Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Gülyaz Məmmədova: "...onlardan uzaqlaşıram" – MÜSAHİBƏ

“Özünü tanıt” rübrikasında budəfəki qonağımız respublikanın əməkdar artisti, vokalist Gülyaz Məmmədovadır. Onun qan qrupu (IV)-dü.

(II) və (III) qan qrupu daşıyıcılarının qarışığından yaranmış hesab edilən (IV) qan qrupu sahiblərinin aşağıdakı xarakterik xüsusiyyətlərə malik olduqları bildirilir:

1) Onlarda məntiqi analiz güclü inkişaf edir. 2) Hər zaman daxili təmkini qorumağa çalışırlar. 3) Çoxcəhətli olmaqları ilə yanaşı, həm də çox tədbirlidirlər. 4) Gözəl yumor hissinə malik olurlar. 5) Ətrafdakı insanlara münasibətdə ədalətli və dürüstdürlər. 6) Məclislərdə əyləndirməyi bacarmaları ilə seçilirlər. 7) Həlimdirlər, dərdini danışmaq istəyənləri səbirlə dinləməyə, başa düşməyə və yardım etməyə hazırdırlar. 8) Öz dərdilə kimsəni yükləməyi qəbul edə bilmədiyindən problemlərini söyləməzlər. 9) Kimsəni incitməmək üçün konfliktə girməkdən qaçırlar. Əsas konflikti özləri ilə, öz fikirləri ilədir... Belə daxili çəkişmələrə görə də çox zaman qərar qəbul etməkdə çətinlik çəkirlər. Bu qərarsızlıq sevgi məsələsində də onlara böyük əngəllər törədir. 10) Gözəl təşkilatçı olduqlarından komanda toplayıb, onları inandıra və məqsədə doğru apara bilirlər. 11) Təmkinlidirlər, karyeraya elə də can atmırlar. Amma eyni vaxtda bir neçə peşə üzrə fəaliyyət göstərə bilir və onların hər birində mükəmməl olmaqı bacarırlar. 12) Analiz etmək qabiliyyəti yüksək olduğundan insanları yaxşı tanıyırlar.

- Gülyaz xanım, deyirlər qadınlar istənilən məsələyə daha çox hissiyyatla yanaşırlar, nəinki məntiqlə. Siz hansı prinsipi əsas götürürsüz?
- Baxmayaraq ki, incəsənət adamıyam, mən hər bir işə məntiqlə yanaşıram. Hər şeydən əvvəl, ona görə ki, söz götürə bilmirəm. Odur ki, öhdəmə düşən hər bir işi məsuliyyətlə, vaxtında və gözəl görmək istəyirəm ki, mənə münasibət də gözəl olsun.

-Bunun üçün səbirli və təmkinli olmaq lazımdır?
- Əvvəllər bir az əsəbi idim, amma indi təmkinli olmağa çalışıram. Bir xasiyyətim də var ki, hər işin düzünü sübut edənə qədər mübahisə edirəm. Bacım həmişə deyir ki, bu düzgün deyil, adamı qızardırsan. Mənsə düşünürəm ki, belə olmalıdı – düzü necədirsə, o da deyilməlidi.

- Buna görə sizdən incimirlər? Əslində bu məsələlərə yumor hissi ilə yanaşmaq daha yaxşı olmazmı?
- Əslində mən deyən-gülən, şən adamam. Hətta işdə də xoşlayıram ki, gülməli bir əhvalat, ya lətifə danışım qulaq assınlar. Rəfiqələrim deyirlər ki, gələndə özünlə bir sevinc gətirirsən. Ya da məclislərdə, toylarda çox vaxt deyirlər ki, bilmirdik ki, belə məclis aparırsız. Nə bilim, məncə səmimi olanda hər şey gözəl alınır.

- Tədbirli adamsız, ya vəziyyətə uyğun olaraq fikirlərinizi tez-tez dəyişirsiz?
- Gördüyüm işin nəticəsini düşünürəm, - deyə planlı iş tuturam. Hətta mənim plan dəftərim var. Saat neçədə nə edəcəm, tələbələrimin hansına neçə disk verəcəm – bu kimi məsələləri bir gün əvvəldən planlaşdırıram. Hansı tədbirdə, ya toyda nə paltar geyəcəmsə üç gün əvvəldən hazırlayıram. Ən xırda işdən – vacib məsələlərə qədər hər işi ölçü-biçili görməyi sevirəm.

- İndi dərdli insanlarla ünsiyyətə, onlara qulaq asmağa səbrsizlik göstərilir. Belələri də əsasən sənət adamlarına üz tutur. Bələ adamların dərdlərini dinləməyə səbriniz çatır?
-Mən bu barədə çox səbirliyəm. İşdə, ya tanıdığım adamlar arasında belə hallar çox olub. Hətta bir nəfər var, yaşlı adamdı, 10 ildi ki, onu yola verirəm. Zəng edir, danışır, gileylənir. Səbrlə qulaq asıram, könlünü xoş edən, təsəlli verən nəsə deyirəm. Kiməsə lazımdısa gücüm çatan maddi köməklik edirəm. Düşünürəm ki, əgər bu dünyada kiməsə yaxşılıq edə bilirsənsə, buna şükür etməlisən.

- Bəs özünüz necə, dərdlərinizi kiminləsə bölüşürsüz?
- Yox, istəmirəm kiməsə şikayətlənim. Amma hansısa bir iş tutanda məsləhət istəyirəm, nəsə düz deyilsə, ətrafımda olanların rəyini soruşuram ki, heç olmasa sözləri ilə dayaq olsunlar.

- Sənət adamları qalmaqalı, konflikti çox sevirlər, siz necə?
- Konflikti, davanı heç xoşlamıram. Hətta başqaları da sözləşəndə çalışıram onları sakitləşdirim. Amma bir söz olanda öş-özümlə o qədər saf-çürük edirəm ki. Bir qərar verəndə düşünürəm ki, bu, yüzdə səksən düz qərardı. Amma yenə istəyirəm ki, ailədə kimsə, ya da hansısa rəfiqəm buna fikir bildirə. Belə olanda sevinirəm və fikirləri nəzərə alıram.

- Ailə həyatı qurmaqda bu qərarsızlığınız sizə çətinliklər yaşatmadı ki?
- Bakıya təzə gələndə cavan, gözəl qız idim. Mənə ailə qurmağı təklif edən o qədər adam vardı ki. Heç kəsə əhəmiyyət vermirdim. Çünki istədiyim-indiki həyat yoldaşım hərbi xidmətdə idi. Düşünürdüm ki, gələcək, evlənəcəyik. Elə də oldu. Adətən qadınlar həmişə çalışırlar ki, ailədə özlərinin istədiyi, dediyi olsun. Mən isə əksinə, qarşı tərəfi fikirləşirəm. Deyirəm qoy, oğul anası ilə məsləhətləşsin, ana necə istəyirsə elə də etsin. Təki ailədə problem yaşanmasın, bütövlük, mehribançılıq olsun. Onu da deyim ki, başqası əziyyət çəkməsin, - deyə çox vaxt özüm əziyyət çəksəm də heç vaxt peşman olmuram, hiss edirəm ki, düz edirəm. Və, Allah da həmişə mənə kömək olur.

-Adətən ailəni üstün tutanlar karyeranı o qədər də düşünmürlər...
-Mən də bu sənətə gələndə karyera haqda düşünməmişəm. Fikirləşmişəm ki, səsim varsa oxuyum, sevdiyim, dəyərli mahnıları lentə yazdırım. İstədiyim ölkələri gəzim. Bu arzularıma çatmışam, ən əsası insanların məhəbbətini qazanmışam, mənə bəsdi. İndi heç nəyə əhəmiyyət vermədən sakitcə öz həyatımı yaşayıram. Heç vaxt düşünməmişəm ki, bunlardan daha artıq nələrisə əldə edim. Sadəcə Allahın mənə qismət etdiyi nə varsa onu itirməməyə çalışıram. Mən tələbələrimə də, rəfiqələrimə də deyirəm ki, sənətə gələndə nə pulu, nə də şöhrəti düşünməyin. Qoy həyat özü sizi pillə-pillə qabağa aparsın. Zamanı gələndə görəcəksiz ki, yüksəkdəsiz.

- Ailə qayğıları bir yana, işləriniz də çoxşaxəlidi. Çətin deyil ki? İşlərinizin öhdəsindən lazımınca gələ bilirsiz?
- 17 ildi müəlliməyəm – Musiqi kollecində dərs deyirəm. Burada hər kəslə münasibətlərim əladı. Uşaqlarla adi bir konsert təşkil edəndə görürəm hamı inanır ki, hər tədbir lazımi səviyyədə olacaq. Hərdən tələbələrimi yığıb gəzməyə aparıram. Opera teatrında solistəm, orada da əhatəm gözəldi. Toylarda, tədbirlərdə oluram, burda da hər iş yüksək səviyyədə alınır. Bilirsiz, insan öz işini diqqətlə görəndə həmişə hörmətli olur. Əgər mənim işimə müsbət qiymət verirlərsə, demək mən bunu qazanıram.

- Nəhayət sonuncu sualımız. İnsanları yaxşı tanıyırsız?
- Tərif olmasın, doğurdan da adamları tanıya bilirəm. Mənim əhatəm əsasən qadınlardan ibarətdi. Baxanda təyin edə bilirəm ki, bu insanla rəfiqəlik edə bilərəm, ya yox. Doğrudu, olub ki, bəzən yanılmışam. Geyim, ya söz hərdən insanı aldadır. Odu ki, bir qənaətə gələndən sonra da araşdırıram, təhlil edirəm ki, görüm bu adam göründüyü kimidi, ya yox. Demək olar ki, həmişə qənaətimdə haqlı olduğumu görmüşəm. Sadəcə, hamını yaxın buraxmaq olmaz. Elə adamlar olur ki, onlardan uzaqlaşıram, arada sərhəd saxlayıram. Bir-iki sirdaşım var, qalanlarla rəfiqə kimi adi, normal münasibət saxlayıram, vəssalam.

İsmət Ələkbərqızı






12 May, 2014  14:36 Baxılıb: 1896 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner