Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Hafiz Hacıyev: “Qoyun Hafiz” deməyəcəklər ki...” – YENİ LAYİHƏ

Simsar.az yeni layihə ilə görüşünüzə gəlir. “Tam səmimi” layihəsində müsahiblər bizimlə yanaşı, sizin də onlara ünvanladığınız suallara tam səmimi cavablar verəcək. İlk qonağımız Azərbaycanın siyasi platformasında kifayət qədər səs-küy yaradan, üç dəfə prezident, iki dəfə parlament seçkilərinə qatılıb, lakin heç birində seçilməyən, Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyevdir.

Qısa arayış: Hafiz Hacıyev 1956-cı ildə Ermənizstanın Basarkeçər rayonunun Zod kəndində anadan olub. 1973- cü ildə orta məktəbi bitirib. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Zoomühəndis fakültəsinə daxil olub. 1988-ci ildən biologiya elmləri namizədidir. 1982-1989-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində balıqçılıq şöbəsinin ixtioloqu və şöbə müdiri əvəzi, şöbə müdiri, Azərbaycan Dövlət Aqrar-Sənaye Komitəsində balıqçılıq idarəsinin rəisi, 1989-90-cı illərdə Respublika Embrionköçürmə Mərkəzinin direktoru, Respublika Süni Mayalanma Mərkəzinin direktoru vəzifələrində, 1991-1992-ci illərdə "Azərbalıq" İstehsalat Kommersiya Assosiasiyasının sədr müavini və sədri vəzifələrində, 1992-1993- cü illərdə Azərbaycan Respublikasının “Azərbalıq” Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri vəzifəsində çalışıb. Bir sözlə Hafiz müəllim ömrünün böyük hissəsini balıqlara həsr edib.
1993-cü ildən etibarən Hafiz müəllimin həyatının rəngarəng dövrü başlayıb. Belə ki o, 1993- cü ildə Surət Hüseynovun göstərişi ilə Cinayət Məclləsinin 167-ci maddəsinin 1-ci və 2-ci bəndləri ilə məhkum olunub. 1996-cı ildə isə Cinayət Məcəlləsinin 220-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. 1999-cu ildən “taxt-tac” uğrunda apardığı mübarizədə hələki qalib gəlməyib. Amma Hafiz müəllim növbəti prezident seçkilərində prezident olacağına çox ümidlidir.


Hafiz Hacıyevə telefonda məqsədi-məramımızı açıqladıq və onun “buyurun gəlin” sözündən dərhal sonra 3 qız – Günel Musa, Turanə İbrahimi və Nuranə – diktafonumuzu, fotoaparatımızı çantamıza qoyub, çantamızı da qolumuza vurub düzəldik yola.
Müasir Musavat Partiyasının ensiz və qısa dəhlizinin sonundakı qapıdan içəri keçdik. Amma hələ iki bağlı qapı bizi gözləyirdi. O qapıları da açıb içəri keçdik. Başımız Hafiz müəllimlə salamlaşmağa necə qarışdısa, “Bu qədər qapıya nə ehtiyac var, Hafiz müəllim?” – deyə soruşmaq yadımızdan çıxdı. Söhbətə lap uzaqlardan başladı. Gördük söhbətin sonu bizə ayrılan vaxtı ötüb keçəcək, Turanəyə göz elədim ki, başla:


Tofiq Gülməmmədov: Niyə sizə balıq ləqəbi qoyublar? Balıq sürüşkən olur, biz sizin heç sürüşkənliyinizi görmədik axı. Bu ləqəb sizi narahat etmir ki?
- Mən biologiya elmləri namizədiyəm. Balıqçılıq üzrə elmlər namizədiyəm, Leninqradda müdafiə etmişəm. Azərbaycanda balıqçılıq sahəsində çox işlər görmüşəm. İlk dəfə Azərbaycanda Balıqçılıq sahəsi üzrə nazir olmuşam. Əlbətdə mənə belə ləqəb qoymaları normaldır. Heç narahat olmuram, hətta buna sevinirəm ki, məni belə tanıyırlar. Qoy, “Balıq Hafiz” desinlər, “Qoyun Hafiz” deməyəcəklər ki... Hafiz Hacıyev başqa siyasətçilər kimi sürüşkən deyil. Mən bununla fəxr edirəm.

G. Musa: Hafiz müəllim yəqin ki, xəbəriniz var, yuxarısı Hafiz Hacıyev aşağısı balıq formasında olan karikaturanızı çəkiblər.
- Xəbərim var hamısından. Hətta mənə hazırladıqları bütün karikaturaları toplayıb yadigar saxlayıram. Birini də çərçivəyə salıb otağımın divarından asmışam (Əvvəl elə bildim zarafat edir. Amma ərinməyib, durub baxdım ki, həqiqətən də karikaturlarından birini çərçivəyə salıb divardan asıb.

Vüsal Məmmədov:
1. Seçkilərdən sonra nə ilə məşğulsuz?
- Bir sıra kompaniyalar keçiririk. Bizim partiyamız həm rayonlarda, həm də şəhərlərdə bir sıra işlər görür, görüşlər keçirir. Həm partiya, həm prezident, həm də bələdiyyə seçkilərində fəal iştirak edirik. Dinamik şəkildə inkişaf etmək üçün gərək həmişə fəaliyyət göstərəsən.
2. Evdə siyasətdən danışırsız?
- Çox az hallarda evdə siyasətdən danışıram. Yoldaşım müəllimədir. İki qızım, bir oğlum var. Qızlarım ailəlidir. Oğlum xaricdə yaşayır, öz işi ilə məşğuldur. Onlar məni siyasətdən danışmağa məcbur edirlər. Ancaq mən danışmıram, onlarda siyasətə maraq yaratmaq istəmirəm. Razı olmaram onlar mənim çəkdiyim əziyyətlərdən xəbərdar olsunlar.
3. Başqa planetlərdə həyatın olduğuna inanırsız?
- Son vaxtlar kosmik fəzada aparılan tətqiqatlar, belə bir ideyalar irəli sürür ki, başqa planetlərdə də həyat var. Orta məktəbdə çox yaxşı oxumuşam, təbiət elmlərinə də marağım olub. Mən də buna inanıram ki, bizi Yaradan qüvvə, bizdən başqa məxluqlar da yaradıb.

Emin Səfərov: Azərbaycanda Hafiz Hacıyevi 7-dən 77-yə hər kəs tanıyır. Ancaq 2013-cü ildə prezident seçkilərində cəmi 0,66 faiz səs yığa bildiz. Sizcə bu nədən irəli gəlir: vətəndaşların seçkiyə laqeyd yanaşmasından, yoxsa seçkinin demokratik şəffaf qaydada keçirilməməsindən?
- Hafiz Hacıyev apardığı siyasət nəticəsində 7-dən 77-yə hər kəs tərəfindən tanındı. Çox səs toplamışdım, əgər yığdığım səslər öz adıma yazılsaydı, səsim daha çox olardı. Ancaq fərqi yoxdur: ya mən seçildim, ya da qardaşım. Mənim üçün eyni şeydir. Qardaşımdan sonra İnşallah prezident mən olacam. Buna da heç kimin şübhə olmasın.

Aqşin İbrahimi: Prezident seçkiləri prosesində ancaq Əli Kərimli və Cəmil Həsənliyə ittihamlar səsləndirdiz. Bunun yerinə niyə öz platformanızı müdafiə etmirdiz?
- Həmişə buna görə, qınaq obyekti olmuşam. Ancaq mən heç vaxt razı olmaram ki, yalançı, şou göstərən siyasətçi hakimiyyət başına gəlsin. Daha çox opponentim Cəmil Həsənlini tənqid elədim. Mənə ən çox təsir edən onun qızının erməniyə ərə getməsi olub. Onun yeznəsi erməni soyadını ingilis soyadı ilə əvəz edən bir ermənidir. Bunu bildiyim halda, necə rəva bilərəm ki, onun erməni qohumları, təzədən hakimiyyətə gəlsin. Mən buna görə pisəm.

T. İbrahimi: Hamı sizi qəddar insan kimi tanıyır, doğrudan beləsiz?
- Ola bilər ki, elə tanısınlar, ancaq qətiyyən elə deyiləm. “Sizə qan uddurajam” sözünə görə, belə fikir yaranıb. Ancaq bu söz Azərbaycan dilində var. Gedib bir keçmiş sözlərə baxsınlar. Mən özüm filologiyanı çox gözəl bilirəm. Biz keçmişimizi unuduruq. “Qan uddurajam”, “Durub cırırsan” kimi ifadələr dilimizdə var. Hətta mən deyərdim ki, bu sözlər dərsliklərə salınmalıdır. Bunlar bizim arxaik sözlərimizdir. Bunları efirdə də işlətmişəm, burda heç bir heç bir qəbahət yoxdur. Söyüş söymürəm ki, xalq dilində danışıram da. Məsələn, Əli kişi kənddə oturub, bizə qulaq asır. Biz də ancaq ədəbi dildə, terminlərlə danışsaq, o bizi necə başa düşəcək?! Biz xalqa yaxın olmalıyıq, onların anlayacağı dildə danışmalıyıq. Bu gün niyə hamı Hafiz Hacıyevi sevir, bax, buna görə.

Günel Musa: Doğrudan, inanırsınız ki, hamı Hafiz Hacıyevi sevir?
- Xeyr. Hafiz Hacıyev dollar deyil ki, hamı onu eyni dərəcədə sevsin. Qızıl qızıldı, onu da xanımların hərəsi bir cür sevir. Hamı eyni növ qızılı sevmir. Hafiz Hacıyevi sevən, sui-qəsd eləmək istəyən insanlar da var.

G. Musa: Əli Kərim haqqında işlətdiyiniz ifadə böyük səs-küyə səbəb oldu. Bu ifadənin efirdə işlədilməsi etikadan kənar deyildimi?
- Bu siyasətdir. Syasətdə çalışıb hər şeydən istifadə etməlisən ki, rəqibini zərərsizləşdirəsən. Mən bütün variantlardan istifadə edirəm ki, qarşımda olan rəqibi neytrallaşdırım. Xalqın, millətin gözündən salım. Sandıq başına gedən seçici də, onu tanısın, ona səs verməsin.

Mirvari Nəcəf: Qarşıdan parlament seçkiləri gəlir. Namizədliyinizi verməyi düşünürsüz?
- Əlbəttdə. Bizim partiyamız bütün rayon, şəhər təşkilatları artıq kampaniyaya başlayıb. Keçən dəfə parlament seçkilərində partiyamızdan 32 nəfər namizədliyini verdi, 7 nəfər seçildi... Bu dəfə də, partiyamız 60-70 nəfərlə parlament seçkilərində iştirak edəcək. Özüm iki dəfə parlament seçkilərində namizədliyimi irəli sürmüşəm, amma seçilməmişəm. İndi neyləyək, mən seçilmədim, bu da yəqin bizim partiyamızın nöqsanlarıdır.

Sevinc İltifatqızı: Maşınınızın krediti qutarmayıb?
- Xeyr, hələ 4 ayı qalıb. Hər ay 650 manat ödəyirəm. Maşınım elə də bahalı maşın deyil. “Hunday Sonata”dı, qiyməti də baha deyil, cəmisi 19500 manatdır... Hər Azərbaycan vətəndaşının onu almağa gücü çatar.

Mehman Muradlı: Hafiz bəy hansı klassiklərin əsərlərini dinləyir?
- Azərbaycanın milli musiqisinə çox böyük hörmətim var. Xan Şuşuniskiyə çox qulaq asıram. Ona qulaq asanda çox uzaqlara – Şuşaya, Laçına gedirəm. Dünya musiqisindən vaxtım olanda Bethovenə qulaq asıram. Ancaq mənim əsas musiqi zövqüm aşıq musiqisidir.

Elmar Hüseynov: Hafiz Hacıyev balina, insanlar isə balıq olsaydı, birinci kimi yeyərdi?
- Hamı mənim xoşuma gəlmədiyi kimi, mən də hamının xoşuna gələ bilmərəm. Ancaq balina olsaydım, birinci, Azərbaycana düşmən kəsilən insanları yeyərdim. Prezident olmaq istəyən, erməniyə qız verən şəxslərin qanını da içərdim. Məhv eliyərdim onu.

Taleh Cəfərov: Özünüzü məşhur sima hesab edirsiz?
- Azərbaycanda 3 dəfə prezident olmaq istəyən şəxs, tanınmış simadır. Hafiz Hacıyev kol dibində böyüməyib ki, gözünü açandan böyük vəzifələrdə işləyən, BMT-də çıxış eləyən Hafizdir. Mənim müsahibəmi 17000, başqalarının müsahibəsini 100 nəfər oxuyursa deməli mən məşhur simayam.

Simarə Tağıyev: Çox aqressiv insansız. Gəncliyinizdə də belə olmusuz, yoxsa siyasət sizi bu hala salıb?
- Gəncliyimdə çox sakit olmuşam, bunu dostlarım da təsdiq edə bilər. Məni cəmiyyət, cəmiyyətdəki qurdlar aqressiv edib... Bu siyasətdəki erməni ilə qohum olanlar məni dəli edir. Gəlsinlər məni döysünlər, söysünlər, ancaq xalqıma qarşı bunu eləməsinlər.

Güllü Məmmədova: “Bu şəhərdə”nin oğlanları sizi parodiya etmişdilər. Bu sizi qıcıqlandırdı?
- Əksinə, mən onlara minnətdarlığı bildirirəm. Coşqunla Rəfaelin yaradıcılığına böyük hörmətim var. Məni orda Jrinoviski ilə eyniləşdiriblər. Ancaq mən Jrinoviski deyiləm, Azərbaycan xalqını ermənilərdən təmizləmək istəyən, millətimi sevən insanam.

Tural Qurbanov: Hafiz Haciyev prezident seçkilərinə qatılanda prezident olacağına ciddi-ciddi inanmışdımı?
- Əgər prezidentliyə namizədliyimi vermişəmsə, təbii ki, inanaraq vermişəm. Bir ailədən iki nəfər prezident olmaz ki. Hafiz Hacıyev olmadı, qardaşı İlham Əliyev oldu.

Aysel Səfərova: Qadınlara münasibətiniz də siyasətə münasibətiniz kimidir?
- Qadınlara böyük hörmətim var. Azərbaycan qadınları dünyanın ən gözəl xanımlarıdır, başımızın tacıdır. Xanımlarımızın hamısına qurban olum.

G. Musa: Hafiz müəllim, siyasətdən uzaqlaşıb sakit həyat tərzi keçirməyin zamanı gəldiyini düşünmürsüz?
- Hələ siyasi meydanda öz istədiyimə nail ola bilməmişəm. Ona görə, düşünmürəm. İddiam bir dəfə prezident seçilib, 5 il hakimiyyətdə qalmaqdır. Ondan sonra pensiyaya çıxıb, ucqar dağ rayonunda yaşayacam.

T.İbrahimi: Səmimi cavablarınız üçün sizə təşəkkür edirik.

P.S: Qapıdan çıxarkən köməkçisinə bərk-bərk tapşırdı ki, 8 Martda bu xanımların hərəsinə bir buket gül yollayarsan. Bu gün martın 11- dir və biz hələ də gül gözləyirik.

İdeya müəllifi: Günel Musa
Muxbir: Turanə İbrahimi

Foto: Nurana Novruz






11 Mart, 2014  14:58 Baxılıb: 8172 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner