Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Əkbər Əlizadə: “Bəzi insanlarda hələ də təkamül prosesi getməyib” – MÜSAHİBƏ

Müstəqil Azərbaycanın azad jurnalistləri olaraq ölkə vətəndaşlarına vicdanla xidmət etmək üçün əlimizdən gələni əsirgəmirik. Elə bu məqsədlə də Simsar.az-ın səyyar mikrofon və diktafonları studiyamızda quraşdırılmışdır.“Dodaqqaçdı” rubrikasında, insan qəlbinin sarı siminə toxunan sualları bu dəfə səmimi həmsöhbət, özünün dediyinə inansaq bir əlində 5 qarpız tutmağı bacaran həm aktyor, həm aparıcı Əkbər Əlizadə cavablandırır.

Sual 1. Deyirlər həyat bir mübarizədir. Həyatın enişli, yoxuşlu yollarında çox qalib gəlmisiniz yoxsa məğlub olduğunuz vaxtlarda olub?

- Əksər insanlar kimi mən də çətinliklərlə üzləşmişəm. Qəribədir, elə bil kimsə məni həmin vəziyyətlərdən çıxarıb. Bəlkə də düşdüyüm vəziyyətin çətinliyini görüb fikir verməmişəm. İndiki həyat yolum isə güllük-gülüstanlıqdır.

Sual 2. Digər bir deyimə görə, həyat bir pəncərədir. O pəncərədən baxdıqda dumanlı və ya günəşli mənzərəylə qarşılaşırısınız?

- Dumanlı, yağışlı, qarlı, boranlı hava da olur, günəşli hava da. Amma yağışlı havaya elə pəncərədən baxmaq xoşuma gəlir. Məbadə yağışda bayıra çıxım. Bütün əhvalım dəyişir. Həmin gün xüsusi bir işim olmasa nəyin bahasına olursa olsun bütün planlarımı dəyişməli oluram.

Sual 3. Deyim var: yağışı mənə anlatma yağ. Həyatınızda yağışı anladanlar çox olub, yoxsa yağanlar?

- Yağış göyün yerə anlatmaq istədiyidir. Onu heç anlatmağa da dəyməz. Mən onu hansı görkəmdə görürəmsə o da kifayət edir. Qaldı ki, yağanlara onları boş vermişəm. Əngin dəniz hara, kiçik çay hara.

Sual 4. Gözlərinizdə kədər görürəm, o kədər eşqdən olmasın?

-  Ola bilsin gözlərim kədərli görünür. Ancaq eşqlə qətiyyən əlaqəsi yoxdur. Eşq badəsindən o şərbəti çoxdan içmişəm. İndi ləzzətini dadıram: iki qızım, bir oğlum var.

Sual 5. İtin hürdüyü karvanın keçdiyi bir zamanda işıq gələn tərəfə gedərsiz, yoxsa it hürən tərəfə?

- Çox ağır bir məsələdir. İt olan tərəfə getmərəm. İt mənə heç nə eləməsə də yanından elə keçirəm ki, elə bil deyirəm gəl tut məni. Ona görə, işıq gələn tərəfə gedərdim. Özüm də çalışıram ki, olduğum mühitə işıq saçım. Bu işıqdan da ətrafdakı insanların gözləri qamaşsın.

Sual 6. İnsanlardan usanıb hər şeyə yox deyərkən içinizdəki “mən”lə söhbət edirsiniz? O, “mən” sizə nə deyir?

- Hər bir insan özünü analiz etməyi bacarmalıdır. Mən özümlə söhbət edərkən Allaha yalvarıram ki, məni cızığımdan çıxmağa qoymasın. Bu söhbət məni doğru yola sürükləyir.

Sual 7. Deyirlər musiqi insan hisslərinin riyaziyyatı, riyaziyyat insan təfəkkürünün musiqisidir.  Hisslərinizdə və təfəkkürünüzdə riyaziyyatın hansı rolu var?

- Riyaziyyatla heç aram yoxdu. Beynimin o tərəfi bir qədər zəif işləyir. Yol gedərkən də belədir. Bir yolu ikinci dəfə getsəm azıb qalaram. Amma di gəl ki, bir vərəq şeiri tez bir vaxtda əzbərləyə bilirəm.

Sual 8. Gəncliyinizi axar suya bənzətsək o su gəlib öz çuxurunu tapıb?

- Tapıb, çünki elə gənclər var ki gəncliyində ağır işlərdə çalışdıqları üçün bu dövrün dadını-duzunu çıxara bilmirlər, tez qocalırlar. 37 yaşım var elə bilirəm vaxtilə necə enerji almışamsa o mənə ömür boyu  bəsdir.

Sual 9. Dünyanı gözəllik xilas edəcək deyənlər sizcə şişirdilmiş, boyalı dodaqları, saralmış saçları, yoxsa gödəlmiş ətəkləri nəzərdə tuturlar?

- Dostoyevskinin bu fikrini zahiri gözəlliklə əlaqələndirirlər. Ancaq belə deyil. Gözəllik əslində insanların əxlaqı, mənəvi gözəlliyi və bir-birlərinə olan sevgisi deməkdir.

Sual 10. Təkamül nəzəriyyəsinin zəncirə bənzədən Darvin, sizcə zəncirin əvvəlini yaddından çıxarmamışdır ki?

- İntelegent Həsənin diliylə desək, mən özüm də meymuna oxşayıram. Darvin belə bir iddia irəli sürüb ki, insan meymundan əmələ gəlib. Mən birbaşa olaraq təkamül dövrünün necə baş verdiyinin şahidi olmamışam. Ancaq bəzi insanlar var ki, elə bil onlarda hələ də təkamül prosesi getməyib.

Sual 11. Gələcək necə gələcək?

-Ümid edirəm ki, hər şey yaxşı olacaq. “Əmma”ları görəndə isə bir qədər köks ötürürəm.

Sual 12. Gecənin qaranlığından doğan zülmətin sükutunun səsini eşitmisiniz?

- Axır vaxtlar su damcısının səsinə, saatın əqrəbinin işləməsinə qıcıqlanıram. Amma gecənin sakitliyindəki sükut mənim qulaq pərdələrimi partladacaq dərəcədədir. O səsi sevirəm.

Sual 13. Sevincinizə kədərlənənlər çox olub yoxsa kədərinizə sevinənlər?

- Yalandan sevinənləri hiss edirəm. Əsl dost odur ki, onunla sevincini bölüşə biləsən. Adam var ki, sənin uğurunu görəndə pörtür, gözü bərəlir. Bir balaca ayağın büdrəyəndə isə yanında olmaq istəyir. Elə bil dərdinlə təsəlli tapır.

Sual 14. Dənizə düşən damlanın dənizəm deməyə haqqı var. Bəs, sizin nə deməyə haqqınız var?

- Uşaqlıq illərindən bu sənətdəyəm, deməyə haqqım var. Rollarım var, verilişlər aparmışam, dövlət tərəfindən qiymətləndirilərək əməkdar artist adını almışam. 2009-cu ildən Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq mükafata layiq görülən bir çox sənətçilər  arasında mənim də adım var idi. Bunları fikirləşəndə deyirəm ki, bəli, o sənət dəryasında damla olsam belə bu sözləri deməyə haqqım var

Sual 15. Sübhün şəfəqi ilə nura boyanan günlərindən razısınızmı?

- Allah deyir sən okeanlar qədər istə, mən sənə dənizlər qədər verim. Başıma nə gəlirsə deyirəm, deməli belə də olmalıdır. Bədbin şeyləri fikirləşməkdən qorxuram ki, bu saat başıma gələcək.

Sual 16. Əsrə bərabər gününüz olub? O gün hansı özəllikləri ilə əsrə bərabərləşmişdir?

- Olmayıb, heç olmasın da. Gözəl günlər həyatımda bölüşsün.

Sual 17. Şirin-şirin günlərin acı-acı həsrətini çəkmisiz?

- Çəkməmişəm. Bəzən deməyə ehtiyat edirəm amma mən xoşbəxtəm. Turşməzə məqamları da qloballaşdırmaq istəmirəm.

Sual 18. Suallarımız sizi sıxmadı?

Yox, adətən, şablon suallarla qarşılaşıram. Bu dəfə isə yox. Nə vaxtsa demək istədiyim şeyləri yağdan tükü götürən kimi asanlıqla məndən aldınız.

Ülviyyə Cövdətqızı

 







5 May, 2014  15:16 Baxılıb: 2876 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner