həkimliyə yollayırlar. Bu, böyük riskdir. Nəzərə almaq lazımdır ki, tibbdə material insandır. Cəmiyyətdə məsuliyyətsizlik çox yüksəkdir. Heç kim məsuliyyətini dərk etmir. Azərbaycan təfəkkürünə ilk oaraq “Allah görür” məfhumunu yeritmək lazımdır. Kamera qoyub hər birimizin təklikdə etdiklərimizə baxsaq, nə demək istədiyimi başa düşərsiniz. Sənin yanında zibili yerə atmırsa, tək olanda mütləq atacaq. Fikrləşəcək, onsuz da heç kim yoxdur. Axı Allah görür... Bu anlayış cəmiyyətdə yoxdursa, inkişaf da çətin olacaq.

Vüsal Məmmədzadə







19 May, 2014  16:25 Baxılıb: 1661 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner