Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Xədicə Sənanqızı: “Gözümün yaşını silib efirə çıxmışam” – MÜSAHİBƏ - FOTOLAR

Simsar.az-ın “Teleaparıcı” layihəsinin bu dəfəki qonağı sevilən aparıcı Xədicə Sənanqızıdır.

- Uzun illərdir efirdəsiz. Xədicə xanımın efir macərası necə başladı?
- Mənim ekrana gəlişim ANS televiziyasından başlayıb. Bu tarix hardasa 1996-cı ilin sonlarına təsadüf edir. O vaxtlar ANS yeganə özəl kanal idi və efirə çox böyük bir axın vardı. Əslində mən ANS ÇM-in daimi izləyicisi idim və mütəmadi olaraq orda keçirilən müsabiqələrin qalibi olurdum. ANS-ə tez-tez gedirdim. Bir gün mənə iş təklif olundu. O vaxt televiziyada çalışan qadınlara yaxşı baxmırdılar, eləcə də bizim ailədə. Hətta bir məqamı deyim ki, mən efirə təzə çıxdığım vaxtlar qonşularımız qızlarını mənimlə danışmağa qoymurdular. Təklifin üstündən hardasa iki il keçəndən sonra təsadüfən televiziyada aparıcı müsabiqəsi keçirildiyi elanını eşitdim. Əslində televizyada aparıcı olmaq haqqında düşünümürdüm. Musiqiyə böyük həvəsim olduğu üçün düşündüm ki, bu, radioda işə düzəlməyim üçün bir şansdır.
- Deyilənə görə ANS-in iş qrafiki olduqca ağırdır. Sizin üçün ANS-də işləmək çətin deyildi ki?
- Mən həmişə ANS-ə iş yeri kimi yox, bir ailə kimi baxmışam. Orda işləsəm də, işləməsəm də həmişə özümü o ailənin bir üzvü kimi hiss etmişəm. ANS çox böyük bir məktəbdir. Mən Mirşahin kimi bir jurnalisitin tələbəsi olmuşam və bununla da fəxr edirəm. ANS-də işləmək cəldlik tələb edir. Gərək universal olasan. Məsələn, mən başqa kanallarda gördüm ki, biri tədbiri çəkir onu ötürür manatjora, biri mətni yazır, biri də xəbəri çatdırır. Amma ANS-də belə deyildi. Elə vaxtlar olub ki, mən çəkilişdən gələndə tədbirin mətnini yolda yazmışam. Bəlkə, buna görə deyirlər ki, orda işləmək çətindir.
- Bu yaxınlarda Türkiyə kanallarının birində maraqlı bir hadisə baş verdi. Aparıcı efirdə xəbəri ağlaya-ağalaya çatdırdı. Səbəb isə efirdən əvvəl rəhbərliyin onu danlaması olmuşdu. Sizdə belə hallar olubmu?
- ANS-də işlədiyim vaxtlarda redaktorların bizi tənqid etdiyi vaxtlar olub. Mən həddindən artıq həssas insanam. Hətta Mirşahin məni adımla çağırmırdı, Məryəm deyirdi. Hamıya tapşırırdı ki, bu qıza diqqətlə yanaşın bu qız ev uşağıdır (gülür). Elə vaxt olub ki, qəlbimə dəyən söz deyiblər, gedib bir otaqda doyunca ağlamışam, ancaq sonra gözümün yaşını silib efirə çıxmışam və tamaşaçı bu üzüntünü hiss etməyib. Amma yaxşı ki, elə olub. O tənqidlər olmasaydı, bu gün belə inkişaf edə bilməzdim.
- Ekran hər kəsi asan qəbul etmir. Tamaşaçı məni qəbul etməz, - deyə düşündüzmü?
- İnanırsız, o haqqda heç vaxt düşünməmişəm. Sovet dövründə təcrübəsi olmayan adamları efirə buraxmırıdılar. Ancaq mənim televiziyaya gəldiyim vaxtlarda işə yanaşmaq başqa cür idi. ANS-ə gənclər toplanmışdı və biz gənclərə özümüzü göstərmək üçün şans yaradırdılar. Az da olsa istedadı olan gənclərin üzərində çalışırdılar. Mən işlədiyim dövrdə ANS-də “İç xəbər”, “Xəbərçi” kimi informatik verilişlər yox idi. Bizim yaşadığımız evin arxa tərəfində böyük bir gölməçə vardı və bu insanları narahat edirdi. Mən o yerdən reportaj hazırladım və mətinini də özüm yazdım. Hətta o vaxt mənə güldülər ki, sən əməlli-başlı dastan yazmısan, gedib AzTV-də işləyə bilərsən. Çox qəribədir ki, məktəb illərində mən inşa yazmağı sevmirdim. Amma televiziyada mənə elə bir bir təb gəldi ki, başladım efirdə mövzu ətrafında danışmağa.
- Xeyli vaxtdır efirdəsiz, amma hələ də ilk dəfə efirə çıxmış aparıcı təsiri bağışlayırsız. Bu nədən irəli gəlir?
- Düz müşahidə etmisiz. Artıq 16-17 ildir ki, efirdəyəm, buna baxmayaraq mən hələ də efirdə utanıram. Bilmirəm niyə beləyəm?! Əslində kameradan qətiyyən çəkinmirəm. Qəribədir ki, fotoaparatdan çox çəkinirəm. Fotoaparat fobiyam imkan vermir ki, fotossesiya etdirim (gülür). Düçünürəm ki, o pozaları verməyi bacarmaq fitri istedad tələb edir.
- Neçə illərdir sizi eyni imicdə görürük. Maraqlıdır saçlarınız uzanmır, yoxsa dəyişikliyi sevmirsiz?
- Saçlarım uzanır, sadəcə olaraq saçım keyfiyyətli deyil. Seyrəkdir, nazikdir. Canlı, dolğun saçlarım olsa məmnuniyyətlə uzadaram. Ancaq düşünürəm ki, bu materialdakı saçı süpürgə kimi uzatmağın mənası yoxdur.
- İndi hər şeyin çarəsi var...
- Qaynaq sevmirəm. Bir neçə il bundan əvvəl təcrübədən keçirtdim və özümü çox narahat hiss etdim. Özümə söz verdim ki, bir də heç vaxt bu üsula əl atmayacam. Rəng dəyişiminə gəlincə, “Sən bir nəğməsən” verilişini apardığım vaxtlarda tez-tez imicimi dəyişirdilər. Bir ara saçlarımı uzatdım kare formaya saldırdım. Hətta ara-sıra başıma süni saç taxdılar. Bu mənə xoş gəlmirdi, özümü müğənnilərə bənzədirdim (gülür).
- Adətən şöhrətlə birlikdə əksər insanlarda eqo yüksəlişi də olur. Heç eqoist olduğunuzu deyən olubmu?
- Son vaxtlar çox adam deyir ki, sənə baxanda adamda belə bir fikir yaranır ki, özündən çox razısan. Amma onu deyim ki, belə düşünmələri məni narahat etmir, əksinə xoşuma gəlir. Bir də görürsən küçədə səni ilk dəfə görən bir kişi xeylağı xoş söz deyəndə sənə “sən” deyə müraciət edir. Bu məni qıcıqlandırır, belə şeyi sevmirəm.
- Özünüz haqqında ən çox eşitdiyiniz tənqid nədir?
- Üzümə heç nə deyən olmayıb. Heç kənardan da qulağıma özümlə, işimlə bağlı tənqid dəyməyib. İşdə olub ki, redaksiya heyəti toplanıb hərənin ayrı-ayrılıqda səhvləri üzlərinə deyilib.
- Bir müddət Türkiyədə televiziya sahəsində çalışdız. Ordakı televiziya mühiti ilə bizim televiziya mühiti arasında fərq çoxdurmu?
- Çoxdur. Orda aparıcıya münasibət başqadır. Onlar biləndə ki, montajı da, verilişin mətnini, hətta makiyajımı da özüm hazırlayıb efirə çıxa bilərəm, bu onları çox təəccübləndirmişdi. Çünki orda aparıcı sırf aparıcılıqla məşğuldur. Qətiyyən efirqabağı aparıcının qanını qaraltmaq olmaz bir qüsuru varsa da, onu efirdən sonra, qəlbə toxunmadan deyirlər.
- Necə düşünürsüz aparıcının vizual görüntüsü önəmlidir, yoxsa işinin peşəkar olması?
- Ola bilsin ki, tendensiya dəyişib. Bu bir həqiqədir ki, bu gün efir gözəlliyi sevir. Ancaq gözəlliklə bərabər, aparıcı həm də savalı, qabiliyyətli, məlumatlı olmalıdır. Mükəmməl şəkildə olmasa da, apardığı verilişin mövzusu haqqında bilgisi hökmən olmalıdır. Hətta bu gün yazılı mətbuatda da savadsızlıq, informasiya qıtlığı var. Neçə dəfə olub, məndən müsahibə almağa gəliblər, görmüşəm ki, muxbirin müsahibi haqqında heç məlumatı yoxdur.
- Bir aparıcı kimi televiziyamızın, aparıcılarımızın bu günkü durumu sizi qane edirmi?
- Açığı mən yerli kanalları izləmirəm. İnanın ki, heç öz verilişimə də baxmıram. Çünki mənim verilişim canlı yayımlanır. Xarici kanallarda aparıcılar o qədər sadədirlər ki, adam o verilişlərdən sonra bizim kanallara baxmaq istəmir. Baxırsan ki, aparıcı günorta verilişi aparır, amma özünü elə hala salıb ki, adama elə gəlir, toya gedir. Onsuz da, gözəlsən. İfrat şəkildə bəzənməyə nə gərək var?! Son zamanlar yerli kanallara baxanda çox üzülürəm. Bu gün efirlərdə “Ümid var”, “Adam içində” kimi insanları qara fikirlərə yönəldən verilişlər hazırlanır. Problemlər, cinayətlər və s. Məsələn, anam bütün günü bu verilişlərə baxır və görürəm ki, çox stress keçirir, təzyiqi yüksəlir. Hadisələri içində daşıyır. Mən ona necə qadağa qoya bilərəm ki, bu verilişlərə baxma. Bir dəfə oturub izlədim, davam edə bilmədim, ürəyim ağrıdı. Düşünürəm ki, bu gün hamının kifayət qədər problemi var və bu səpkidə verilişlərlə insanları yükləmək düzgün deyil...
- Xanımlar yaşlarını açıqlamaqda cəsarətli olmurlar. Sizdə necə, yaş kompleksi varmı?
- Yavaş-yavaş artır. Əslində hər bir yaşın öz gözəlliyi var və hər bir yaş dövrünü yaşayıb o gözəlliyi hiss etmək xoşbəxtlikdir. Amma qocalmaqdan qorxuram. Yaşımı bilmək istəyirsizsə, 36 yaşındayam, amma bioloji olaraq özümü o yaşda hiss etmirəm. Daha gənc-hardasa 22-23 yaşında hiss edirəm.
- Sizi izləyəndə adama elə gəlir ki, heç vaxt əsəbləşmirsiz...
- Dəhşətli dərəcədə olmasa da, tez-tez əsəb keçirirəm. Mənim həyatım başdan-ayağa əsəbdir. Sükan arxasında olanda çox əsəb keçirirəm. Bunun günahının bir hissəsi də məndədir, çünki yolları çox pis tanıyıram. İşdə də olur, işə can yandırırsan, amma nəticə istədiyin kimi olmayanda adam əsəbiləşir. Tamaşaçı ekranda ancaq səni görsə də, ekran araxsında bir heyət var. Hərəsi öz işinə vaxtında, məsuliyyətlə yanaşanda, ürək qoyanda bu nəticəyə müsbət təsir göstərir. Ancaq buna görə heç kimi qınamaq olmur. Bu gün məvaciblər o qədər azdır ki, o adamların öz işini görməyə həvəsləri olmur.
- Ağır bir xəstəlik keçirtdiz. O dövrdə təsəlliniz nə idi?
- Heç bir təsəllim yox idi. Allah məni yaşımın çox erkən vaxtında ağır sınağa çəkdi. Deyirlər ki, Allah insanı hansısa günahlara görə cəzalandırır. Allaha inamım böyükdür, amma mən belə şeylərə inanmıram. Pozitivəm, düşünürəm ki, Allah mənə bu xəstəliyi sınaq kimi göndərmişdi. Hər bir insan sınaqdan keçir. Elə bilirəm çox böyük bir sınaqdan keçdim. Heç vaxt unutmaram. Canımla əlləşdiyim vaxtda yan palatada yatan xəstələrin qohumları deyirdilər ki, bəxtəvərə bax gör nə qədər istəyəni var. Təsəvvür edin, xəstə yatağında belə adama bəxtəvərlik verirdilər. Çarəsiz olduğum anda tək özümü düşünmürdüm. Məni xüsusi palataya çıxartsalar da, hər gün xəstəxanadakı xəstələrlə maraqlanırdım, narahat olurdum. Ölüm hadisəsi olanda, çox həyəcan keçirirdim. Bir qadın var idi, adını da bimirdim. Biz eyni diaqnozla gəlmişdik xəstəxanaya. O, hamilə idi. Bir gün eşitdim ki, dünyasını dəyişib. Depressiyaya düşmüşdüm. Bu xəstəliyə qalib gəlməyim bir möcüzə idi.
- Gözəl xanımların gündəmdə qalmağı çətindir, yoxsa ailə qurmağı?
- Özümü heç vaxt gözəl qadın hesab etməmişəm. Deyə bilmərəm ki, mən gözələm. İndi kosmetikaların köməyi, vizajistlərin peşəkarlığı sayəsində qəşəng görsənirik. Evdə özümü makiyajsız görəndə deyirəm ki, nə yaxşı belə vasitələr var, hansısa cizgilərimizi ortaya çıxarmaq şansımız yaranır(gülür).
- Deyəsən, “yox” sözünü deməkdə çətinlik çəkirsiz...
- İndi yavaş-yavaş alışıram. Heç vaxt, heç kimin qəlbini qırmaq istəmirəm. Düşünürəm ki, hər insanın qarşısında bir çəpər olsa, onda heç kim, heç kimi incitməz. Səhvim olanda kiçik uşaqdan da üzr istəyə biləcək insanam. Bunu heç vaxt qürur məsələsi etmərəm, niyə mən uşaqdan üzr istəməliyəm.
- Bu gün Azərbaycan qadının ən böyük problemi nədir?
- Ailə. Bu gün əksər xanımlarımız heç ailə qurmayıb, bu, bir problemdir. Valideynlərin təsiri ilə ailə qurub sonradan normal şəkildə davam etdirə bilməmək bir problemdir. Ailədə sonsuzluq varsa, bu, çox böyük problemdir. Çoxuşaqlı olub imkansızlıq üzündən övladlarına savad verə bilməmək bir problemdir. Əslində problemlərimiz çoxdur. Amma ən böyük problemimiz təhsildir. Oğlan oxumaya da bilər, amma qıza mütləq savad vermək lazımdır.
- Bu gün cəmiyyətdə daha çox sizi nələr narahat edir?
- Bizim millətin canında özümüzə qarşı bir paxıllıq hissi var. Bu, məni narahat edir. Bir-birimizin uğuruna sevinməkdənsə, onun gördüyü işin dəyərini aşağı salırıq. Bizim camaatın beynində ancaq qara fikirlər dolaşır. Mən oğlan dostumla, iş yoldaşımla rahat kinoya gedə bilmərəm. Mütləq orda bir məkrli fikir yürüdəcəklər, deyəcəklər ki, sevgilisidir. Ötən dəfə bir verilişə baxdım, çox əsəb keçirtdim. Mövzu nikahdan kənar dünyaya övlad gətirmək idi. Əgər bu qadının yaşı 45-i keçibsə və bəxti gətirib ailə qura bilməyibsə, onun ana olmaq ixtiyarını əlindən almaq olmaz. Bilirsiz ki, qadınların da müəyyən bir yaşa qədər övlad sahibi olmaq şansları olur. Bunu qəti şəkildə qınaq obyektinə çevirmək, o qadını əxlaqsız adlandırmaq olmaz.
-Mütailə ilə aranız necədir?
- Çoxdandır kitab oxumurdum. Amma son vaxtlar hiss edirəm ki, məndə kitab oxumaq aclığı yaranıb. Nigar Köçərlinin məsləhəti ilə Xalid Hüseynin sonuncu kitabını almışam, hazırda onu oxuyuram. Deməzdim ki, mütailə etməyim uşaqlıqdan gəlir. Uşaqlıqda həmişə kitabları anam oxuyardı mən dinləyərdim, belə vərdiş etmişdim. Moskvada yaşadığım dövrlərdə mərkəzi küçələrin birində çox böyük kitab mağazası vardı. Ora girəndə 2-3 kitabla çıxırdım. Orda elə bir mühit var ki, istər-istəməz oxuyursan. Meqapolisdir, bir stansiyadan, o biri stansiyaya hardasa yarım saatlıq yol var. Düşünürsən ki, boş oturumaqdansa, kitab oxumaq yaxşıdır.
- Nəyə qarşı çox həssasız?
- Uşaq mənim həssas yerimdir. Uşaq evindən uşaq götürmək çox çətindir. Düşünürəm ki, bizdə bu strukturlar düzgün qurulmayıb. İsraildə uşaq evi yoxdur, çünki uşaqları ailələrə paylayırlar. Rusiyada bir veriliş var, o veriliş vasitəsiylə övladı olmayan ailələrə uşaq tapmaqda kömək edirlər. Mən çox araşdırdım və başa düşdüm ki, həyatımın uzun illərini oturub ona sərf edə bilmərəm. Ailələr uzun illər növbəyə dayanırlar. Mənim kimi xanımlar çoxdur. Bu o demək deyil ki, mənim övladım olmur, - deyə bu arzudayam. Hələ uşaqlıqdan bu fikirdə olmuşam ki, mənim böyük bir ailəm olacaq. Uşaqları çox sevirəm...
- İşinizin peşəkarısız. Bəs mətbəxtdə necə peşəkarlıq varmı?
- Yemək bişirməyi çox sevirəm. Həm yeməyi, həm hazırlamağı sevirəm. Əlimin duzu var. Amma yalan deyərəm ki, xəmir xörəkləri, şirniyyatlar bişirə bilirəm...
- Bundan sonrakı hədəfiniz nədir?
- Demək olar ki, televiziya sahəsində bütün hədəflərimə çatmışam. Bundan sonrakı hədəfim düzgün insanla, düzgün vaxtda və düzgün şəraitdə ailə həyatı qurmaqdır. Başqa bir hədəfim yoxdur.

Günel Musa

Foto: Nurana Novruz

 







11 Mart, 2014  13:30 Baxılıb: 6718 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner