Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Namiq Həsənov: “Müsahibəyə gələ bilməyəndə deyirəm ki, rayondayam” - MÜSAHİBƏ - FOTOLAR

Simsar.az-ın “Tam səmimi” layihəsinin bu dəfəki qonağı Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənovdur

Qısa arayış: Namiq Həsənov 1969- cu ildə Ucar rayonun Xalac kəndində müəlim ailəsində dünyaya gəlib. İlk təhsilini Bakı Dövlət Universitetinin Tarix fakültəsində, ikinci təhsilini  isə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnsitutunda alıb. Uzun müddət müəllim kimi fəaliyyət göstərib. Əvvəlcə Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Namiq Həsənov bir müddət “Lider” televiziyasında çalışıb. Hazırda  Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqlər şöbəsinin rəhbəridir.

Dəqiqləşdiridiyimiz vaxtdan bir az da tez tərpənib 79 nömrəli avtobusla Nəqliyyat Nazirliyinə yola düşdük. Fotoqrafımız Nuranə Novruzla söhbətimiz əsnasında Nəqliyyat Nazirliyinə getdiyimizi eşidən sərnişinlərin sual dolu baxışları gözümdən yayınmadı. Nuranəninsə  gözü avtobusa mindiyimiz andan bəri  pəncərələrin kənarlarındakı boş çəkic yerlərinə dikilmişdi. “Yadıma sal Namiq müəllimdən soruşum ki, niyə avtobuslarda təhlükə yarandığı zaman şüşələri sındırmaq üçün qoyulan çəkicləri sökürlər” dedi.

Gülərək dedim ki, bizim xalq çox aqressiv xalqdır. Yəqin basabas zamanı bir-birinə xəsarət yetirməsinlər deyədir.

Bu illər ərzində Namiq Həsənov  Kütləvi İnformasiya Vasitələrinə fasiləsiz xəbər ötürsə də yenə adı “əl çatmaz, ün yetməz” mətbuat katibləri siyahısında ilk üçlükdə çəkilir. Elə fürsətdən istifadə edib jurnalist xanımın sualı ilə başladıq söhbətə:

- Jurnalist Naibə Qurbanova: Axtaranda niyə tapılmırsınız?

- Mənim telefonlarım 24 saat susmur. Ona görə tapılmıram ki, jurnalistlər çoxdur mən isə təkəm. Tapılmamağımın ən dolğun səbəbi;  ya telefonda başqa bir jurnalistlə danışıram, ya studioda çəkilişdə oluram, ya yatıram, ya da, ümumiyyələ, Bakıda olmuram. Amma iş yerində olanda mümkün qədər çalışıram ki, jurnalistlərin suallarına cavab verim. Ola bilsin ki, jurnalistlərin əksəriyyəti məni düzgün ünvanda axtarmırlar.

- Elmar Hüseynov: Namiq müəllim hansı avtobusdan istifadə edirsiniz?

- Mən şəxsi avtomobilimlə gedib-gəlirəm. Ancaq ailəmizdə hamı avtobusdan, əsasən  də Abbas Mirzə Şərifzadə küçəsində və  Mətbuat prospektindəki avtobuslardan istifadə edirlər.

- Gülnarə Əliyeva:108 nömrəli avtobus niyə vaxtında işləmir. Vaxtlı- vaxtında işləməsi üçün kimdən xahiş etməliyik?

- Bizdən xahiş etsələr kifayətdir. Ancaq məsələ ondadır ki, bu şikayət təkcə 108 saylı avtobusla bağlı deyil. Vaxtında gəlməyən, gecikən avtobuslar çoxdur. Buna da  ya şəhərdəki tikintilər, tıxaclar, ya da sürücünün  hərəkət sxemini dəyişib qəfil başqa sxemdə hərəkət etməsi səbəb olur.

- Ülviyyə Cövdətqızı: Bakı şəhərində avtobuslar nə vaxtdan məcburi qaydada kart sisteminə keçəcək?

- Əlsində bu  proses artıq başlayıb. 40 avtobusda  bu sistem tətbiq olunub.  Bu da təxminən 750 avtobus deməkdir. Ümumi götürəndə bu il ərzində proses tamamlanacaq.

- Lalə Azəri: 173  nömrəli avtobus nə zaman düzələcək. Pirşağı, Qızıl- Qum, Qara Qarayev, Məhəmmədəli kimi böyük qəsəbələrdə yaşayan bu qədər əhaliyə yalnız bir avtobus az deyilmi?

- Avtobusların parallelik sistemini özümüz aradan qaldırmışıq. Ona görə aradan qaldırdıq ki, avtobuslar bir-birini döyməsin, yarışlar, ötüşmələr baş verməsin. İnsanların sayı həddindən artıq çoxdur. Avtobusun varlığı o demək deyil ki, bütün insanları daşıyıb qurtarmalıdır. Dünyanın heç bir yerində avtobusların insanların hamısına yetişmək praktikası yoxdur. Bütün hallarda qrafik üzrə işləsə  avtobusların sayı artırılsa müəyyən problemlər aradan qaldırıla bilər. Yəqin ki, 173-ün də məsələsinə yenidən baxılacaq.

- Vüsal Qarayev: Qobu avtobuslarına nə zaman əlavələr olunacaq?

- Bilirsiniz, avtobuslara əlavələr edilməsi daha çox  sahibkarlardan asılıdır. Əgər sahibkarın yeni avtobuslar almağa imkanı yoxdursa bu işi qaydaya salmaq bir qədər çətindir. Ancaq 2014-cü ildə Qobu və bir neçə qəsəbələrə hərəkət  istiqaməti üzrə yeni avtobusların buraxılması gözlənilir.

- Elşən Əli: Sumqayıt avtovağzalındakı bərbad vəziyyət nə zaman düzələcək?

- Biz avtovağzallarla bağlı xüsusi siayəsət həyata keçirdirik. Hazırda Dövlət Avtomobil Nəqliyyat Xidmətinə yeni rəhbər təyin olunub. Onlar bu istiqamətdə işlər aparırlar. Təkcə Sumqayıt avtovağzalında deyil, ümumiyyətlə, bütün avtovağzalların pasportlaşdırılması sistemi gedir. Avtovağzallar sərnişin daşınmaya ideal şəraitə uyğunlaşdırılır. Sumqayt avtovağzalı da bu parametrlərə cavab verəcək.

- Alpay Azər: Avtobuslarda təmizlik işləri çox nadir hallarda aparılır. Xüsusilə də kiçik avtobuslar çox tozlu olur. Nəqliyyat Nazirliyi bunlara diqqət yetirirmi?

- Mən bu iradla razılaşmıram. Çünki  hər səhər avtobuslar qarajlardan yuyulub çıxır, texniki müayinədən keçir. Avtobusu sərnişinlər özləri zibilləyirlər. Avtobus bir  dövriyyədən sonra artıq elə vəziyyətə düşür  ki, elə bilirsiniz heç yuyulub təmizlənmir.  Amma əslində belə deyil. Yağışlı, palçıqlı şəhərdə avtobuslar  bundan təmiz qala bilməz. Avtobus muzey eksponatı deyil ki, yuyub, silib qoyduğun kimi qala (gülürük).

2. - Avtobuslarda kondinsonerlərin quraşdırılması gözlənilirmi?

- Rayonlararası avtobuslarda var. Amma şəhərdaxili avtobuslarda nəniki bizdə,  dünyanın bir çox yerlərində bu sistem özünü doğrultmayıb. Çünki qapılar tez-tez açılıb-bağlanır. Belə olduqda kondinsonerin havası içəridə qalmaz. Salam Sarvan demiş “Qapını açdım ki, səni görəm, içəridə qalan hava da çıxdı”(gülürük). Yəni vəziyyət bu cür olar.

- Aqşin Əli: Qiymətləri nə yaxşı artırmırsınız?

- Qiymətlərin artırılmasına Tarif Şurası baxır. Sahibkarlardan bununla bağlı tələb gəlir. Biz bir dəfə müraciət etmişdik, amma qiymətlər  qaldırılmadı.

- İlqar Atabəyli: Avtobus sürücləri hər gün reysdən əvvəl həkim nəzarətindən keçməlidir. Bu qanun faktiki olaraq həyata keçirilirmi, yoxsa elə-belə peçat vurub yollayırsınız?

- Əlbətdə ki, bu qanun faktiki olaraq həyata keçirilir. Ümumiyyətlə, bizdə belə bir təsəvvür yaranıb ki, həkim də xəstəxanaya gedəndə xəstənin kağızına yalandan peçat vurub yollayır. Bu anlayışdan uzaq olmaq lazımdır.

- Aysel Verdiyeva: Avtobuslarda həddindən artıq sıxlıq var. Oturacaqların sayı qədər avtobuslara sərnişin götürülməsi ilə bağlı bir qərarın  çıxarılması mümkündürmü? Artıq sərnişin götürən sürücülərə cərimələr tətbiq oluna bilərmi?

- O qərar çoxdan mövcuddur. Sərnişin və baqaj daşınması haqqında qərar var. Xanım ola bilər ki, bu qayda ilə tanış deyil. Söhbət ondan gedir ki, biz bu  cür sürücülərin acgözlüyünə qarşı ciddi mübarizə aparırıq. Sürücülər yolda dayanan hər sərnişini 20 qəpik gözündə görür. Cərimələyirik də, işdən çıxarılanı da var. Mən bunu hər yerdə misal çəkirəm. Hindistanda camaat qatardan sallaşır Azərbaycanda avtobusdan. Sürücüdə günah varsa sərnişin də günahsız sayılmır. Görürsən basabasdı minmə də qapıdan sallaşıb həyatını təhlükəyə atmağa nə gərək var. Mən başa düşürəm gecikəni var tələsəni var. Yüz yox, iki yüz də avtobus olsa, yenə  o qədər sərnişini daşıyıb qurtarmağa çatmayacaq. Gərək vətəndaşlar da bir qədər anlayışlı olsun.

- Cəfər Mənsimi: Bildiyim qədəri ilə sizin təhsiliniz  bu sahə üzrə deyil. Bu sahə üzrə təhsil almadan çalışmaq çətin deyil ki?

-  Mənim iki təhsilim var. Bakı Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə ilə bitirmişəm. Sonra isə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnsitutununun əyani aspiranturası üzrə təhsil almışam. 4 il də elmi işçi işləmişəm. Nəqliyyat da iqtisadiyyatın bir qoludur və nəzərə alsaq ki, artıq 11 ildir bu sahədə  çalışıram. Bu iki insitutudan da artıq vaxt edir. Özümü ekspert hesab etməsəm də bəzən özünü mətbuatda ekspert sayanlarla mükaiməyə girməyə hazıram.

2. - İctimai əlaqələr şöbəsi olaraq fəaliyətiniz zamanı hansı əngəllərlə qarşılaşırsınız?

- Rekert jurnalistlərin sualları, mənə aid olmayan işlərlə bağlı olunan  müraciətlər mənim işimdə əngəl törədir. Gecənin gec saatlarında zəng vurub məni aid olmayan məsələlərlə bağlı narahat edirlər. Nəzərə almırlar ki, bu insanın iş vaxtı bitib, bitməyib. Mən artıq  məcburam ki, gecələr özümlə bərabər telefonu da söndürüm. Bir dəfə gecə saat 2-də biri zəng vurub ki, Namiq müəllim  mən  avtovağzalda qalmışam neyləyim?  Əslində bizim nazirlikdə vətəndaşların müraciətləri ilə bağlı ayrıca şöbə var. Mənim işim əsasən  KİV-lərlə əlaqə yaratmaqdır. Ümumiyyətlə, problemlər əngəllər həddindən çoxdur. Bu barədə çox danışıb qan qaraltmaq istəmirəm (gülür).

3. - Təmsil etdiyiniz sektora ən böyük qatqınız nə olub?

- Mənə elə gəlir ki, nazirliklə ictimaiyyət arasında normal münasibət yarada bilmişəm. Eyni zamanda üzərimə düşən vəzifəni yerinə yetirməklə bərabər digər şöbələrə problem yaratmamışam.

Nazirliyin gördüyü bütün işləri qismən işıqlandırmağa müvəffəq olmuşam bu da mənim töhvəmdir.

Xəyyam Hüseynov: 65 saylı avtobus səhərlər Azneftə düşmür, gedib İçəri Şəhər metrosunun qabağından sola dönür. Dinəndə də sürücü deyir, tıxacdır gecikirəm. Bu işə bir baxan var, yoxsa əhali əlini üzüb otursun?

- Yəqin o sürücü də Xəyyam kimi hirsli olub. Amma əlini üzmək lazım deyil . Əl  o zaman üzülür ki, yapışmağa tutacaq olmur (gülür). Amma ümumi götürəndə bu cür sözün həqiqi  mənasında yolundan çıxan avtobuslar çoxdur. Yolundan çıxan sürücüləri biz öz yoluna qaytarırıq. Bu bir az vaxt, əsəb alır. Biz bu narahatlıq üçün vətəndaşlardan üzr istəyirik. Düzdü bəzi yerlərdə müvəqqəti üzr istəyirlər, amma biz həmişəlik üzr istəyirik (gülürük).

- G. Musa: Məmur olub səmimi olmaq mümkündürmü?

- Bilirsiniz mən nə məmuram, nə də jurnalist. Məmurla jurnalist arasında vasitəçiyəm. Ona görə də güman edirəm ki, səmimiyyətimin olub olmadığı jurnalistlərlə söhbətdə aydın olur.  Məndən çox efirə  çıxan,  müsahibə verən mətbuat katibi yoxdur. Bu elə jurnalistlərlə münasibətdə nə dərəcədə səmimi olduğumu göstərir. Tam səmimi olmaq mümkün deyil. Desəm ki, tam səmimiyəm bu absurd olar. Çünki mümkün olmur.  Görürsən elə bir informasiya olur ki, mən onu gizlətməyə məcbur oluram,  o zaman da səmimiyyət itir və üç nöqtə... ( gülür)

-  Müsahibələrinizin  birində qadınlarla bağlı söylədiyiniz bir fikir qadınların qəzəbinə səbəb olmuşdu. Qadınlar haqqındakı düşüncələriniz həqiqətən də elədir?

- Engelsin bir fikri var deyir ki, qarşılıqlı asılılığın bir tərəfi zərurətdir, bir tərəfi təsadüf. Mən də bu fikirlə razıyam.  Düzdü belə düşündüyüm üçün məni qınayanlar çox olur. Amma dahilərin də qadınlar haqqında fkirləri çox olub. Məslən Çernişevski deyib ki, “qadın olmayan yerdə mən yoxam”. Qadınsız mümkün deyil. O nöqteyi nəzərdən mənim qadına münasibətim çox yüksəkdir. İşlətdiyim o  ifadə çox böyük səs-küyə səbəb oldu . Qadınlar sadəcə olaraq məni düz başa düşməmişdilər. Mən şairin fikrini demişdim. Bir də o müsahibəyə qayıtmaq istəmirəm qorxuram həmin qadınlar yenə gələr. Ümumiyyətlə, bizim  qadınlarda kişilərin zarafatlarına yumor hissi ilə yanaşmaq  məsələsi bir qədər azdır. Dünya ölkələrində belə deyil. Hətta dünyanın ən soyuq ölkələrində yaşayan “soyuq” xanımlar belə  kişilərin zarafatlarına gülümsəyir. Amma bizdə qadına zarafat eləsən düşünmədən səni söyər.

- İşinizlə əlaqdar olaraq  həftənin bütün günü rəsmi geyimdə olursunuz. Qalstuq sizi boğmur ki?

-  Dərindən bir ah çəkir və - “Parlamentoya kravatsız girmək  yasaqdır”. Mən ilk  dəfə Türkiyə parlamentində bu yazını görəndə elə bildim ki, onlar parlamentə girəndə öz çarpayıları ilə girirlər. Sonradan bildim ki, onlar kravat qalstuka deyirlər (gülürük). Amma biz ABŞ-a, Vaşiqtona gedəndə bizimlə gedənlər buradan özləri ilə əllərində kostyum, qalstuk aparmışdılar. Biz  görəndə ki, onlar bizim qarşımıza şortikdə çıxırlar, işə velosipedlə gəlirlər bizim təsəvvürlərimiz tamamilə dəyişdi.  Mən düz 31 gün orda qalstuksuz, cins şalvarda – hansı ki, amerikalılar onu fəhlələrə geyindirir və 1-2 dollarlıq maykalarda gəzdim. O boyda rəsmi söhbətləri onlar qalstuksuz apardılar. Dövlət departamentinə biz qalstuksuz getdik. Əslində belə də lazımdır. Güya qalstuk taxanda adam mədəni olur. Amma insan odur ki, qalstuk taxmadan da öz mədəniyyətini göstərə bilsin. Əgər qalstuk mədəniyyət göstəricisidirsə mən onun bir dəfəlik ləğvinin tərəfdarıyam. İndi qalstuk da bir bəladır də keçib boğazımıza (gülürük).

- Uzun illər məmur işləyən adamlarda bu artıq şərti refleksə çevirilir. Mənim babam uzun illər məmur işləyib hazırda 76 yaşı var çörək almağa gedəndə də qalstuksuz çölə çıxmır.

- Artıq yuxudan duran kimi  əlimi birinci  qalstuqa atıram. Vərdiş etmişəm. Qaltuka münasibətim normal deyil. Amma artıq qalstukun mənə münasibəti necədir, bax onu bilmirəm. Bu bir növ maşına əyləşəndə kəmər taxmaq kimi bir şeydir. Amma şənbə-bazar günləri qalstuq taxmıram. Hətta çox vaxt toylara da qalstuksuz gedirəm. Sözün düzü mənə elə gəlir ki, altıncı bazar günü qalstuk taxsam deyəcəklər ki, bunun başına hava gəlib.

- Gördüyünüz iş sizi yorurmu?

- Dəhşət. Yorulursunuz nədir ölürsünüz desəniz daha yaxşı olar. İnsan üçün normal iş saatı var.  İş vaxtım  saat 6-da bitsə də mənim işim 6-dan sonra başlayır.

- Bu vaxtsızlıq ailədə sizə problem yaratmır ki. Xüsusilə də qadınlar bu məsələdə çox həssasdırlar?

- Həyat yoldaşım  20 ildir deyib, yorulub və artıq taleyi ilə barışıb. Mən ancaq işdən sonra onlara vaxt ayıra bilirəm. Bir oğlum var. Gündə mənə zəng vurur soruşur ki, hardasan, gələndə mənə qəpik gətir kassaya atım. O da ki, yəqin qəpikdən ötrü darıxıb məndən ötrü yox (gülürük). Tam səmimi deyirəm 45 yaşım var hələ bu vaxta qədər istirahət etməmişəm, sanataoriya, müalicə nədir bilmirəm. Bir neçə gündən sonra məzuniyyətə çıxacam. Bu məzuniyyətimi də müalicəyə ayıra bilməsəm yəqin ki, üzü o tərəfə olacam (gülür).

- Namiq müəllim kreslo rahatdır yoxsa stul?

- Heç biri. Mən şəxsən yerdə oturmağı məsləhət bilərdim. O da dövlət idarələrində qəbul olunmur. Kreslo xəstələri var. Adamlar var bahalı kreslo alırlar, hətta kreslonun arxasına şkaf yığdırılar kreslonun rənginə uyğun kitablar alıb qoyurlar içinə. Amma mən sözün hər iki mənasında kreslo xəstəsi deyiləm.  Kreslonun mənim üçün bir avantajı var o da fırlanmasıdır.  Bu da kompyüterə tərəf rahat çevirlməyim də mənə kömək edir. İnsan həmişə səmimi olmalıdır. Hər halda bu səmimiyyəti maksimum  qorumağa çalışıram.

- Avtomobili özünüz idarə edirsiniz. Yollardakı tıxaclar sizi də əsəbləşdirirmi?

- Əsəbləşdirir. Hətta  hərdən zəng edirəm ki, qardaş Nəqliyyat Nazirliyində bir tanışınız varmı zəng edib deyin bu tıxacı aradan qaldırsınlar (gülürük). Amma vallah bu tıxacların çoxunda Nəqliyyat Nazirliyinin bir günahı yoxdur. Bu gün Bakıda  tıxac yaratmaq üçün bir maşının xarab olub yolda qalması bəs edir. İstənilən hallarda da birinci növbədə camaatın yadına Nəqliyyat Nazirliyi düşür (gülür).

- Haqqınızda söylənən tənqidlər, təhqirlər qulağınıza çatanda necə reaksiya verirsiniz?

- Qulağıma da çatır, gözümə də sataşır. Sözün açığı tərifdən zəhləm gedir qoy tənqid etsinlər. Tənqid işin xeyirinədir. Amma təhqir yol verilməzdir. Hətta mənim işimdə bir nöqsan olsa da çox  əhəmiyyət vermirəm. Çünki hamı eyni cür düşünə bilməz. El məsəlidir: “Dəli quyuya bir daş atır, yüz ağıllı çıxarda bilmir”.

- Yeyib içməyi xoşlayırsınız, hesab verməyi necə?

- Demək olar ki, hər ikisini də eyni dərəcədə xoşlayıram. Cibimdə pul olanda mən heç vaxt hesabdan qaçmamışam. 100 yeyib içməkdən 98-də hesabı mən ödəmişəm. Amma bu  o demək deyil ki, mənim pulum çoxdur. Sadəcə mən pul olanda xərcləyirəm. Fiziki mənada sabaha  ümid yoxdur.  Gecə yatdın səhər ayılmadın pul da qaldı cibində. Mən o pulu neyləyirəm. Pulun olanda xərcləmək lazımdır.

- Belə bir söz var ki, kişilər ağlamaz

- Mənim ağalamdığım vaxt yoxdur. Uşaq qəfil sual verəndə də ağlamaq tutur məni. Mənim qədər kövrək adam deyərdim ki, nadir tapılar. “Ögey ana” filminə hər dəfə baxanda ağlayıram. Bu verilişlər var kimsə kimisə axtarır. Baxanda  ürəyim parçalanır. Bir də görürsən sağlıq deyəndə də məni ağlamaq tutur.

- Deyirlər evlənəndən sonra sevgi ölür. Bu fikrə münasibətiniz necədir?

- Sevib ailə qurmuşam. Biz elə vaxtda sevmişik ki, ölkədə vəziyyət gərgin idi. Pulun yox vaxtı, tələbəlik. Qəpiyə güllə atan vaxtlarım idi.  Bulvara çıxanda elə bilirdik ki, bütün dünya bizimdi. İnanın ki, evlənəndən sonra bulvara getməmişəm. Düz  20 idir mən Bulvara getmirəm.  Deyirlər sevgi toya qədər məhəbbətdir toydan sonra xırda məişət qayğıları. Toydan sonra başlayır qayğılar, siyahılar; yuyucu tozu yoxdu, kartof soğan yoxdu. “Təhminə” filmində Təhminə siyahını Zaura uzadanda Zaur başını alıb gedir e, bax, təxminən o vəziyyət.

- Görüşümüz 1aprel gülüş gününə təsadüf etdi. Ən yadda qalan zarafatınız hansıdır?

- O vaxt mən “7 gün”qəzetində işləyəndə dostlarla 1 aprel zaraftı etmişdik. Xəbər yazmışdıq ki, qəzetin baş redaktoru qəzaya düşüb ölüb. Hətta “Qurd Qapısı” qəbiristanlığında  bizim redaktorun adı və soyadında olan bir qəbir də vardı. Gedib o qəbirlə şəkil çəkidirib vurduq qəzetə. Camaat bunu ciddi qəbul etdi. Düzdü qəzetin tirajı iki dəfə artdı. Amma redaktorun qohum-əqrəbasını sakitləşdirənə qədər artıq 3 aprel oldu.

- Gündəlik yalan danışdığınız çox olur?

- Kim deyir ki, mən yalan  danışmağı sevmirəm, ən çox o adam yalan danışır. Mən yalan danışıram. Elə yalan var ki, o insana toxtaqlıq verirsə onu demək lazımdır. Amma ləyaqəti itirən yalana  nifrət edirəm. Mən demək olar ki, hər gün bir neçə dəfə yalan danışıram. Tutaq ki, mətbuatdan zəng edirlər danışa bilməyəndə, müsahibəyə gələ bilməyəndə deyirəm ki, rayondayam. Amma etiraf edim ki, Bakıda oluram o vaxtlar. Sadəcə yoruluram.

- Ədəbiyyatla aranız necədir?

- Mən ədəbiyyatsız, kitabsız özümü  təsəvvür edə bilmirəm. Bu saat 3 kitabı eyni vaxtda oxuyuram. Amma bütün zamanların ən çox sevdiyim yazıçısı Viktor Hüqodur.

- Yazmaq qabiliyyətiniz varmı?

- Şeir yox, amma nəsr yazmaq qabiliyyətim var. Hətta bir vaxt “Ağ-qara” düşüncələr adlı kitab yazmaq istəyirdim. Yazdım. Amma sonra  Zabratda yaşayanda qızdırıcını yandırmağa bir şey tapmadım götürüb kitabımı yandırdım.

- Niyə facebookda yoxsunuz?

- Mən heç vaxt facebookda olmayacam. Mark  pul qazanacaqsa, mən niyə ora girməliyəm. Mən insanlarla canlı ünsiyyəti xoşlayıram. Kimin mənə nə sözü varsa zəng etsin, görüşüb söhbət edək, bir stəkan da çay içək. Facebook, watshapp bunlar sevgini də, səmimiyyəti də öldürür.

Günel Musa

Foto: Nuranə Novruz

 






2 Aprel, 2014  17:50 Baxılıb: 4448 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner