Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Telman Adıgözəlovun oğlu: “Onların efirə çıxması atamı qıcıqlandırırdı”

“Məşhurların ailə üzvləri ilə görüş” rubrikasının qonağı 2010-cu il aprel ayının 15-də ürək çatışmazlığından dünyasını dəyişən respublikanın xalq artisti Telman Adıgözəlovun oğlu Turan Adıgözəlovdu.
Turan Adıgözəlov, 1986-cı il avqustun 23-də Bakıda doğulub. Hazırda Fövqəladə Hallar Nazirliyi Yanğına Nəzarət Xidməti İdarəsində inspektor işləyir.


- Turan, peşə seçiminizə kiminsə təsiri olubmu?
-Yox, özüm seçmişəm. Adam var deyir ki, atam hansı sənətdədirsə, mən də o yolla gedəcəm. Çox vaxt da aktyorlar övladlarına “aktyorluq çox ağır, çətin peşədi” - deyib müəyyən təsir göstərirlər. Amma atam deyirdi ki, nə sənətin sahibi olmaq istəyirsənsə, nə işlə məşğul ola bilərsənsə, onun ardınca get. Çünki insan istəmədiyi işlə uzun müddət məşğul ola bilməz. Bir müddət sonra həmin işə marağın itəcək, cavabdehlik hiss etməyəcəksən. Atama baxmaq mənə çox maraqlı gəlirdi, amma özümü o sənətdə görmürdüm. Yəqin, hərənin bir qisməti var.


- Bəs bacınız hansı sahədə çalışır?
- Aysel həkimdi.


- Siz ailə quranda atanız sağ idi?
- Yox, ikimiz də atam vəfat edəndən sonra ailə qurmuşuq. Bu il aprelin 3-də oğlum olub, adını Telman qoymuşam.


- Atan öz rolları ilə insanlara gülüş bəxş edirdi. Bəs onu sevdirən insani keyfiyyətləri hansı idi?
- Atam insanlara sosial mənşəyinə görə fərq qoymazdı. Onun üçün məqam sahibinin, yaxud kasıbın heç bir fərqi yox idi. Xadimə ilə danışanda da onun şəxsiyyətinə hörmətlə yanaşardı. Hamıya xoş münasibət göstərərdi. Harada, kimə nə demək lazımdı – bunlara hər zaman diqqət edərdi. Yəni, sözünün yerini bilirdi və yerində deməyi bacarırdı. Odur ki, hamı onun xətirini çox istəyirdi.


- Atan Balakəndə doğulub. Heç o yerlərə gedirdiz?
- Adətən yay aylarında, bir də qohum-əqrabanın xeyir-şərində gedirik. Atam Balakəndə istirahət etməyi çox sevirdi. “Bura sakitlikdi, insana dinclik gətirir” - deyirdi. Balakəndə məscidin yanındakı küçədə atamın evi vardı. Həmin küçəyə indi atamın adını veriblər.


- “Sürpriz” filminə çəkilən atanızın sizə sürprizi olubmu?
- Sürpriz etməyi xoşlayırdı. Bunu hərdən ailəmizə təzə nəsə almaqla edirdi. Ən çox da geyimə diqqət yetirirdi. Nəsə alanda çalışırdı ki, marka olsun. Həmişə deyərdi ki, geyim yaxşı olmalıdı. Bir atalar sözünü tez-tez təkrarlardı: “Mən elə varlı deyiləm ki, ucuz mal alım”.


- Dərslərinizlə maraqlanırdımı, sorğu-sual edirdimi?
- Bəli, deyirdi ki, gələcəkdə bir iş sahibi olmaq istəyirsənsə, sənə mütləq savad lazımdı. Çünki savadsız adam heç kəsə lazım deyil. Ona görə, həmişə deyirdi ki, dərslərinə ciddi yanaş, oxu. Amma heç vaxt mənə əl qaldırmayıb, heç üstümə də qışqırmayıb. Uşaq olsam da, həmişə mənimlə böyük kimi rəftar edirdi. Deyərdi ki, heyvanı vura-vura əhliləşdirirlər, insanı sözlə başa salarlar. Sözünü zarafatla deməzdi. Elə məqamlar var ki, orda zarafat edəndə insanın heybəti, ciddiyyət itir, sözün dəyəri qalmır. Odur ki, adam səhvindən utanırdı. Atam deyirdi ki, sən mütləq hərbi xidmətə getməlisən, kişi əsgərlik keçməlidi.


- 1982-ci ildə isə “İmtahan”a çəkildi. Sizcə, həyat onu nədə imtahana çəkmişdi?
- O çox həssas insan idi. Sənətinə diqqətin gedikcə azalması və qeyri-peşəkarların özünə sənətçi deyib efirə çıxması onu qıcıqlandırırdı. Atam həm də çox vətənpərvər insan idi. Xalqın ümumi dərdi – Qarabağ problemi onu həmişə narahat edirdi. Onu tanıyan hər kəs bunu təsdiq edə bilər. Hər insan kimi onu da ailəsinin, övladlarının gələcəyi narahat edirdi. Sadəcə, çətinliyini, problemini evdə danışmağı sevməzdi. Elə olurdu ki, üzünə baxanda bilirdin ki, nəsə sıxıntısı var. Amma onu açıb-ağartmağı sevməzdi, - deyə biz də soruşmazdıq.


- Dərdləşdiyi başqa bir adam vardımı?
- Yox, ümumi danışardı. Amma ürəyini kiməsə açsın, dərdini desin, belə bir xüsusiyyəti yox idi. Bir problem olanda, ya kimdənsə inciyəndə başqasına gileylənməzdi. Sözü adamın üzünə deyərdi, yəni sözünü saxlayan deyildi. Anamla ancaq ailəmizə aid söhbətləri edərdi. Kənar işlə bağlı sözünü ona da deməyi sevməzdi. Qanqaraçılıq yaratmazdı, əksinə, özü dilxor olsa da, evdə xoş ovqat yaratmağa çalışardı. Çox ailəcanlı insan idi. Təkcə ailəsinə qarşı yox, hər kəsə qayğı ilə yanaşardı. Hətta elə vaxtlar olurdu ki, kiməsə nəsə kömək lazım olanda, ailəsinin işini qoyub gedirdi. Çox xeyirxah insan idi, amma öz xeyiri üçün heç kəsə ağız açmazdı. Çünki dünya malında gözü yox idi. Kimdənsə istifadə edim, bir müəssisə açıb işlədim, pul qazanım – belə şeylər onu maraqlandırmazdı. Deyirdi sevdiyim işim var, vəssalam.


- Sizin də əvəzinizə qərar verirdi?
- Yox, mənə sərbəstlik verirdi, qərarlarıma hörmət edirdi. Elə məqamlar olurdu ki, fikrimi öyrənmək üçün mənim qərar verməyimə şərait yaradırdı. Bəzən inamımı artırmaq üçün mənimlə məsləhətləşərdi, soruşardı ki, bunu belə etsək necə olar?! Sonralar başa düşdüm ki, əslində özü bilirmiş, amma mənə kömək üçün belə edirmiş. Bir var həmişə ata qərar verir, hər bir işdə özü olur, bir də var sənə seçim imkanı verir, sənə inanır və - özün qərar ver – deyir. Bu, sonralar mənə çox kömək etdi. Yəqin ona görə indi mənə çox şey çətin gəlmir. Bu yanaşma çox gözəldi.


- 1980-ci ildə atan “Yol əhvalatı”na çəkilmişdi. Özü qastrollarda olanda hansısa əhvalat baş verməmişdi ki?
- Səfərləri çox olub, yəqin maraqlı əhvalatlar da olmamış deyil. Onunla səfərlərdə olmamışam. Amma danışmışdı ki, bir dəfə Türkiyədə aktyorların toplaşdığı avtobusla hansısa şəhərə gedəndə sürücü rol arxasında yatıb. Az qala uçuruma yuvarlanacaqmışlar. Son anda, elə uçurumun kənarında kimsə xəbər tutub, cəld avtobusu saxlayıb.


- Onunla çəkilişlərdə olmusuz?
- Çəkilişlərə məni aparırdı. Bayram tədbirlərinin, ya da kinoklubun çəkilişlərinə uşaq vaxtı çox gedirdim, böyüyəndən sonra isə getmirdim, utanırdım. Bir də dənizkənarı parkda bir yer vardı, aktyorlar çox vaxt ora çay içməyə toplaşardılar. Yadımdadı, atam orada dostları ilə yığışıb oturanda, çox vaxt məni də aparırdı.


- Səncə bu yığıncaqlar sənə nəsə öyrədib?
- Hər şeydən əvvəl o mühitin mənə çox xeyri olub, yaşımdan artıq böyümüşəm. Atamın məni dostlarının yanına aparmasında da, yəqin ki, məqsəd elə bu olub. Məktəblər bağlananda, yay tətilində hər həftə məni ora aparardı. Məktəb başlananda uşaqların içində özümü böyük kimi hiss edirdim. Sinif uşaqlarının sözləri mənə uşaq söhbəti kimi gəlirdi. Yəni, elə bil adam hər şeyi yaşından tez fikirləşməyə başlayır. Fikirləşirəm ki, atam çox düz edib. Çünki öyrəndiklərim mənə çox kömək edir.


- Atana dövlət qayğı göstərdimi?
- Yas mərasiminin və qəbrinin üstünün bütün xərci dövlət tərəfindən ödənildi. Mərasimə gələnlərin isə sayı-hesabı yox idi. Hətta rayonlardan, başqa ölkələrdən də zəng edənlər “özü ilə tanış olmasaq da, biz onu çox sevirdik. Telman Adıgözəlov öz rolları ilə xalqına sonsuz gülüş bəxş edən komediya ustası kimi yaddaşlarda qalacaq” – deyirdilər.

İsmət Ələkbərqızı







15 Aprel, 2014  12:59 Baxılıb: 13230 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


sagbanner