Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Həsən Əblucun qızı: “...Atamın ürəyini partlatdı” – MÜSAHİBƏ

Həsən Əbluc adını eşidəndə adama elə gəlir ki, onun  fərqli  soyadı bənzərsiz səsinin sözlə ifadəsidi. Hər ikisinin cingiltisində qəribə bir həmahənglik, tamlıq var. 80-90-cı illərin tamaşaçısında bu tamlığa bir rəğbət, məhəbbət vardı. Həsən Əbluc hər kəsin sevərək dinlədiyi bir aktyor idi. Bu gün onun ölümündən 20 il ötür. Elə biz də sənətkarın anım günündə qızı-rejissor Elnaz xanımı “Məşhurların övladları ilə görüş” rubrikasına qonaq çağırdıq.

Dosye:

Həsən Abbasqulu oğlu Əbluc 22 aprel 1942-ci ildə Təbrizdə anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Əvvəlcə Politexnik İnstitutuna qəbul olunub. Birinci kursdan sonra sənədlərini aktyorluq fakültəsinə verib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyоrluq və rejissоrluq fakültəsini bitirib. Elə həmin il Dram Teatrında rumın yazıçı Sebastyanın "Adsız ulduz" tamaşasına quruluş verib. Sоnralar Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirib. Kinostudiyada film dublyajlarında iştirak edib. Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığından dərs deyib. Bədii qiraət ustası kimi klassik və çağdaş şairlərimizin poeziya nümunələrini minlərlə tamaşaçıya və dinləyiciyə çatdırıb. Həsən Əbluc rejissorluq kursunu da bitirib. Müxtəlif dövrlərdə bir neçə teatr və televiziya tamaşasının quruluşçu rejissoru olub. 13 mart 1994-cü ildə vəfat edib.

- Atanız Cənubi Azərbaycanda doğulub. Təbrizdə qohumlarınız varmı, atan onlarla gediş-gəliş edirdimi?

- Mən ata tərəfdən babamı görməmişəm, nənəmi görmüşəm. O da mən balaca olanda rəhmətə gedib. Təbrizdə bir əmim və onun  qızı, uzaq qohumlar da var. Atam onlara qonaq gedərdi. Hərdən əmim qızı da Bakıya gələrdi. Atam İranda, Təbrizdə olub. Tək də getmişdi, anamla da. Məşədə ziyarətə də getmişdilər. Məni də aparmaq istəyirdi, qismət olmadı. Bir əmim də Moskvada yaşayır. Biz yay tətillərində Moskvaya Sanatoriyaya gedəndə axşamlar onlara qonaq gedər, birlikdə gəzməyə çıxardıq.

- Rejissorsuz, sözlə atanızın obrazının necə yaradarsız?

- İdeal kişi, ideal ata, ideal həyat yoldaşı. Şikayətlənməyi, gileylənməyi sevməzdi. Mərd idi, yalan danışmazdı, kimisə aldatmazdı, kinli deyildi. Dəqiq və düz insan idi. Peşəsində isə dublyaj ustası-snayperi idi.

- Aktyor,  rejissor, qiraət ustası. Atan onlardan hansını daha üstün tuturdu?

- Onuncün hamısı əziz idi. Amma aktyor kimi ondan az istifadə etdilər. Onu çox filmə çəkə bilərdilər. Bir dəfə onun yubiley gecəsini keçirirdilər. Həmin tədbirdə atam zarafatla belə demişdi: “Mən rejissorlara deyirəm ki, məni çəkməyin, çəksəniz o filmə heç kəs baxmayacaq”. Əlbəttə, ironiya ilə deyib ki, yəni niyə çəkmirsiz? Rollar var ki, onun səviyyəsini o, öz səsi ilə qaldırıb. Bu yaxınlarda İctimai Televiziyada  əmim bir veriliş çəkmişdi. Vaqif Mustafayev dedi ki, “Yaramaz” filmində həmin obrazı Həsən Əbluc öz səsiylə yaratmışdı”. Bir var  onun əvəzinə danışırsan, bir var səslə o obrazı yaradırsan.

- Onun  tərcümə etdiyi  filmlər maraqla baxılırdı…

- Filmlər var ki, aktyor oyunu aşağı səviyyədədi. Amma gözəl səsləndirmə onu çox baxımlı edir...belə rolların səsləndirilməsini ona həvalə edərdilər.

- Sizi çəkilişlərə və ya məşqlərə aparırdı, yoxsa qız uşağısız, - deyə olmaz deyirdi?

- Tamaşalara da, məşqlərdə də aparırdı. Amma o vaxt uşaq idim, - deyə incəlikləri başa düşmürdüm. Aktyorlarla rejissorun mübahisəsinə əsəbləşirdim. Zaman keçdi, özüm teatrda işləyəndə başa düşdüm ki, hər rejissorun öz üslubu var. Məsələn, atamın həm dostu, həm də tələbəsi Hüseynağa Atakişiyev adamı çox sakit başa salır. Atamda isə həyəcan, emosianallıq vardı. Bəlkə də, bu emosiannallıq atamın ürəyini partlatdı. Digər tərəfdən, o,  elə  aktyorlar seçirdi ki… Bir var tanınmış aktyorlarla işləyəsən, bu, artıq 70 faiz üğürdu. Amma o axtarırdı, kimə ki, başqa rejissorlar rol vermirlər, ona baş rol verirdi. Yadımdadı, “Ezop” tamaşasını hazırlayanda rola elə bir aktyor seçmişdi ki, ona heç kəs fikir vermirdi. Gölgədə qalanı üzə çıxarmaq istəyirdi. Amma məşqdə aktyora əsəbləşəndə, uşaq olsam da görürdüm ki, “niyə belə danışır?” – deyə inciyirlər. Atam deyirdi işin xatirinə əsəbiləşirəm, amma işdən sonra onlarla dostam.

- Atanız oynadığı hansı obrazda özünə oxşayırdı, xaraktercə onu hansı rolda görürsən?

- “Qatarda” tele-tamaşasında. Bu televiziya tamaşasında,.demək olar ki, o, elə özü idi.

- Ailəsinə diqqətini nə ilə ifadə edərdi: sözlə, hədiyyə ilə, yoxsa bəxşişlə?

- Birincisi, mənə həyat bəxş edib. Ancaq mənim üçün ən sevimli hədiyyəsi gül idi. Hətta  qohumlara da deyərdi ki, hədiyyə lazım deyil, gül gətirsinlər. Anam da, mən də ad günlərimizdə tezdən yuxudan ayılanda  başımızın üstündə  gül dəstəsi görərdik. Bax, indi evimizdə bu qayğı, bu diqqət çatmır.

- Bir müsahibənizdə demisiz ki, atamdan sonra ad günümdə sevinmirəm...

- Vaxt keçdikcə hər şey adiləşir, sevdiyin insan yanında olmayanda bir çox şeylərin dəyəri olmur. Mən həmişə deyirəm, o sağ ikən onu ancaq bir ata kimi qəbul edirdim. Amma sonralar başa düşdüm ki, təkcə ata yox, həm də bir dost itirmişəm. Biz çox şeyləri bölüşürdük. İtirəndən sonra başa düşürəm ki, o kim imiş. O sərt, ciddi insan olsa da mənim istəklərimə heç vaxt birbaşa etiraz etməyib, deməyib ki, bu olmaz. Məsələn, məktəbdə toplantıya getmək istəyəndı, getmə deməzdi, deyərdi ki, məsləhət deyil, amma istəyirsən bir saatlıq get. Sözü elə deyirdi ki, getdiyim yerdən heç bir saat çəkməmiş qayıdıb gələrdim. Ya da özü dalımca gələrdi. Bizi konsertə aparardı, konsertin bitməsinə 10-15 dəqiqə qalmış o, artıq vestübüldə gəzişərdi, gözləyərdi. Yəni, mənə də, anama da nəzarəti vardı. Amma dost qayğıkeşliyi, diqqəti bu nəzarətdən daha çox idi.

- Ananızla münasibəti necə idi?

- Atam bilirsiz anama necə baxıb? Anam bilmirdi ki, çörək harda satılır və neçəyədi. Sənətkar idi, ola bilərdi ki, eqoist olsun. Amma o, sənəti ilə birlikdə ailənin yükünü də daşıyırdı. Amma ondan sonra anam o qədər əziyyət çəkdi ki... Atam ölməmişdən üç ay öncə elə bil ürəyinə dammışdı. Deyirdi mən olmasam, siz neyləyəcəksiz, heç nə bacarmırsız. Yəni anamı da, məni də ərköyün etmişdi. Demək olar ki, ailəsi üçün yaşayırdı. İşdən, həyatdan elə bil bir az küsmüşdü. Bir dəfə mənə dedi ki, elə indi gözümü yumub ölərəm, amma mən sizin üçün yaşayıram. Onun sözləri mənə pis təsir etdi. Fikirləşdim ki, görəsən niyə belə deyir?! Ondan sonra çox əziyyət çəkdik. Amma görünür güclüymüşük ki, hamısına dözdük. Dedilər anam işə getsin, dedim atamın vaxtında necə olubsa, elə də davam eləsin, mən işləyəcəm. Amma indi fikirləşirəm ki, gərək işləyəydi, başı qatışardı.

- Elə bir yaşantınız olubmu ki, “atamı incitmişəm, gərək belə etməyəydim” – deyəsiz?

- Atam hara gedirdisə, hamı onu tanıyırdı. Lap Moskvaya da gedirdik, yaxınlaşıb ondan avtoqraf alırdılar. Məndə bir az kompleks var idi, onunla çıxanda hamı tanıyırdı, utanırdım. Sevmirdim ki, bir məclisdə hamı mənə baxsın. Gedib bir küncdə oturardım ki, məni görməsinlər. Olurdu instituta, ya harasa gedəndə atam deyirdi ki, - “qızım, elə mən də çıxıram, gəl yolu birlikdə gedək”. Mən ləngiyirdim, deyirdim “papa sən get, mən bir az gec gedəcəm”. Ona görə yox ki,onunla getmək istəmirdim, əksinə çox istəyirdim. Amma məni tanıyırlar, utanıram deyə belə edirdim. Bax, buna görə çox peşmanam. Elə bil, Allah məni cəzalandırdı. Aparıcı oldum, efirə çıxdım, hamı məni tanıdı.

- Onunçün nə etmək istədiz, amma çatdıra bilmədiz?

- Sağ olsaydı, sənədli film çəkərdim.

- Bəs bədii filmdə hansı rola çəkərdiz?

- Ata roluna.

İsmət Ələkbərqızı







13 Mart, 2014  15:14 Baxılıb: 5691 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner