Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Aydın Mirzəzadə: “O səsi ən gözəl musiqilərdən biri sayıram” – MÜSAHİBƏ

Simsar.az-ın “Cırtdan” rubrikasının bu dəfəki qonağı millət vəkili Aydın Mirzəzadədir. Həmişə olduğu kimi, bu dəfə də  azyaşlı müxbirimiz Hüseyn Hüseynov Aydın Mirzəzadəni sual yağışına məruz qoyub. Müsahibəni təqdim edirik:

- Depudat olmaq çətindi?

-Deputatlıq iş deyil, məsuliyyətdi. Sənə etimad göstərmiş insanlar qarşısında çox ciddi məsuliyyətdi və bu işdə çalışmaq üçün həyatda böyük təcrübə lazımdı. Sən bilməlisən ki, gələn insanların problemlərini nə cür həll edəcəksən, gələcəkdə onların həyatının yaxşı olması üçün əvvəldən hansı addımları atmalısan. Yəni, əgər  həyat təcrübən varsa, doğrudan da, o insanlara kömək etmək istəyirsənsə onda elə bir çətinlik olur. Bu bir taledi, onu yaşamalısan.

- Uşaqlıqda dəcəl olmusuz?

- Yox mən sakit və çox oxuyan uşaq olmuşam. Böyüklərin sözünə baxmışam, həyətdə ata-anama kömək etmişəm, dükana bir şey almağa  göndərəndə gedib alıb gətirmişəm.

- Hansı idman növünü sevirsiz?

- Etiraf edim ki, həmişə idmandan zəif olmuşam. Orta məktəbdə idmanda həmişə  geridə qalırdım. Qaçmaqda zəif olmuşam, amma xaraktercə çox inadkaram. Məsələn, doqquzuncu sinifdən sonra hər bir nəfər altı kilometr qaçış üzrə normativ verməli idi. Mən bilirdim ki, hamıdan pis qaçıram. Amma həmin altı kilometri sinfimizdən yalnız 4-5 nəfər qaça bildi, onlardan biri mən oldum. Normativi yerinə yetirmədim, amma axıra kimi qaçdım. İdmana baxmağı xoşlayıram. Səhərlər mütləq idman edirəm: əl-qol hərəkətləri və s. Hesab edirəm ki, insan hərəkətdə olmalıdır. Bu baxımdan idmançı kimi pis idmançıyam, amma sağlam həyat tərzinə bağlı adamam. Heç vaxt siqaret çəkməmişəm, içki içməmişəm. Sağlamlığımı qoruyuram, soyuqda qalın geyinirəm, istidə bir az sərinlənməyə çalışıram. Bir sözlə hesab edirəm ki, sağlam olmağım məndən çox mənim ailəm, dostlarım, ətrafdakı insanlar üçün lazımdır.

- Bəs uşaqlıqda ən çox hansı idman növü ilə məşğul olurdunuz?

Uşaqlıqda futbola gedirdim. Pis oynamırdım, məni həmişə qapıçı qoyurdular. Bir top buraxanda ikisini tuturdum. Ondan sonra sağlamlıq üçün üzgüçülüklə məşğul olmuşam. Pis üzmürəm. Altıncı sinifdə oxuyurdum, bir Erməni ilə mübahisə etdik. Dincəlmədən Kürün bir tərəfindən o biri tərəfinə keçdik və qayıtdıq. Sonra  şahmatı çox  xoşlayırdım. Evdə mənim gözəl şahmat dəstim var. Fiqurları çox gözəldir. “Şaşki”ni pis bilmirəm, müəyyən qədər oynaya bilirəm.

- Mənim babam da oynaya bilir...

- Mən sənin babanı udardım (gülür). İnternetdə proqramla oynayıram. Orada köməklik yoxdu. Çox sərt oynayırlar, hücum xarakterlidi. Bir balaca səhv edən kimi adamı udurlar. Sizə deyim ki, çox vaxt həmin proqramı uduram.  Görünür ya proqram zəifdi, ya mən güclüyəm.

- Hansı fiqurlarla oynayırsınız? Daha doğrusu, sevdiyiniz rəng hansıdır?

- Hansı düşdü... Təbiətdə nə rəng varsa hamısını xoşlayıram. Hər rəngin öz gözəlliyi var. Saf qaranın özünün də bir gözəlliyi var. Bütün rənglərə münasibətim normaldır.

- Bəs rəqəmlər necə, sizin üçün özəl bir rəqəm var?

- Əslində rəqəmlərin hamısı yaxşıdır. Sıfırdan yüzə qədər hamısı yaxşıdır. Amma bir şeyi etiraf edim mənim beynimdə rəqəmlər xüsusi bir sistemlə qurulub. Bu sistemdə hər rəqəmin öz yeri var. Onların düşüncəmdəki yerinin şəklini çəksəm, mürəkkəb bir sistem alınar. Bütün rəqəmləri sevirəm.

- Bəs yazdığız beş kitabdan hansını daha çox sevirsiz?

- Hamsı mənim üçün əziz, hamısı  övladım kimidir. Necə ki, mən övladlarımın dünyaya gəlməsini səbirsizliklə gözləmişəm, sevinmişəm inan ki, hər kitabımın da çıxmasına elə sevinmişəm. Tezliklə altıncı kitabım –  “Müdriklik dərslərim” çap olunacaq. Bu beş kitab siyasətlə bağlıdı. Amma altıncı kitab müdrikliklə bağlıdı. Bu kitabda 200 kiçik hekayə var. Onun bir qismi başıma gələn hekayələrdi, bir qismini isə kitablardan götürmüşəm. Hesab etmişəm ki, insanlar ciddi kitablarla yanaşı, düşündürən kitablar da oxunmalıdır. Bir alim qoca adam insanların içərisinə gəlir. Başlayırlar buna sual verməyə. Biri deyir ki, həyatın mənası nədir? O biri deyir, xoşbəxt olmaq üçün nə etmək lazımdı? Üçüncü deyir ki, həyatından razısanmı? Bu heç birinə cavab vermir. Birdən bir nəfər gəlir ki, qoca filan küçəyə nəcə gedə bilərəm? Qoca deyir bu cürə gedirsən, filan yerə dönürsən, filan yerdən ehtiyatlı ol, gedib küçəyə çatacaqsan. Deyirlər, ey müdrik qoca, sən niyə heç kəsin sualına cavab vermədin, onun sualına cavab verdin. Deyir ona görə ki, o, konkret bilir nə istəyir. Sizin hamınız mücərrəd danışırsınız xoşbəxtlik nədir, fəlsəfə nədir. O, istəyir ki, getmək istədiyi yerə çatsın. Ona görə, ona kömək etdim. Kitabda belə hadisələr yer alır.

- Danışdıqlarınızdan belə anladım ki, həyatı çox sevirsiniz?

- Çox sevirəm. Həyat hər birimizə verilən bir dəyərdi,  qiymətli sərvətdir. Həyatı qiymətləndirmək lazımdı. Hər gününü, hər anını sevmək lazımdır, hər yaşı sevmək lazımdır. Məsələn, mən kimsə deyəndə ki, “mən filan yaşda olsaydım”ı xoşlamıram.  Məgər bu yaşın özü pisdirmi? Mənim 57 yaşım var. 57 yaş pisdirmi? Gələn il 58 olacaq, 58-i də sevəcəm. Həmçinin hər bir günü sevmək lazımdır. Səhər tezdən yuxudan durdun, sevinmək lazımdır ki, sən sağsan. Günəşi görürsən, atanı, ananı görəcəksən, qardaş, bacınla oynayacaqsan, küçəyə çıxacaq, televizora baxacaqsan. Sevinmək lazımdır ki, kimsə səni axtarır, sən kimisə axtaracaqsan, yəni yaşamağın özündən həzz alacaqsan. Sevinmək lazimdir ki, kimsə səni axtarir. Hesab edirəm ki, xoşbəxtlik budur.

- Onda bir az da sevdiklərinizdən danışaq: sevdiyiniz musiqi hansıdır?

- Azərbaycan xalq musiqisini, bəstəkar musiqilərini və simfoniyanı çox sevirəm. Təbiət səslərinə – yağışın yağması, ləpələrin sahili vurması, küçədən gedənlərin ayaq taqqıltısı, qatar təkərlərinin taqqıltısı və qapının çəftəsinin cırıltısına – qulaq asmağı xoşlayıram. Əvvəl yaşadığımız evlərdə cırıltılı qapı açılanda bilirdik ki, filan otağa girirlər. Uşaqlıqda yaşadığımız evin həyət qapısının cırıltısı indiyə qədər yadımdadır. O səsi ən gözəl musiqilərdən biri sayıram.

-Bəs sevdiyiniz film hansıdır? Mən qorxulu filmləri sevirəm. Siz necə?

- Qorxulu filmə baxmağı sevmirəm. Hesab edirəm ki, insan rahat yaşamalıdır. Biz niyə qorxulu şeylərə baxmalıyıq?! Burda yaxşı nə var ki?! Birini boğurlar, digərini öldürülər, qolun qoparırlar, gözlərin çıxarırlar. Elə şey həyatda olsa xoşumuza gələrmi?! Yox...amma yaxşı filmlərimiz çoxdur axı. Gözəl Azərbaycan filmlərimiz var. Məsələn, “Uzun ömrün akkordları”, “O olmasın, bu olsun”, “Əhməd haradadır?” , “Fəryad”, “Dolu”, “Papaq” və bu kimi filmlərimizi çox sevirəm.

- Heyvanlara münasibətiniz necədir?

- Mən həyət evində böyümüşəm. Həyətimizdə demək olar ki, zoopark heyvanlarından başqa hamısı olub və onların hamsının xasiyyətin bilmişəm. Onlarla oynamışam, qorumuşam. Yəni hamsına mənim normal münasibətim var. Hesab edirəm ki, bütün heyvanlarla dil tapmaq olur. Hamsı insanlarla dost olmağa çalışır.

- Sevdiyiniz yemək hansıdır? Pizzanı necə, sevirsiz?

- Azərbaycan yeməklərinin hamsını sevirəm. Azərbaycan yeməyi olmadıqda pizza da yeyə bilərəm

- Sevdiyiniz jurnal var?

- Əvvəllər sevdiyim jurnallar var idi. Məsələn, bizim dövrümüzdə uşaqlar üçün “Göyərçin” adında jurnal buraxılırdı. Sonra “Pioner”, “Azərbaycan”, “Qobustan” jurnalları var idi. Hazırda təəssüf  ki, daimi çıxan bir jurnal yoxdur ki, xüsusi gözləyim. Lakin “Simsar” jurnalı ilə tanışam. Maraqlı məqalələri var və o jurnalı həvəslə oxuyanlardan biriyəm.

- Bəs hansı ölkələr sizin üçün daha maraqlı olub?

- Dünyanın 20 ölkəsində olmuşam. Hər biri özü-özlüyündə maraqlıdır. Türkiyə bizə qardaş ölkədir deyə,  cəlbedicidir. Özbəkistan, Qazaxısatan, Rusiya, Ukrayna maraqlı ölkələrdir.  Bu ölkələrlə bir vaxtlar  bir dövlətin  tərkibində olmuşuq. Xarakterlərimizdə oxşaqlıq var. Çox maraqlı ölkələr siyahısında Avstriya və İsveçrəni də sayardım. Asiyada, Banqladeşdə olmuşam. Kasıb ölkədir. Əhalisi  də çoxdur, problemləri də. Yəni mən olan dövrdə təsəvvür edin ki, yaşadıqları evin qapısı yox idi və insanlar sadəcə torpaq döşəmədə yatırdılar. Küçədə onlarla insanın yanaşı yatdığını görmüşəm. Amma Türkiyə qədim ölkədir. Avropa ölkələri Fransa, Almaniya, Çexiya, Böyük Britaniyada qədim ölkələrdir. İtaliyada olmamışam, çox  istərdim ki, orda da  olum. Lakin bütün ölkələrin içində özümü ən rahat hiss etdiyim birinci ölkə Azərbaycandır.

- Aydın müəllim namaz qılırsız?

- Xeyr.

- Bəs “Quran” necə, oxumusuz?

- Oxumuşam. Azərbaycanca tərcüməsini də oxumuşam. “Quran”dan  sonra hətta yəhudilərin “Tövrat”ını oxudum. Hazırda isə rus bibliyasını oxumağa hazırlaşıram.

- Neçə uşağınız var?

- İki: bir oğlan, bir qız. Oğlumun adı Fərhaddır, qızımın isə Sona. Oğlumun 24, qızımın 25 yaşı var. Subaydırlar. İşləyirlər. Qızım psixoloqdur, oğlum istisadçıdır. Bü günlərdə elmlər akademiyasının doktoranturasına qəbul olunub. Və gələcəkdə elm adamı olmasını, mənim kimi kitablarının çıxmasını səbirsizliklə gözləyirəm.

- Lətifələ aranız necədir, birini danışa bilərsiz?

- Elə indi? Yaxşı. Məktəb direktoru zalada gedəndə görür ki, bir oğlan ağlayır. Deyir, niyə ağlayırsan? Şagird deyir fizika müəlliməmiz yıxılıb. Direktor deyir, narahat olma, o yaxşıdır.

Şagird: “Ona ağlamıram ona görə ağlayıram ki, o yıxılanda mən onu görə bilməmişəm”.

- Və sonuncu sualımız Qarabağ problemi haqda nə düşünürsünüz?

- Bu bizim  taleyüklü problemimizdir. Hətta  200-300 il bundan əvvəl bizim xalq üçün yaradılan bir problemdir. Ermənilərin Rusiya tərəfindən Qafqaza köçürülməsi, Azərbaycan torpaqlarında yerləşdirilməsi, onlara dəstək vermələri axırda Qarabağ probleminin yaranmasına gətirib çıxartdı. Baxmayaraq ki, nə Çar hökuməti, nə də Sovet hökuməti dövründə Azərbaycanın heç bir dəstəyi yox idi, ancaq Azərbaycan xalqı bacardığı qədər torpaqlarını qoruyub saxlaya bildi. Qarabağ problemi bir tərəfdən Ermənilərin Azərbaycana torpaq iddiasıdır, digər tərəfdən Azərbaycanı zəiflətmək üçün edilən bir təzyiq. Amma Azərbaycan günü-gündən güclənir. Bütün problemlərimizi, həmçinin Qarabağ problemini də həll edəcəyik. Çox maraqlıdır ki, ermənilər bizim torpaqlarımızı tutsalar da onlar kasıb yaşayırlar. Çünki onlar torpaqdan istifadə edə bilmirlər. Hətta normal siyasət, yaxşı iqtisadiyyat da qura bilmirlər.  Bu da bizim Qarabağ problemini tezliklə həll etməyimiz üçün rahat zəmin yaradır.

Hüseyn Hüseynov

 






10 Mart, 2014  16:10 Baxılıb: 2209 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner